Məhkəmə qərarları › İş №2(004)-4826/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4826/2023

27.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4826/2023 27.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh2 nümayəndəsi Nümayəndə3, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı (Binəqədi Rayon İcra Şöbəsi və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi, əmlakın qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və yenidən qiymətləndirilməsi tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı götürdüyü kreditin təminatı kimi Bank "xxxx" ASC-yə ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən, 19 nömrəli evin 39 saylı mənzili barəsində "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən aparılmış xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab olunması və həmin mənzil barəsində yenidən real bazar qiymətinə uyğun olan qiymətləndirilmə aparılması öhdəliyinin Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilməsi, təkrar hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 213/23 nömrəli protokolun etibarsız hesab edilərək nəticələrinin ləğv edilməsi və Cavabdeh2 satılmış əmlaka dair verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2019-cü il tarixli 2(001)-384/2022 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiaçıya qarşı iddiası təmin edilərək iddiaçıdan kredit borcunun tutulması və tutmanın iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 85000 manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Qətnamə məhkəmə tərəfindən icraya yönəldilmiş və icra məmurunun sifarişi əsasında Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərrac nəticəsində ona məxsus əmlak Cavabdeh2 satılmışdır. Hərrac etibarsız hesab edilməlidir. Belə ki, birinci hərrac zamanı (16 avqust 2023-cü il tarixdə) iddiaçı xaricdə olmuş, təkrar hərrac zamanı isə Azərbaycanda olmasına baxmayaraq ona hərracın vaxtı və yeri haqqında bildiriş gönədirlməmiş, telefonla da məlumat verilməmişdir. Hərrac keçirilməsinə baxmayaraq hərrac zamanı bank ondan kredit borcu üzrə 2 dəfə ödəniş qəbul etmişdir. Bundan əlavə mənzilin bazar dəyəri 180000 manat olduğu halda mənzil 72000 manat dəyərində satılmışdır. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi iddiaya etiraz edərək hərac mərkəzi tərəfindən hərracın qanunla müəyyən edilmiş qaydalara uyğun keçirildiyini birdirmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndələri iddianın Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin icrasına maneçilik yaradılması məqsədi ilə verildiyini, əmlakın dəyərinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edildiyini, cavabdehin vicdanlı alıcı olduğunu bildirərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iddiaçının götürdüyü kreditin təminatı kimi Bank "xxxx" ASC-yə ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən, 19 nömrəli evin 39 saylı mənzili barəsində "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən aparılmış xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab olunması, həmin mənzil barəsində yenidən real bazar qiymətinə uyğun olan qiymətləndirilmə aparılması öhdəliyinin Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilməsi tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş: Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-384/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, XDEN- 00232-17/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı 14 noyabr 2019-cu il tarixli, XDEN- 00232-17/19A nömrəli kredit müqaviləsi üzrə 27 avqust 2021-ci il tarixinə yaranmış 49.339,83 manat məbləğində əsas, 1.996,85 manat məbləğində faiz, 91,62 manat məbləğində məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın 14 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində cavabdeh İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, 19 saylı evin, 39 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borc məbləğinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 85.000 manat məbləğində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - cavabdeh İddiaçı qaytarılması, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin cavabdeh İddiaçı tutulması,ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, ekspert tədqiqatının ümumi dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin 100 manat hissəsinin iddiaçı "xxxx" ASC-dən, 100 manat hissəsinin isə cavabdeh İddiaçı tutularaq, dövlət gəlirlərinə alınması qət edilmişdir. Eyni zamanda həmin qətnamədən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi əsasında 85000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı həmin qətnamə ilə müəyyən edilmiş ipoteka əmlakının ilkin satış qiymətini mübahisələndirməmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 384/2022 saylı qətnaməsinin həmin hissəsindən apellyasiya şikayəti verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3603/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-384/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Məhkəmə aktlarının məcburiliyi” adlanan 15-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə hesab edir ki, ipoteka əmlakının hərraca çıxarılmış ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən iddiaçının götürdüyü kreditin təminatı kimi Bank "xxxx" ASC-yə ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən, 19 nömrəli evin 39 saylı mənzili barəsində "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən aparılmış xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab olunması, həmin mənzil barəsində yenidən real bazar qiymətinə uyğun olan qiymətləndirilmə aparılması öhdəliyinin Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilməsi tələbləri rədd edilməlidir. Məhkəmə hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun “Hərracın keçirilmə qaydası” adlanan 42-ci maddəsinə əsasən 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İpoteka haqqında” Qanununun “Hərracın baş tutmamış elan edilməsi” adlanan 43cü maddəsinə əsasən 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. M a d d ə 44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. İş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-384/2022 saylı qətnaməsinin icrası ilə bağlı keçirilmiş hərrac işinin surətindən görünür ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyan – İddiaçı Seyidrza oğluna sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İpoteka qoyan – iddiaçıya bildiriş onun rəsmi qeydə alındığı (iddia ərizəsində də iddiaçı tərəfindən göstərilmiş) ünvan 2 ünvanına və Şamaxı rayonu Yekəxana kəndinə göndərilmişdir. İlkin hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bu barədə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir. İlkin hərrac baş tutmadığından təkrar hərrac təyin edilmiş və bu barədə hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İlkin hərrac baş tutmadığından ipoteka əmlakı ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə təkrar hərraca çıxarılmış və təkrar harracın iştirakçısı Cavabdeh2 tərəfindən alınmışdır. Bu barədə hərracın yekunları baradə 01 sentyabr 2023-cü il tarixli, 213/23 saylı protokol tərtib edilmişdir. Beləliklə tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalara əməl edilməklə keçirildiyi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi və bu tələblərin nəticəsi olaraq Cavabdeh2 satılmış əmlaka dair verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbləri əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar