Məhkəmə qərarları › İş №2(004)-5240/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5240/2024

27.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5240/2024 27.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhər İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı ünvan 1 ünvanının üzərində X1, istifadə və sərəncam vermək hüququ faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhər İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı ünvan 1 ünvanının üzərində İddiaçı sahiblik, istifadə və sərəncam vermək hüququ faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələblərini dəqiqləşdirərək, Bakı şəhəri, Yeni Yasamal rayonu 1, ev 12, mənzil 126 ünvanının üzərində X1, istifadə və sərəncam vermək hüququ faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Mübahisə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi olsa da, tələbə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılması əsaslıdır. Belə ki, faktın müəyyən edilməsi üzrə hüquqi baxımdan ehtimal olunan mübahisə vardır. Nəzərə alınmalıdır ki, həmin mənzildə 30 ildən artıq müddətdir ki faktiki olaraq məcburi köçkün kimi cavabdehlər yaşayırlar. Həmçinin, məhkəmə hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinin tələblərinə əsasən (daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması) müstəsna aidiyyat qaydalarına uyğun baxılması qanunidir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yeni Yasamal rayonu 1, ev 12, mənzil 126 ünvanı 1992-ci il tarixdə iddiaçının mərhum əri X4 tərəfindən 48000 manata Bakı Soveti adlanan qurumdan müqavilə əsasında mənzilin tam dəyərini ödəməklə almışdır. Mənzili aldıqdan sonra həmin mənzilə məcburi köçkün dostu Quliyev Elxanın ailəsi olan cavabdehlər müvəqqəti yerləşmişlər. Cavabdehlər hal-hazıradək həmin mənzildə yaşayırlar. Həmin vaxt iddiaçı və övladları qaynatasının evində yaşamışlar və mənzildə baş vermiş yanğın zamanı Bakı şəhəri, Yeni Yasamal rayonu 1, ev 12, mənzil 126 ünvanına dair sənədlər də (müqavilə və s.) yanaraq məhv olmuş, həmin sənədlərin isə bərpası mümkün olmamışdır. Odur ki, ərizənin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh6 (yalnız 1 iclasda iştirak etmişdir) izahat verərək iddia ərizəsində göstərilənlərin həqiqət olmasını, məcburi köçkün kimi halhazıradək övladları olan digər cavabdehlərlə həmin mənzildə faktiki olaraq yaşadığını bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər. İş materiallarında olan ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, xx.xx.1959-cu il təvəllüdlü X4 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yeni Yasamal rayonu 1, ev 12, mənzil 126 ünvanı heç bir subyektin mülkiyyətində deyildir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli və digər dövlət orqanlarının məktublarına əsasən müəyyən edilir ki, sözügedən mənzilin X3 məxsus olması barədə hər hansı hüquq müəyyənedici və ya digər sənəd aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsasızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə xüsusi icraat qaydasında məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı mərhum əri X2 daşınmaz əşya üzərində mülkiyyət hüquqlarının müəyyən edilməsini, bununla da həmin əmlakı vərəsəlik qaydasında əldə etməyi hüquqi baxımdan qarşısına məqsəd qoymuşdur. Mübahisə predmeti olan mənzil hazırda heç bir subyektin mülkiyyətində deyildir. Baxmayaraq ki, X4 1999-cu il tarixdə vəfat etmişdir, məhkəmə hesab edir ki, hazırki tələbin hüquqi əsası və hüquqi nəticəsi (vərəsəlik, mülkiyyət hüququ baxımdan) olacağından tələbə məhkəmə qaydasında baxılması yolveriləndir. Məhkəmə nəzərə alır ki, mübahisə predmeti olan mənzildə 1993-cü ildən etibarən məhz cavabdehlər (fiziki şəxslər) faktiki olaraq yaşayırlar. Yəni, iddiaçının və ya ailə üzvlərinin həmin mənzildə yaşamaması, mənzilə faktiki sahiblik etməməsi mülki işin mübahisəsiz halıdır. İddiaçının tələb üzrə subyektiv hüquqa malik olması mübahisəlidir. Məhkəmə araşdırması zamanı iddia tələbinin təmin edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmişdir. Belə ki, əldə edilmiş sorğulara cavab məktublarında və digər iş materiallarında iddia ərizəsinin əsaslılığı barədə hər hansı mötəbər sübut mövcud deyildir. Məhkəmə Cavabdeh6 izahatına və iddia ərizəsinə əlavə edilmiş ayrı-ayrı şəxslərin notarial qaydada təsdiq edilmiş 1993-cü il tarixdə baş vermiş yanğın hadisəsinin təsdiq edilməsinə dair ərizələrə əsaslanmaqla iddia ərizəsini təmin etməkdən çəkinir. Yanğın hadisəsinin digər rəsmi sənədlər əsasında (yanğın barədə müraciət, araşdırma, toplanmış material və s.) müəyyən edilməsi mümkündür. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutların mötəbərliyini digər yanakı sübutlarla müəyyən etmək mümkün deyildir. Sırf fiziki şəxslərin mülahizəsinə (yazılı ərizələr) əsaslanmaqla iddia tələbinin təmin edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul etməkdən məhkəmə çəkinir. Subyektlər öz hüquqlarından operativ qaydada istifadə etməlidirlər. Tələb üzrə heç bir sübut (arxiv sənədi) olmadığından məhkəmə mübahisənin inzibati məhkəmə aidiyyatı olmaması qənaətinə gəlir. Belə ki, müvafiq arxiv sənədləri və ya digər hüquqi materiallar mövcud olmuş olsa idi, mübahisə inzibati məhkəmə icraatı qaydasında həll edilə, müvafiq çıxarışın verilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyula bilərdi (nəticədə mübahisənin aidiyyatı inzibati məhkəmə hesab edilə bilərdi). Lakin, hazırki situasiyada inzibati məhkəmə icraatında iddia qaldırılsa belə iddia tələbinin mümkünlüyü yoxlanılmalıdır (inzibati orqanın imtina məktubunun əsaslılığı baxımından). Odur ki, məhkəmə mülki iş üzrə icraata xitam vermədən mahiyyəti üzrə qərar qəbul etməyi yolverilən hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosesdə “formal həqiqət” prinsipi rəhbər tutulmaqla məhkəmənin arbitr rolunda iştirak etməsi nəzərə alınaraq tərəflərdən hər hansı birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Məhkəmə qərarı qanuni və əsaslı olmaqla sübutlara əsaslanmalıdır. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və və təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhər İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı ünvan 1 ünvanının üzərində X1, istifadə və sərəncam vermək hüququ faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar