Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-503/2021 05.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək itin alınması üçün ödənilmiş 2100 manatın, 500 manat itin müalicəsi üçün çəkilmiş xərcin, 50000 manat mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumun əvəzinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Pomerian shpicler” cinsi it almaq qərarına gəlmiş, “İnstaqram”da olan “baku_luxury_dogs” səhifəsini məsləhət görmüşlər. İstədiyi cins itlərin satışının olduğunu görmüş və həmin səhifə ilə əlaqə saxlamışdır. Ona 2-3 aylıq it şəkilləri göndərilmiş, 2 aylıq olan iti seçmişdir. İtin qiymətini 2100 manata razılaşmış və xx.xx.2020-ci il tarixdə ödəniş edərək iti almışdır. İt gələn gündən çox zəif qidalanmış, əvvəlcə Cavid həkimin, daha sonra Tərlan həkimin, Əziz həkimin, daha sonra isə Lilya xanımın yanına aparmış, hamısı ona itin körpə olduğunu demişdirlər. Ona təqdim olunan sənəddə itin doğum tarixi xx.xx.2020-ci il kimi qeyd olunsa da, həkimlər ən çoxu 45 günlük olduğunu demişdirlər. Hətta özlərində olan həmin cins 2 aylıq itin necə göründüyünü də göstərmişlər. Bütün həkimlər itin sənədinin saxta olduğunu, həmin itin Rusiya Federasiyasından gətirilmədiyini, itdə çipin olmadığını (Rusiya Federasiyasından gələn itlərdə çip olur) bildirmişlər. Tez-tez iti həkimə aparmalı olmuşdur. Hər gün sistem qoşulmuşdur. Bütün səylərinə baxmayaraq it xx.xx.2020-ci il tarixdə tələf olmuşdur. Bütün olanlar barədə iti satan şəxsə daimi məlumat verilmişdir. Həkimlər hamısı bildirmişlər ki, bu cins itlərin ümumiyyətlə üç aydan tez satılması düzgün deyil. Belə ki, bu cins itlərin yeni doğulduqdan sonra üç ay ərzində xüsusi qulluğa və analarına ehtiyacı olur. Zərurət olduğu təqdirdə həmin həkimlərin mütəxəssis və ya şahid qismində məhkəmə iclasında iştirakları təmin edilə bilər. Cavabdeh aralarında olan razılaşmaya uyğun olmayan heyvan satmışdır. Qeyd olunanlara əsasən həm itin alınması üçün ödədiyi 2100 manat, həm də 20 gün müddətində itin müalicəsi üçün ödədiyi 500 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Mənəvi zərər gəldikdə isə qeyd edir ki, itin tələf olmasından dərin sarsıntı keçirmişdir. İti bağ evində basdırdığından uzun müddətdir ki, ora gedə bilmir. Həmin it cəmi 20 gün onda olmuş, həmin müddətdə dəfələrlə həkimə aparmaq məcburiyyətində qalmışdır. Bu zaman ərzində istər özü, istərsə də ailəsi cox ciddi narahatçılıq keçirmişdir. Maddi zərərə məruz qalması ilə bərabər, həmçinin mənəvi zərərə uğraması da aşkardır. Mənəvi ziyanı 50000 manat məbləğində qiymətləndirir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı ərizəsində yanlnış məlumatlar verib. İlk növbədə iddiaçı iddia edir ki, ondan xx.xx.2020-ci ildə aldığı it 2 aydan balaca idi, lakin öz iddiasını heç bir sənəd vasitəsi ilə əsaslandırıb təsdiq etmir. İddiaçı həmçinin özü itin 2 aydan balaca olmasını istəmişdir. Bundan əlavə itin Rusiya Federasiyasından gətirilmədiyini iddia edir. İtin alındığı zaman - xx.xx.2020-ci ildə edilən “vatsap” danışığını təqdim edir. Əlavə olaraq gələn itin təyyarədə çəkilən görüntüsünü və xx.xx.2020-ci il tarixli yazışmaları təqdim edir. İtin səhhətində yaranan problemlər isə, iddiaçının itə lazımi qidanı verməməsi, baytarlıqdan anlayışı olmayan və bu işlə məşğul olmağa icazəsi olmayan Lilya xanıma müraciət etməsi nəticəsində olmuşdur. Lilya xanımın “tserukal” iynəsinin damara yox, tələbə uyğun olmayaraq dəri altı vurulmasını təsdiq edən, Lilya xanımla danışığını təqdim edir. Lilya xanım özü etiraf edir ki, iynəni dəri altı vurub. Həmçinin Lilya xanım iddiaçı tərəfindən göndərilən balaca itə çiy və lazımından böyük həcmdə mal əti verməsini əks etdirən video görüntünü təqdim edir. Bu yemi həzm edə bilməyən itin ölümünə başlıca səbəblərdən biridir. Bundan başqa iddia ərizəsində itin sağlam olmadığını təsdiq edən heçbir sənəd təqdim edilməyib. İddiaçı ona ən son anda xx.xx.2020-ci ildə müraciət etmiş və bildirmişdir ki, iti Lilya xanıma müalicə məqsədi ilə vermişdir. Lakin Lilya xanım 2 gün sonra Nuray xanıma iti gəlib götürməyini və itin öləcəyini demişdir. Nuray xanımdan niyə Lilya xanıma müraciət etdiyini, onun baytar olmadığını, niyə onun tərəfindən yazılan məlumata uyğun olmayaraq royal canın verdiyini soruşmuşdur. Cavabdeh Lilya xanımın həkim olmadığı haqqında məlumatı olduğunu və Lilya xanımı və it yemini onlara qardaşının sevgilisi və Tərlan həkimin məsləhət bildiyini demişdir. Ona niyə zəng edib məlumat verməməsini isə, cavabdehin guya polis orqanında işləməsi ilə əsaslandırmışdır. Bundan əlavə Tərlan həkim “vazofiksi” itin sol ayağına taxanda damara düşmüyüb taxmışdı və iynəni damara deyil, dəri altı etdiyini bildirmişdir. İddiaçının yanında “vazofiksi” çıxardanda qan olmadığını gördüyünü və onunla birgə “vazofiksin” şəklini çəkdiyini qeyd etmişdir. Cavabdeh bütün dediklərini Nuray xanımla və Lilya xanımla yazışmanı təqdim edərək təsdiq etmişdir. Nuray xanım onunla danışandan sonra Əziz həkimə müraciət etmiş, onun müalicəsi iti 3 gün həyata saxlamışdır. Lakin Lilya xanım və Tərlan həkim itin öləcəyini və iti qəbul edib müalicə etməyəcəklərini bildirmişdilər. Lilya və Tərlan həkim boyun qaçırandan sonra, Nuray xanım ona zəng edib itin gecəyə tələf olacağını demişdir. Həmçinin Lilya xanım və Tərlan həkim barəsində səhifəsində onların necə insanları aldadaraq balaca iti öldürdükləri barədə post yazmışdır. Nuray xanım özü də bu postun altından şərh yazmışdır. Lakin yazdığını qardaşının sildiyini və sonra ondan postu silməsini xahiş etmişdir. İddiaçı, öz tələblərini təsdiqləyən və hər hansı hüquqlarının pozulmasını əks etdirən heç bir sübutu iddia ərizəsinə qoşmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 izahatında itin satıcısının Cavabdeh olduğunu, satıcı olaraq keyfiyyətli it vermək öhdəliyi daşıdığını, cavabdehin itin şəklini göndərdiyini, iddiaçının iki aydan daha balaca itin olub-olmadığını soruşduğunu, daha sonra iki aylıq it istədiyini, cavabdehin iki aylıq itlərin çəkisinin az olduğunu, onlarda sivorotka olduğunu dediyini, X1 ştampı olan sənədə malik it istənilib-istənilmədiyi haqqında məlumatı olmadığını bildirmiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş, it çox balaca olduğu halda iti təbii qidaya keçirtdiklərini, həmin itlərə “Royal Canın” verməyi məsləhət görmədiklərini, Əziz həkimin də məsləhət görmədiyini, lakin iddiaçının Liliya Əliyevnadan məsləhət alaraq “Royal Canın” verdiyini, belə olan halda itdə disbakteryoz və ya prematoz baş verdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, itlər Gömrükdən ad əsasında yox, sayla keçir. Məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, kinoloqdur və 10 ildir ki, “Şpis” cinsli itlə məşğuldur. İtə baxanda artıq onun yaşını, sağlamlığını müəyyənləşdirə bilir. Veterinar klinikaları işləmədiyindən gecə saat 12:00-da iddiaçı tərəfindən ona zəng olunmuşdur. Az çəkili itlər 4-6 dəfə yemək yeməlidir. İt vaxtından tez anasından ayrılanda stress keçirdir, immuniteti düşür, şəkəri düşür və it qlyukoza komasına girir. Belə olanda təcili şəkildə itə qlyukoza vermək lazımdır. Bunu da təcrübəli bir insan bilə bilər. Lakin, yeni sahib bunu bilməyə bilər, bu da normaldır. Hesab edir ki, itə verilmiş sənədlər saxtadır. Belə ki, tərəfindən kinologiyaya sorğu verilmişdir və cavab gəlmişdir ki, belə bir it mövcud deyildir, itin atası, anası sənəddə qeyd olunmayıb. İtin AR daxil olması üçün onun 4 ayı olmalıdır, mikroçipi olmalıdır və vaksinasiya olunmalıdır. İt onun yanına gətirilərkən təxmini 400 qram, çox zəif olmuşdur. İtə “tserukal” iynəsini vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, sahibi iti onun yanına ölüm ayağında gətirmişdir. İti ondan əvvəl başqa bir həkim müalicə etdiyi üçün iti qəbul etmək istəməmişdir. Belə ki, hansı həkimin və necə müalicə etdiyini bilmir. Sonra Nicat ondan iti müayinə etməsini xahiş etmişdir. İti onun yanına gətirdikləri zaman temperaturu 32.8- 33°C olmuşdur. İt nə yemək yeyirdi, nə də su içirdi. Sahibinin gözü qabağında o itə kömək etmiş və itin qızdırmasını suni qaldırmağa başlamışdır və it bundan sonra 5 gün daha yaşamışdır. İtin ölüm səbəbini tam dəqiq deyə bilməz. Bunun üçün itin cəsədi yarılmalı idi və səbəbi müəyyənləşdirilməli idi. Belə hesab edir ki, birinci növbədə düzgün dərman verilməmişdir, itin mədə-bağırsağı yandırılmışdır və qurd dərmanı verilmişdir. Həmin dərman ya düzgün seçilməmişdir, ya da dozası düzgün verilməmişdir. Ola bilsin ki, itin mədə-bağırsağının selikli qişası zədələnmiş və bu da qanaxma vermişdir. Ola bilsin ki, orda bağırsağın prematozu olub. Amma o yarılmadığına görə bunu dəqiq deyə bilməz. Hər bir dərmanın öz annotasiyası var. O annotasiya əsasında həkim dərmanın necə istifadə olunduğunu bilir. Bəzi dərmanlar var ki, sırf dəri altı vurulur. Əzələdən və damardan vurulan dərmanlar da var. Damardan və ya əzələdən vurulan dərmanı dəri altı vurulursa, bu əlbəttə ki düzgün müalicə deyil. İkincisi ali tibb təhsili və tibblə hec bir əlaqəsi olmayan insanın ixtiyarı yoxdur ki, heyvanlara və insanlara hansısa müalicə etsin, dərman vursun. Küçüklər 22-23 günündən artıq yeməyə öyrənməyə başlıyırlar və artıq 1,5- 2 aylıq olanda arıq analarından ayırmaq olar. Əgər itə düzgün yemək, qida verilirsə və o düzgün saxlanılırsa, onun həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur. Şpitz cinsini 1 ay 10 günlük olanda anadan ayırmaq olar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, X2 prezidentidir. Eyni zamanda həkimdir. Beynəlxalq yarışlarda da hakimdir. Təşkilatın məqsədi “hobby breeder”-dir və kommersiya məqsədi yoxdur. Ringer məhlulu normalda damara vurulmur. X4 Birliyinin və başqa təşkilatların protokolları var və orda deyilir ki, əgər ringer məhlulu damara vurula bilmirsə, müəyyən dozada dəri altına vurula bilər. Ola bilsin itdə parvovirus olub. Bu virusun yoluxuculuq qabiliyyəti çox yüksəkdir və onun hissəcikləri çöl şəraitində 1 ildən çox isti- soyuqda tab gətirə bilirlər. Müəyyən səbəblərə görə təşkilat küçükləri 45 gündən tez aktlaşdırmır. Deməli küçüklərə 2 aylıqdan tez yetişdirici verilməsinin əleyhinədir və məsləhət görmür. Çünki o həm itlərin fiziki inkişafına mane ola bilər, həm də onlara mənəvi və psixoloji ziyan vura bilər. İtlərin iki aylıqdan tez satılmasını qadağan edən heç bir rəsmi qanun yoxdur. Satıcının təqdim etdiyi sənəd də saxtadır. Nicatın instagram səhifəsini izləyir. Belə şəxslərdən alınan itlər cins itlər kimi alınır və bu itlərdə olan hər hansı qüsur bu işi profesional və beynəlxalq standartlara uyğun aparan yetişdiricilərə şamil olunur və bu da işgüzar nüfuza xələl gətirir. Cavabdeh instagram səhifəsində bütün sənədlərinin olduğunu deyir (çip və.s.). Yəni ki alıcıların məlumatsızığından istifadə edir. Tam əminliklə deyə bilər ki, bu sənəd adicə bir kağız parçasıdır. Şəcərənin mahiyyəti mənşə sertifikatıdır. Şəcərə müəyyən edir ki, bu itin anası kimdir, atası kimdir və necədi. İti xaricdən gətirmək üçün iki yol var. Onlar nə ekzotik, nə də kənd təsərrüfatı heyvanı deyillər. Şəxs xaricdən iti öz heyvanı kimi gətirə bilər. Bu halda baytarlıq pasportu olmalıdı, amma gömrük xidməti şəcərə tələb etmir. O baytarlıq pasportunda göstərilmiş yaşa uyğun peyvəndlərin və quduzluq peyvəndinin vurulduğu göstərilməlidir. Quduzluq peyvəndi 3 aydan tez vurula bilməz və sonra 28 gün karantin olur. Bunlar beynəlxalq qaydalardır. Epizootik Büronun qaydalarıdır. Əgər satmaq üçün gətirilirsə idxal bəyannaməsi ilə gətirilməlidir və rüsum ödənilməlidir. Və bu halda Baytarlıq xidməti ona xüsusi icazə sertifikatı verməlidir. 2 aylıq küçüyün rəsmi qaydada gətirilməsi qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, aralarında aparılmış müvafiq danışıqlardan sonra, qarşılıqlı razılaşma əsasında Cavabdeh xx.xx.2020-ci il tarixdə “Pomerian shpicler” cinsindən olan 2 aylıq it küçüyünü 2100 manata İddiaçı satmışdır. “Pomerian shpicler” cinsindən olan 2 aylıq it küçüyü iddiaçıda olduğu müddətdə xəstələnmiş, müxtəlif həkimlər tərəfindən müalicə olunmasına baxmayaraq, xx.xx.2020-ci il tarixində ölmüşdür. Hazırda iddiaçı cavabdehin ona aralarında əldə olunmuş razılaşmaya uyğun heyvan satmadığını göstərərək, vurulmuş maddi ziyanın əvəzinin və mənəvi zərərə görə kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 571.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alqğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Həmin Məcəllənin 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız faydalı və damazlıq heyvanların satıldığı halda maddədə müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Həmin Məcəllənin 609.4-cü maddəsinə əsasən faydalı və damazlıq heyvanlardan başqa, digər heyvanlar, quşlar və balıqlar satılarkən başlıca qüsurlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən, normativ hüquqi aktlar olmadıqda isə müqavilə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 613.1-ci maddəsinə əsasən alıcı hər hansı başlıca qüsur əsasında ona mənsub hüquqlardan o halda məhrum olur ki, qarantiya müddəti qurtardıqdan sonra üç gündən gec olmayaraq və ya əgər heyvan, quş və ya balıq həmin müddət bitənədək öldürülərsə və ya digər şəkildə tələf olarsa, heyvanın, quşun və ya balığın ölümündən sonra satıcıya bu qüsur barəsində məlumat vermir və ya ona bu barədə bildiriş göndərmir və ya qüsur əsasında ona qarşı iddia irəli sürmür. Əgər satıcı bu qüsur barəsində qəsdən susmuşdursa, hüquq itmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən İddiaçı bahalı “Pomerian shpicler” cinsindən olan it almaq qərarına gəlməsini, bu məqsədlə müvafiq araşdırma aparmasını, daha sonra “İnstaqram”da Cavabdeh məxsus olan “baku_luxury_dogs” səhifəsi ilə əlaqə saxlayaraq 2 aylıq olan it küçüyünü seçməsini, qiymətini 2100 manata razılaşmaqla və xx.xx.2020-ci il tarixdə almasını, lakin, canlı orqanizm olan it küçüyünün xəstələnməsini, cavabdehin tövsiyə etdiyi həkimə deyil, başqa həkimlərə müraciət etməsini nəzərə alıb, tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona xəstə heyvan satmasını, bu səbəbdən də maddi və mənəvi zərərə məruz qaldığını iddia etsə də, iddia tələblərini əsaslandırmamış, ümumi mülahizələrlə kifayətlənmiş, iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmiş, məhkəmə iclasında isə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Cavabdeh tərəfindən itin alınması üçün ödənilmiş 2100 manatın, 500 manat itin müalicəsi üçün çəkilmiş xərclərin, həmçinin 50000 manat mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumun əvəzinin ödənilməsi barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-503/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-503/2021
05.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver