Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4939/2021 16.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh BOKT "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavadeh BOKT "xxxx" QSC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavadeh BOKT "xxxx" QSC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin 6 ay müddətində ona maddi və mənəvi ziyan vurduğu üçün cavabden təşkilatdan 10.000 manat təzminatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 21.05.2019-cu ildə cavabdeh "xxxx" "xxxx" QSC-nin Gəncə fıialından 1896 manat dəyərində 12 ay müddətində 1 ədəd “Samsung” markalı televizor götürmüşdür və ona verilmiş cədvəl üzrə hər ay mütəmadi olaraq krediti ödəmişdir. Krediti tam ödəyib qurtarmışdır. Bir müddətdən sonra Kəpəz rayon Məhkəməsindən 21.12.2020-ci ildə qətnamə ünvanına gəlib. Qətnamə ilə tanış olmuş və o cavabdehi məhkəməyə vermiş, guya o krediti gecikdirdiyi üçün 139 manat 51 qəpik, 20 manat rüsum və 4 manat xidmət haqqı tutulub cavabdehin hesabına ödənilməlidir. O, narazı olduğu üçün qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsi 24.05.2021-ci ildə Kəpəz rayon Məhkəməsinin qətnaməsini ləğv etmişdir. Cavabdeh təşkilat tərəfdən ona dəfələrlə zəng edərək onu narahat etmişlər, əsəblərinə toxunmuşlar, hədə-qorxu gəlmişlər, o məcbur olub DİN-nin 102 xidmətinə müraciət etmişdir. Bu ərəfədə keçirdiyi stressdən mədəsində qanaxma baş vermişdir. Bakı şəhərində 18.10.2020-ci ildən 29.10.2020-ci ilədək “X4”-də müalicə olunmuşdur. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən 6 ay ərzində ona vurulan maddi və mənəvi ziyana görə 10.000 manat dəyərində təzminat ödənməlidir. Odur ki, təzminatın tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 5000 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi ziyanın, cəmi 10000 manat məbləğində pulun cavabdeh BOKT "xxxx" QSC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən 21.05.2019-cu il tarixli, 228-GSM-04442-19 saylı kredit müqaviləsi üzrə aylıq ödənişlərdə gecikmələr yarandığından, həmin gecikmələr üzrə cərimələr hesablanmış, "xxxx" "xxxx" QSC cavabdeh İddiaçı qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair 2020-ci ilin noyabr ayında məhkəməyə müraciət etmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2020-ci il tarixli, 2(043)-3950/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı 21.05.2019-cu il tarixli, 228-GSM-04442-19 saylı kredit müqaviləsi üzrə 139,51 manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat və 0,4 manat xidmət haqqının alınaraq "xxxx" "xxxx" QSC -nin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2(104)-1957/2021 saylı qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2020-ci il tarixli, 2(043)- 3950/2020 saylı qətnaməsi ləğv edilmişdir. Həmin məhkəmə iclasında iştirak edə bilməmişlər. Eyni zamanda, məbləğ 2000 manatdan aşağı olduğundan həmin qətnamədən şikayət etmək imkanları olmamışdır. İddiaçı maddi və mənəvi ziyan tələbi ilə müraciət etsə də, ziyan vurulmasına dair hər hansı sübut yoxdur. Belə ki, iddia ərizəsindən də görünür ki, iddiaçı tibbi mərkəzdə məhkəmə qətnaməsi çıxmamışdan əvvəl müalicə olunmuşdur. Eyni zamanda, iddiaçı hər hansı bir xəstəlikdən müalicə alsa belə, həmin xəstəliyin "xxxx" "xxxx" QSC ilə səbəbli əlaqənin olması da sübut olunmur. İddiaçı iddia ərizəsində şirkət tərəfindən ona zəng edilərək, narahat edildiyi və hədə-qorxu gəlindiyi qeyd edilsə də, cavabdeh tərəf bununla razılaşmır. Belə ki, borcun ödənilməsi ilə bağlı məhkəməyədək pretenziya olaraq iddiaçıya zəng oluna bilər, lakin bu hədə-qorxu ilə pul tələb edilməsi anlamına gəlməməlidir. Ona görə də, iddia tələblərinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını və proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AR DİN Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin məktubunun surətindən görünür ki, İddiaçı 102 xidmətinə şərəf və ləyaqətin müdafiəsi üçün müraciət etmişdir. İş materiallarında olan “X3”-in 06.07.2021-ci il tarixli arayışının surətindən görünür ki, 18.10.2020 - 29.10.2020-ci il tarixində "X3”-də "Mədənin qanayan xorası” diaqnozu ilə həkim müşahidəsində olmuşdur. İş materillarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2020-ci il tarixli, 2(043)-3950/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" "xxxx" QSC -nin cavabdeh İddiaçı qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia təmin edilərək, cavabdeh İddiaçı 21.05.2019-cu il tarixli, 228-GSM-04442-19 saylı kredit müqaviləsi üzrə 139,51 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat və 0,4 manat xidmət haqqının alınaraq "xxxx" "xxxx" QSC -nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materillarında olan Gəncə Apellyasiya Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2(104)-1957/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" "xxxx" QSC -nin cavabdeh İddiaçı qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2020-ci il tarixli, 2(043)-3950/2020 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.12.2020-ci il tarixli, 2(043)-3950/2020 saylı qətnaməsi ləğv edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının xəstəlik tapması və ümumiyyətlə iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Belə ki, iddiaçının 18.10.2020 - 29.10.2020-ci il tarixində “mədənin qanayan xorası” diaqnozu ilə müalicə almasının cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini verinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Məhkəmə İddiaçı mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavadeh BOKT "xxxx" QSC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi hər hansı mötəbər sübutla təsdiq olunmadığı üçün əsassızdır və iddia təmin edilməməlidir və iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddia tələbi rədd edildiyindən özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavadeh BOKT "xxxx" QSC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4939/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4939/2021
16.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver