Məhkəmə qərarları › İş №2(004)-469/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-469/2025

03.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-469/2025 03.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı iştirakı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, dalan 5, ev 2 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olaraq qeydiyyatda alınmış ona məxsus ümumi ərazisi 20 kv.m. təşkil edən fərdi tikilinin naturada ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, dalan 5, ev 2 ünvanında yerləşən, tamamilə biri digərindən ayrı olan iki fərdi tikili cavabdehlə onun ümumi paylı mülkiyyətləri kimi qeydiyyata alınıb. Həmin ünvana dair, keçmiş Bakı şəhəri İcraiyyə Komitəsinin texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən cavabdehlə onun mülkiyyətlərində olan fərdi tikililərin yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü 239 kv.metrdir. O, daşınmaz əmlakın dövlət reyestr xidmətinə “Asan Xidmət Mərkəzi” vasitəsi ilə müraciət edərək fərdi evinə ayrı ünvanın verilməsini və eləcə də texniki pasporta əsasən ona düşən pay hisənin də adına dövlət reyestrində mülkiyyəti olaraq qeydiyyata alınmasını xahiş etmişdir. Oradan (7 saylı Asan Xidmət Mərkəzi) isə ona bildirilib ki, sözügedən torpaq sahəsində guya ümumi ərazisi 121 kvadrat metr olan ümumi paylı mülkiyyətdə olan fərdi tikili var və həmin fərdi tikilinin də o da olmaqla 10 nəfər bərabər paylar üzrə (hər birinin payı 1/10 olmaqla) mülkiyyətçiləri var. İstəyinin təmin olunması üçün də həmin payçıların hamısının razılıqları tələb olunur. Yuxarıda qeyd etdiyi kimi Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, dalan 5, ev 2 ünvanında, iki fərdi ev var və onlardan biri 20 kv.metr ümumi sahəsi olan fərdi tikili onun istifadəsində və mülkiyyətindədir. Tamamilə ayrı giriş çıxışı olan digər tikili də cavabdehin istifadəsində olan tikilidir. Hazırki iddiası da məhz ona məxsus fərdi evin formal ümumi mülkiyyətdən çıxarılması üçündür. Ümumi paylı mülkiyyətin ona aid hissəsi tək onun istifadəsində olmaqla, faktiki olaraq ayrılmış vəziyyətdə olsa da sənədə əsasən ümumi birgə mülkiyyətin tərkibi olaraq qalır. Ona görə də hesab edir ki, ümumi əmlakdakı payının ayrılması mümkündür. Lakin cavabdehlə məhkəmədən kənar tələbimin həlli mümkün deyil, eləcə də ümumi paylı mülkiyyətə dair sənədin də dəyişdirilməsi müvafiq icra idarəsinə aiddir. Ona görə də mübahisəli məsələnin həllinin məhkəmə qaydasında mümkün olduğunu düşünür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin mobil nömrələrini tapmaq və ona sms bildiriş göndərmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini məhkəməyə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasına və iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılması qərarına gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, onun qonşusudur. Özü Sovetskidə doğulmuşdur. Çıxarışda qeyd olunan fərdi yaşayış evi onun atasının evi olmuşdur. Atasına nənəsindən miras qalmışdır. Həmin ev hələ də qalır və açarları da ondadır. Evin çıxarışı olmayıb. Evdə hazırda heç kim yaşamır. Onların evi darvazadan daxil olduqda aşağıda sağ tərəfdə yerləşir. Onun evi ilə üzbəüzdəki ev Aidə xanıma məxsusdur. İddiaçının özünə məxsus olan hissəsinin naturada bölünməsinə etiraz etmir. Qapısı bağlı olan evin öz sanitar qovşağı var. Cavabdeh tanımır. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 121 kv.m olan fərdi yaşayış evi və onun üzərində yerləşdiyi 0,01945 ha torpaq sahəsi 1/10 hissədə Nazəni Ələkpər qızının,1/10 hissədə X2, 1/10 hissədə Yaxşıxanım Mustafa qızının, 1/10 hissədə Əzizbala Cahangir oğlunun, 1/10 hissədə Kərimbala Cahangir oğlunun, 1/10 hissədə Kayahanım Cahangir qızının, 1/10 hissədə Ruhiyəxanım Cahangir qızının, 1/10 hissədə İddiaçı, 1/10 hissədə Cavabdeh paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/9960 saylı, 13 iyun 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Tədqiqat ünvan 3 ünvanda yerləşən, İddiaçı 1/10 hissə payı üzrə olan fərdi yaşayış evi üzrə aparılmışdır. Tədqiqatın aparılması üçün mənzilə baxış keçirilmiş və müvafiq ölçü işləri aparılmışdır. Mülki iş materiallarına Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri X9nin verdiyi xx.xx.20218-cü il tarixli **********16-10301 reyestr nörməli, ******* qeydiyyat nömrəli elektron çıxarış və çıxarışa dair texniki pasport əlavə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mənzillərin texniki göstəriciləri Texniki Pasportun göstəricilərinə uyğundur. Baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evi faktiki vəziyyəti üzrə bölünmüşdür. Bölünmüş hissənin sahəsi 20 kv.metr təşkil edir. Həyət hissədə ayrıca sanitar qovşağı inşa edilmişdir. Beləliklə, ünvan 3 ünvanda yerləşən, İddiaçı 1/10 hissə payı üzrə olan fərdi yaşayış evi faktiki vəziyyəti üzrə bölündüyündən, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olduğundan, o cümlədən tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) ayrı-ayrı olduğuna görə, İddiaçı 1/10 hissə payının naturada real bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun faktiki vəziyyəti üzrə mümkün olduğu müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X9 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna 3-21-3-30/2-44813/2025 nömrəli, xx.xx.2025-ci il məktubla cavab ünvanlayaraq bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/10 hissəsi Nazəni Ələkpərqızının, 1/10 hissəsi X2, 1/10 hissəsi X4, 1/10 hissəsi Yaxşıxanım Mustafa qızının, 1/10 hissəsi Əzizbala Cahangir oğlunun, 1/10 hissəsi Kərimbala Cahangir oğlunun, 1/10 hissəsi Kayaxanım Cahangir qızının, 1/10 hissəsi Ruhiyəxanım Cahangir qızının, 1/10 hissəsi İddiaçı və 1/10 hissəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Sorğuya uyğun olaraq Çıxarışın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub emlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (eşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mensub emlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək İxtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə İpotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının "Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə" 06 dekabr 2024-cü il tarixli 02/2024 nömrəli Qərardadının: 11-ci bəndinə əsasən qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. 18-ci bəndinə əsasən hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/10 hissəsi Nazəni Ələkpərqızının, 1/10 hissəsi X2, 1/10 hissəsi X4, 1/10 hissəsi Yaxşıxanım Mustafa qızının, 1/10 hissəsi Əzizbala Cahangir oğlunun, 1/10 hissəsi Kərimbala Cahangir oğlunun, 1/10 hissəsi Kayaxanım Cahangir qızının, 1/10 hissəsi Ruhiyəxanım Cahangir qızının, 1/10 hissəsi İddiaçı və 1/10 hissəsi Cavabdeh paylı mülkiyyətindədir. İddiaçı ilk öncə payının ayrılması tələbi ilə “ASAN xidmət” mərkəzinə müraciət etmiş, lakin digər paylı mülkiyyətçilərin razılığı tələb olunması əsası ilə müraciəti nəticəsiz qalmışdır. Hazırda iddiaçı ona məxsus payın naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ümumi mülkiyyət üzərində iddiaçının tələb etdiyi şəkildə payın naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/9960 saylı, 13 iyun 2025-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 3 ünvanda yerləşən, İddiaçı 1/10 hissə payı üzrə olan fərdi yaşayış evi üzrə tədqiqatın aparılması üçün mənzilə baxış keçirilmiş və müvafiq ölçü işləri aparılmışdır. Mülki iş materiallarına Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri X9nin verdiyi xx.xx.20218-cü il tarixli **********16-10301 reyestr nörməli, ******* qeydiyyat nömrəli elektron çıxarış və çıxarışa dair texniki pasport əlavə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mənzillərin texniki göstəriciləri Texniki Pasportun göstəricilərinə uyğundur. Baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evi faktiki vəziyyəti üzrə bölünmüşdür. Bölünmüş hissənin sahəsi 20 kv.metr təşkil edir. Həyət hissədə ayrıca sanitar qovşağı inşa edilmişdir. Beləliklə, ünvan 3 ünvanda yerləşən, İddiaçı 1/10 hissə payı üzrə olan fərdi yaşayış evi faktiki vəziyyəti üzrə bölündüyündən, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olduğundan, o cümlədən tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) ayrı-ayrı olduğuna görə, İddiaçı 1/10 hissə payının naturada real bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun faktiki vəziyyəti üzrə mümkün olduğu müəyyən edilmişdir. Bundan başqa 26 sentyabr 2025-ci il tarixdə məhkəmə tərəfindən iddiaçının iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, dalan 5, ev 2 ünvanda yerləşən fərdi yaşayış evinə yerində müayinə keçirilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, mənzil ümumi həyətdə yerləşir. Həyətə daxil olduda sol tərəfdə iddiaçıya məxsus sanitar qovşaq yerləşir. Onunla üzbəüz (həyətin sol tərəfində) X3 məxsus yaşayış evi yerləşir. Qapı bağlı olduğundan və yaşayış olmadığıdından evə daxil olmaq mümkün olmadı. İrəli getdikdə sağ tərəfdə yerləşən evdə yaşayış var. İddiaçıya məxsus ev isə həmin evin yanında yerləşir. Ev 2 otaqdan ibarətdir və dəhliz mətbəx kimi istifadə edilir. Evin girişinin sağ tərəfində qonaq otağı yerləşir. Digər otağa isə əşyalar yerləşdirilmişdir. İddiaçı ona məxsus sanitar qovşağın və vanna otağının həyətin girişinin sağ tərəfində yerləşdiyini bildirmişdir. İddiaçının evinin qarşısındakı evdə yaşayış mövcuddur. Həmin evin sakini Zenfira Sultanova cavabdehi tanımadığını, iddiaçını isə tanıdığını, həmçinin, evinin 3 otaqdan ibarət olduğunu və iddiaçı ilə giriş-çıxışın, sanitar qovşağın ayrı olduğunu qeyd etmiş, əlavə olaraq onun evinin üzərində yerləşən evdə nəvəsinin yaşadığını, hazırda işdə olduğunu, qonşuların hərəsinin öz sanitar qovşağını olduğunu bildirmiş, iddiaçının evinin naturada bölgüsünə etiraz etmədiyini qeyd etmişdir. Çıxarışda qeyd olunan şəxslərin əksəriyyətinin vəfat etdiyini, onların isə həmin ünvana qeydiyyata düşməklə evi aldıqlarını, lakin bununla bağlı rəsmiləşdirmə aparmadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, çıxarışda qeyd olunan fərdi yaşayış evi onun atasının evi olmuş, atasına nənəsindən miras qalmışdır. Həmin ev hələ də qalır və açarları da ondadır. Evin çıxarışı olmayıb. Evdə hazırda heç kim yaşamır. Onların evi darvazadan daxil olduqda aşağıda sağ tərəfdə yerləşir. Onun evi ilə üzbəüzdəki ev Aidə xanıma məxsusdur. İddiaçının özünə məxsus olan hissəsinin naturada bölünməsinə etiraz etmir. Qapısı bağlı olan evin ümumi istifadədə olan hamam-tualeti var. Göründüyü kimi iddiaçıya məxsus payın naturada ayrılması obyektiv olaraq mümkündür və bu, mövcud qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, aparılmış ekspertizanın rəyinə və digər sübutlara əsasən, paylı mülkiyyətdə olan fərdi yaşayış evinin bölünməsi paylara mütənasib şəkildə, onun iqtisadi təyinatına xələl gətirmədən və həddindən artıq dəyər itkisinə səbəb olmadan həyata keçirilə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli; Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, dalan 5 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin İddiaçı paylı mülkiyyətində olan 1/10 hissəsi – 20 kv.m sahədən ibarət olan 2 otaqlı hissə (faktiki vəziyyətdə saxlanılmaqla) naturada ayrılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və iş üzrə keçirilmiş məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 77, 119, 216-220, 241, 242, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, dalan 5 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin İddiaçı paylı mülkiyyətində olan 1/10 hissəsi – 20 kv.m sahədən ibarət olan 2 otaqlı hissə (faktiki vəziyyətdə saxlanılmaqla) naturada ayrılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ **********0000003944, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülsün. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar