Məhkəmə qərarları › İş №2(004)-5065/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5065/2024

29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5065/2024 29.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı X2 cavabdeh Bakı Şəhəri 19 saylı Notariat ofisinə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) "icra qeydinin ləğv edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Bakı Şəhəri 19 saylı Notariat ofisinə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 8İ-1049 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 8İ-1049 saylı icra qeydinə əsasən "xxxx" ASC xeyrinə 3923, 96 qəpik tutulmuşdur. Qeyd edilən icra qeydi Bakı şəhər 19 saylı Notariat ofisi tərəfındən təsdiq edilmişdir. Qanunvericiliyə görə icra qeydi borcun mübahisəsiz olduğu təqdirdə həmçinin 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməklə aparılır. Qeyd etmək istərdi ki, tələbkar ilə aralarında ödənişləri etmiş, lakin bu ödənişlər ümumi borc məbləğindən ( əsas və faiz) düzgün silinməyib bunun nəticəsində şişirdilmiş borc məbləği yaranıb. Həmçinin tələbkar pretenziya qaydasına əməl etməyərək, icra qeydinin aparılacağı barədə onu məlumatlandırmayıbdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş mateiallarında olan: Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 8İ-1049 saylı icra qeydinə əsasən "xxxx" ASC-nın xeyrinə X1 EE000575880 (207SDGL2********) nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməniş 3898 manat 96 qəpik və tələbkar tərəfndən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3923 manat 96 qəpik məbləğində pulun tutulması təklif edilmişdir. Yasamal Rayon İcra Şöbəsinin 02 aprel 2024-cü il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə borclu X1 3923 manat 96 qəpik məbləğində pulun tutularaq, "xxxx" ASC-nın xeyrinə ödənilməlidir. Yasamal Rayon İcra Şöbəsinin 02 aprel 2024-cü il tarixli Tələbin könüllü icrası haqqında Bildirişdən görünür ki, X3 Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 8İ-1049 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməyi təklif edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 8İ-1049 saylı icra qeydinə əsasən "xxxx" ASC-nın xeyrinə X1 EE000575880 (207SDGL2********) nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməniş 3898 manat 96 qəpik və tələbkar tərəfndən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3923 manat 96 qəpik məbləğində pulun tutulması təklif edilmişdir. Nəticə etibarilə, müvafiq icra qeydi Yasamal Rayon İcra Şöbəsinə icraya göndərilmiş, 02 aprel 2024-cü il tarixli İcraata başlamaq haqqında qərar əsasında borcluya tələbin könüllü surətdə icra edilməsi təklif olunmuşdur. İcra sənədi üzrə borclu, hazırki iş üzrə iddiaçı müvafiq icra qeydinin ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. Əsas qismində banka olan borcuna dair ödənişlərin edilməsinə baxmayaraq, barəsində əsassız borcun hesablanmasıdır. İş materiallarından göründüyü kimi, iddiaçı tərəf bankla bağlanmış kredit müqaviləsini dolayısı olaraq qəbul etsə də, banka etdiyi ödənişlərə dair hər hansı bir dəlil, iddiasında istinad etdiyi halları əsaslandıran və onları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, icra qeydinin ləğvi üçün qanuni əsaslar məhkəmə tərəfindən müəyən edilmədiyindən, iddiaçı X2 cavabdeh Bakı Şəhəri 19 saylı Notariat ofisinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş dövlət rüsumu iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdeh Bakı Şəhəri 19 saylı Notariat ofisinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar