Məhkəmə qərarları › İş №2(004)-4623/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4623/2023

11.09.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4623/2023 11.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (Maraqlı şəxs qismində cəlb edilməklə) “vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi (Maraqlı şəxs qismində cəlb edilməklə) “vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 22460,67 manat, İcbari Tibbi Sığorta Fonduna olan 3205,33 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanın rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin (VÖEN **********) dövlət büdcəsinə 22460,67 manat məbləğində (o cümlədən, vergilər üzrə 17353,46 manat, faizlər üzrə 5067,21 manat, maliyyə sanksiyası üzrə 40 manat), Dövlət Sosial Müdafiə Fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna 3205,33 manat olmaqla, ümumilikdə 25666 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********376200, xx.xx.2023-cü il tarixli **********377900, xx.xx.2023-cü il tarixli **********375500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən, yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanın rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzlər ləğv edilmiş və onların hüquqi varisi regional təhsil idarələri müəyyən edilmiş, onların hüquq və öhdəlikləri həmin idarələrə keçmişdir. Odur ki, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 355-7.2- ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsi dinləyib iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumatdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəhbəri Maraqlı şəxsdur. İş materiallarına əlavə olunmuş 10 mart tarixli 2023-cü il tarixli **********4 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişə əsasən, dövlət büdcəsinə ümumilikdə 22460,67 manat (o cümlədən: vergilər üzrə 17353,46 manat, maliyyə sanksiyaları üzrə 40 manat, faizlər üzrə 5067,21 manat), 10 mart tarixli 2023-cü il tarixli **********1 nömrəli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişə əsasən, ümumilikdə 341094,35 manat (o cümlədən muzdlu və qeyrı-muzdlu işdən əldə edilən gəlirlər üzrə 275743, 21 manat, faizlər üzrə 65351,14 manat), 10 mart tarixli 2023-cü il tarixli **********1 nömrəli icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair bildirişə əsasən, ümumilikdə 3205,33 manat (o cümlədən icbari tibbi sığorta haqları üzrə 2473,25 manat, faizlər üzrə 732,08 manat) borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıq məktubundan görünür ki, Maraqlı şəxs 27103,47 manat borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş və qeyd olunan borc ödənilmədiyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirinin F-99 nömrəli xx.xx.2022-ci il tarixli əmrinin 4-cü bəndinə əsasən Nazirliyin ərazi maliyyə hesablaşma mərkəzlərinin ləğv edilməsi və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzlərinin yaradılması barədə” Nazirliyin 14 dekabr 2015-ci il tarixli 1117 nömrəli əmrinin qüvvədən düşmüş hesab edilməsi, əmrin 6-cı bəndinə əsasən isə regional təhsil idarələrinin rayon və şəhər təhsil şöbələrinin (idarələrinin) və ərazi maliyyə hesablaşma mərkəzinin hüquqi varisi olması, həmin qurumların hüquq və öhdəliklərinin, habelə əmlakı müvafiq qaydada idarələrə keçməsi əmr edilmişdir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli Qərarı). Xüsusi nəzərə alınmalıdır ki, vergilər, hər bir dövlətin yarandığı andan cəmiyyətdə iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsi olmaqla, müasir dövrdə dövlətin gəlirlərinin əsas formalarından biridir. Bununla əlaqədar olaraq, vergilərin və digər məcburi ödəmələrin ödənilməməsi dövlətin maliyyə maraqlarına ziyan vuran kifayət qədər təhlükəli əməl hesab olunur və müvafiq məsuliyyət növünə cəlb edilmə üçün əsas ola bilər. Odur ki, bu vəzifənin icrası konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən sözügedən məcburi ödənişinin həyata keçirilməsinin təmini üçün qanunverici bir sıra təminatlar müəyyən etmişdir. Belə ki, göstərilən konstitusion müddəalara uyğun olaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. (Vergi Məcəlləsinin 1.1-ci maddəsi). Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Vergi Məcəlləsinin-nin 77.1-ci və 77.3-cü maddələrinə görə, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. MPM-nin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 355-6-cı maddəsinə uyğun olaraq, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Beləliklə, qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunverici konstitusion əhəmiyyətli dəyərlərdən irəli gələn vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər müəyyən etmiş və həmin tədbirlərdən biri kimi də vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunu nəzərdə tutmuşdur. Diqqətə alınmalıdır ki, adı çəkilən qanunvericilik aktlarında vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Konstitusiya azadlıq hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, azadlıq hüququnun məhdudlaşdırılması qanunda nəzərdə tutulmalı, legitim məqsəd daşımalı, mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu mənada, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması konstitusion əhəmiyyətli dəyərlərdən olan vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə tətbiq edildiyindən legitim sayılmalıdır. Digər tərəfdən, tətbiq edilən məcburiyyət tədbirinin müvəqqəti xarakter daşıması, həmin məhdudiyyətin aradan qaldırılması əsasının MPM-nin 335-7.6-cı maddəsində birbaşa təsbit olunması və vergi ödəmək vəzifəsinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması baxımından da mühüm əhəmiyyət kəsb etməsi halları isə bu məhdudiyyətin mütənasib olması qənaətinə gəlinməsi üçün kifayətedici əsas kimi çıxış edir. Məhkəmə hazırkı ərizəyə də göstərilən kontekstdən yanaşaraq, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunun müəyyən edilmə məqsədi və təyinatını, eləcə də vergi ödəyicisi olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin ləğv edildiyini və onun öhdəliklərinin regional təhsil idarələrinə keçməsini, bununla da hüquqi şəxsin rəhbəri Maraqlı şəxs Vergilər Nazirliyinə vergi borcunun olmadığını nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.3-cü və 355-7.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 3557.5-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (Maraqlı şəxs qismində cəlb edilməklə) “vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar