Məhkəmə qərarları › İş №2(004)-4746/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4746/2021

30.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4746/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 60932,95 manat maddi zərərin, 20000 manat mənəvi zərərin, cavadeh Bakı şəhəri 32 saylı notariat ofisindən 20000 manat zərərin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X17 Azərbaycan” QSC ilə aralarında bağlanmış 30 yanvar 2013-cü il tarixli 213/003 nömrəli kredit müqaviləsinə əsasən 2009-cu il buraxılış ili olan, 4jGBF86E99A506633 ban nömrəli, **-VE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli Mercedes Benz -GL 550 markalı nəqliyyat vasitəsini ipoteka ilə yüklü edilməsi şərti ilə illik 16% olmaqla, 51386 ABŞ dolları məbləğində kredit götürülməsi barədə razılığa gəlmişlər. İddiaçı kreditlə əlaqədar ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Lakin gözlənilməz hal kimi iş yerindəki ixtisarlarla bağlı işini itirdiyindən və yeni iş tapa bilmədiyindən ödənişləri edə bilməmişdir və avtomobili sataraq banka olan borcu ödəmək qərarına gəlmişdir. Buna görə də, Bakı şəhər Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən avtosalonun İşçisi-Elçinin köməyi ilə müştəri tapılmışdır. X1 bütün öhdəlikləri üzərinə götürərək, banka olan borcu qəbul etməklə nəqliyyat vasitəsini müvafiq qaydada rəsmiləşdirilməsi üçün bütün səlahiyyətləri etibarnamə ilə ona verilməsini istədiyindən iddiaçı razılaşaraq, Yasamal Rayon 14 saylı notariat kontorunda 28.04.2014-cü il tarixli etibarnamə vermişdir. Bir müddət sonra bank tərəfindən iddiaçıya borcun ödənilmədiyi bildirilmişdir. Nəqliyyat vasitəsini alanlar borc məbləğindən heç bir ödəniş etməmişlər. İddiaçı 25.12.2014-cü il tarixdə ərizə yazaraq, həmin etibarnaməni ləğv etdirəndə məlum olmuşdur ki, sərəncam vermək hüququ da daxil olmaqla maşın etibarnamə ilə başqa şəxsə verilib. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikası DİN-nə, AR DİN Baş Dövlət Yol Polis İdarəsinə və Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə “Mercedes Benz GL 550” minik markalı 90- VE-125 dövlət qeydiyyat nişanlı avtomobilin tapılması istiqamətində sorğular göndərmişdir. Lakin sorğulara verilən cavablarda maşının axtarışa verildiyi bildirilir. “Mersedes Benz GL 550” minik markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.09.2020-ci il tarixdə yəni 6 il sonra polis orqanları tərəfindən tapılıb Xətai rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən Bankın xeyrinə çıxarılmış məhkəmə aktının icrası olaraq hərraca çıxarılması üçün Daşmar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidmətinə göndərmiş və Xidmət tərəfindən “Mercedes Benz GL 550” minik markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil 35000 manata qiymətləndirilmişdir. Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən iddiaçıya məlumat verilən kimi idarəyə gedərək maşının kimdə olduğu barədə məlumat istəmişdir. Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən verilən X13 müvafiq məlumatından aydın olur ki, Bakı şəhəri 32 saylı notariat kontorunda X8 tərəfindən 22.08.2014-cü il tarixdə Cavabdeh1 etibarnamə verilmiş və 14.03.2015-ci il tarixdə həmin etibarnaməyə xitam verilmişdir. Lakin onu qeyd etmək lazımdır ki, iddiaçının etibarnaməni 25.12.2014-cü il tarixdə ləğv etməsinə baxmayaraq, eləcə də Cavabdeh1 verilmiş etibarnamə 14.03.2015-ci il tarixdə ləğv edilməsinə baxmayaraq cavabdeh nəqliyyat vasitəsini qaytarmadan istismar etmişdir. Avtomobilin axtarışda olduğunu bildiyi halda onu qaytarmaqdan imtina etmişdir. Avtomobili 22.08.2014-cü il tarixdən istismar edən Cavabdeh1 bankın öhdəliklərini təmin etmədən, avtomobili polisdən gizli istismar etməsi iddiaçıya külli miqdarda zərər vurmuşdur. Göründüyü kimi, İddiaçı tərəfindən verilmiş etibarnamə ləğv olunduqdan 3 ay sonra Bakı şəhəri 32 saylı notariat ofisi X8 adından Cavabdeh1 verilmiş etibarnaməni ləğv etmişdir. Bank iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və Xətai Rayon Məhkəməsinin 2(011)-8156/2014 saylı 24 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı 30.01.2013- cü il tarixli 213/003 saylı kredit müqaviləsi üzrə 41400.64 ABŞ dolları əsas borc 4773.87 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində penya, cəmi 46374.51 ABŞ dollar pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə tutulmaqla manat hesabı) və 8 manat poçt xidmətlərinə görə və 30 manat dövlət rüsumu “X17” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin banka girov qoyulmuş İddiaçı məxsus “Mercedes Benz-GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobil açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc “X17” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8156/2014 saylı 05 dekabr 2014-cü il tarixli qərardadı ilə İddiaçı məxsus “Mercedes Benz- GL 550” markalı 90-VE- 25 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qüvvədə olan qətnamədə nəzərdə tutulmuşdur ki, həmin əmlak hərrac vasitəsilə satılaraq, satışdan əldə edilən vəsait hesabına banka olan borc ödənilsin və artıq qalan vəsait İddiaçı ödənilsin. Lakin avtomobili gizlədərək istismar ediyindən avtomobilin hərracda satılması mümkün olmamışdır. Göründüyü kimi cavabdehin hüquqdan sui-istifadəsi nəticəsində külli miqdarda ziyan vurmuşdur. Belə ki, Xətai Rayon Məhkəməsinin 2(011)-8156/2014 saylı 24 dekabr 2014-cü il tarixli qətnaməsi ilə avtomobilin satılaraq 46374.51 ABŞ dolları banka, qalan məbləğin isə iddiaçıya ödənilməsi qət edilmişdir. Avtomobilə 30 yanvar 2013-cü il tarixdə Bankın qiymətləndiriciləri tərəfindən 70000 ABŞ dolları qiymət qoyularaq 40000 ABŞ dolları kredit verilmişdir. Göründüyü kimi 70000 ABŞ dolları dəyərində olan avtomobil saz vəziyyətdə 22.08.2014-cü il tarixdə, yəni 1 il 8 ay sonra cavabdehə vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiklərini bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, iddia ərizəsində qeyd olunan adlardan yalnız Vüsalı tanıyır. Vüsal avto-salonun sahibi olmuşdur. Cavabdeh isə onun işçisi olmuşdur. Orada 3 nəfər adam olmuşdur. Onların adına etibarnamə olmuşdur. Həmin maşınları aparıb-gətirmiş, alıcıya göstərmişlər. Lazım olduqda notariusda etibarnamə vermişlər. Onun bu etibarnamədən xəbəri olmamışdır. Bu məsələnin bu dərəcəyə gəlməsinin səbəbkarı birinci Ziya özü olmuşdur. Çünki, ipoteka yüklü avtomobili kiməsə satmaq mümkün deyil. İddia ərizəsində göstərilmişdir ki, müvafiq sənədləşmə əsasında Kamala satmış və Kamal öhdəçilik götürmüşdür. Əgər Kamal öhdəçilik götürübsə, onların kredit borcunu ödəyəcək Kamala qarşı iddia qaldırılmalıdır. Maşın almamış, heç bir öhdəçilik götürməmişdir. Maşından xəbəri yoxdur. Etibarnamədə imza atmamışdır. Beləliklə məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan Xətai Rayon İcra Şöbəsinə ünvanlanmış məktuba əsasən görünür ki, Xətai Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli qərardadının və 24 dekabr 2014-cü il tarixli 2(011)-8156/2014 saylı qətnaməsinin icrası ilə əlaqədar İcra Şöbəsinə müraciət edilmişdir. İş materiallarında olan elektron notariat sistemindən çıxarış əsasən görünür ki, X8 etibarnamə əsasında mülkiyyətçi İddiaçı adından Mercedes Benz GL 550 minik markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobil üçün 28.04.2019-cu il tarixədək daşınmaz əmlak istisna olmaqla etibarnamə ilə sərəncam vermək, əmlakı girov qoymaq və.s kimi səlahiyyətləri Cavabdeh1 vermişdir. 14.03.2015-ci il tarixdə etibarnaməyə xitam verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 08.07.2015-ci il tarixli müraciətə 27.07.2015-ci il tarixli cavab məktubuna əsasən görünür ki, qeyd olunan nəqliyyat vasitəsi saxlanılması vacib olan nəqliyyat vasitələrinin siyahısına daxil edilərək, Bakı şəhərinin küçələrində quraşdırılan nəzarət kameralarında Bakı şəhəri DYPİ-nin X10 Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq izlənmiş, lakin göstərilən avtomobilin Bakı şəhərində olması müəyyən edilməmişdir. İş materiallarında olan Xətai rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 23.06.2020-ci il tarixli müşaiyət məktubuna və ona əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 23.06.2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesbata əsasən görünür ki, mübahisə predmeti olan avtomobil üzrə qiymətləndirilmə aparılmış, avtomobilin dəyəri 35000 manat müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş elektron notariat sistemindən çıxarışa əsasən görünür ki, mülkiyyətçi İddiaçı öz səlahiyyətlərini X4 etibar etmişdir. 25.12.2014-cü il tarixə etibarnaməyə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş elektron notariat sistemindən çıxarışa əsasən görünür ki, X7 mülkiyyətçi İddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında müəyyən səlahiyyətlərin icrasını X5 etibar etmişdir. Etibarnamə 28.04.2019-cu il tarixədək etibarlı olmuşdur. İş materiallarına əlavə edilmiş elektron notariat sistemindən çıxarışa əsasən görünür ki, X9 müəyyən səlahiyyətlərin icrasını X2 etibar etmişdir. Etibarnaməyə 23.06.2014-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan elektron notariat sistemindən çıxarışa 32 saylı Notariat Ofisi tərəfindən 12.08.2021-ci il tarixli vəkil sorğusuna əsasən ünvanlanmış 31 avqust 2021-ci il tarixli müşaiyət məktubuna əlavə edilmiş ƏN-İ 460041 nömrəli, 01 avqust 2014-cü il tarixli etibarnamənin surətinə əsasən görünür ki, X9 müəyyən səlahiyyətlərin icrasını X6 etibar etmişdir. Etibarnaməyə 14.03.2015-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan elektron notariat sistemindən çıxarışa və 32 saylı Notariat Ofisi tərəfindən 12.08.2021-ci il tarixli vəkil sorğusuna əsasən ünvanlanmış 31 avqust 2021-ci il tarixli müşaiyət məktubuna əlavə edilmiş ƏN-İ 463452 nömrəli, 22 avqust 2014cü il tarixli etibarnamənin surətinə əsasən görünür ki, X8 tərəfindən Cavabdeh1 etibarnamə verilmiş, müəyyən səlahiyyətlərin icrası ona etibar edilmişdir. 14.09.2020-ci il tarixli, 17/74-43022/20 saylı məktuba əsasən görünür ki, Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı, “X17” QSC-yə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə keçiriləcək hərracla bağlı xəbərdarlıq edilmiş, avtomobilin ilkin satış qiyməti 35000 manat müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 2(011)-8156/2014 saylı, 24 dekabr 2014-cü il tarixli qərardadına əsasən “X17” QSC tərəfindən təqdim edilmiş ərizə qismən təmin edilmiş, İddiaçı məxsus “Mercedes Benz GL 550” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı Cavabdeh1 60932,95 manat maddi zərərin, 20000 manat mənəvi zərərin, cavadeh Bakı şəhəri 32 saylı notariat ofisindən 20000 manat zərərin tutularaq ona ödənilməsini tələb etsə də, iddia ərizəsinə əlavə edilmiş sübutlarla tərəflər arasında müqavilənin olması, iddiaçı tərəfindən cavabdehə birbaşa etibarnamə verilməsi öz təsdiqini tapmır. Eyni zamanda, sübutlarla da müəyyən edilir ki, avtomobilin Cavabdeh1 istifadəsində olub-olmaması mübahisəli məsələdir. Məhkəmə qeyd edir ki, cavabdeh avtomobili etibarnamə əsasında əldə etmiş, iddiaçı ilə və ya digər tərəflərlə arasında alqı-satqı müqaviləsi olmamışdır. Cavabdeh bank qarşısında rəsmi qaydada heç bir öhdəlik götürməmişdir. Cavabdehin mübahisə predmetini əldə edərkən əmlaka qanunsuz sahibləndiyi bildiyini sübut edən materiallar iddiaçı tərəfindən işin sübutlarına əlavə edilməmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçı iddia tələbində Bakı şəhəri 32 saylı notariat ofisindən 20000 manat zərərin tutularaq ona ödənilməsini tələb etsə də, iş materiallarına bu barədə mötəbər sübutlar əlavə etməmişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mülki işdə iddiaçı iddia ərizəsində ona 60932.95 manat məbləğində maddi zərəri cavabdehdən tələb etsə də, məhkəməyə həmin zərəri həqiqtətən də cavabdeh şəxs tərəfindən vurulması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə İddiaçı 20000 (iyirmi min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27.08.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı “vurulmuş ziyanın ödənilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı Cavabdeh1 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar