Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-479/2023 12.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə qeyri-rəsmi nikahdan anadan olmuş övladları xx.xx.2012-ci il təvəllüdlü X3 “İnsulindən asılı şəkərli diabet tip 1” diaqnozlu xəstə olmasını, 18 yaşadək ( xx.xx.2030-cu il tarixədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsini, yaşamağa evinin olmamasını, mütamadi insulin iynəsinin vurulmasını, müxtəlif adda dərmanların alınmasını, o cümlədən məktəb, paltar, yemək xərclərini nəzərə alıb, əlavə xərclər qaydasında Cavabdeh 15000 manat alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2010-cu il tarixdə qeyri-rəsmi nikaha daxil olmuşdur. Qeyri-rəsmi nikahdan övladları xx.xx.2012-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. 03 mart 2012-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 33 saylı nömrə ilə “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə” verilmişdir. 12 il birlikdə ər-arvad kimi yaşamaqlarına baxmayaraq, keçmiş qaynanası onların evliliyinə qarşı çıxmış, cavabdeh onunla nikah bağlamamış, yaşadıqları ünvan 1 ünvanında oğlanları X4 qeydiyyata salsa da onu həmin mənzilə qeydiyyata salmamışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh digər xanımla ailə qurmuş və həmin nigkahdan cavabdehin iki övladı dünyaya gəlmişdir. Bundan sonra o, cavabdehlə qeyri-rəsmi nikaha son qoyaraq, Mediyasiya Şurasına aliment üçün müraciət etmiş, MŞB/2-00844 saylı xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən övladları xx.xx.2012-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixinədək hər ay 200 (iki yüz) manat məbləğində aliment ödənilməsini cavabdeh öhdəsinə götürmüşdür. 2021-ci ilin avqust ayından oğlu ilə birlikdə Binəqədi rayonu,Yəhya Hüseynov küçəsi ev 83 mənzil 37-də kiraçi kimi yaşayır. Lakin indiki maddi vəziyyətin çətin olması, yaşamağa evinin olmaması, övladı X3 “İnsulindən asılı şəkərli diabet tip 1” diaqnozlu xəstə olmasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin **********8 nömrəli 23 fevral 2022-ci il tarixli məktubunda, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’na əsasən oğlu X6 18 yaşadək ( xx.xx.2030-cu il tarixədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən övladı üçün heç bir maddi köməklik göstərilmir, hətta oğlunu artıq 2 ildir görməmişdir. Buna baxmayaraq, cavabdehin bir neçə mənzilləri vardır ki, hamısını öz anasının adına almışdır. (ünvanlar bunlardır; Qaradağ rayonu, 1 May küçəsində yerləşən ev tel. **********, Yasamal rayonu Z.Xəlilov küçəsi məh. 523 ev 17 mənzil 23, Binəqədi rayonu, Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi ev PO mənzil 27). Övladların mütamadi insulin vurulması, müxtəlif adda dərmanların alınması, o cümlədən məktəb, paltar, yemək xərcləri, xəstə övladlarının yaşamağa evinin olmaması vəziyyətimi bir az da çətinləşdirmişdir. Ona görə də, maddi vəziyyətin yaxşılaşdırılması, övladları X3 yaşamağa bir evinin olması və digər ehtiyaclar üçün cavabdehdən 15000 manatın alınaraq verilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, uşağı ilə kirayə mənzildə qalır. Ona görə də, uşağı ilə yaşamaq üçün ev almaq istəyir. Pulu kreditlə ev almaq üçün ilkin ödənişin edilməsi üçün istəyir. Belə ki, ona ilkin ödənişin edilməsi üçün 13000-15000 manat pul lazımdır. Aylıq ödənişləri isə özü ödəyəcəkdir. Həmçinin, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, insulin iynələri dövlət tərəfindən verilir. Çatmadığı halda isə özü alır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəyir. Bundan başqa, uşağın digər xərclərinin ödənilməsində də iştirak etmişdir. Son bir ildə uşaq onunla görüşmək istəmədiyindən uşaqla ünsiyyətdə ola bilməmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 204993 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 07 yanvar 2012-ci il tarixdə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 33 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİ seriyalı 829774 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 07 yanvar 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 25 fevral 212-ci il tarixdə 577 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq F.İsmayılovun sağlamlıq imkanlarının məhdudluğu dövlət tibb müəssisəsini 2690003AABKK nömrəli göndərişi əsasında göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və 18 yaşadək (xx.xx.2030-ci il tarixədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan ambulator xəstənin tibb kartasından çıxarışdan görünür ki, X6 2021ci ilin fevral ayından “İnsulindən asılı şəkərli diabet tip 1” diaqnozu ilə xəstədir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/2-00844 nömrəli barışıq sazişinin surətindən görünür ki, Cavabdeh övladı X2 üçün xx.xx.2024-cü il tarixədək hər ay 200 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, işin müəyyən olunmuş hallarına əsasən, tərəflərin qeyri-rəsmi nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X6 doğulmuşdur. X6 2021-ci ilin fevral ayından “İnsulindən asılı şəkərli diabet tip 1” diaqnozu ilə xəstədir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il barışıq sazişinə əsasən, Cavabdeh uşağın saxlanması üçün xx.xx.2024-cü il tarixədək hər ay 200 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehdən birdəfəlik şəkildə 15000 manat əlavə xərcin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci madəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə qeyd edir ki, valideynlər əlavə xərclərin ödənilməsinə o halda cəlb edilə bilərlər ki, bu xərclər ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə və digər hallarla əlaqədar olsun. Həmçinin, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı əlavə xərclərin tutulması əsası kimi, uşağın “İnsulindən asılı şəkərli diabet tip 1” diaqnozlu xəstə olması, 18 yaşadək (xx.xx.2030-cu il tarixədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi, yaşamağa evinin olmaması, mütamadi insulin iynəsinin vurulması, müxtəlif adda dərmanların alınması, o cümlədən məktəb, paltar, yemək xərclərini göstərmişdir ki, həmin əsaslardan yalnız uşağın “İnsulindən asılı şəkərli diabet tip 1” diaqnozlu xəstə olması və 18 yaşadək (xx.xx.2030-cu il tarixədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi səbəbindən mütamadi insulin iynəsinin vurulması, müxtəlif adda dərmanların alınması halı valideynin əlavə xərclərə cəlb edilməsi əsası kimi çıxış edə bilər. Bu halda da, əlavə xərc birdəfəlik ödəmə şəklində deyil, tələb edildiyi halda məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən oluna bilər. Birdəfəlik ödəmə şəklində əlavə xərclərin tələb edilməsi halında isə, sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Məhz o, iddia etdiyi məbləğdə faktiki əlavə xərcin çəkilməsini və ya hazırda uşağın xəstəliyinin müalicəsi üçün həmin məbləğdə pulun lazım olduğunu sübut etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən tələb etdiyi 15000 manat məbləğində əlavə xərcin çəkilməsini və həmçinin hazırda uşağın xəstəliyi ilə əlaqədar həmin məbləğdə xərcin çəkilməli olduğunu sübut edə bilməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı məhkəmə iclasında izahatında əlavə xərci tələb etməkdə niyyətinin məhz uşağı ilə birlikdə yaşamaq məqsədilə ev almaq üçün ilkin ödənişin edilməsi olduğunu bildirmişdir ki, bu məqsədlə valideynin əlavə xərclərin çəkilməsinə cəlb edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 137 (bir yüz otuz yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-479/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-479/2023
12.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver