Məhkəmə qərarları › İş №2(004)-4885/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4885/2021

13.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4885/2021 13.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri ucbatından onun yararsız vəziyyətə düşmüş mənzilinin bərpası üçün xərclədiyi təmir işlərinin dəyəri olan 2000 (iki min) manat məbləğində pulun, 3000 (üç min) manat məbləğində mənəvi zərərin, ümumilikdə 5000 (beş min) manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Mənzil sənədə əsasən ona məxsusdur. Belə ki, 24.06.2021-ci il tarixdə binanın həyətində Azərsu ASC tərəfindən aparılan qrunt sularının binanın qarşısında "xxxx" MTK-nın tikdiyi çoxmərtəbəli binanın zirzəmisindən çəkildiyi zaman onların həyətin kanalizasiyasına yüksək təyziqlə vurulması nəticəsində onun mənzilini su və kanalizasiya tullantıları basmışdır. Həmin zaman o, evdə olmamışdır. Qonşular ona zəng edib mənzilindən kanalizasiya sularının çıxdığını demişlər. Evə gəldikdə çox acınacaqlı vəziyyətlə üzləşmiş, yeni təmir etdiyi mənzil kanalizasiya sularına qərq olmuşdu. Ev bərbad hala düşmüşdür. O, həmin tikilən binaya gedib inzibatçı ilə görüşüb vəziyyəti anlatmış və bu çəkilən qurunt sularının onların kanalizasiya xəttinə niyə qoşulduğunu soruşmuşdur. Cavabında bu işlərin onlara aid olmadığını, işlərin Cavabdeh ASC tərəfindən aparıldığını söyləmişdir. Cavabdeh işçilərinə nəyə görə yüksək təyziqlə vurulan qrunt sularının onların xəttə qoşulduğunu, niyə mərkəzi kanalizasiya xəttinə qoşulmadığına bildirmişdir. Bundan sonra suyun vurulması dayandırılmışdır. O, hər iki təşkilata öz sərt iradını bildirmiş, ona vurulan bu ziyanın kim tərəfindən ödəniləcəyini soruşmuşdur. Yeni tikilən bina rəhbərliyi günahın işləri aparan Cavabdeh ASC-yə məxus olduğunu söyləmişdir. O, CavabdehSC işçisinə dəyən ziyan haqqında öz iradını bildirmişdir. Bu haqda onun qonşularının imzaları ilə təsdiq etdikləri akt da var. Ona görə cavabdeh kimi o Cavabdeh ASC-ni məsul sayır. CavabdehSC-nin işçisi mənzildə baş vermişləri telefonuna çəkib təsdiqləmişdir. Bununla da, belə bir nəticəyə gəlmək olar ki, hazırki ərizə üzrə cavabdeh şəxs ona maddi ziyandan əlavə həm də, mənəvi ziyan vurmuşdur. Yararsız vəziyyətə düşmüş əmlakın ümümi dəyəri 2000 (iki min) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ekspert rəyi ilə razı olduğunu bildirərək, əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh ASC tərəfindən binanın zirzəmisindən çəkilən qurunt sularının ona məxsus mənzilin yerləşdiyi binanın həyətində yerləşən kanalizasiya quyusuna yüksək təzyiqlə vurulması nəticəsində su axıdıldığından mənzilin otaqları yarasız hala düşməyi ilə yanaşı, mənzildə çox pis qoxunun yaranmasına səbəb olmuş, evdə yaşayış mümkün olmamışdır. Bu onun və bütün ailə üzvlərinin uzun müddət əsəb və stress keçirməsinə səbəb olmuşdur. Ona görə iddia ərizəsinin maddi və məvəvi hissədə əsaslı olduğundan tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. 30.08.2021-ci il tarixinə, saat 12:00-a təyin olunmuş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının mənzilinə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin təqsiri nəticəsində zərər dəyməsinə dair sübutlar yoxdur. Ola bilər ki, dəymiş zərər "xxxx" MTK tərəfindən törədilib. İddiaçıya məxsus olan Bakı şəhəri Səbail rayonu Xanlar küçəsi 27 nömrəli evin 2 nömrəli mənzilinin qonşuluğunda "xxxx" MTK-nın tikdiyi şoxmərtəbəli binanın zirzəmisinə yığılmış qurunt sularının 24.06.2021-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən çəkilib-çəkilməməsi və iddiaçıya məxsus olan mənzilin kanalizasiya xəttinə vurulmasını aydınlaşdırmaq üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin hallarını və dəlillərini araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ÖM seriyalı, 231155 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Səbail rayonu, Xanlar küçəsi 27 saylı evin 38,0 yaşayış sahəsindən ibarət olan 3 otaqlı 2 saylı mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 769 saylı reyestr kitabında 115444 səhifədə30/6744 nömrəsi ilə 31.03.2005-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan ünvan 2 ünvanında yaşayan qonşular- Mülümov Tahir, Ponarin Anatoliy, Kryukova Lyudmila, Hüseynov Arzu, Bayramova Aybəniz, Muradova Şəfiqə, Zagirov Tofiq öz imzaları ilə təsdiq etdikləri ki, 01.07.2021-ci il tarixli “qonşuluq akt”ında qeyd olunur ki, 24.06.2021-ci il tarixdə binanın 2 saylı mənzilində yaşayan İddiaçı evinə kanalizasiya xəttinin daşması nəticəsində ciddi ziyan dəymiş, hadisə baş verən zaman İddiaçı evdə olmamış, sonradan qonşular ona xəbər vermişlər, hadisəyə səbəb kimi binanın qarşısında tikilən çoxmərtəbəli binanın zirzəmisində yığılan qrunt sularının yüksək təzyiqlə mərkəzi kanalizasiya xəttinə deyil, onların həyətdə köhnə kanalizasiya xəttinə qoşulması olmuşdur. İş materiallarında olan 01.07.2021-ci il tarixli 149 saylı MKİS-nin işçiləri mühəndis R.Əzimov, sahə nəzarətçiləri C.Cəfərov, M.Rzayev tərəfindən imzalanmış 01.07.2021-ci il tarixli Aktda qeyd olunur ki, Səbail rayonu, Xanlar küçəsi, ev 27, mənzil 2-də yaşayan İddiaçı şikayətinə əsasən onun mənzilinə baxış keçirilmiş, mənzildə nəmlik, bütün otaqların, mətbəxin və girişin divar kağızların aşağı hissədən qopub-qabarması, otaqla laminat döşəmənin bəzi yerlərdən qabarması, qapıdan girən yerdə döşəmənin aşağı yatması, gəzdikdə tərpənməsi halları aşkarlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(004)- 4885/2021 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4681 nömrəli, 10 noyabr 2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən, 27 saylı evin 2 nömrəli mənzilinə Cavabdeh ASC tərəfindən "xxxx" MTK-nın tikdiyi hündürmərtəbəli binanın zirzəmisindən çəkilən qurunt sularının iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın həyətində yerləşən kanalizasiya quyusuna yüksək təzyiqlə vurulması nəticəsində su axıdılığı və nəticədə 2 saylı mənzilin dəhliz, mətbəx, yaşayış otaqları tikililərinə ziyan vurulduğu müəyyən olunur. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən, 27 saylı evin 2 nömrəli mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir- tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2023,0 manat məbləgində olduğu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən, 27 saylı evin 2 nömrəli mənzilinə Cavabdeh ASC tərəfindən "xxxx" MTK-nın tikdiyi hündürmərtəbəli binanın zirzəmisindən çəkilən qurunt sularının iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın həyətində yerləşən kanalizasiya quyusuna yüksək təzyiqlə vurulması nəticəsində mənzilə su axıdılmış və nəticədə həmin mənzilin dəhliz, mətbəx, yaşayış otaqlarına maddi ziyan vurulmuşdur. Dəymiş maddi ziyanın məbləği hissəsində iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4681 nömrəli, 10 noyabr 2021-ci il tarixli rəyi əsas götürülməklə, iddia tələbi həcmində 2000 (iki min) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər –inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, İddiaçı mənzilinə Cavabdeh ASC-nin təqsirli hərəkəti nəticəsində çirkab sularının axması və mənzilinə dəymiş ziyan müəyyən edildiyindən iddiaçının bu səbəbdən mənəvi sarsıntı keçirməsi qaçılmazdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatı ilə də müəyyən olunur ki, sözügedən mənzilə axıdılmış çirkab suları mənzildə kəskin xoşagəlməz qoxunun yaranmasına səbəb olmuş, bu halda isə iddiaçının və həmin mənzildə yaşayan digər ailə üzvlərinin uzun müddət əsəb və stress keçirməsini qaçılmaz etmişdir. Məhkəmə, mənəvi zərərin məbləğini 300 (üç yüz) manat müəyyən etməklə ağlabatan hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci Cavabdeh ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən vurulmuş maddi zərərə görə 2000 manat və mənəvi zərərə görə 300 manat olmaqla, cəmi 2300 (iki min üç yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinə görə 50 (əlli) manat Cavabdeh ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar