Məhkəmə qərarları › İş №2(004)-5357/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5357/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5357/2022 13.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, cavabdeh Shakhsuvar Khalilovun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Shakhsuvar Khalilova qarşı subroqasiya hüququ əsasında 6585.40 manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Shakhsuvar Khalilova qarşı subroqasiya hüququ əsasında 6585.40 manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ajalıevı Asifdən 6500 (altı min beş yüz) manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 85,40 (səksən beş manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 6585,40 (altı min beş yüz səksən beş manat, qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Khalılov Shaksuvarın idarə etdiyi “X8” minik markalı **-FR- *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş nəticədə, “Opel Combo-C” markalı ** TK *** dövlət nömrə nişanlı avtomobilə, “Khazar LX” markalı, **-PH-*** dövlət nömrə nişanlı avtomobilə, X2, X1 zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Xəzər rayon Məhkəməsi tərəfindən tərtib olunmuş 3(003)-792/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarla “X8” minik markalı **-FR-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Khalılov Shaksuvar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində, “Opel Combo-C” markalı **-TK-*** dövlət nömrə nişanlı avtomobilə 2118,13 (iki min bir yüz on səkkiz manat, on üç qəpik) manat, “Khazar LX” markalı, **-PH-*** dövlət npmrə nişanlı avtomobilə 2881,87 (iki min səkkiz yüz səksən bir mamat, səksən yeddi qəpik) manat, X1 750,00 (yeddi yüz əlli) manat, X2 750,00 (yeddi yüz əlli) manat cəmi 6500 (altı min beş yüz) manat maddi ziyan dəymişdir. Belə ki, İAS221357 saylı və saylı İAS221357 saylı akta 1 saylı əlavə eyni zamanda İAS221358 saylı və İAS221357 saylı akta 1 saylı əlavə sığorta ödənişi aktları ilə "xxxx" ASC tərəfindən cəmi 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Khalılov Shaksuvar xarici ölkə vətəndaşıdır və qanunvericiliyin tələbinə əsasən sürücülük vəsiqəsini ölkəyə gəldiyi gündən etibarən 1 ay ərzində müəyyən edilmiş qaydada dəyişdirilməli olduğu halda dəyişdirilməmişdir. AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışa əsasən müəyəyn olunur ki, şəxsin qeydiyyat ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1ır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinin İİ hissəsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı otmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ- Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 19 may 2022-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelnumunun Qərarında göstərilri ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Qeyd olunanlardan da göründüyü kimi, Khalılov Shaksuvar hadisə vaxtı “X8” minik markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbyacan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. Bildirmək istəyir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. İşə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Shakhsuvar Khalilovdan 6500 (altı min beş yüz) manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 85,40 (səksən beş manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 6585,40 (altı min beş yüz səksən beş manat, qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxaırılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Shakhsuvar Khalilovun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, pandemiya dövrü olduğu üçün hüquqlarını qoruduğu şəxs respublika ərazisində müvəqqəti yaşayış icazəsi ala bilməmiş, bu səbəbdən də, ona məxsus olan xarici ölkənin sürücülük vəsiqəsini yerli sürücülük vəsiqəsi ilə dəyişdirə bilməmişdir. Hətta o cavabdeh ilə ASAN xidmət mərkəzinə yaxınlaşaraq sürücülük vəsiqəsinin dəyişdirilməsini xahiş etmiş, lakin ona ilk öncə Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazəsi almasının zəruri olduğu bildirilmişdir. Rəsmi yazılı qaydada 5 saylı ASAN xidmət mərkəzinə müraciət etsə də, onun sorğusunu aidiyyatı üzrə cavablandırılması üçün BDYPİ-nə göndərdiklərini bildirmişlər. Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, sözü gedən sənədlər daha sonra isə məhkəməyə göndərilmiş və Xəzər Rayon Məhkəməsi tərəfindən sonuncu barəsində inzibati qərar qəbul edilmişdir. Həmin inzibati qərardan şikayət versələr də, Apellyasiya instansiyasında qüvvədə qalmışdır. Onu da, bildirir ki, həmin qərarda cavabdehin avtonəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməsi halı müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2022-ci il tarixdə PME********** saylı sığorta müqaviləsi bağlanmış və “X8” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh Shakhsuvar Khalilov xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “X8” minik markalı **-FR-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş nəticədə, “Opel Combo-C” markalı ** TK *** dövlət nömrə nişanlı avtomobilə, “Khazar LX” markalı, **-PH-*** dövlət nömrə nişanlı avtomobilə, X2, X1 zərər vurmuşdur. Sözü gedən yol-nəqliyyat hadisəsi nəticəsində, “Opel Combo-C” markalı **-TK- *** dövlət nömrə nişanlı avtomobilə 2118.13 manat, “Khazar LX” markalı, **-PH-*** dövlət npmrə nişanlı avtomobilə 2881.87 manat, X1 750 manat, X2 750 manat, cəmi 6500 (altı min beş yüz) manat maddi ziyan dəymiş, sözü gedən məbləğlər zərərçəkmiş şəxslərə ödənilmişdir. Cavabdeh Shakhsuvar Khalilov Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi təqsirli bilinib, barəsində 200 manat məbləğində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İşin araşdırılmış halları ilə o da müəyyən edilmşdir ki, Xəzər Rayon Məhkəməsinin 3(003)-792/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Shakhsuvar Khalilov Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi təqsirli bilinib, barəsində 200 manat məbləğində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilmiş, lakin sonuncunun avtonəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməsi halı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. İddiaçı iddia tələbinin əsasını cavabdehin sözü gedən avtomobili idarə etmək hüququ olmadan idarə etməsi ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi qeyd etdiyi bu hallah əsassızdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 35-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin sürücülük vəsiqəsini Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazəni aldığı gündən bir ay müddətində dəyişdirməməsinə görə qanunvericilikdə hər hansı məsuliyyət nəzərdə tutulmamışdır. “Yol hərəkəti haqqında” Vyana Konvensiyasının 41.1-ci maddəsinin (b) bəndinə əsasən Konvensiyaya tərəf olan hər hansı dövlətin səlahiyyətli orqanı tərəfindən verilən milli sürücülük vəsiqələri həmin Konvensiyaya tərəf olan dövlətin ərazisində müvafiq kateqoriya avtomobili idarə etmək üçün etibarlı hesab edilir. (Azərbaycan Respublikasının 29 aprel 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası "Yol hərəkəti haqqında" 1968-ci il 08 noyabr tarixində Vyanada imzalanmış konvensiyaya qoşulmuşdur.) Azərbaycan Respublikasının MPM-nin 1.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə prosessual qanunvericilikdən fərqli qaydalar müəyyən edilərsə, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin hazırki vəziyyətdə avtomobili xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 35-1-ci maddəsinə əsasən dəyişdirmədən idarə etməsi, avtomobili sürücülük hüququ olmayan şəxs tərəfindən idarə edilməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsində öz əksini tapmışdır. Lakin iş materiallarında olan Xəzər Rayon Dövlət X7 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi təqsirli bilinib, barəsində 200 manat məbləğində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Bundan başqa məhkəmə iddia tələbini rədd edərkən, ölkə ərazisində pandemiya vəziyyəti olması səbəbindən cavabdehin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazəni ala bilməməsini, bu səbəbdən də, sürücülük vəsiqəsi əldə edə bilmədiyini də, nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Shakhsuvar Khalilova qarşı subroqasiya hüququ əsasında 6585.40 manat məbləğində pulun tutulması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş 85 (səksən beş) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh Shakhsuvar Khalilova qarşı subroqasiya hüququ əsasında 6585.40 manat məbləğində pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 85 (səksən beş) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar