Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-519/2021 21.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddaçı İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddaçı İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə vurduğu maddi zərərə görə 4815,30 manat, mənzilinə dəymiş zərərin qiymətləndirilməsi üçün “xxxx” MMC-yə ödənilmiş 150 manat pulun, mənəvi zərərə görə isə 3000 manat pulun və 30 manat dövlət tumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-də yerləşən Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, bina 8 ünvanında yerləşən 852 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzildə yaşaya bilmir, çünki Yasamal rayonu, Talıblı küçəsi, bina 8 ünvanında yerləşən 852 saylı mənzil ona məxsus mənzilin üzərində yerləşən mənzilin sahibi cavabdehin məsuliyyətsizliyi ucbatından ona məxsus mənzilə dəfələrlə su axıdılıb və nəticədə ona 4815,30 manat maddi zərər dəymişdir və əlavə olaraq 150 manat “xxxx” MMC-yə mənzilinə dəymiş zərərin qiymətləndirilməsi üçün ödəniş etmişdir. Dəfələrlə o, cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh hər hansı tədbir görmür və əksinə bildirir ki, “hara şikayət edirsiniz edin” məsuliyyətdən yayınır. Cavabdehin qanunsuz əməlləri nəticəsində ona həmçinin mənəvi zərər də vurulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edir, lakin o, ekspert rəyində təyin edilmiş, mənzilə dəymiş ziyana görə hesablanmış məbləğin çox olduğunu bildirərək, ondan daha az məbləğdə pulun tutulmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, bina 8 ünvanında yerləşən 852 saylı mənzilə dəymiş ziyan 4815,30 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/4245 nömrəli rəyindən görünür ki, iddiaçının və cavabdehin mənzillərinin bir-birinin üstündə yerləşməsini, iddiaçının 852 saylı mənzilinin konstruktiv elementləri üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu, həmin qüsurların su sızmaya aid olduğunu və baxış zamanı cavabdehdən əldə olunan məlumatları nəzərə alaraq iddiaçının 852 saylı mənzilinə üst mərtəbədə yerləşən 860 saylı mənzilin mətbəx otağının su xəttində yaranmış nasazlıq səbəbindən suyun sızması müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, bina 8 ünvanında yerləşən 852 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 3755,50 manat məbləğində olduğu müəyyən edilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış təqdiqatın dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, bina 8 ünvanında yerləşən 852 saylı mənzil İddiaçı mülkiyyətdə olmaqla, həmin mənzilə yuxarı mərtəbədə yerləşən mənzildən su axıdılmış, bunun nəticəsində iddiaçının mənzilinə zərər vurulmuşdur. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatından da görünür ki, o, iddia ərizəsini onun mənzilindən iddiaçının mənzilinə su axıdılması hissəsində qəbul edir. Lakin o, ekspert tərəfindən mənzilə dəymiş ziyan bağlı məbləğin çox olduğunu bildirir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan yaşayış sahəsində aşkar olunmuş qüsurlar məhz cavabdehin mənzilindən axıdılmış su nəticəsində əmələ gəlməsi iş üzrə toplanmış sübutlarla və keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı suyun axıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və cavabdeh bu zərərin yetirilməsi ilə əlaqədar mülki-hüquq məsuliyyəti daşıyır. Lakin iddiaçı ona vurulmuş zərəri 4815,3 manat məbləğində dəyərləndirsə də, cavabdehdən vurulmuş zərərin əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği məhkəmə tikinti-texniki ekspertizası tədqiqatına uyğun müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan mənzilə suyun axıdılması nəticəsində vurulmuş zərərə görə 3755,50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 50 manat cavabdehə aid edilməlidir. Habelə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin mənəvi ziyanın tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Həmçinin məhkəmə iddia tələbinin mənzilə dəymiş zərərin qiymətləndirilməsi üçün “xxxx” MMC-yə ödənilmiş 150 manat rüsumun tutulması hissəsi üzrə də hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş həmin rəyi sübut qismində qəbul etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3755,50 (üç min yeddi yüz əlli beş manat əlli qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-519/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-519/2021
21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver