Məhkəmə qərarları › İş №2(004)-5357/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5357/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5357/2021 18.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat məbləğində vurulmuş sığorta ödənişinin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “DAEWOO GENTRA” markalı, **-AU-*** dövlət nömrə nişanlı avtomobil 19.10.2019-cu ildən 19.10.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 19.10.2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il noyabrın 07-də Cavabdeh idarə etdiyi “DAEWOO GENTRA” markalı, **-AU-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, 3cü mkr dairəsində, düzgün ara məsafəsi seçməmiş və qarşısında dayanmış vəziyyətdə olan “HYUNDAİ SONATA” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Nəsimi RPİ-nin DYPŞ-i tərəfindən 15.11.2019-cu il tarixində AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Nəsimi RPİ-nin DYPŞ-in 15.11.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 20.11.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “HYUNDAİ SONATA” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobilə 400 manat məbləğində zərər dəymişdir. Odur ki, iddiaçı Cavabdeh 400 manat məbləğində vurulmuş zərər və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 420 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 19.10.2019-cu il tarixli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən müəyyən olunur ki, 19.10.2019-cu il tarixdə sığortalı "xxxx" ASC-nin mülkiyyətində olan “DAEWOO GENTRA” markalı, **-AU-*** dövlət nömrə nişanlı avtomobil 1 il müddətinə sığotaçı "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan AC seriyalı 612112 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cı il buraxılışlı “DAEWOO GENTRA” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-nin mülkiyyətindədir. İş materiallarında olan AD seriyalı 095627 seriyalı sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh sürücülük hüququ vardır. İş materiallarında olan 25.10.2019-cu il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, "xxxx" ASC “X1” əsasında “DAEWOO GENTRA” markalı, **-AU-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh 25.10.2019-cu il tarixdən 23.11.2019-cu il tarixədək idarə etməyə vermişdir. İş materiallarında olan Nəsimi Rayon Dövlət Yol Polis İdarəsinin 15 noyabr 2019-cu il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh 07 noyabr 2019-cu il tarixdə saat 18:55 radələrində sürücülük vəsiqəsi ilə idarə etdiyi “DAEWOO GENTRA” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından qarşısında dayanmış **-CD-*** dövlət qeydiyyat nişanlı Hundai-Sonata markalı avtomobillə toqquşmuş, Həsənov Ələsgər Mehdi oğlunun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Xəsarət alan olmamışdır. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı madddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. İş materiallarında olan TP ******* seriyalı inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı madddələri ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 20.11.2019-cu il tarixli Qüsur aktından görünür ki, 2008-ci il buraxılışlı, **-CD-*** dövlət qeydiyyat nişanlı, Hundai-Sonata markalı avtomobilə dəymiş zərərin məbləği ehtiyyat hissələri 160 manat və işçilik haqqı 240 manat olmaqla cəmi 400 (dörd yüz) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan PXA55143 nömrəli sığorta aktının məzmunundan görünür ki, "xxxx" ASC "xxxx" ASC oğlu arasında bağlanmış “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” müqaviləsinə əsasən 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-AU-*** avtomobilin sahibinin mülki məsuliyyətinin sığortaçı cəmiyyətdə sığortalanması əsası ilə "xxxx" ASC tərəfindən faydalanan şəxs Həsənov Ələsgər Mehdi oğluna 07 noyabr 2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı 20.11.2019-cu il tarixli qüsur aktına uyğun olaraq 400 (dörd yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 17 dekabr 2019-cu il tarixli 5615 nömrəli kassa məxaric orderinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən faydalanan şəxs Həsənov Ələsgər Mehdi oğlunun hesabına 400 (dörd yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 13 dekabr 2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən faydalanan şəxs Həsənov Ələsgər Mehdi oğluna sığorta ödənişini almaq mıqsədi ilə plastik kartlar və ŞEN zərflər təhvil verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı müvafiq olaraq 29 yanvar 2020-ci il tarixli pretenziya məktubundan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş 400 (dörd yüz) manat məbləğində maddi ziyan sığorta ödənişi şəklində faydalanan şəxsə ödənildiyindən, həmin məbləğin subroqasiya qaydasında ödənişinin 10 (on) iş günü müddətində qaytarılması xahiş edilmiş, əks təqdirdə müvafiq məbləğin qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. 08 noyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 19.10.2019-cu il tarixli sığorta müqaviləsinə əsasən "xxxx" ASC-nin mülkiyyətində olan “DAEWOO GENTRA” markalı, **- AU-*** dövlət nömrə nişanlı avtomobil 1 il müddətinə sığotaçı "xxxx" ASC-də sığortalanmışdır. Cavabdeh 07 noyabr 2019-cu il tarixdə saat 18:55 radələrində sürücülük vəsiqəsi ilə idarə etdiyi “DAEWOO GENTRA” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından qarşısında dayanmış **-CD-*** dövlət qeydiyyat nişanlı Hundai-Sonata markalı avtomobillə toqquşmuş, Həsənov Ələsgər Mehdi oğlunun idarə etdiyi avtomobilə 400 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərar ilə sübuta yetirilmişdir. Həsənov Ələsgər Mehdi oğlunun avtomobilinə dəymiş ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir. Törədilmiş hüquqa zidd hərəkət nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında "xxxx" ASC-yə keçmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehdan "xxxx" ASC tərəfindən 400 (dörd yüz) manat məbləğində ödənilmiş sığorta məbləği "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 400 (dörd yüz) manat və ödənilmiş 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar