Məhkəmə qərarları › İş №2(004)-4999/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4999/2022

01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4999/2022 01.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh X5 qarşı “pul tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh X5 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 2700 manat maddi ziyan, 2300 manat məbləğində mənəvi ziyan olmaqla, cəmi 5000 manat pulun və 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, etimadından sui-istifadə edərək dələduzluq yolu ilə ələ keçirdiyi pulunu mənimsədiyinə görə Göyçay Rayon Məhkəməsinin 1(046)- 34/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin və çoxsaylı qohumlarının xahişi ilə hökmdə göstərilən 8250 manat pulun ödənilməmiş qalan 2700 manatlıq hissəsinə dair cavabdehin öhdəlik götürməsinə razılaşmışdır. Həmin öhdəlik barəsində cavabdeh xx.xx.2021-ci il tarixli qəbz verərək qalan pulu bir il ərzində ödəyəcəyinə söz vermiş, lakin vədini yerinə yetirməmişdir. Cavabdeh onu 2-ci dəfə aldatdığına görə əsəb sarsıntısı keçirmiş, mənəvi zərər də çəkmişdir ki, bu zərəri də 2300 manat dəyərində dəyərləndirir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 1(107)-202/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 1(046)-34/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə X6 CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən, məhkəmə baxışınadək həbsdə saxlandığı iki günün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılıb, üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması və s. hökm edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, X6 bu qəbzi imza edərək, Göyçay Rayon Məhkəməsinin 1(046)-34/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündə qeyd olunmuş 8250 manatdan qalan 5100 manat pulu bir il müddətində zərərçəkən X2 ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh X6 iddiaçı X1 etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onun 8250 manat pulunu mənimsəmiş və bu əməlinə görə Göyçay Rayon Məhkəməsinin 1(046)-34/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü il məhkum edilmişdir. Cavabdeh 8250 manatdan qalan 2700 manat pulu bir il müddətində iddiaçıya ödəməyi öhdəsinə götürsə də, öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Belə olduğu halda, məhkəmə hesab edir ki, maddi ziyan hissəsində iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, maddi ziyan olaraq, cavabdeh X3 2700 manat tutularaq, iddiaçı X1 xeyrinə ödənilməlidir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “dəymiş mənəvi zərərin əvəzi olaraq 2300 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsində iddia tələbi iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və bunu təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X3 maddi ziyana görə 2700 (iki min yeddi yüz) manat və dövlət rüsumunun 40 (qırx) manat hissəsi tutularaq, iddiaçı X1 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar