Məhkəmə qərarları › İş №2(004)-4873/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4873/2020

28.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4873/2020 28.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı notariat kontoruna və üçüncü şəxs Aslanov Rüfət Rövşən oğluna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı notariat kontoruna və üçüncü şəxs Aslanov Rüfət Rövşən oğluna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən aparılmış xx.xx.2020-ci il tarixli, 8i-6260 nömrəli icra qeydinin ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki,Bakı şəhəri 53 saylı notariat kontorunda iddiaçı ilə Aslanov Rüfət Rövşən oğlu arasında kredit müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh Bakı şəhəri 53 saylı notariat kontoru iş üzrə üçüncü şəxsin göstərdiyi rəqəmlər əsasında (23080 manat) birtərəfli qaydada icra qeydi çıxarmış və icra olunması üçün Bakı şəhəri Binəqədi Rayon İcra və probasiya şöbəsinə yönləndirmişdir. İcra qeydinin çıxarılması və həmin icra qeydinə əsasən iddiaçının Aslanov Rüfət Rövşən oğluna 23080 manat məbləğində pul vəsaiti ödəməli olduğu barədə məlumat isə, xx.xx.2020-ci il tarixdə icra məmuru tərəfindən ona bildirilmiş və xx.xx.2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildiriş və “icraata başlamaq haqqında” qərar təqdim olunmuşdur. Göstərilən icra qeydi əsassızdır və ləğv olunmalıdır. Belə ki, iddiaçı ilə Aslanov Rüfət Rövşən oğlu arasında kredit müqaviləsi bağlanmasına və həmin müqaviləyə əsasən ona 1 il müddətinə geri qaytarmaq şərtilə borc verilməsi göstərilməsinə baxmayaraq, faktiki olaraq həmin pul məbləği notariat kontoru vasitəsilə verilməmiş və göstərilən pul məbləğinin təyinatı borc olmamışdır. Notariat kontorunda müqavilənin bağlanması sadəcə formal xarakter daşımış və borc məbləği notariusun depozit hesabı vasitəsilə iddiaçıya verildikdən dərhal sonra Aslanov Rüfət Rövşən oğlu tərəfindən geri alınmışdır. Elə həmin gün təkrarən iddiaçı ilə üçüncü şəxsin tanışı X1 arasında oxşar borc müqaviləsi bağlanmış və təqdim olunan 25000 manat həmin əməliyyatda da istifadə olunmuşdur. Tərəflər arasında bağlanmış borc müqaviləsi formal xarakter daşımış və pul məbləği onların özündə qalmışdır. Belə ki, Aslanov Rüfətlə iddiaçının uzun müddət davam edən işgüzar münasibətləri oİmuşdur. O, həmin dövrdə mobil telefonların satışı ilə məşğul olmuş, Aslanov Rüfət müxtəlif vaxtlarda həmin biznesə sərmayə kimi pul vəsaitləri qoymuş və aylıq faizlər almışdır. Ümumilikdə onun tərəfindən qoyulmuş bütün pullar, faizləri ilə birlikdə qaytarılmışdır. Lakin, 2019-cu ildən başlayaraq biznesində geriləmə baş vermiş və sərmayəsi tükənmişdir. Bunu bilən Aslanov Rüfət Rövşən oğlu təkrarən iddiaçıya müraciət edərək biznesi diriltmək üçün yenə də sərmayə qoya biləcəyini bildirmişdir. Şərti isə bundan ibarət olmuşdur ki, bunun üçün onunla, həmçinin Eldar Mahmudov adlı şəxslə ayrı-ayrılıqda notarial qaydada borc müqaviləsi bağlasın. Əvəzində isə biznesə 100000 ABŞ dolları məbləğində sərmayə qoyacaqlarını bildirmişdir. İddiaçı təkliflə razılaşmışdır. Borc müqavilələrinin bağlanması prosesi başa çatdıqdan sonra, Aslanov Rüfət Rövşən oğlu 25000 manatın ona da məxsus olmadığını və 2-3 gün ərzində söz verdikləri 100000 ABŞ dolları məbləğində vəsaitini təqdim edəcəklərini ona bildirmişdir. Bununla da, onlar 25000 manatı da götürmüşlər. Lakin, sonradan Aslanov Rüfət Rövşən oğlu işlərində müəyyən problemlər yarandığını və pulu düzəldə bilmədiyini söyləmiş və iş də bu formada dayanmışdır. Cavabdeh Bakı şəhəri 53 saylı notariat kontoru öz vəzifəsini layiqincə yerinə yetirməmiş, borc müqaviləsini təsdiqləyərkən onun formal xarakter daşıdığını bilə-bilə etibarsız kredit müqaviləsini təsdiqləmiş, daha sonra birtərəfli qaydada icra qeydi çıxartmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhəri 53 saylı notariat kontoruna və üçüncü şəxs Aslanov Rüfət Rövşən oğluna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdr. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borc verən Aslanov Rüfət Rövşən oğlu ilə borc alan İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borc verən faizsiz xx.xx.2020-ci il tarixədək günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ilə qaytarmaq şərti ilə borc alana 23060 manat məbləğində borc vermişdir. Bakı şəhəri, 53 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli İcra qeydinin surətindən görünür ki, notarius tərəfindən Aslanov Rüfət Rövşən oğlunun xeyrinə İddiaçı 23060 manat borcun və 20 manat dövlət rüsumu olmaqla, cəmi 23080 manat məbləğində pulun tutulmasına dair icra qeydi verilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, surətindən görünür ki, Bakı şəhəri, 53 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli İcra qeydi üzrə icraata başlanılmış və borclu İddiaçı tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş müqavilələrdə icra qeydinin aparılması üçün notariusa aşağıdakı sənədlər təqdim olunmalıdır: 1) notariat qaydasında təsdiq edilmiş müqavilənin əsli; 2) borcluya göndərilmiş ödəniş müddətinin keçməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında yazılı bildiriş. 162-ci hissəsinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu (müvafiq məsələ ilə bağlı işin məhkəmə icraatında olmadığı barədə kreditorun yazılı məlumatına əsasən) və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişdirsə, idarə, müəssisə və təşkilatlarda isə bir ildən çox keçməmişdirsə. 165-ci hissəsinə görə isə icra qeydi borcu müəyyən edən sənədin əslində qeyd olunur. İcra qeydi borcu müəyyən edən sənəddən ayrılıqda aparılmır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Aslanov Rüfət Rövşən oğlunun xeyrinə İddiaçı 23060 manat borcun və 20 manat dövlət rüsumu olmaqla, cəmi 23080 manat məbləğində pulun tutulması barədə xx.xx.2020-ci il tarixli İcra qeydi Bakı şəhəri, 53 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Belə ki, icra qeydinə dair notariat işində borcluya yazılı bildirişlərin göndərilməsi və təqdim olunmasına dair sənədlər aşkar edilməmiş, müqavilənin 7-ci bəndində qeyd edilən 30 gün müddətinini gözləməmiş, eyni zamanda, icra qeydi borcu müəyyən edən sənədin əslində deyil, ondan ayrılıqda aparılmışdır. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən aparılmış xx.xx.2020-ci il tarixli, 8i-6260 reyestr nömrəli icra qeydi ləğv edilsin. Məhkəməyə müraciət üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh Bakı şəhəri 53 saylı notariat kontorundan alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar