Məhkəmə qərarları › İş №2(004)-5075/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5075/2022

24.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5075/2022 24.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi və mənəvi zərərə görə 1000 (min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 13 yanvar 2022-ci il tarixdə səhər saat 8 radələrində İnşaatçılar metrosunun yaxınlığında yolun kənarında dayanan zaman Cavabdeh idarə etdiyi Mercedes markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə geriyə sürərək sağ ayağının diz hissəsinə xəsarət yetirmişdir. Hadisəni törətdikdən sonra avtomobili saxlayaraq üzr istəmiş, sonra iddiaçı həmin ərazidən uzaqlaşmışdır. İddiaçı evə gəldikdən sonra ayğında kəskin ağrılar olmuş, ağrıkəsici dərmanlardan istifadə edərək özünü sakitləşdirmişdir. 17 yanvar 2022-ci il tarixdə yenidən həmin avtomobili hadisə törəndiyi yerdə görmüşdür. O cavabdeh sürücüyə yaxınlaşmış, aldığı xəsarətlərdən əziyyət çəkdiyini, birlikdə həkimə getmələrini təklif etmişdir. Lakin cavabdeh buna məhəl qoymadan avtomobili sürərək getmişdir. Onun bu formada davranışı ona çox pis təsir etmişdir. Daha sonra nömrəsini əldə etmiş, əlaqə saxlamış, polisə və məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh ona imkanı olmadığını bildirmişdir. İddiaçı 05 fevral 2022-ci il tarixdə Yasamal rayon Polis İdarəsinə müraciət etmiş, ekspertiza təyin edilmiş, 05 mart 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, daha sonra prokurorluğa müraciət etmiş, prokurorluqdan məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. MRT VƏ USM-nin nəticəsindən də göründüyü kimi xəsarət ciddidir, hətta həkim dərmanları bir neçə dəfə qəbul etdikdən sonra sağalmayacağı halda əməliyyat oluna biləcəyini qeyd etmişdir. Bu səbəbdən cavabdehdən maddi və mənəvi zərərə görə 1000 ( bir min) manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim edərək, cavabdehdən vurulmuş maddi zərər görə 500 manat, mənəvi zərər görə 500 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, cavabdehdən vurulmuş maddi zərərə görə 500 manat, mənəvi zərərə görə 500 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, AZEMİS vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirakın etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Tural Abdullayevin 05 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 07 fevral 2022-ci il tarixdə İddiaçı Yasamal RPİ-yə müraciət etmiş, HK-1-144 saylı yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsin ilə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Yasamal RPİ-nin DYPŞ-nə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan eyni zamanda görünür ki, izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində idarə etdiyi Mercedes markalı 90RD885 dövlət qeydiyyat nişanlı avtomobili ilə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, İnşaatçılar metrostansiyasının yaxınlığında “İrşad Telekom” mağazasının qarşısında yolun sağ tərəfində üzü 20 Yanvar dairəsi istiqamətində dayanmış, Nardaran kəndi istiqamətinə sərnişin aparmaq üçün gözləmişdir. Bundan bir neçə dəqiqə sonra avtomobilini 6 nəfər sərnişin əyləşmişdir. O, avtomobili ilə dayandığı yerdən çıxıb hərəkətə başlamaq üçün avtomobilini geriyə doğru hərəkət etdirmişdir. Bu zaman avtomobilinin arxa müşahidə kamerasından avtomobilinin arxasında bir nəfər şəxsin dayandığını görüb dərhal avtomobilini saxlamışdır. Həmin vaxt avtomobilindən yerə düşüb avtomobilinin arxasında dayanan piyada olan şəxsə yaxınlaşmış, həmin şəxs onun avtomobilini geriyə doğru hərəkət etdirərkən ehtiyyatlı olmağını demiş və hadisə yerindən uzaqlaşıb getmişdir. O, avtomobilinə əyləşib Nardaran kəndi istiqamətində getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında İnşaatçılar metrostansiyasının yaxınlığında avtomobilində gözləyən zaman həmin şəxs ona yaxınlaşaraq avtomobili ilə həmin şəxsi vurduğunu ayaq nahiyəsindən xəsarət aldığını bildirmişdir. 05 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən, eyni zamanda, görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin 120 nömrəli rəyinə əsasən İddiaçı almış olduğu xəsarət - sağ diz oynağı nahiyəsinin qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Bakı Sağlamlıq Mərkəzinin 29 may 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı sağ dizin MR müayinəsində suprapatellar bursada və oynaq daxilində maye artışı, ön çarpaz bağ liflərində xroniki degenerasiya, patellanın medial fasetində subxondral sümükdə 11 mm ölçüdə osteoxondral zədələnmə aşkar edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanın qarşısında baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci bəndinin tələbini pozaraq idarə etdiyi Mercedes markalı 90RD885 dövlət qeydiyyat nişanlı avtomobili ilə geriyə doğru hərəkət edən zaman piyada İddiaçı vuraraq, ona sağ diz oynağı nahiyəsinin qançırı kimi dərəcəsi müəyyən edilməyən bədən xəsarəti yetirmişdir. Cavabdehin Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Göründüyü kimi Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində hüquqazidd, təqsirli hərəkət törətməsi təqdim edilmiş sübutlarla müəyyən olunmuşdur. Məhkəmə iddia tələbinin maddi ziyan hissəsinə münasibət bildirərək, qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 500 manat məbləğində maddi ziyan vurulmasına bildirsə də, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı öz izahatında USM və MRT, həkim müayinələrindən və eləcə də fizioterapiya kursundan göndəriş əsasında ödənişsiz keçdiyini bildirmişdir. Resept əsasında ağrıkəsici və digər dərman preparatlarını isə öz vəsaiti hesabına aldığını bildirmiş, lakin buna dair hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə iddia tələbini maddi ziyan hissədə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə, eyni zamanda qeyd edir ki, mənəvi zərər cavabdehin hüquq pozuntusunun (təqsirli hərəkətlərinin) nəticəsi olduğuna görə iddiaçı haqlı olaraq mənəvi zərərin ödənilməsini tələb etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər –inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə bildirir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdehin təqsirli hərəkətləri nəticəsində xəsarət alması səbəbindən ağrılar keçirməsi, bununla əlaqədar müvafiq tibb müəssisələrinə və dövlət orqanlarına müraciət etməsi müəyyən edildiyindən iddiaçının bu səbəbdən mənəvi sarsıntı (stress və əzab) keçirməsi qaçılmazdır. Məhkəmə iş üzrə cavabdehdən tutulmalı olan mənəvi zərərin məbləğinin 200 (iki yüz) manat müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar