Məhkəmə qərarları › İş №2(004)-5237/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5237/2022

28.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5237/2022 28.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə mülki iş üzrə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadəsəsi nəticəsində vurulmuş maddi ziyana görə 7875 manat pulun cavabdehlər "xxxx" ASC və Cavabdeh1, mənəvi ziyana görə 5000 manat, əldən çıxmış faydaya görə isə 2400 manat, ümumilikdə cəmi 15275 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadəsəsi nəticəsində vurulmuş maddi ziyana görə 6875 manat, mənəvi ziyana görə 5000 manat, əldən çıxmış faydaya görə isə 2400 manat, ümumilikdə cəmi 13985 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh1 tərəfindən iddia tələbi qəbul edilərək, dəymiş maddi və mənəvi ziyan ödənildiyi üçün hazırda verilmiş iddiadan imtina etdiyini bildirmiş və məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar