Məhkəmə qərarları › İş №2(004)-5129/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5129/2021

30.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5129/2021 30.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X5 oğlunun katibliyi İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “sazişin və onun nəticələrinin etibarsız hesab olunması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “pul” tələbina qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 5 ev 7-ə dair bağlanmış 08.05.2008-ci il tarixli sazişin və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 5 ev 7 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfındən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında İddiaçı - 1/3 hissə, X1 - 1/3 hissə, X3 - 1/6 hissə, X2 - 1/6 hissədə məxsusdur. Bakı şəhərinin Baş Planına uyğun olaraq Dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafıq qərarları əsasında alan orqan kimi müəyyən edilmiş Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir. İddiaçı 53 saylı notariat ofısində 02.02.2019-cu il tarixdə AN-İ ******* nömrəli müqavilə əsasında əmlakın alqı-satqısını həyata keçirərək 86817 manatı almışdır. Tərəflər arasında məhkəmə mübahisələri olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 30.07.2020-ci il tarixli 2(103)-5059/2020 saylı qətnaməsi ilə İddiaçı 43408,50 manat kompensasiya məbləği, habelə rüsum məbləğlərinin əvəzi qismində 45,80 manatın alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh aralarında mənzilə dair saziş imzaladıqlarını bildirmişdir. Saziş qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, saziş iddiaçı Bikə Əsədullayeva tərəfindən imzalanmamışdır. Yəni sazişdə çəkilən imza ona məxsus deyil. Saziş notarial qaydada təsdiqlənməmişdir. Fiziki şəxslər arasında bağlanmış daşınmaz əmlaka hüquqmüəyyən edici hər hansı saziş, müqavilə, akt və ya digər sənəd mülki qanunvericiliyin tələbinə əsasən notarial qaydada təsdiqlənməlidir. Saziş sonradan, yəni 08.05.2008-ci il tarixində deyil, 1-2 il əvvəl tərtib olunmuşdur. Çünki tərəflər arasında məhkəmə mübahisələri zamanı Cavabdeh saziş məsələsini hallandırmamışdır. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 43408,5 manat pulun gecikdirilməsinə görə, illik beş faiz olmaqla hesablanmış 5607,9 manat pulun və Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 5 ev 7 söküldükdən sonra cavabdehə əlavə olaraq ödənilmiş 16 000 manat kompensasiya məbləğinin yarısı olan – 8000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08.05.2008-ci il tarixli sazişə əsasən “tərəflər mübahisəsiz qaydada qəbul edir və öhdəlik götürürlər ki, Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 5 ev 7 söküldükdən sonra verilməsi nəzərdə tutulan kompensasiya məbləği tərəflər arasında könüllü olaraq bərabər şəkildə bölünəcəkdir. İddiaçı evin sökülməsinə görə 02.02.2019-cu il tarixdə 86817 manat kompensasiya məbləği almışdır. Daha sonra ona əlavə olaraq 16000 manat pul ödənilmişdir. İddiaçı cavabdehə payını ödəmədiyindən cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bir neçə məhkəmə mübahisəsi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 30.07.2020-ci il tarixli 2(103)-5059/20 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin olunaraq İddiaçı 43408,5 manat pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamə 03.02.2021-ci il tarixdə qanuni qüvvəyə minmiş, 05.03.2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. Həmin iş hazırda icra mərhələsindədir. İddiaçı pulu ödəmədiyindən Cavabdeh ziyana düşmüşdür. İddiaçı ödənişi 940 gündür ki, gecikdirir. Gecikdirilən məbləğin 5 faizi – 5607,9 manat təşkil edir. Sazişin mötəbərliyi şübhə altına alına bilməz. Çünki qanuni qüvvəyə minmiş məhkəmə aktları: Bakı Apellyasiya Məhkəməsinin 30.07.2020-ci il tarixli 2(103)-5059/2020 saylı qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 03.02.2021-ci il tarixli 2(102)-942/2021 saylı qərarı ilə həmin sazişə hüquqi qiymət verilmiş və etibarlı hesab edilərək, onun əsasında da pul tələbi təmin edilmişdir. Sazişin şərtlərinə əsasən iddiaçı kompensasiyanın əlli faizini vaxtında ödəmədiyinə görə kompensasiyanı aldığı gündən, yəni 02 fevral 2019cu il tarixdən qarşılıqlı iddianın verildiyi tarixdək – 2 il 7 ay üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % olmaqla, cəmi 5607,9 manat ödəməlidir. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh və cavabdehin nümayəndəsi iddiaya etiraz edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. İşdə olan Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini tərəfindən Cavabdeh nümayəndəsi Vəkil2 ünvanlanmış 01.07.2021-ci il tarixli 1331/d saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 5 ev 7-in sökülməsi ilə əlaqədar İddiaçı kompensasiya məbləğindən əlavə 16646 manat məbləğində maddi yardım ödənilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 03.02.2021-ci il tarixli 2(102)-942/21 saylı qərarından görünür ki, 2019-cu ilin fevral ayında İddiaçı xalası qızı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sökülmüş yaşayış sahəsində 60 ildən artıq bir müddət ərzində yaşamasını, İddiaçı isə heç vaxt həmin evdə yaşamamasını, həmin sahə faktiki mülkiyyəti kimi ona məxsus olduğundan onunla İddiaçı arasında 08 may 2008-ci il tarixdə evin sökülməsi ilə əlaqədar ödəniləcək kompensasiyanın məbləğinin bərabər hissələrdə onların arasında bölünməsi barədə Saziş imzalanmasını, lakin İddiaçı aldığı kompensasiyanı Sazişə uyğun olaraq onunla bölüşdürməkdən boyun qaçırmaqla üzərinə götürdüyü öhdəliyə əməl etməməsini əsas göstərməklə cavabdehlər İddiaçı və 19 saylı Notariat Ofisindən kompensasiyanın məbləğinin yarısını təşkil edən 43.408,5 manatın illik bank uçot dərəcəsi əsas götürülməklə ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda həmin qərardan görünür ki, Cavabdeh iddiası Bakı Apelyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2(103)-5059/2020 saylı qətnaməsi ilə qismən kompensasiyanın yarısı hissəsində təmin edilmiş, bank uçot dərəcəsi ilə faiz tələbi hissəsində təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiasının əsasını təşkil edən 08 may 2008-ci il tarix sazişdən xəbəri olmamış, sazişdə qeyd olunan imza ona məxsus deyil. Ali Məhkəmənin yuxarıda istinad edilən qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, hazırki iddianın əsasını təşkil edən hallara, yəni tərəflər arasında bağlanmış sazişin etibarlığı məsələsinə Ali Məhkəmənin istinad olunan qanuni qüvvəyə minmiş qərarı ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, hətta sazişin etibarsızlığı halları mövcud olmuş olsa idi belə iddiaçı sazişi mübahisələndirmək üçün Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddəti ötürdüyündən sazişi mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, Mülki Məcəllənin 354.2.-cü maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddiaçı ən azı 2019-cü ilin fevral ayında cavabdehin ona qarşı mübahisəli sazişə əsaslanaraq iddia qaldırdığı gündən həmin sazişdən məlumatı olmuş, həmin tarixdən bir il müddətində, yəni 2020-ci ilin fevral ayınadək həmin sazişi mübahisələndirmək hüququ olmuş, lakin hazırki iddia ilə məhkəməyə 28 iyul 2021-ci il tarixdə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia əsassızdır və rədd edilməlidir. Eyni əsasla, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə sazişin etibarlı olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin sazişin şərtlərinə əsasən iddiaçıya ona məxsus mənzilə görə əlavə yardım olaraq ödənilmiş 16 000 manat maddi yardım məbləğinin 50 faizi tələbinə dair qarşılıqlı iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçıdan 43408,5 manat pulun gecikdirilməsinə görə, illik beş faiz olmaqla hesablanmış 5607,9 manat pulun tələbinə dair qarşılıqlı tələb ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh iddiaçının aralarında bağlanmış saziş üzrə öhdəliyinin vaxtında icra edilməməsi ilə bağlı, yəni kompensasiyanı aldığı gündən qarşılıqlı iddianın verildiyi tarixədək olan müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik beş faizin onun xeyrinə tutulmasını xahiş edir. Mülki Məcəllənin “Öhdəliklərin icra edilməməsi” barədə 21-ci fəslinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1. -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2.-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İstinad olunan maddələrin tələblərinə əsasən borclu öhdəliyini yerinə yetirməməsi nəticəsində dəymiş zərərin əvəzini ödəməlidir. Cavabdeh İddiaçı tərəfindən saziş üzrə öhdəliyinin yerinə yetirilməməsi nəticəsində ona zərərin dəyməsini təsdiq edə sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia kompensasiyanın yarısının ödənilməsi öhdəliyinin icrasını gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz tələbi hissəsində əsassızdır və rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qarşılıqlı iddia qismən təmin edildiyindən 17,60 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 5 ev 7 söküldükdən sonra həmin evdə ona məxsus 1/3 paya görə əlavə olaraq ödənilmiş 16 000 manat maddi yardım məbləğinin yarısı – 8000 (səkkiz min) manat pul və 17,60 (on yeddi manat altmış qəpik) manat dövlət rüsumu tutularaq Cavabdeh ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar