Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-525/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarının etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının 28 avqust 2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci il tarixdən daimi ABŞ-da yaşayır. Sonuncu dəfə iddiaçı Bakıya 12 sentyabr 2017-ci il tarixdə gəlmiş və 19 oktyabr 2017-ci il tarixdə ABŞ-a qayıtmışdır. 09 iyul 2020-ci il tarixdə iddiaçının nümayəndəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1847/2020 nömrəli 18.06.2020-ci il tarixli qətnaməni almışdır. Qətnamədə qeyd olunur ki, cavabdeh 07-02-2020-ci il tarixdə iddiaçıya qarşı ümumi əmlakın saxlanılması xərclərinin tutulması tələbinə dair iddia qaldırmışdır. Lakin iddiaçı Azərbaycanda yaşamadığı üçün məhkəmə prosesi barədə çox gec xəbər almışdır. Sözügedən məhkəmə işinin materialları ilə tanış olarkən məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı guya 28 avqust 2018-ci il tarixdə iclas keçirilmiş və iclasda aşağıdakılar barədə qərar qəbul olunmuşdur: Cavabdeh MMMC idarəçiliyində olan binaların ümumi əmlakının saxlanılma xərclərinin müəyyən edilməsi; “xxxx” MMMC idarəçiliyində olan binaların ümumi əmlakının saxlanılma xərclərinin ödəmə qaydasının müəyyən edilməsi”. Mübahisəli qərar aşağıdakı səbəblərə görə məhkəmə tərəfindən eitbarsız hesab olunmalıdır. Belə ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi (və ya MMMC yaradılıbsa İdarə Heyəti) həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir: yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat; yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan; yığıncağın gündəliyi; yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı. Yuxarıda qeyd olunan ümumi yığıncağının keçirilməsi qaydasına cavab verməyən hər bir qərar əhəmiyyətsizdir. Belə ki, sözügedən iclasın keçirilməsi barədə mənzil mülkiyyətçilərinə, o cümlədən iddiaçıya məlumat verilməmiş, yığıncağın gündəliyi heç kimə göndərilməmiş və gizli şəkildə Mübahisəli qərar qəbul olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi, yəni iddaçı həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Vacib məqamlardan biri də odur ki, cavabdeh 2019-cu il ərzində bir sıra mənzil mülkiyyətçilərinə qarşı iddia qaldırmış və bütün bu kimi iddialarında qeyd edir ki, aylıq ödənişin 0.65 qəpik müəyyən edilməsi MMMC-nin İdarə Heyətinin 28.08.2018-ci il tarixli qərarına əsasən aparılmışdır (bu da o anlama gəlir ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı heç keçirilməmişdir (keçirilsəydi iddia ərizələrdə həmin yığıncağın qərarına istinad olardı)) və yalnız 2020-ci ildən sonra öz səhvini başa düşən cavabdeh arxa tarixdən mübahisəli qərarı tərtib etmiş və belə bir təəssürat yaratmışdır ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı qanunvericilikdə nəzərdə tutulmuş qaydada keçirilmiş və qərar qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iddiaçıya qarşı mülkiyyətçisi olduğu mənzilə görə hər ay 73 manat olmaqla borcun ödənilməsi barədə iddia qaldırmışdır. Ona əsas isə 28 avqust 2018-ci il tarixdə sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı olmuşdur. İddia ərizəsində aylıq kommunal xərclərin həmin qərar əsasında 0,25 manatdan 0,65 manata qaldırılması göstərilmişdir. Həmin qərarın qəbul edilməsindən heç bir mülkiyyətçinin xəbəri olmamışdır. Cavabdeh cəmiyyət binanın saxlanması ilə bağlı heç bir iş görmür. Həmin qərarda iddiaçının da mənzilinin yerləşdiyi 7 saylı binada 31 sahə mülkiyyətçisinin iştirak etdiyi qeyd olunsa da, həmin binadan heç bir mülkiyyətçi iştirak etməmişdir. Sahə mülkiyyətçiləri həmin iclas barədə məlumatları olmaması barədə akt da tərtib etmişdirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağını qərarı yığıcaqda iştirak edən sahə mülkiyyətçilərinin səs çoxluğu ilə qəbul edilir. Həmçinin 184 sahə mülkiyyətçisindən 98 sahə mülkiyyətçinin iştirak etdiyi və iştirak edən bütün mülkiyyətçilərin qərarın leyhinə səs vermişdir. Lakin həmin iclasda heç kim iştirak etməmiş və mülkiyyətçilərin adından qərar qəbul edilmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, 2018-ci ilin avqust ayında ümumi yığıncaq keçirilib və orda 30 nəfərdən az mülkiyyətçi iştirak edib. Qarşı tərəf imza siyahısı təqdim edib və həmin siyahıda 63-cü sırada Zeynalova Nigar xanımın da adı və imzası var. O, həmin iclasdan sonra xanımla telefon əlaqəsi saxlamış, xanım birmənalı olaraq bildirmişdir ki, o iclasda iştirak etməyib və bu gün də şahid kimi ifadə vermək istəyir. Keçən ilin iyul ayında onlar sakinlər olaraq MMMC-yə müraciət etmişlər ki, onlara maliyyə hesabatı təqdim etsin, lakin sədr ona kobud şəkildə cavab verərək bildirdi ki, nə sualları varsa, məhkəmə yolu ilə həll etsinlər. Bununla bağlı səs və video yazılar da var, lazım olarsa, məhkəməyə təqdim edə bilər. Sədr onlara hesabatların bir qismini verdi, lakin geridə qalan hissəsini təqdim etmədi. Həmin verilməyən hissə 2018-ci ilin mart ayından sentyabr ayınadək olan bir dövrü əhatə edirdi. Onlar dəfələrlə yazılı və şifahi formada müraciət etsələr də, həmin hesabatlar onlara təqdim edilmədi. Həmin MTK yarananda bir sıra sakinlər MMMC-yə keçidlə bağlı müqavilə imzalamışdı. O müqavilələrdə yazılmışdı ki, binanın fəsadı təmir ediləcək, təmizliyə riayət ediləcək və s.. O tələblərin heç birinə əməl olunmayıb. Şahidlər də də bunu təsdiq edə bilərlər. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, bu məsələdə iki məqama diqqət yetirmək lazımdır. Birincisi binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclər, ikincisi isə kommunal xidmətlərə görə ödənilən haqlardır. Qanunvericilin tələbinə əsasən binanın bütün mülkiyyətçiləri onun ümumi əmlakının saxlanılmasında iştirak etməlidirlər. Bununla bağlı hər hansı bir müqavilənin olmasına ehtiyac yoxdur və müqavilənin olmaması da şəxsi bu ödənişləri ödəməkdən azad etmir. MMMC idarə heyətinin fəaliyyət istiqamətlərinin əsası hər hansı kommersiya məqsədi daşımır və onun əsas fəaliyyəti binanın ümumi əmlakının saxlanılmasından ibarətdir. MMMC yaradılmamışdan əvvəl MTK mövcud olmuşdur və həmin MTK hər hansı bir hesablamalara əsaslanmadan və sənəd təqdim etmədən sakinlərdən müəyyən ödənişlər toplamışdır. Həmin məbləğin hər hansı bir istinadı olmamışdır. Bu səbəbdən də MMMC qeydiyyata alındığı gündən bir il ərzində onun fəaliyyəti dövrü ərzində ümumi əmlakın saxlanılması üçün müəyyən xərclərin toplanılmasının auditini aparmışdır. Auditin keçirilməsində məqsəd ondan ibarət idi ki, binanın ümumi əmlakının bir il ərzində saxlanılması xərcləri müəyyən olunsun. Nəticədə əldə olunmuş rəqəm toplanan məbləğlə uyğunluq təşkil etmirdi. Bundan sonra ümumi yığıncağın çağırılmasının əsas məqsədi ondan ibarət idi ki, binanın saxlanılması xərclərini müəyyən etmək və ümumi əmlakın saxlanılması üçün müəyyən işlər görmək. MMMC-də idarə heyəti həm hüquqşünas, həm də iqtisadçılardan ibarət olub. İqtisadçıların işi ondan ibarət idi ki, hesablamalar aparılsın, xərclərlə bağlı mütənasiblik müəyyən olunsun və yekunda bir rəqəm formalaşdırılsın. Hüquqşünasların da fəaliyyəti ondan ibarət olub ki, bu fəaliyyət qanuni formada rəsmiləşdirilsin. Rəsmiləşdirmə də qanunvericiliyin tələblərini pozmamaqla həyata keçirilmiş, ümumi yığıncaq çağırılmış və yığıncağın qərarı qəbul olunmuşdur. Digər tərəfdən isə kompleksdə müəyyən kateqoriyalı mənzillər vardır ki, qərarda da həmin kateqoriyadan olan mənzillərin ödəniş tipini müəyyən etmək zərurəti yaranmışdır. Kateqoriyalar isə bunlardır: Ümumi yaşayış olan mənzillər, mənzil sahibinin yaşamadığı mənzillər və istifadəyə yararsız olan mənzillər. Qərarda da hər 3 tip mənzillər üçün ödənişlər müəyyən edilmişdir və qərardan sonra da ödənişlər edilməyə başlanılmışdır. Burda da məqsəd hər hansı bir gəlir əldə etmək yox, ümumi əmlakın saxlanılması olmuşdur. O, bu məsələni kommunal xidmətlərin ödənilməsi ilə ümumi əmlakın saxlanılması xərclərinin fərqləndirilməsi üçün qeyd etmişdir. Qarşı tərəfin çıxışından belə başa düşülür ki, onlar istinad edirlər ki, ümumi yığıncaq keçirilmədən qərar qəbul edilmişdir. Biz ən azından hüquqşünas olaraq yığıncaq olmadan qərarın qəbul edilməsi qanunsuzdur. Onların idarə heyətinin tərkibində hüquqşünaslar var, qarşı tərəfin istinad etdiyi Konstitusiya Məhkəməsinin qərarını qəbul edən hakimlərdən biri də onların idarə heyətinin üzvüdür. Yəni hər hansı bir qanunsuzluq olardısa, həmin şəxslər öz imzaları ilə həmin qərarı təsdiq etməzdilər. Heç bir istinad olmadan həmin qərarın qanunsuz olduğunu iddia etmək özü də əsassızdır. İddiaçı tərəf istinad etdiyi halları müvafiq qaydada sübut etməlidir. Lakin tərəf bununla bağlı müvafiq sübutlar təqdim etməmişdir. MMMC-də bir idarə heyəti var, bir də texniki heyət. Texniki heyətin işi bu cür imzaların toplanılması ilə əlaqədardır. Texniki heyət ilk öncə şəxslərin həmin binada mənzil mülkiyyətçisi olubolmamasını yoxlayır. Yəni ki, şəxsin qanuni tərəf olub-olmaması, imza etmək səlahiyyətinin olub-olmaması müvafiq sənədlərlə öz təsdiqini tapır. Həmin iclasın keçirilməsi ərəfəsində onların texniki heyətinə tapşırılmışdır ki, mülkiyyətçilərdən iclasda baxılacaq məsələlərlə bağlı fikirləri öyrənilsin və gündəlikdə olan məsələlərlə razıdırlarsa, öz imzaları ilə bunu təsdiq etsin. Ümumilikdə isə onlarda belə qərara alınmışdır ki, ümumi yığıncağın qərarlarını sədr və katib imzalayır. Lakin onlar sakinlərin fikrinin öyrənilməsini də texniki heyətə həvalə etmişlər və nəticədə bu imza vərəqləri meydana gəlmişdir. Bunun da müvafiq qaydada araşdırılması aparılıb və təsdiqini tapıb. Belə ki, iddia tələbi əsassızdır, burda MMMC-nin hər hansı bir marağı ola bilməz, ona görə də, o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, 2017-ci ilin axırlarında MTK ləğv olunmuş və MMMC yaradılmış, Anar bəy sədr seçilmişdir. Cavabdehin nümayəndəsini həmin vaxtdan tanıyıb. İlk vaxtlarda heç bir probləri yox idi. Kommunal xərclər vaxtı vaxtında ödənilirdi. 2018-ci ilin sonlarından isə bəzi problemlər ortaya çıxmağa başladı. Onda MMMC ilə müqavilə var və müqavilədə kv metri 65 qəpik olmaqla kommunal xərclərə görə ödənişlərin edilməsi müəyyən olunub, eyni zamanda binaların fasadlarının, həyətinin təmizliyi və s də nəzərdə tutulub. Anar bəy sədr kimi onların binaları üçün əlverişsiz insandır. Görüşmək istəyəndə onlarla görüşmür, bildirir ki, iş prinsipi belədir, sakinlərlə görüşmək olmaz. Bu gün o, bütün ödənişləri edir. Ödənişləri etməyənlər də bildirirlər ki, sədr dəyişilsin, onlar da ödənişləri etsinlər. O, komendantın yanına kommunal xərclərin ödənilməsi üçün gedəndə qiymət artımını o izah edib, sədri isə o, ancaq təsadüfi hallarda görüb. O, 2017-ci ilin axırlarında MTK-nın bir iclasında iştirak etmişdir. 28.08.2018-ci ildə onların binalarının mülkiyyətçilərinin yığıncağında iştirak etməyib. MMMC ilə müqaviləni 01.09.2018-ci ildə imzalamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, kooperativ olan zaman onlar kommunal xərclərə görə yayda 20, qışda 55 manat olmaqla haqq ödəyirdilər. Anar bəy sədr seçildikdən sonra onlar vəziyyətin yaxşılaşacağını bildirdilər və yay-qış eyni qaydada olmaqla 42 manat haqq ödəməyə başladılar. Lakin nəticədə heç bir vədlər yerinə yetirilmədi. Əvəzində isə bir müddət sonra onlara bildirdilər ki, cəmiyyətin müəyyən qədər borcu yaranmışdır və həmin borc mülkiyyətçilər arasında bölünərək ödəniləcək. Onlar səbəbini soruşduqda isə bildirdilər ki, borc səmərəsiz istifadə nəticəsində borc yaranıb. O, etiraz etmiş, sonra kommunal xidmətlər kəsilməyə başlamışdır, bu isə təbii ki, insana mənfi təsir edir. O, aylıq 42 manat haqq ödəyirdi, sonra bildirdilər ki, həmin haqq aylıq 78 manata qaldırılıb, lakin o etiraz etmişdir, çünki bununla bağlı onların müqaviləsi yoxdur. Hazırda mənzilin hər kv metrinə görə 65 qəpik haqq ödəyir. O, MMMC-nin yığıncağında iştirak etməyib. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirdi ki, iddiaçı tərəf ona sənəd göstərib və oradakı imzanın ona aid olub-olmadığını soruşub. Həmin imza ona məxsus deyil. Onun həmin binada 2018-ci ildə bir mənzili var idi, hal-hazırda iki mənzili var. Bir də yoldaşının valideynlərinin mənzili var idi, indi yoldaşının adınadır. O, iclasda iştirak etməyib. Kommunal xidmətləri 65 qəpikdən ödəyir. MMMC ilə aralarında müqavilə var idi. Təxminən oktyabr ayında müqaviləni evlərinə gətirdilər və imzalamağı xahiş etdilər. Onlar hesablamışlar ki, bütün il boyu üçün eyni qiymət müəyyən olunub. Ona görə də müqaviləni imzalamışlar. O, səs verməyib. Sadəcə bildiriblər ki, hamı müqaviləni imzalayır, ona görə də o da imzalayıb. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində bildirdi ki, tərəfləri tanıyır, münasibətləri normaldır. İddiaçının nümayəndəsi ona məlumat verib, iclasın olduğunu qeyd edərək və imzalarla bağlı siyahı təqdim etmişdir. Guya ki, iclasda qiymətlərin artırılması ilə bağlı qərar qəbul olunub və onlar da ona səs vermişlər. Lakin o, həmin iclasda olmamış və həmin imza ona məxsus deyil. Ancaq onun imzasına oxşadılıb. Sonra oktyabr ayında ona müqavilə imzalamaq təklif olunub, o, həmin müqaviləni imzalamamışdır. Çünki qiymətlə razı deyildi. Həmin vaxt 2 ay ödənişləri etməmişdir. Buna görə onun suyunu kəsdilər, qonşular müraciət etdilər, ondan sonra məcbur qalıb davamlı ödənişləri yenidən etməyə başladı. O, birinci iclasda MMMC-nin yaradılması ilə bağlı 2018-ci ilin mart ayında keçirilən iclasda iştirak etmiş, ondan sonra heç bir iclasda iştirak etməmişdir. MMMC iki ildə olan fəaliyyəti ilə bağlı hər hansı bir hesabat təqdim edilməyib. O, demək olar ki, MMMC sədri ilə təmasda olmayıb. Daim etirazını komendanta bildirmişdir ki, bina sakinlərindən pul yığılır, ancaq heç bir iş görülmür. 28.08.2018-ci il tarixli iclasda o, iştirak etməyib. O, 14 avqustda ölkədən çıxıb, 20 avqustda qayıtmışdır. Qayıtdıqdan sonra da bir həftəyə yaxın Bakıda olmayıb. Təxminən avqustun axırı, sentyabrın əvvəllərində Bakıya qayıdıb. Yəni həmin vaxt iclasda iştirak etməyi mümkün deyildi. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında iştirak etmiş tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan ünvan 2 ünvanında olan xxxx MMMC-nin ümumi yığıncağının 28.08.2018-ci il tarixli qərarından görünür ki, ünvan 2 nömrəli binalardakı “xxxx” MMMC binaların ümumi əmlakının saxlanılma xərci hər 1 kv.m-ə görə 0,65 qəpik təsis edilmiş, “xxxx” MMMC-nin idarəçiliyində olan binalarıən ümumi əmlakının saxlanılma xərclərinin ödəmə qaydası müqavilə bağlandığı andan etibarən aşağıdakı kimi müəyyən edilmişdir. - Cavabdeh idarəçiliyində olan binaların ümumi əmlakının saxlanılma xərclərinin ödəmə qaydası müqavilə bağlandığı andan etibarən aşağıdakı kimi müəyyən edilsin: - MÜLKİYYƏTÇİ mülkiyyətində olan mənzili və ya qeyri yaşayış sahəsi istifadə üçün hələ yararlı olmadığına görə (təmirsiz vəziyyətdə olduqda) istismar etmədikdə aylıq xərcin 50%-ni miqdarında ödəniş aparsın; - MÜLKİYYƏTÇİ mülkiyyətində olan mənzili və ya qeyri yaşayış sahəsini təmir etdiyi, lakin oranı hələ istismar etmədiyi halda aylıq kommunal haqqının 70%-ni miqdarında ödəniş aparsın. - MÜLKİYYƏTÇİ mülkiyyətində olan mənzili və ya qeyri yaşayış sahəsini istismar etdiyi halda bu müqavilə əsasında kommunal haqqı tam şəkildə, yəni 100%-ni miqdarında ödəniş aparsın. İş materiallarında olan “xxxx” MMMC-nin İdarə heyətinin 28.08.2018-ci il tarixli protokolundan çıxarışdan görünür ki, idarə heyətinin 8 üzvü aylıq kommunal ödənişlərin 0.20, 024 manatdan 0,65 manata qədər qaldırılması barədə yekdilliklə qərar qəbul etmişdirlər. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11327/2019 saylı, 20.09.2019-cu il tarixli qətnaməsi ilə “xxxx” MMMC-nin cavabdeh X1 qarşı “çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərclərinin tutulması tələbi barədə iddia ərizəsi qismən edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-1847/2020 saylı qətnaməsindən görünür ki, “xxxx” MMMC-nin cavabdehlər X10 və İddiaçı qarşı “ümumi əmlakın saxlanılması xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, binanın ümumi əmlakının saxlanılması xərclərinin əvəzi olaraq Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 13, 18 nömrəli mənzilin mülkiyyətçisi olan cavabdeh X7 22 ay (sentyabr 2018 - iyun 2020) üçün cəmi 2046 manat və Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 7, 7 nömrəli mənzilin mülkiyyətçisi cavabdeh İddiaçı 12 ay (iyul 2019 - iyun 2020) üçün cəmi 1176 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMMCyə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7006/2020 saylı qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1847/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Həmin Məcəllənin 44.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Bundan əlavə həmin Məcəllənin 45.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Qeyd edilən Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmçinin Məcəllənin 121.1-ci maddəsinə əsasən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Məcəllənin 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Qeyd edilən Məcəllənin 125.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Həmçinin Məcəllənin 125.2.4-cü maddəsinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətinə aiddir. Məcəllənin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Yuxarıda sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən Qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən Qərarın etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Habelə iddiaçının müqavilənin etibarsız hesab olunmasına dair isitnad etdiyi sübutlar əsassızdır və qeyd edilən Qərarın etibarsız hesab olunmasına səbəb deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan qanuni qüvvəsini almış Yasamal Rayon Məhkəməsinin 2(004)-1847/2020 saylı qətnaməsindən görünür ki, “xxxx” MMMC-nin cavabdehlər X10 və İddiaçı qarşı “ümumi əmlakın saxlanılması xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, binanın ümumi əmlakının saxlanılması xərclərinin əvəzi olaraq Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 13, 18 nömrəli mənzilin mülkiyyətçisi olan cavabdeh X7 22 ay (sentyabr 2018 - iyun 2020) üçün cəmi 2046 manat və Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 7, 7 nömrəli mənzilin mülkiyyətçisi cavabdeh İddiaçı 12 ay (iyul 2019 - iyun 2020) üçün cəmi 1176 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMMC-yə ödənilməsi qət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7006/2020 saylı qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1847/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli Qərarından da görünür ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Yəni iddiaçının mübahisələndirdiyi 28 avqust 2018-ci il tarixli qərara artıq başqa məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Hazırda İddiaçı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının 28 avqust 2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan Qərarın etibarsız hesab edilməsini məqbul saymır. Məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-525/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-525/2021
26.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver