Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-534/2022 08.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 29.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Y-393/21 saylı “hərracın nəticələri haqqında yekun protokol”un etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, 15.03.2021-ci il tarixli icra sənədinə əsasən İddiaçı tərəfindən 2/5 hissədə Maraqlı şəxs, 3/5 hissədə İddiaçı paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə görə 96.000 manat; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.000 manat; cəmi 260.000 (iki yüz altmış min) manat kompensasiya ödənilməklə Maraqlı şəxs həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilməli; ünvan 3 ünvanda yerləşən mənzil ilkin satış qiyməti 570.000 (beş yüz yetmiş min) manat olmaqla, açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylarına mütənasib qaydada Maraqlı şəxs və İddiaçı ödənilməlidir. "xxxx" MMC Yasamal rayon İcra şöbəsinin 11.08.2021-ci il tarixli 17\72-121862\18 saylı sifarişli məktubuna əsasən hərrac həyata keçirmiş və 08 oktyabr 2021-ci il tarixli “Hərracın nəticələri haqqında” Y- 393Y21 saylı yekun protokol tərtib etmişdir. Qeyd olunan yekun protokolda göstərilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(004)- 918/2021 saylı icra sənədinə əsasən 2/5 hissədə Maraqlı şəxs, 3/5 hissədə İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 ha torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi alıcı- Maraqlı şəxs tərəfindən hərrac vasitəsi ilə 410.000 manata alınmışdır. Lakin iddiaçı hesab edir ki, həmin protokol qanunsuz və əsassız olduğundan etibarsız sayılmalıdır. Belə ki, qanunvericiliyin və protokolda qeyd olunmuş tələblərə əsasən hərrac iştirakçısı olan Maraqlı şəxs hərracda iştirak etmək üçün satış qiymətinin 5% məbləğini hərrac tarixinə ən azı 1 gün qalmış "xxxx" MMC-nin bank hesabına nəğd və ya köçürmə yolu ilə ödəməli idi. Hərracı udmuş şəxs - Maraqlı şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində alış qiymətini sifarişçinin bank hesabına ödəməlidir. Lakin Maraqlı şəxs həmin pulu "xxxx" MMC-nin göstərilən bank hesabına nə nəğd, nə də köçürmə yolu ilə ödəməmişdir. Belə olan halda hərrac baş tutmamış kimi hesab olunmalı və iş icra şöbəsinə geri qaytarılmalıdır. Bununla bağlı o, 21.10.2021-ci il tarixdə "xxxx" MMC-yə rəsmi qaydada yazılı surətdə ərizə ilə müraciət edib bildirmişdir ki, hərrac baş tutmadığı halda iş geri icra şöbəsinə qaytarılmalıdır. Buna baxmayaraq "xxxx" MMC qanunun tələblərini qəsdən kobud surətdə pozaraq, 27.10.2021ci il tarixli 393Y21 saylı məktubunda göstərmişdir ki, 17/72-1211862/18, 11.08.2021-ci il tarixli sifarişin icrası ilə əlaqədar 08.10.2021 il tarixdə keçirilən hərracda Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 ha torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi (410.000 manat) Maraqlı şəxs tərəfindən alınmışdır. Bununla da Yasamal rayon İcra şöbəsi qarşılıqlı olaraq yuxarıda qeyd olunan əmlakın qanunsuz olaraq özəlləşdirilməsinə şərait yaratmışdır. Odur ki, göstərilənlərə əsasən iddia ərizəsində Azərbaycan Respublikası MM-nin 339-cu maddəsi, “İcra haqqında Qanunun” 53-cü maddəsi nəzərə alınaraq və Azərbaycan Respublikası MPM-nin 26, 149-150-ci maddələrini rəhbər tutaraq 08 oktyabr 2021-ci il tarixli “Hərracın nəticələri haqqında” Y- 393Y21 saylı yekun protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, əlavə olaraq məhkəməyə "xxxx" MMC-nin 25.01.2022-ci il tarixli məktubunu təqdim edərək bildirmişdir ki, həmin məktubdan da göründüyü kimi, Maraqlı şəxs tərəfindən hərrac mərkəzinə nə ilkin 5 faiz məbləğ, nə də 1 həftə sonra nəzərdə tutulmuş tam məbləğ, o cümlədən hazıradək hərracla bağlı heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən hərracın qanunsuz keçirilməsi və yekun protokolun etibarsız hesab edilməsinə dair tələbi tam əsassızdır. Belə ki, hərrac qanunvericlikdə müəyyən olunmuş qaydada həyata keçirilmişdir. Yalnız hərracın nəticəsinə dair bağ evinin pulu mərkəzə ödənilməmişdir. Ödənişin edilməməsi isə onunla bağlı olmuşdur ki, Maraqlı şəxs 13.10.2021-ci il tarixdə ərizə ilə Yasamal Rayon İcra Şöbəsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 0,0010 ha torpaq sahəsində yerləşən 863 nömrəli bağ evini hərracdan aldığını, həmin bağ sahəsinin məhkəmə qətnaməsi ilə 410.000 manat qiymətləndirildiyini, bu səbəbdən iş üzrə borclu İddiaçı onun 3/5 payına görə 246.000 manat ödəməli olduğunu, eyni zamanda icra sənədi üzrə digər iki əmlakın hərrac yolu ilə satılmasının nəzərdə tutulduğunu, həmin əmlakların isə məhkəmə qətnaməsi ilə müvafiq olaraq 570.000 manat və 260.000 manata qiymətləndirilməsini, onların satışından əldə olunan məbləğin 2/5 hissəsinin, yəni cəmi 332.000 manat pulun ona ödənilməli olduğunu, onun qeyd olunan iki əmlakla bağlı heç bir tələbinin olmadığını, həmin əmlkaların tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətinə verilməsinə, bunun üçün ona hərrac protokolunun verilməsinə, DƏDRX tərəfindən ona çıxarış verilməsinə və ya satışdan əldə edilən pulun bütöv şəkildə ona verilməsinə heç bir etirazının olmadığını, yaranan 86.000 manat fərq ilə bağlı gələcəkdə heç bir iddiasının olmayacağını, həmin fərqdən də imtina etdiyini bildirmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərilənlərə münasibət bildirərək göstərmişdir ki, iddiaçı Maraqlı şəxs payların əvəzləşdirilməsi ilə bağlı təklifi ilə razılaşmamış və bunun əksinə olaraq o, Yasamal rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək hərracın baş tutmamış hesab edilməsini və icra sənədinin Yasamal Rayon Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Ona görə də iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin cavabdeh məhkəmənin sorğusuna əsasən 02.02.2022-ci il tarixli məktubla hərrac işinin təsdiq olunmuş surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri, o cümlədən "xxxx" MMC tərəfindən təqdim edilmiş hərrac işinin materiallarını və Yasamal Rayon İcra Şöbəsinin icraatında olan e121862/2021-53-14-001 saylı icra işində toplanmış materialları nəzərdən keçirib, sübutlara tam, hərtərəfli və obyektiv baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, 15.03.2021-ci il tarixli icra sənədinə əsasən İddiaçı tərəfindən 2/5 hissədə Maraqlı şəxs 3/5 hissədə İddiaçı paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.000 manat, cəmi 260.000 (iki yüz altmış min) manat kompensasiya ödənilməklə Maraqlı şəxs həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilməli, ünvan 3 ünvanda yerləşən mənzil ilkin satış qiyməti 570.000 (beş yüz yetmiş min) manat olmaqla, açıq hərracda satılmalı və satışdan əldə olunan pul vəsaiti paylarına mütənasib qaydada Maraqlı şəxs və İddiaçı ödənilməlidir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(004)- 918/2021 saylı qərardadına əsasən məhkəmənin qətnaməsinin əsaslandırıcı və qət etdi hissəsində yanlışlıq düzəldilərək “İddiaçı tərəfindən 2/5 hissədə Maraqlı şəxs 3/5 hissədə İddiaçı paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.000 manat, cəmi 260.000 (iki yüz altmış min) manat kompensasiya ödənilməklə Maraqlı şəxs həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilsin” cümləsi “İddiaçı tərəfindən 2/5 hissədə Maraqlı şəxs 3/5 hissədə İddiaçı paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.000 manat, cəmi 260.000 (iki yüz altmış min) manat qətnamə qanuni qüvvəyə mindiyi gündən 30 (otuz) gün ərzində kompensasiya şəklində iddiaçıya ödənilməklə eyni anda iddiaçı Maraqlı şəxs həmin əmlaklara olan 2/5 hissədə payına dair mülkiyyət hüququna xitam verilsin. Cavabdeh tərəfindən iddiaçı Maraqlı şəxs kompensasiya ödənilmədiyi təqdirdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410.000 manata və Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilin 240.000 manata açıq hərracda satılması və əldə olunan pul vəsaitlərinin daşınmaz əmlakda paya mütənasib qaydada mülkiyyətçilərə ödənilməsi” kimi oxunması qərara alınmışdır. - İcra işi materiallarında olan İddiaçı 09.07.2021-ci il tarixli ərizəsindən müəyyən edilir ki, o, icra sənədinə əsasən Maraqlı şəxs kompensasiya ödəmək imkanının olmadığını bildirmişdir. Maraqlı şəxs isə 13.09.2021-ci il tarixli ərizəsindən müəyyən edilir ki, o, paylı mülkiyyətdə olan əmlakların açıq hərracda satılmasına dair köməklik göstərilməsini xahiş etmişdir. - Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 11 avqust 2021-ci il tarixli 121862/18 saylı sifarişindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 468-469, ev 23-də yerləşən 15 saylı mənzilin ilkin qiymət 240.000 manata, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin ilkin qiymət 410.000 manata; Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 83a-da yerləşən 1 saylı mənzilin ilkin qiymət 570.000 manata satılmaqla açıq hərracın keçirilməsi sifariş edilmişdir. - "xxxx" MMC-nin 13 avqust 2021-ci il tarixli 393/21 saylı hərrac bildirişindən görünür ki, hərracın keçirilməsi 08 sentyabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmiş və bu barədə məlumat sifarişçi Yasamal rayon İcra şöbəsinə və tərəflərə, yəni, Maraqlı şəxs və İddiaçı göndərilmişdir. Bildirişdə həmçinin hərracda iştirak etmək üçün behin məbləği, ödənilməsi müddəti və qaydası qrafasında qeyd edilmişdir ki, beh ilkin satış qiymətinin 5%-i məbləğində, hərrac tarixinə ən az 1 gün qalmış, "xxxx" MMC-nin bank hesabına nəğd və ya köçürmə yolu ilə ödənilməlidir. Bundan başqa bildirişdə müəyyən edilmişdir ki, hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində alış qiymətini sifarişçinin bank hesabına ödəməlidir. Qeyd olunan bildirişə əlavə edilmiş xəbərnamələrdən görünür ki, tərəflər hərracın yeri və vaxtı barədə məlumatı rəsmi qaydada əldə etmişlər. Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, hər iki tərəf hərracda iştirak etmişlər. -"xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Y-393/21 saylı “hərracın nəticələri haqqında” yekun protokolundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi 410.000 manata Maraqlı şəxs satılmışdır. -"xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş qeyd olunan protokol tədqiq edilərkən həmçinin müəyyən edilmişdir ki, protokol hərracın təşkilatçısı "xxxx" MMC və alıcı Maraqlı şəxs tərəfindən imzalanmasına baxmayaraq, sifarişçi icra məmuru tərəfindən imzalanmamışdır. - Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 08 oktyabr 2021-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi 410.000 manata Maraqlı şəxs satılmışdır. Müqavilə hərracın təşkilatçısı "xxxx" MMC və alıcı Maraqlı şəxs tərəfindən imzalanmışdır. - Hərrac işində olan "xxxx" MMC-nin İcra şöbəsinə ünvanlanmış 27.10.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, digər iki əmlak satılmadığına görə iş geri qaytarılmışdır. - İcra işi materiallarında olan Maraqlı şəxs 13.10.2021-ci il tarixli Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış ərizəsindən görünür ki, o, şöbəyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 0,0010 ha torpaq sahəsində yerləşən 863 nömrəli bağ evini hərracdan aldığını, həmin bağ sahəsinin məhkəmə qətnaməsi ilə 410.000 manat qiymətləndirildiyini, bu səbəbdən iş üzrə borclu İddiaçı onun 3/5 payına görə 246.000 manat ödəməli olduğunu, eyni zamanda icra sənədi üzrə digər iki əmlakın hərrac yolu ilə satılmasının nəzərdə tutulduğunu, həmin əmlakların isə məhkəmə qətnaməsi ilə müvafiq olaraq 570.000 manat və 260.000 manata qiymətləndirilməsini, onların satışından əldə olunan məbləğin 2/5 hissəsinin, yəni cəmi 332.000 manat pulun ona ödənilməli olduğunu, onun qeyd olunan iki əmlakla bağlı heç bir tələbinin olmadığını, həmin əmlakların tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətinə verilməsinə, bunun üçün ona hərrac protokolunun verilməsinə, DƏDRX tərəfindən ona çıxarış verilməsinə və ya satışdan əldə edilən pulun bütöv şəkildə ona verilməsinə heç bir etirazının olmadığını, yaranan 86.000 manat fərq ilə bağlı gələcəkdə heç bir iddiasının olmayacağını, həmin fərqdən də imtina etdiyini bildirmişdir. - İcra işi materiallarında olan İddiaçı tərəfindən Yasamal rayon İcra Şöbəsinə ünvanlanmış 20 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Yasamal rayon İcra şöbəsinin 11.08.2021-ci il tarixli 17/72-121862/18-1807 saylı sifariş məktubuna əsasən 08 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 0,0010 ha torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin digər tərəf olan Maraqlı şəxs tərəfindən Bakı Hərrac Mərkəzində keçirilən hərracda alınması ilə bağlı, Qanunun tələbinə görə 7 gün müddətinə mənzilin dəyəri olan 410.000 (dörd yüz on min) manat vəsaitin hesaba köçürülməməsi səbəbi ilə hərracın baş tutmamış hesab olunmasını və işin Yasamal Rayon Məkkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi İddiaçı Maraqlı şəxs paylarının əvəzləşdirilməsi ilə bağlı təklifi ilə razılaşmamışdır. - "xxxx" MMC-nin iddiaçının sorğusuna əsasən verdiyi 25.01.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, Maraqlı şəxs tərəfindən Bakı Hərrac Mərkəzinə həmin tarixədək heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclası zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə izahatında həmin məbləğin hazıradək ödənilmədiyini təsdiq etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, 15.03.2021-ci il tarixli icra sənədinə əsasən İddiaçı tərəfindən 2/5 hissədə Maraqlı şəxs 3/5 hissədə İddiaçı paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.000 manat, cəmi 260.000 (iki yüz altmış min) manat qətnamə qanuni qüvvəyə mindiyi gündən 30 (otuz) gün ərzində kompensasiya şəklində iddiaçıya ödənilməklə eyni anda iddiaçı Maraqlı şəxs həmin əmlaklara olan 2/5 hissədə payına dair mülkiyyət hüququna xitam verilməli, cavabdeh tərəfindən iddiaçı Maraqlı şəxs kompensasiya ödənilmədiyi təqdirdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410.000 manata və Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilin 240.000 manata açıq hərracda satılmalı və əldə olunan pul vəsaitləri daşınmaz əmlakda paya mütənasib qaydada mülkiyyətçilərə ödənilməlidir. Yasamal rayon İcra şöbəsinin icra məmuru tərəflərin ərizəsinə əsasən Sahib Allahverdiyev 11 avqust 2021-ci il tarixli 121862/18 saylı məktubla əmlakların "xxxx" MMC tərəfindən açıq hərracda satılması sifariş edilmişdir. Məhkəmə qətnaməsinə əsasən hərraca çıxarılmış Bakı şəhəri, ünvan 1 , Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin ilkin satış qiyməti 410.000 manata müəyyən edilmişdir. "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Y-393/21 saylı “hərracın nəticələri haqqında” yekun protokoluna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi ilkin satış qiyməti olan 410.000 manata Maraqlı şəxs satılması və buna dair eyni tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna baxmayaraq məhkəmə tərəfindən müəyyən edildi ki, alıcı Maraqlı şəxs tərəfindən hazıradək bağ evinin dəyəri nə "xxxx" MMC-nin, nə də sifarişçi Yasamal rayon İcra şöbəsinin bank hesabına köçürülməmiş və tərəflər arasında buna dair hər hansı digər razılaşma əldə olunmamışdır. Bu halı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə da öz izahatında etiraf etmişdir. Göründüyü kimi, hərrac faktiki olaraq baş tutmamış, bağlanmış müqavilə isə formal xarakter daşımışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 415.3-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 415.4-cü maddəyə görə hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5-ci maddəyə görə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 23.10.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30.12.2008-ci il tarixli qərarında vurğulayır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız “İpoteka haqqında” 09.06.2005ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları”nın 5.1-ci bəndinə əsasən Sifarişçilər hərracda iştirak etmək üçün təklif etdikləri pul vəsaitlərini Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə (onun zona bölmələrinə) satıcı tərəfindən müəyyən edilmiş qaydada nağd şəkildə ödəyirlər. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən bu Qaydaların 5.1-ci bəndində müəyyən edilmiş qaydada Hərracların Təşkili üzrə Auksion Mərkəzinə nağd şəkildə ödənilmiş vəsaitlər hərraclar başa çatdıqdan sonra növbəti bank günü ərzində xüsusi açılmış depozit hesabına köçürülür. Hərracların yekun nəticəsi təsdiq edildikdən sonra hərraclarda təmin edilmiş sifarişlər üzrə ödənilmiş vəsaitlər dövlət büdcəsinə ödənilir. Təmin edilməmiş sifarişlər üzrə ödənişlər geri götürülür və 10 gün müddətində sifarişçilərə geri qaytarılır. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmədiyinə görə onun nəticələri etibarsız hesab edilməlidir. Belə ki, qanunvericiliyə əsasən hərrac müqavilənin bağlanması üçün və ya əşyanın satışı üçün keçirilə bilər. Hərrac özü-özlüyündə o zaman baş tutmuş hesab edilə bilər ki, auksion formasında keçirilsin və ən yüksək məbləği ödəmiş şəxs hərracı udmuş şəxs hesab olunur. Hazırki işin hallarından görünür ki, hərracı udmuş Maraqlı şəxs tərəfindən hazıradək bağ evinin dəyəri nə "xxxx" MMC-nin, nə də sifarişçi Yasamal rayon İcra şöbəsinin bank hesabına köçürülməmiş və tərəflər arasında buna dair hər hansı digər razılaşma əldə olunmamışdır. Dolayısı ilə ödəniş olmadığı halda ödənişin həyata keçirilməsinə dair formal görüntü yaradılaraq hərracın ən təməl qaydası pozulmuşdur. Hərracın təməl məqsədi isə hərracı udanın, yəni ən yüksək məbləği təklif edənin əmlaka dair ödənişi həyata keçirməsidir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 08 oktyabr 2021-ci il tarixli Y-393\21 saylı “hərracın nəticələri haqqında” yekun protokol icra məmuru tərəfindən imzalanmamış, lakin icra işində olan protokolun surəti icra məmuru tərəfindən imzalanmışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Y-393\21 saylı “hərracın nəticələri haqqında” yekun protokolu etibarsız hesab edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Y-393\21 saylı “hərracın nəticələri haqqında” yekun protokolu etibarsız hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-534/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-534/2022
08.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver