Məhkəmə qərarları › İş №2(004)-4748/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4748/2024

24.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4748/2024 24.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bakı Dövlət Universiteti X16 nümayəndəsi Nümayəndə2, Cavabdeh Bakı Slavyan Universitetinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı Dövlət Universiteti X19 və Bakı Slavyan Universitetinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Qaçqın və X10 üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) "təhsil haqqı məbləğinin geri qaytarılması" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı Dövlət Universiteti X19 və Bakı Slavyan Universitetinə qarşı ( Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) "təhsil haqqı məbləğinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məcburi köçkün statusuna malik olması ilə əlaqədar dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan, lakin onun tərəfindən Bakı Slavyan Universitetinə ödənilmiş 850 manat təhsil haqqı məbləğinin və Bakı Dövlət Universitetinə ödənilmiş 8365 manat təhsil haqqı məbləğinin müvafiq universitetlərdən tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında Azərbaycan Respublikası Qaçqın və X10 üzrə Dövlət Komitəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Dövlət Universiteti tərəfindən hazırkı iddiaçı X4 barəsində verilmiş 3- 29-45/3-1T-56/2024 nömrəli xx.xx.2024-cü il tarixli təhsil haqqının ödənilməsindən azad edilmə haqqında əmrin ləğv edilərək, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakülətəsinin bakalavriat səviyyəsinin əyani təhsilalma forması üzrə Azərbaycan bölməsi ödənişli əsaslarla təhsil alan Beynəlxalq münasibətlər ixtisasının İ (birinci) kurs 110K qrupuna köçürülmüş, tələbəsi X1 xx.xx.2021-ci il tarixindən etibarən təhsil müddəti ərzində (bütün dövrlər üzrə) təhsil haqqını ödəməkdən bütünlükdə azad edilməsinə dair yeni əmrin verilməsi öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinin üzərinə qoyulması, dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan, lakin X4 tərəfindən “Bakı Slavyan Universiteti”nə ödənilmiş 850 manat təhsil haqqı məbləğinin və “Bakı Dövlət Universitetinə” ödənilmiş 8365 manat təhsil haqqı məbləğinin müvafiq cavabdeh universitetlərdən tutularaq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o - İddiaçı 2020-ci ildə Bakı Slavyan Universitetinin “Xarici dil müəllimliyi - Rus dili” ixtisasına ödənişli əsaslarla qəbu olmuşdur. 2021-ci ilin fevral ayında isə qanunamüvafıq şəkildə həmin universitetdən Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinə ödənişli əsaslarla transfer olmuşdur. X8 və anası X2 rayonundan məcburi köçkündür və bununla bağlı doğulduğu xx.xx.2001-ci il tarixindən ona da məcburi köçkün statusu verilmişdir və məcburi köçkünlərə verilən aylıq müqavinət alır. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamına müvafiq olaraq, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Lakin buna baxmayaraq, ona məcburi köçkün olmağı ilə bağlı vəsiqə, müvafiq inzibati orqanın hərəkətsizliyi nəticəsində gec verildiyinə görə o, yuxarıda göstərilən hüququndan məhrum olmuş və xx.xx.2020-ci il tarixli ödəniş çekindən də məlum olduğu kimi, “Bakı Slavyan Universiteti”nə 850 manat məbləğdə təhsil haqqı, xx.xx.2023-cü il tarixdə “Bakı Dövlət Universitetinə 5000 (beş min) manat, xx.xx.2024-cü il tarixdə 2308 manat, 5 manat və 1052 manat olmaqla 3365 (üç min üç yüz altmış beş) manat, ümumilikdə Bakı Dövlət Universitetinə 8365 (səkkiz min üç yüz altmış beş) manat məbləğdə təhsil haqqı ödəmişdir. ONa görə də, məcburi köçkün statusuna malik olması ilə əlaqədar dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan, lakin onun tərəfindən müvafiq universitetlərə ödədiyi təhsil haqqlarının ona geri qaytarılmasını tələb edir. Daha sonra, cavabdeh Bakı Slavyan Universitetinin nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddianın Bakı Slavyan Universitetinə aid olan hissəsi ilə bağlı bildirilir ki, İddiaçı Bakı Slavyan Universitetində təhsil aldığı müddətdə məcburi köçkün statusu alması ilə bağlı müvafiq sənədləri BSU-ya təqdim etməmiş və təhsil haqqından azad olunması ilə bağlı ərizə ilə müraciət etməmişdir. Bakı Slavyan Universiteti tərəfindən hər il ildə iki dəfə təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslərin siyahısı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim olunur. Elm və Təhsil Nazirliyi həmin siyahı üzrə olan tələbələrin onların təhsil haqqından azad olunma barədə ərizə ilə müraciətlərin edildiyi semestrdən hesablayaraq təhsil haqlarını birbaşa universitetə köçürür. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il Sərəncamının 1-ci bəndinə əsasən, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (əzidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Sərəncamdan aydın olur ki, ödəniləcək məbləğ universitetin büdcəsindən deyil dövlət büdcəsindən ödənilməlidir. Həmçinin Bakı Slavyan Universitetinin Nizamnaməsində məcburi köçkün statusu olan tələbələrin və ya digər imtiyazlı tələbələrin təhsil haqlarının universitet büdcəsi hesabına ödənilməsi nəzərdə tutulmamışdır. Bakı Slavyan Universiteti öz-özünü maliyyələşdirən təhsil müəssisəsidir. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2012-ci il tarixli Qərarının 4.1-ci bəndinə əsasən, ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına qəbul olmuş məcburi köçkünün təhsil haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin Qərarın 4.2ci bəndinə əsasən, nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi tərəflər arasında bağlanmış müqavilələr, adlı siyahı və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa dövlət ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə semestrlər üzrə həyata keçirilir. Qərardan aydın olur ki, məcburi köçkün statusu olan şəxslərin təhsil haqları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən birbaşa universitetə köçürülməlidir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi qanunvericilikdə ödənilmiş təhsil haqqının geri qaytarılması nəzərdə tutulmadığından tələbələrin təhsil haqqı ödənişlərini tələbə məcburi köçkün statusu aldığı vaxtdan universitetlərə ödəyir. Bundan sonra, cavabdeh Bakı Dövlət Universiteti X16 nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddiaçı X5 BDU-ya vəsiqəsini təqdim edərək, ödədiyi məbləğin qaytarılması üçün müraciət etsə də, BDU tərəfindən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verildiyi tarix əsas gətirilərək ödədiyi məbləğ ona qaytarılmamışdır. Aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. 1) İddiaçı X5 BDU-ya köçürüldüyü dövrdə məcburi köçkün statusu olan təhsilalanların təhsil haqqını ödəməkdən azad edilərək, onların təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin hüquqi əsasını Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 1308 nömrəli, 14 sentyabr 2011-ci il tarixli 1721 nömrəli və 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamları təşkil edirdi. Daha sonra isə Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli, 1721 nömrəli Sərəncamı ilə əvvəlki Sərəncamdakı “məcburi köçkünlər” sözləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” sözləri ilə əvəz edilmişdir. Qeyd edilən aktlardan göründüyü kimi Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2003-cü il tarixli Sərəncamının 14 sentyabr 2011-ci il tarixinə kimi qüvvədə olan mətnində sadəcə “məcburi köçkün” ifadəsindən istifadə edilirdisə, həmin Sərəncama 14 sentyabr 2011-ci il tarixində edilən dəyişiklikdən sonra qüvvəyə minən mətndə “məcburi köçkünlər” ifadəsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” ifadəsi ilə əvəz edilmişdir. Təhsilalanın qanunvericilikdə təsbit edilən imtiyazdan istifadə edə bilməsi üçün də ilk növbədə onun hüquqi statusunun (məcburi köçkün statusunun) olub-olmaması müəyyən edilməlidir. Məcburi köçkün statusunun verilməsi isə aşağıdakı qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün" statusu, həmçinin onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə) həvalə edilmişdir. Komitənin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaların 1.1 -ci bəndinin tələbinə görə “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Komitə qəbul edir. Həmin Qaydaların 1,.2-ci bəndinə əsasən məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. Qaydaların 2.1-ci bəndinə görə “məcburi köçkün” statusunu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. Qaydaların 2.6-cı bəndinə görə “məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə “məcburi köçkün” statusu verilməsindən imtina edilir. Qaydaların 3.3-cü bəndinə görə şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 3.4-cü bəndinə görə şöbə “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi haqqında qərarın qanunvericiliyə uyğunluğuna görə bilavasitə məsuliyyət daşıyır. Qaydaların 3.6-cı bəndinə görə “məcburi köçkün” vəsiqəsi Komitənin sədri tərəfindən bu barədə səlahiyyət verilmiş vəzifəli şəxs tərəfindən imza edilir və Komitənin gerbli möhürü ilə təsdiq edilir. Qaydaların 3.5-ci bəndinə görə “məcburi köçkün” statusu almış şəxslərə “məcburi köçkün” vəsiqəsi verilir və Komitənin aidiyyəti şöbəsi tərəfindən uçotu aparılır. İddiaçı X5 xx.xx.2023cu il tarixində BDU-ya məcburi köçkün statusunu təsdiq edən sənədi (vəsiqə JNb AA 496700 ) təqdim etmiş və həmin tarixdən təhsil haqqını ödəməkdən azad olunması əmrlə rəsmiləşdirilmişdir. İddiaçı X5 xx.xx.2024-cü il tarixdə BDU-ya olan təhsil haqqı və kredit borclarını ödəmiş və YDA-ya buraxılmışdır. Digər tərəfdən iddiaçının subyektiv hüququnun pozuntusu halının məhkəmə tərəfindən təsdiq edildiyini bir an şərti olaraq düşünsələr belə, o zaman ödənilmiş məbləğ əsassız varlanma halı təşkil edəcək ki, bu halda da iddiaçı tərəfindən həmin məbləğin geri tələb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Hər nə qədər iddiaçı iddia ərizəsində guya tələbənin təhsil aldığı müddətdə Universiteti məhkəməyə verməsinin onun üçün fəsadlar yaradacağı üçün 3 il müddətində iddia qaldırmadığını qeyd etsə də, bu, onun üçün hansı arzuolunmaz nəticələrə səbəb olacağı (təbii ki, bu arqument tamamilə uydurma və əsassızdır) və iddia müddətini ötürməsi barədə heç bir əsaslı və üzrlü səbəb göstərməmişdir. Ona görə yuxarıda qeyd edilənlərlə yanaşı iddia müddəti də tətbiq edilərək iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçının X8 və anası X2 rayonundan məcburi köçkündür və bununla bağlı doğulduğu xx.xx.2001-ci il tarixindən ona da məcburi köçkün statusu verilmişdir və məcburi köçkünlərə verilən aylıq müavinət alır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Dövlət Universiteti X16 nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı məcburi köçkün statusu aldığı tarixdən təhsil haqqının ödənilməsindən azad edilmişdir. İddiaçı tərəfindən yay aylarında imtahanlara buraxılması məqsədi ilə ödənişlər həyata keçirilmişdir. İddianın rədd edilməsini xahiş edir. İddiaçının məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinət alması ilə bağlı məlumatları olmamışdır. Əmrdə iddiaçının xx.xx.2023-cü il tarixindən etibarən təhsil haqqının ödənilməsindən azad edilməsi göstərilmişdir. İddiaçı tərəfindən ümumilikdə 7500 manat təhsil haqqı, 1100 manat kredit ödənilmişdir. İddiaçının çoxlu sayda kəsirləri olmuşdur. İddiaçının illik təhsil haqqı 3000 manat təşkil etmişdir. İddiaçı İİ kursda 3000 manat, İİİ kursda 3000 manat, İV kursda 1500 manat təhsil haqqı ödəmişdir. İddiaçı xx.xx.2023-cü il tarixindən təhsil haqqının ödənilməsindən azad edilmişdir. İdiaçının bir ay üçün ödəməli olduğu təhsil haqqının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edilməlidir. Məhkəməyə təqdim edilmiş arayışda göstərilmiş məbləğlər iddiaçının köhnə təhsil haqqı borcu və kredit borcudur. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Slavyan Universitetinin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, İddia tələbini qəbul etmir. İddiaçı Bakı Slavyan Universitetinə daxil olduğu ilin birinci semestrinin təhsil haqqını ödəmişdir. İddianın rədd edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Qaçqın və X10 üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Laçın rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli Arayışında qeyd edilmişdir ki, Laçın rayon Minkənd kənd sakini X2 rayonu işğal olunduqdan əvvəl və sonra Laçın rayon Minkənd kəndində qeydiyyatda olmuş, 1992-ci ildə Laçın rayon Minkənd kəndindən məcburi köçkün düşmüş və hazırda Laçın rayon Minkənd kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdadır. İş materiallarında olan Abşeron RİH-i başçısının Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli Arayışında qeyd edilmişdir ki, 2001-ci il təvəllüdlü Hümbətova X3 qəsəbəsində Kanal ətrafı ərazidə müvəqqəti məskunlaşıb. Laçın rayonundan məcburi köçkün gəlmişdir. İş materiallarında olan Laçın RİH-i başçısının Minkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli Arayışında qeyd edilmişdir ki, İddiaçı 1992-ci ilin may ayında erməni təcavüzü nəticəsində Minkənd kəndindən məcburi köçkün olub, Abşeron rayonunda müvəqqəti məskunlaşıb. İş materiallarıda olan Azərbaycan Respublikası Qaçqın və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçı Laçın rayonundan məcburi köçkün düşməklə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı Dövlət Universistetinə 5000 manat məbləğində təhsil haqqı ödənişi olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı Dövlət Universistetinə 2308 manat məbləğində təhsil haqqı ödənişi olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı Dövlət Universistetinə 5 manat məbləğində təhsil haqqı ödənişi olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı Dövlət Universistetinə 1052 manat məbləğində təhsil haqqı ödənişi olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətdə adı qeyd olunan şəxs İddiaçı atası X6 rayonundan məcburi köçkündür və Abşeron rayonunda müvəqqəti qeydiyyatda olmaqla Komitə tərəfindən ona xx.xx.2006-cı il tarixdə AA149045 seriyalı məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Əlavə olaraq bildirilir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə görə, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan Qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədləri Komitəyə təqdim etdikdən sonra İddiaçı məcburi köçkün statusu verilib-verilməməsi məsələsinə baxıla bilər. İş materiallarında olan Laçın rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, AZ-İ seriyalı 216990 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X15, ana qrafasında X12 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2002ci il tarixdə 194 nömrə ilə qeyd edilmişdir. İş materiallarıda olan Azərbaycan Respublikası Qaçqın və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən X9 məcburi köçkün vəsiqəsi verilmişdir. X2 rayonundan məcburi köçkün düşməklə Abşeron rayonunda müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Laçın rayonundan məcburi köçkündür, Komitənin Regional idarəetmə və status şöbəsinin 2023-cü il 29 noyabr tarixli protokoluna əsasən AA seriyalı, 496700 nömrəli məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. X6 rayonundan məcburi köçkündür, Komitənin Regional idarəetmə və status şöbəsinin 2006-cı il 19 oktyabr tarixli protokoluna əsasən AA seriyalı, 149045 nömrəli məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. X7 Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2024-cü illəri əhatə edən elektron məlumat bazasında məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, mövcud qanunvericiliyə müvafiq olaraq ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan və məktubda qeyd edilən kateqoriyalara aid olan (Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli, 1380 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları) tələbələr təsdiqedici sənədləri təqdim etməklə, təhsil haqqını ödəməkdən azad olunurlar. İş materiallarında olan Bakı Slavyan Universitetinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Zahid qızı tərəfindən Bakı Slavyan Universitetinə qəbul olduğu tarixdən Bakı Dövlət Universitetinə transfer olduğu tarixədək BSU-ya ödədiyi ümumi təhsil haqqının məbləği 850 manat təşkil edir. İş materiallarında olan Bakı Dövlət Universiteti üzrə 3-29-45/3-1T-56/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Əmrdən çıxarışa əsasən xx.xx.2021-ci il tarixli 3/234 nömrəli əmrə əsasən Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin bakalavriat səviyyəsinin əyani təhsilalma forması üzrə Azərbaycan bölməsi ödənişli əsaslarla təhsil alan Beynəlxalq münasibətlər ixtisasının birinci kurs 110 K qrupuna köçürülmüş tələbəsi İddiaçı xx.xx.2023-cü il tarixindən etibarən təhsil müddəti ərzində təhsil haqqını ödəməkdən azad edilmişdir. İş materiallarında olan Təhsil haqqının ödənilməsi haqqında Arayışdan görünür ki, İddiaçı BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin əyani şöbəsini bakalavr təhsil pilləsi üzrə bitirmişdir və təhsil aldığı dövr ərzində xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 4992 manat, xx.xx.2024-cü il tarixdə 1050 manat, 2304 manat, 4 manat olmaqla, cəmi 8600 manat məbləğində təhsil haqqı ödənişi etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 2020-ci ildə Bakı Slavyan Universitetinin “Xarici dil müəllimliyi - Rus dili” ixtisasına ödənişli əsaslarla qəbul olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixli 3/234 nömrəli əmrə əsasən Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin bakalavriat səviyyəsinin əyani təhsilalma forması üzrə Azərbaycan bölməsi ödənişli əsaslarla təhsil alan Beynəlxalq münasibətlər ixtisasının birinci kurs 110 K qrupuna köçürülmüşdür. İddiaçı Zahid qızı Bakı Slavyan Universitetinə qəbul olduğu tarixdən Bakı Dövlət Universitetinə transfer olduğu tarixədək BSU-ya ödədiyi ümumi təhsil haqqının məbləği 850 manat təşkil edir. Azərbaycan Respublikası Qaçqın və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı məcburi köçkün vəsiqəsi verilmişdir. Bakı Dövlət Universitetinin 3-29-45/3-1T-56/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Əmri ilə İddiaçı məcburi köçkün statusu əldə etdiyindən xx.xx.2023-cü il tarixindən etibarən təhsil müddəti ərzində təhsil haqqını ödəməkdən azad edilmişdir. İddiaçı təhsil aldığı dövr ərzində xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 4992 manat, xx.xx.2024-cü il tarixdə 1050 manat, 2304 manat, 4 manat olmaqla, cəmi 8600 manat məbləğində təhsil haqqı ödənişi etmişdir. Hazırda iddiaçı X4 Bakı Dövlət Universiteti tərəfindən hazırkı iddiaçı X4 barəsində verilmiş 3-29-45/3-1T-56/2024 nömrəli xx.xx.2024-cü il tarixli təhsil haqqının ödənilməsindən azad edilmə haqqında əmrin ləğv edilərək, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakülətəsinin bakalavriat səviyyəsinin əyani təhsilalma forması üzrə Azərbaycan bölməsi ödənişli əsaslarla təhsil alan Beynəlxalq münasibətlər ixtisasının İ (birinci) kurs 110K qrupuna köçürülmüş, tələbəsi X1 xx.xx.2021-ci il tarixindən etibarən təhsil müddəti ərzində (bütün dövrlər üzrə) təhsil haqqını ödəməkdən bütünlükdə azad edilməsinə dair yeni əmrin verilməsi öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinin üzərinə qoyulması, dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan, lakin X4 tərəfindən “Bakı Slavyan Universiteti”nə ödənilmiş 850 manat təhsil haqqı məbləğinin və “Bakı Dövlət Universitetinə” ödənilmiş 8365 manat təhsil haqqı məbləğinin müvafiq cavabdeh universitetlərdən tutularaq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər isə iddiaçının iddia ərizəsinə etirazlar təqdim edərək, bildirmişlər ki, iddiaçə tərəfindən ödənilmiş təhsil haqqları onun məcburi köçkün statusu əldə etməzdən əvvəlki ödənişləridir. Bu baxımdan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” 4 avqust 2003-cü il tarixli, 1308 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli, 1721 nömrəli Sərəncamı ilə əvvəlki Sərəncamdakı “məcburi köçkünlər” sözləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün” statusu, həmçinin onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə) həvalə edilmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaların 1.1-ci bəndinin tələbinə görə “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Komitə qəbul edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. Qaydaların 2.1-ci bəndinə görə “məcburi köçkün” statusunu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. Qaydaların 2.6-cı bəndinə görə “məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə “məcburi köçkün” statusu verilməsindən imtina edilir. Qaydaların 3.3-cü bəndinə görə şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 3.4-cü bəndinə görə şöbə “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi haqqında qərarın qanunvericiliyə uyğunluğuna görə bilavasitə məsuliyyət daşıyır. Qaydaların 3.5-ci bəndinə görə “məcburi köçkün” statusu almış şəxslərə “məcburi köçkün” vəsiqəsi verilir və Komitənin aidiyyəti şöbəsi tərəfindən uçotu aparılır. Qaydaların 3.6-cı bəndinə görə “məcburi köçkün” vəsiqəsi Komitənin sədri tərəfindən bu barədə səlahiyyət verilmiş vəzifəli şəxs tərəfindən imza edilir və Komitənin gerbli möhürü ilə təsdiq edilir. Məhkəmə iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, Bakı Dövlət Universiteti tərəfindən hazırkı iddiaçı X4 barəsində verilmiş 3-29-45/3-1T-56/2024 nömrəli xx.xx.2024-cü il tarixli təhsil haqqının ödənilməsindən azad edilmə haqqında əmrin ləğv edilərək, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakülətəsinin bakalavriat səviyyəsinin əyani təhsilalma forması üzrə Azərbaycan bölməsi ödənişli əsaslarla təhsil alan Beynəlxalq münasibətlər ixtisasının İ (birinci) kurs 110K qrupuna köçürülmüş, tələbəsi X1 xx.xx.2021-ci il tarixindən etibarən təhsil müddəti ərzində (bütün dövrlər üzrə) təhsil haqqını ödəməkdən bütünlükdə azad edilməsinə dair yeni əmrin verilməsi öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinin üzərinə qoyulması, dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan, lakin X4 tərəfindən “Bakı Slavyan Universiteti”nə ödənilmiş 850 manat təhsil haqqı məbləğinin və “Bakı Dövlət Universitetinə” ödənilmiş 8365 manat təhsil haqqı məbləğinin müvafiq cavabdeh universitetlərdən tutularaq iddiaçıya geri qaytarılması tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli, 1308 nömrəli Sərəncamına əsasən dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli, 1721 nömrəli Sərəncamı ilə əvvəlki Sərəncamdakı “məcburi köçkünlər” sözləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” sözləri ilə əvəz edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı məcburi köçkün statusunu xx.xx.2023-cü il tarixindən etibarən əldə etmişdir. İş materialalrı ilə təsdiq olunur ki, Azərbaycan Respublikası Qaçqın və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı məcburi köçkün vəsiqəsi verilmişdir. Şəxsin məcburi köçkün olmasını təsdiq edən hüquqmüəyyən edici sənəd məhz həmin vəsiqədir. Odur ki, İddiaçı 2020/2023-cü təhsil ili üçün ödəmiş olduğu təhsil haqqından məcburi köçkün statusu verilmədən məcburi köçkün kimi azad edilmiş hesab edilə bilməz. Belə ki, iş materialalrında da görünür ki, Bakı Dövlət Universitetinin 3-29-45/3-1T-56/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Əmr ilə İddiaçı xx.xx.2023-cü il tarixindən etibarən (məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin verildiyi tarixdən) təhsil müddəti ərzində təhsil haqqını ödəməkdən azad edilmişdir. Bu səbəbdən iddiaçının məcburi köçkün statusu verilməmişdən əvvəl müqavilə əsasında ödəmiş olduğu təhsil haqqını geri tələb edilməsinin hüquqi əsası yoxdur. İddiaçı tərəfindən təhsil aldığı dövr ərzində xx.xx.2024-cü il tarixdə 1050 manat, 2304 manat, 4 manat olmaqla, cəmi 8600 manat məbləğində təhsil haqqı ödənişi ilə bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, həmin ödənişlərin tarixi şəxsin məcburi köçkün statusu əldə etdikdən sonrakı tarixə aid olsa da, iş materialalrında olan arayışlarla da təsdiq olunur ki, həmin ödənişlər İddiaçı məcburi köçkün statusu əldə etməzdən əvvəlki, yəni xx.xx.2023-cü il tarixindən əvvəlki təhsil haqqı və kredit borcları ilə bağlı olmuşdur. İddiaçı tərəf bunun əksini təsdiq edən subutlarını məhkəməyə təqdim edə bilməmişdir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qərarının 2-ci hissəsinə əsasən “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs bu Qaydaların 2.4.cü bəndində göstərilən sənədləri elektron və ya qeyri-elektron formada (bu Qaydalara əlavə olunmuş 1 və 2 nömrəli formaya uyğun olaraq) bilavasitə və yaxud Komitənin yerli nümayəndələri, Komitənin yerli nümayəndələri olmayan şəhər və rayonlarda isə icra hakimiyyəti orqanları vasitəsi ilə Komitəyə təqdim edir. Ərizə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxslərin özü tərəfindən yazılmalı və imzası ilə təsdiq edilməlidir. Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o ərizəni səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə yaza və təqdim edə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi “Məcburi köçkün” statusu almaq üçün müvafiq dövlət orqanında qeydiyyatdan keçmək və müvafiq ərizə ilə müraciət etmək lazımdır. Məhkəmə, həmçinin, qeyd edir ki, Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 14.8-1.6-cı maddəsinə əsasən dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşlarının təhsil haqqı sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kimi təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Belə ki, qanunvericiliyin sadalan normalarının tələbi, işin hüquqi və faktiki halları onu deməyə əsas verir ki, şəxs müvafiq vəsiqənin verildiyi tarixdən məcburi köçkün kimi tanınmış və ona münasibətdə qanunvericilikdə məcburi köçkünlərə verilmiş hüquqlar həmin tarixdən etibarən yaranmışdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı Dövlət Universiteti X19 və Bakı Slavyan Universitetinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Qaçqın və X10 üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) "təhsil haqqı məbləğinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı Dövlət Universiteti X19 və Bakı Slavyan Universitetinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Qaçqın və X10 üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) "təhsil haqqı məbləğinin geri qaytarılması" tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar