Məhkəmə qərarları › İş №2(004)-5194/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5194/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5194/2022 25.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı (AR ƏN Yevlax rayon İcra və Probasiya Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı (AR ƏN Yevlax rayon İcra və Probasiya Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsindən 120 manat məblğində maddi zərərin və 1000 manat miqdarında mənəvi zərərin, ümumilikdə 1120 manat miqdarında dəymiş zərərin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 2(039)-2261/2019 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı mülkiyyətə müdaxilənin qarşısının alınması tələbinə dair mülki iş üzrə iddia ərizəsinə mahiyyəti üzrə məhkəmədə baxılıb həll edilənədək "xxxx" MMC-yə məxsus olan Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən, hazırda Rusiyanın «Lukoil» neft şirkətinin istifadəsində olan yanacaq doldurma məntəqəsində hər hansı bir tikinti işlərinin aparılmasının qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(039)-155/2020 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 2(039)-2261 /2019 nömrəli qərardadı ləğv edilmişdir. Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 2(039)-2261/2019 nömrəli qərardadı icra edilməsi üçün Yevlax Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra edilmişdir. Lakin həmin qərardad icra edilən zaman qərardaddan kənara çıxılmışdır. Belə ki, qərardadda tikintinin aparılması qadağan edilmişdir. Yəni həmin gündən sonra hər hansısa bir tikinti aparmaq, tikintini davam etdirmək qadağan olunmuşdur. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları (icra məmuru Elşad Cabbarov) isə qərardadın mahiyyətindən kənara çıxaraq aparılmış tikintini sökməyə başlamış, bununla da ona müəyyən miqdarda maddi ziyan vurmuşdur. Belə ki, o, həmin əraziyə ərazinin hüdudlarını müəyyən edən 4 ədəd dəmir dirək (boru) basdıraraq, dibini sementləmiş, dirəklər arasındakı məsafəni lentləyərək hasarlamışdır. İcra məmuru isə həmin dəmir dirəklərdən 3-nü çıxararaq yerə almış və zamanla da həmin yerdə olan dirəklər yoxa çıxmışdır. Hansı ki, həmin dirəklərə, sementə, ustaya, taksiyə 120 manat xərc çəkmişdir. İndi artıq qərardad ləğv edildiyi üçün o, yenidən həmin hasarlama işlərini aparmaq istəyir. İcra və Probasiya Şöbəsi tərəfindən qanunsuz olaraq ona vurulmuş 120 manat ziyan ödənilməlidir ki, o, həmin işləri apara bilsin. Həmçinin o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində gərginlik, əsəb və stress keçirərək mənəvi zərərə də uğramışdır. Ona görə də, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 1000 manat pul tələb edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yevlax rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 2(039)-2261/2019 nömrəli qərardadına əsasən, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “mülkiyyətə müdaxilənin qarşısının alınması» tələbinə dair mülki iş üzrə iddia ərizəsinə mahiyyəti üzrə məhkəmədə baxılıb həll edilənədək "xxxx" MMC-yə məxsus Yevlax şəhəri, Bakı prospekti 27 ünvanında yerləşən, hazırda Rusiyanın «Lukoil» neft şirkətinin istifadəsində olan yanacaqdoldurma məntəqəsində hər hansı bir tikinti işlərinin aparılmasına qadağa edilmişdir. Qərardad dərhal icra edilməsi üçün Yevlax rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 2(039)-2261/2019 nömrəli icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildiriş İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin 27 sentyabr 2021-ci il tarixli məktubuna əsasən İddiaçı ərizəsinə cavab olaraq bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2261/2019 saylı xx.xx.2019-cıı il tarixli icra sənədinə əsasən İddiaçı qarşı “mülkiyyətə müdaxilənin qarşısının alınması» tələbinə dair mülki iş üzrə iddia ərizəsinə mahiyyəti üzrə məhkəmədə baxılıb həll edilənədək "xxxx" MMC-yə məxsus Yevlax şəhəri, Bakı prospekti 27 ünvanında yerləşən, hazırda Rusiyanın «Lukoil» neft şirkətinin istifadəsində olan yanacaqdoldurma məntəqəsində hər hansı bir tikinti işlərinin aparılmasının qadağan edilməsinə dair icra sənədi şöbənin icraatına xx.xx.2019-cu ildə daxil olmuşdur. İcra sənədinin icrası ilə bağlı İddiaçı xx.xx.2019-cu il tarixdə bildiriş təqdim edilmişdir. İcra sənədinin icrasını təmin etmək üçün Yevlax şəhəri, Bakı pr 27 ünvanında yerləşən Rusiyanın “Lukoil” neft şirkətinin istifadəsində olan yanacaqdoldurma məntəqəsində olduqları zaman həmin mübahisəli ərazidə hər hansı bir tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. İcra zamanı İddiaçı ilə telefon əlaqəsi saxlanılmış və icra yerinə gəlmədiyinə görə icra sənədinin icrası ona izah olunaraq bu barədə müvafiq akt tərtib edilmişdir. Sonradan icra məmurları həmin mübahisəli əraziyə getməmiş və orada hər hansı bir icra hərəkətləri və ya söküntu işlərı aparılmamışdır. Odur ki, icra məmuru mübahisəli ərazidən getdikdən sonra hər hansı söküntu işləri aparılaraq ona zərər vurulubsa, dəymiş zərərin ödənilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Başqa sözlə, iddiaçı Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarının (icra məmuru Elşad Cabbarov) onun tərəfindən aparılmış tikintini sökdüklərini, bununla da ona vurulmuş 120 manat məbləğində maddi ziyanın tutulmasını xahiş etsə də, nə Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən (icra məmuru Elşad Cabbarov) onun apardığı tikintini sökməsini, nə də ona qeyd edilən məbləğdə zərər vurulmasını sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları (icra məmuru Elşad Cabbarov) tərəfindən ona ziyan vurulması, səbəbli əlaqə və s. bu kimi halların mövcudluğu sübuta yetirilmədiyindən, bunula da cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və ya mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı (AR ƏN Yevlax rayon İcra və Probasiya Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı (AR ƏN Yevlax rayon İcra və Probasiya Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar