Məhkəmə qərarları › İş №2(004)-5151/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5151/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5151/2021 13.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tutulması” tələbinə dair iddia ərizəsi ilə 29.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz E220” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi ödənilmiş 510 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh 31.07.2018-ci il tarixdə idarə etdiyi “Volkswagen Passat” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Mercedes Benz E220” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra müəyyən olunmuşdur ki, Cavabdeh hadisə yerindən yayınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Nərimanov rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında 03.08.2018ci il tarixli Protokol və Qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Mercedes Benz E220” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilə 510 manat ziyan dəymişdir. 13.08.2018-ci il tarixli sığorta aktına və 14.08.2018-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı Sığorta Şirkəti 510 manat sığorta ödənişini zərərçəkənə ödəmişdir. Hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə dəymiş 510 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçı Sığorta Şirkətinin xeyrinə tutulmalıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsnin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 02.06.2018-ci il tarixli AD 201330 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Volkswagen Passat” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir və X6 həmin avtomobilə dair Cavabdeh 02.11.2014-cü il tarixdə 10 il müddətinə 02.11.2024-cü il tarixə kimi qüvvədə olan etibarnamə vermişdir. Ayaz İbişov tərəfindən PAT********** nömrəli sığorta şəhadətnaməsinə əsasən İddiaçı Sığorta Şirkəti ASC-də 24.01.2018ci ildən 24.01.2019-cu ilə kimi bir il müddətinə 55.000 manat həcmində icbari sığorta edilmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Volkswagen Passat” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə 31.07.2018-ci il tarixdə saat 00:05 radələrində Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində X2 idarə etdiyi “Mercedes Benz E220” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə yerini tərk etmişdir. Nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Nərimanov RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında 03.08.2018-ci tarixli TP ******* nömrəli qərarı ilə Cavabdeh Bakı şəhəri Ziya Bünyadov prospektidə düzgün ara məsafəsi seçməyib, qarşısında hərəkətdə olan “Mercedes Benz E220” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobili vurmamamaq üçün əyləcdən istifadə etməsi nəticəsində avtomobilin sürüşərək, yan sol tərəfi qarşısındakı avtomobilə dəyməsinə və hadisə yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və 100 manat inzibati cərimə edilmişdir. 14.08.2021-ci il tarixli 053958 nömrəli sığorta aktına əsasən 13.08.2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi zamanı X2 idarə etdiyi “Mercedes Benz E220” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilinə 510 manat miqdarında maddi zərər vurmuşdur. Göründüyü kimi, cavabdeh X4 mülkiyyətində olan və Cavabdeh etibarnamə əsasında idarə etdiyi 2003-cüi il buraxılışlı, “Volkswagen Passat” minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil 24.01.2018-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Bu barədə 24.01.2018-ci il tarixli PAT********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə şəhadətnamə verilmişdir. Cavabdeh 31.07.2018-ci il tarixdə saat 00:05 radələrində Volkswagen Passat” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi törətmiş, X2 idarə etdiyi “Mercedes Benz E220” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, həmin avtomobilə 510 manat məbləğində maddi zərər vurmuşdur. Zərəri aradan qaldırmaq üçün İddiaçı Sığorta Şirkəti ASC 510 manat sığorta ödənişini həyata keçirmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Sığorta haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 24.01.2018-ci il tarixli sığorta şəhədətnaməsi üzrə 14.08.2018-ci il tarixli 8507 nömrəli ödəniş tapşırığına əsasən “Mercedes Benz E220” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi ödənilmiş 510 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 540,40 manat pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 24.01.2018-ci il tarixli sığorta şəhədətnaməsi üzrə 14.08.2018-ci il tarixli 8507 nömrəli ödəniş tapşırığına əsasən “Mercedes Benz E220” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi ödənilmiş 510 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 540,40 (beş yüz qırx manat qırx qəpik) manat pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar