Məhkəmə qərarları › İş №2(004)-492/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-492/2023

26.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-492/2023 26.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə 2.000 manat və mənəvi zərərə görə 500 manat olmaqla, ümumilikdə 2.500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunu əvəzi olan 45 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı Yasamal rayonu, N.Nərimanov meydanı 11 nömrəli evin 1 saylı mənzili faktiki istifadəsində və sahibliyində olmaqla mülkiyyət hüquqları ilə də ona məxsusdur. Qeyd edilən mənzil onun tərəfindən təmir edilmişdir. Ona məxsus mənzilə üst mərtəbədən, yəni 11 nömrəli evin 5 saylı mənzilindən xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə su axıntıları olmuş və yeni təmir olunmuş mənzil yararsız vəziyyətə salınmışdır. Qeyd edilən bu hallarla bağlı olaraq 11 nömrəli evin 5 saylı mənzilinin mülkiyyətçisi olan cavabdehə dəfələrlə xəbardarlıqlar edilmiş, lakin sonuncu tərəfindən bu xəbardarlıqlara məhəl qoyulmamış həmçinin vurulmuş olan ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Qeyd edilən hadisə ilə bağlı olaraq iddiaçı tərəfindən Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisinə və Yasamal rayonu 64 saylı MKİS rəisinə müraciət edilərək ona məxsus mənzilin su axıntısı nəticəsində yararsız hala düşməsi faktının aktlaşdırılmasına kömək göstərilməsi xahiş edilmişdir. Yasamal rayon 64 saylı MKİS-in rəisi S.Abıyev, mühəndisi A.Gözəlov, sahə nəzarətçisi N.Əsədov tərəfindən iddiaçıya məxsus mənzilə vizual olaraq baxış keçirilmiş və xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktdan müəyyən edilmişdir ki, ona məxsus mənzilin otaq, dəhlizinin divarında və tavan hissəsində nəmişlik və su axıntısı müşahidə olunmuş, mənzil sahibinin iddiası üzrə axıntıya səbəb olan 5 saylı mənzilin sahibinin evdə olmaması səbəbindən həmin mənzilə baxış keçirmək mümkün olmamış və ona mənzilə dəymiş ziyanın müəyyən edilməsi üçün ekspertə müraciət etməsi bildirilmişdir. Bundan başqa Yasamal rayon MKTB-i tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, 64 saylı MKİS-in əməkdaşları tərəfindən mənzilə vizual baxış keçirilən zaman, su sızması nəticəsində tavanın və divarların yararsız vəziyyətə düşdüyü müşahidə olunmuş, lakin sızıntının haradan olduğunu müəyyən etmək mümkün olmamışdır. Mənzilə dəymiş maddi ziyan ilə əlaqədar isə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hesab edir ki, iddiaçıya məxsus mənzilin su sızıntısı nəticəsində yararsız hala düşməsi faktı işin mübahisəsiz halıdır. Bu halın aradan qaldırılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmçinin qeyd edilmişdir ki, onun tərəfindən mənzilin su axıntısı nəticəsində yararsız vəziyyətə düşmüş hissəsinin yenidən təmiri üçün usta dəvət edilmiş və usta tərəfindən mənzilin həmin hissədə təmiri üçün 2.000 (iki min) manat məbləğində vəsaitin lazım olduğu bildirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin artırılması barədə ərizə verərək cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə 2822 manat və mənəvi zərərə görə 2.000 manat olmaqla, ümumilikdə 4822 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunu əvəzi olan 69 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia həcminin artırılmasını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən keçirilən tikinti-texniki ekspertizasının rəyinə əsasən iddiaçıya dəyən zərər 2822 manat qiymətləndirilmişdir. Ona görə də iddia tələbini dəqiqləşdirmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində qeyd edilən məbləğdən sonra, cavabdeh tərəfindən yenidən mənzilə su axıdılmış və ziyan vurulmuşdur, ekspert rəy verərkən bu halları da nəzərə almışdır, rəydə məbləğ az göstərilsə də rəyə etirazı yoxdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində dəfələrlə mənzilinə su axıdılması nəticəsində maddi ziyan vurulması onun stres keçirməsinə, dolayısı ilə əsəb hissləri keçirməklə mənəvi sarsıntıya məruz qalmasına və nəticədə mənəvi zərər çəkməsinə səbəb olmuşdur. Belə ki, cavabdeh tərəfindən son bir ay ərzində 6-7 dəfə ona məxsus mənzilə su axıdılması hadisəsi baş vermişdir. Ona görə də ekspertin rəyinə uyğun olaraq 2822 manat məbləğində zərərin, 2000 manat isə mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasını və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı və ona məxsus mənzillər, təxminən 50 ildən artıqdır müddətdir ki, inşa edildiyindən, su boruları və kanalizasiya xətləri kifayət qədər köhnəlmiş vəziyyətdə olmaqla yararsız haldadır. Qismən etiraf edir ki, bir neçə dəfə ehtiyatsızlıqdan alt mərtəbədə yerləşən qonşuluqda yaşayan cavabdehin mənzilinə su axıdılması halı baş vermişdir. Bununla bağlı aralarında yaranmış mübahisəyə ilə əlaqədar cavabdeh ona 2 dəfə ona zəng vuraraq dəymiş zərərin ödənilməsini tələb etmişdir. Lakin o, hesab edir ki, tələb edilən məbləğ reallığı əks etdirmir. Belə ki, iddiaçının özünün də mənzilində kanalizasiya xətti tutularaq daşmış, hətta bununla bağlı müvafiq quruma da müraciət etmiş, onun kanalizasiyası təmizlənmişdir. Dolayısı ilə cavabdehə məxsus mənzilə yalnız onun mənzilindən axan su nəticəsində zərər dəyməmişdir. O, həmçinin ekspertin rəyi və həmin rəydə zərərin qiymətləndirilməsi ilə razı deyildir. Baxmayaraq ki, o özü də şəxsən ekspertiza tədqiqatının aparılmasında, yəni mənzilə baxış zamanı iştirak etmiş, hətta baxış zamanı ekspertə iradlarını bildirmiş, bütün bunları nəzərə almayan ekspert əsassız rəy vermişdir. Ona görə də ekspert rəyində göstərilən məbləğə də, ekspertin gəlib yerində çəkdiklərinə də, məhkəmə baxışı iclasında deyilənlərə də etiraz edir, məsələyə yenidən baxılmasını xahiş edir. Hər halda heç kim istəməzdi ki, bu cür hadisə baş versin. Əgər su axıntısı olmuşdursa iddiaçı özü həmin vaxt gəlib mənzilə baxa bilərdi ki, onun mənzilindən axır ya axmır. Lakin iddiaçı qonşu olaraq bunları etməmişdir. Hesab edir ki, iddiaçı həmin vaxt gəlib mənzilə baxa, hətta usta da çağıra bilərdi və nə qədər xərci var idisə o, özü qarşılaya bilərdi. Lakin iddiaçı ilə razılığa gəlmək mümkün deyildir. O, mənzilindən su axmağını və iddiaçının tavanında olan dəyişikliklərin onun mənzilindən axan suyun nəticəsində yaranmasını qəbul edir. Lakin iddia tələbinin mənəvi zərərin vurulması hissəsində ümümiyyətlə qəbul etmir, çünki hazırda iddiaçıya hər hansı mənəvi zərərin dəyməsindən söhbət gedə bilməz. Belə ki, iddiaçı özü hadisə baş verən zaman onun mənzilinə gələrək övladlarını, mərhum ərini və qayınatasını təhqir etmişdir. Bu halda onlar daha artıq stres yaşayıb. Binanın köhnə olmasını nəzərə alaraq qeyd edir ki, dəfələrlə iddiaçının da mənzilindən su digər qonşuya su axıdılmışdır. Lakin iddiaçının bir ayda 6-7 dəfə mənzilə su axıdılmasını bildirməsi həqiqəti əks etdirmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan - AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 164031 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Sovetski küçəsi, ev 11, 1 saylı mənzil İddiaçı adına xx.xx.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlardan isə müəyyən edilir ki, Yasamal rayonu Nəriman Nərimanov prospekti ev 11 mənzil 5 Cavabdeh adına mülkiyyət hüququ il qeydiyyata alınmışdır. - AR Bakı şəhər Yasamal rayonu İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, 64 saylı MKİS-in əməkdaşları tərəfindən onun mənzilinə vizual baxış keçirilən zaman su sızması nəticəsində tavanın və divarların yarasız vəziyyətə düşdüyü müşahidə olunmuş, lakin sızıntının haradan qaynaqlandığını müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. - 64 saylı MKİS-in əməkdaşları – rəisi S.Abıyev, mühəndisi A.Gözəlov, sahə nəzarətçisi N.Əsədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov meydanı, ev 11, 1 saylı mənzilə baxış keçirilən zaman mənzilin otaq və dəhlizinin divarında və tavan hissəsində nəmişlik və su axıntısı müşahidə olunmuşdur. Mənzil sahibinin iddiası üzrə axıntıya səbəb olan 5 saylı mənzilin sahibinin evdə olmaması səbəbindən həmin mənzilə baxış keçirilməsi mümkün olmamışdır. - 64 saylı MKİS-in əməkdaşları – rəisi S.Abıyev, sahə nəzarətçisi N.Əsədov, fəhlə F.Nəciyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov meydanı, ev 11, 1 saylı mənzilə baxış keçirilən zaman mənzilin mətbəx, dəhliz və su qovşaq sahəsinin tavan hissəsində baş vermiş su sızıntısının izləri müşaidə olunmuşdur. Lakin sızıntının hansı mənzildən baş verməsini müəyyən etmək mümkün olmamışdır. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4060 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 11 nömrəli evin 1 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2822 manat məbləğində müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 11 nömrəli evin 1 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xətləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Lakin Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat birliyinin işçiləri tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və aktın məlumatlarında 1 saylı mənzildən suyun axıdıldığı göstərilmişdir. Eyni zamanda qeyd olunur ki, baxış keçirilən zamanı iş üzrə cavadeh ona məxsus 5 saylı mənzildə sudan nəzarətsiz istifadə edilməsi səbəbindən iddiaçıya məxsus 1 saylı mənzilə suyun sızdığını bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh yaşadığı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 11 nömrəli evin 5 saylı mənzildə sudan nəzarətsiz istifadə edilməsi səbəbindən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 11 nömrəli evin 1 saylı mənzilinə su sızma nəticəsində ziyanın dəydiyi müəyyən edilir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları odur ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 11, 1 saylı mənzil iddiaçının, həmin binanın 5 saylı mənzili isə cavabdehin mülkiyyətində və faktiki istifadəsindədir. Hazırda iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində, yəni mülkiyyətində olan mənzildə sudan nəzarətsiz istifadə etməsi nəticəsində onun mənzilinə dəymiş maddi ziyana görə 2.822 manat, mənəvi zərərə görə 2.000 manat olmaqla, cəmi 4822 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 69 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh tərəf isə cavabdehə maddi ziyanın dəydiyini etiraf edir, lakin ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğlə razı olmadığını, həmçinin iddianı mənəvi zərərin ödənilməsi hissəsində qəbul etmədiyini bildirərək iddianı qismən qəbul edir. Məhkəmə əvvəla iddiaçıya məxsus mənzilə cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsində qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, cavabdehin ona məxsus 5 saylı mənzildə sudan nəzarətsiz istifadə etməsi nəticəsində iddiaçıya məxsus 1 saylı mənzildə qüsurlar yaranmış və maddi ziyan dəymişdir. Həmçinin həmin qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri cəmi 2.822 manat müəyyən edilməklə divarda, tavanda və döşəmədə aparılmalı olan təmir işlərinin, eyni zamanda təmir materiallarının hər birinin dəyəri ayrı-ayrılıqda hesablanaraq rəyə əlavə edilmiş smetada qeyd edilmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4060 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 11, 1 saylı mənzilə dəymiş maddi ziyanın əvəzi olaraq 2822 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı eyni zamanda baş vermiş hadisə nəcitəsində ona dəymiş mənəvi zərərə görə 2.000 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarına görə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi mübahisəsizdir. Məhkəmə iddiaçının bununla bağlı həmin vaxt keçirdiyi narahatçılığı, stresi və gərginliyi nəzərə alaraq hesab edir ki, iddiaçının mənəvi sarsıntı keçirməsi, iddia ərizəsi verməklə bağlı, eləcə də məhkəmə iclaslarında vaxt sərf etməsi istisna edilmir. Lakin iddiaçı hansı əsasla ona dəymiş mənəvi zərəri 2.000 manat qiymətləndirməsini kifayət qədər əsaslandıra bilməmiş və məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi ağlabatan hissədə qismən, yəni 200 manat məbləğində təmin edilməlidir. Məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 50,22 (əlli manat iyirmi iki qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh mənzilə dəymiş maddi ziyanın əvəzi olaraq 2822 (iki min səkkiz yüz iyirmi iki) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 50,22 (əlli manat iyirmi iki qəpik) manat olmaqla, cəmi 3072,22 (üç min yetmiş iki manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın qismən təmin edilməsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, keçirilmiş ekspertiza tədqiqatının xərcinin əvəzi olaraq 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh mənzilə dəymiş maddi ziyanın əvəzi olaraq 2.822 (iki min səkkiz yüz iyirmi iki) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 50,22 (əlli manat iyirmi iki qəpik) manat olmaqla, cəmi 3072,22 (üç min yetmiş iki manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Keçirilmiş ekspertizaların xərcinin əvəzi olaraq 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar