Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5318/2022 12.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi zərərin əvəzi olaraq 973 manat, mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “Roborock” markalı tozsoranı Texno Home mağazasından 1600 manata almışdır. Həmin tozsoranı bir müddət istifadə etdikdən sonra su sorması səbəbindən texniki nasazlıq yaranmış, aldığı mağazanın servisində baha olduğu üçün onu təmir etdirmək məqsədi ilə cavabdeh MMC-yə yaxınlaşmışdır. Tozsoranı qəbul edib ilkin yoxladıqdan sonra təmir edəcəklərini bildirmişlər. Üzləşmə aktı tərtib edilmədən tozsoran təmir edilməsi üçün qəbul edilmişdir. 4 aydan sonra tozsoranın akumlyatorunun dəyişdirildiyi və işlədiyi bildirilmiş, o da, 35 manat pul ödəyərək tozsoranı qəbul etmişdir. Evdə tozsoranı işlətmək istədikdə ümumiyyətlə işləməmişdir. Təkrar cavabdehlə əlaqə saxlayaraq tozsoranın işləmədiyini bildirmiş və servisə gətirilməsi deyilmişdir. Aradan bir müddət keçdikdən sonra təmir olunduğunu öyrənmək üçün əlaqə saxladıqda, tozsoranın təmir edilməyəcəyi bildirilmiş və gəlib aparması tələb olunmuşdur. Yaxınlaşıb tozsoranı geri almış, evə gəldikdən sonra zavod tərəfindən qoyulmuş və istifadəyə yararlı olan bəzi detallarının dəyişdirildiyinin şahidi olmuşdur. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə cavabdehdən şikayət etmiş, cavabdeh onunla təkrar əlaqə saxlayaraq tozsoranın təmir edilməsi üçün təqdim etməsi deyilmişdir. Tozsoranı təqdim edərkən çıxarılmış və dəyişdirilmiş zavod istehsalı olan detalların yerinə qoyulmasını tələb etmiş, bunu etməyəcəyini bildirərək onu söyüb təhqir etmişdir. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək cavabdeh MMC-nin əməkdaşlarının kobud rəftarı, onu söyüb təhqir etmələri barədə şikayət etmiş, xx.xx.2022-ci il tarixdə Xətai rayon Polis-İdarəsinin 37-ci Polis Şöbəsində baş verənlərlə bağlı ərizə yazmışdır. Barəsində şikayət etdiyi şəxs 37-ci PŞ-nə dəvət edilmiş, verdiyi izahatında tozsoranın zavod istehsalı olan hissələrini dəyişdirdiyini etiraf edərək 4 ay ərzində tozsoranı təmir edərək geri qaytaracağını bildirmişdir. Müraciətdən təxminən bir ay sonra polis əməkdaşı ilə birlikdə MMC-yə yaxınlaşdıqda, əməkdaşlar tozsoranı düzəldəcəklərini, ancaq indi aparacağı təqdirdə onlar tərəfindən qoyulmuş detalların sökülərək geri götürüləcəyini bildirdilər. O da, təmir edilməsinə razı olmuşdur. 10 gün müddətinə təmir edəcəklərini bildirdilər. Lakin söz verilən 10 gündən artıq xeyli müddət ötməsinə baxmayaraq tozsoran hələ də təmir edilərək ona təqdim edilməmişdir. Polis orqanına etdiyi müraciətin nəticəsi olaraq aparılmış araşdırma nəticəsində şikayətidə qeyd etmiş olduğu xüsusatların mülki məsələyə aid olması səbəbindən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh MMC-nin təqsirinə görə almış olduğu əmlakından istifadə edə bilmir. Belə ki, cavabdeh tozsoranı düzəldəcəyinə dair vəd verməsinə baxmayaraq bunu etməmiş, əksinə tozsoranda zavod tərəfindən quraşdırlmış bəzi sağlam detalları götürərək daha aşağı keyfiyyətdə detallarla əvəz etmişdir. Cavabdehin bu hərəkət və hərəkətsizliyi nəticəsində ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Maddi zərər ondan ibarətdir ki, əmlakından istifadə edə bilmədiyi halda hələ də onun kreditini ödəyir. Mənəvi zərər isə cavabdehin ona verdiyi əmlakı vaxtında və lazımi qaydada təmir etmədən, detallarını dəyişdirərək qaytarması bu hadisə nəticəsində əsəb gərginliyi və stres keçirməsinə gətirib çıxarmışdır. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, servisə müraciət edildikdən sonra tozsoran üçün lazım olan ehtiyat hissələr olmadığından təmir yubanmışdır. Belə ki, ilk dəfə tozsoranı iddiaçının həyat yoldaşı, yaxud tanışı olan bir şəxs tərəfindən təqdim edilmiş, təmir başa çatdıqdan sonra onunla əlaqə saxlanılmağa çalışılmış, mesajlar yazaraq məlumat verilmişdir. Lakin həmin şəxs nə zənglərə cavab vermiş, nə də mesajları oxuyub cavablandırmamışdır. Bilindiyi kimi, ehtiyat hissələrin xaricdən gətirilməsi vaxt tələb edir. Tozsoranın içinə su dolduğuna görə onun mikrosxemində problem olmuşdur və ona görə də ilk dəfə mikrosxem bərpa olunmuş, həmçinin cihazın iki təkəri dəyişdirilmişdir. Lakin yenə içləmədiyindən yeniden geri götürülmüş və bununla əlaqədar xaricdən ehtiyat hissələri sifariş verilmiş, həmin hissələr gec gəldiyi üçün də tozsoranın təmiri gec başa çatmışdır. Həmçinin, bir qayda olaraq ustalar təmir üçün müraciət edən şəxslərin ünvanına göndərilmir. Lakin onda olan məlumata görə, servisin ustası ikinci dəfə geri götürülərkən iddiaçının mənzilinə gedərək tozsoranı təhvil almışdır. Bundan başqa bildiyinə görə, daha sonra xanım özü mağazaya gələrək tozsoranın hazır olması barədə maraqlandığı zaman usta ilə söyüş və təhqirlə danışdığı üçün usta ona cavab qaytarmışdır. Beləliklə, bir daha qeyd etmək istəyir ki, şirkət tərəfindən lazım olan bütün tədbirlər görülmüş, cihaz lazımi qaydada təmir edilmişdir. Sahə rəisinə iddiaçı tərəfindən müraciət olunduqdan sonra tozsoranın təmiri başa çatmışdır. O vaxta qədər başa çatmamasının səbəbi isə lazım olan detalların çatışmaması olmuşdur. Lakin iddiaçı bu günədək tozsoranın hazır olmasına baxmayaraq, gəlib onu götürməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Xətai RPİ-nin 37-cu PŞ-nin sahə inspektoru D.Soltanovun İddiaçı Asotovnanın ərizəsinə baxılmasına dair xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X2, PŞ-nə xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətində 1600 manat olan tozsoranı düzətməyə verdiyini, lakin hal-hazırda ona məxsus olan tozsoranın qaytarılmamasından narazı olduğunu bildirmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ərizədə göstərilən xüsusatlar mülki məsələlərə aiddir və vətəndaşa aidiyyatl üzrə müvafiq məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı Asotovnaya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının “Mixtech” servis mərkəzi ilə yaranmış mübahisə haqqında iqtisadiyyat Nazirliyinə daxil olmuş eyniməzmunlu müraciətinə baxılmışdır. Müraciətlərlə bağlı “Mixtech” servis mərkəzinin rəhbərliyinə xx.xx.2022-ci il tarixli AİBNDX- 10/09-5/2349 nömrəli sorğu məktubu göndərilmiş, lakin bu günə qədər Dövlət Xidmətinə hər hansı yazılı və ya şifahi məlumat verilməmişdir. Malı sözügedən servis xidmətinə təhvil verdiyinə dair təsdiqedici sənədi Dövlət Xidmətinə təqdim edəcəyi təqdirdə müraciətinə yenidən baxıla bilər. Əlavə olaraq, “Mixtech” servis mərkəzinə qarşı “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Beləliklə, iş üzrə araşdırılmış sübutlarla və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı Asotovnanın kreditə aldığı tozsoran istifadə zamanı özünün təqsirindən içinə su dolmuş və təmir üçün rəsmi servisə deyil, “Mixtech” servis mərkəzinə müraciət edilmişdir. İddiaçı cavabdeh tərəfindən tozsoranın original detallarının dəyişdirilməsini və təmir edilərək ona vaxtında qaytarılmamasını əsas gətirərək, hüquq mühafizə orqanına və istehlakçıların hüquqlarının müdafiəsi üzrə quruma müraciət etmişdir. Ona məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunuşdur. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində 973 manat maddi və 3000 manat mənəvi zərərə məruz qaldığını iddia etmiş, həmin məbləğlərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf iddiaya etiraz edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsində isə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvurantərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü madddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı, ona məxsus olan “Roborock” markalı tozsoranın Cavabdeh MMC-nin ustaları tərəfindən düzgün təmir ediməməsini, tozsoranın zavod detallarının dəyişdirilməsini, nəticədə 973 manat məbləğində maddi ziyana məruz qalmasını, həmçinin, cavabdehin əməkdaşları tərəfindən söyülməsini, təhqir olunmasını, bu səbəbdən də ona 3000 manat mənəvi zərər dəydiyini iddia etmiş, lakin, bu barədə iddia ərizəsinə heç bir mötəbər sübut əlavə edə bilməmişdir. İş üzrə araşdırılmış sübutlarla iddiaçının aldığı tozsoranın kreditinə görə ödənişin həyata keçirilməsi ilə, cavabdehin həmin tozsoranın təmiri ilə bağlı hərəkəti və ya hərəkətsizliyi arasında hər hansı bir səbəbli əlaqənin olmadığı müəyyən edilmişdir. Yəni, tozsorana görə kreditin ödənilməsinin əsasını iddiaçı ilə kredit təşkilatı arasında bağlanmış müqavilə təşkil edir və hazırki mübahisəyə tətbiqən kreditə alınmış tozsoran məhz iddiaçının təqsiri üzündən içinə su dolaraq istifadəyə yararsız hala düşdüyündən, iddiaçı hər bir halda, tozsoranın təmir edilib-edilməməsindən asılı olmayaraq, həmin krediti ödəmək vəzifəsini daşıyacaqdı. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbləri qanunsuz və əsassız olduğundan, rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətıiamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5318/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5318/2022
12.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver