Məhkəmə qərarları › İş №2(004)-4866/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4866/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4866/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı “İddiaçı Sığorta Şirkəti” ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı Sığorta Şirkəti” ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “SKODA FABİA” markalı, 004 D 025 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 350 manat sığorta ödənişi məbləği və ərizənin verilməsi ilə bağlı 20,40 manat dövlət rüsumu, cəmi 370,40 manat pulun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə idarə etdiyi “QAZ 24” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “İddiaçı Sığorta Şirkəti”ndə kasko sığorta növü ilə sığortalanmış “SKODA FABİA” markalı, 004 D 025 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh idarə etdiyi avtomobilin icbari sığorta müqaviləsi mövcud deyildir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Yasamal rayon DYPŞ-nin xx.xx.2018-ci il X1 Haqqında iş üzrə Qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2018-ci il tarixli Preyskuranta əsasən “SKODA FABİA” markalı, 004 D 025 dövlət qeydiyyat nişanlı avtomobilə 433 manat ziyan dəymişdir. xx.xx.2018-ci il tarixli sığorta aktına əsasən “İddiaçı Sığorta Şirkəti” “SKODA FABİA” markalı, 004 D 025 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 433 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh ilə borcun qaytarılması ilə bağlı razılıq olmuş və xx.xx.2018ci il tarixdə 83 manat məbləğində ödəniş olunmuşdur. Lakin Cavabdeh daha sonra heç bir ödəniş etməmiş və dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət olunmasına baxmayaraq borcun ödənilməsindən boyun qaçırmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin TP ******* saylı xx.xx.2018-ci il tarixli X1 Haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 057260 saylı sığorta aktından müəyyən olunur ki, “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən kasko sığorta növü ilə sığortalanmış “SKODA FABİA” markalı, 004 D 025 dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 433 manat məbləğində ümumi maddi ziyan dəymiş və həmin məbləğdə sığorta ödənişi müəyyən olunmuşdur. İş materiallarında olan “X2” MMC-nin 519118 saylı Preyskurantından müəyyən olunur ki, “SKODA FABİA” markalı, 004 D 025 dövlət qeydiyyat nişanlı avtomobilə 433 manat məbləğində xərc çəkilmişdir. İş materiallarında olan “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən Cavabdeh ünvanlandırılmış bildirişlərdən görünür ki, “İddiaçı Sığorta Şirkəti” ASC zərər çəkənə ödənilmiş 433 manat məbləğində sığorta ödənişinin ödənilməsini tələb etmişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanması haqqındakı elektron vərəqədən müəyyən olunur ki, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi zamanı icbari sığorta olunmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “SKODA FABİA” markalı, 004 D 025 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən kasko sığorta növü ilə sığortalanmışdır. Cavabdeh avtomobili idarə edərkən “SKODA FABİA” markalı, 004 D 025 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və nəticədə həmin avtomobilə 433 manat dəyərində zərər vurulmuşdur ki, həmin zərər “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə hesab edir ki, Cavabdeh sığortalanmamış avtomobili idarə edərək, təqsirli olduğu yol-nəqliyyat hadisəsi “SKODA FABİA” markalı, 004 D 025 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğundan və həmin zərər “İddiaçı Sığorta” ASC tərəfindən ödənildiyindən, sonuncu da mülki qanunvericliyin göstərilən tələblərinə əsasən verilmiş sığorta ödənişi həcmində cavabdehdən vurulmuş zərəri tələb etməkdən ibarət subroqasiya hüququ yaranmışdır. İddia ərizəsindən görünür ki, cavabdeh tərəfindən 83 manat ödəniş olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı Sığorta Şirkəti” ASC-nin iddia tələbi əsaslı hesab edilməli, Cavabdeh 350 manat məbləğində pul vəsaiti tutularaq “İddiaçı Sığorta Şirkəti” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı “İddiaçı Sığorta Şirkəti” ASC-nin iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20.40 manat dövlət rüsumu Cavabdeh “İddiaçı Sığorta Şirkəti” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində zərər və 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “İddiaçı Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar