Məhkəmə qərarları › İş №2(004)-5363/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5363/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5363/2022 31.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında ödənilməsi barədə” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3209 manat məbləğində verilmiş sığorta ödənişinin və 52,49 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş lakin, bildiriş məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsi, İcbari sığortalar haqqında qanunun 14-cü və 63.1-ci maddələrini nəzərə alaraq, müəyyən etdi ki, Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh 11 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanında polis əməkdaşları tərəfindən Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə dəvət edilən zaman sərxoş vəziyyətdə idarə etdiyi “Renalut Megane” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla qaçmaq istəyən zaman yol-nəqliyyat hadisəsi törədərək Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru X4 məxsus “Hyundai Grandeur” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomaşına, bir qədər hərəkət etdikdən sonra ünvan 3 ünvanında dayanmış vəziyyətdə olan X1 məxsus “Kia K5” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı və X3 məxsus olan “Mercedes-Benz E200 CDİ” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara maddi ziyan vurmuşdur. Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(007)-1146/2022 saylı qərarına əsasən "Renault Megane" markalı **-NY-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. İddia ərizəsinə əlavə olunmuş qüsur aktlarına sığorta şəhadətnaməsinə və ödəniş qəbzlərinə əsasən, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində, "KİA K5" markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobilə 1200 manat, "Mercedes Benz E200 CDİ" markalı **-ZR-*** dövlət nömrə nişanlı avtomobilə 1423 manat, "Hyundai Grandeur" markalı **-UF-*** dövlət nömrə nişanlı avtomobilə 586 manat, cəmi, 3209 manat maddi zərər dəymişdir və "xxxx" ASC tərəfindən həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunan yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Habelə, Mülki Məcəllənin 1108-ci maddəsinin 1-ci bəndinə əsasən, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh yol-nəqliyyat hasisəsinin baş verməsində təqsirkar olduğu və hadisə baş verdiyi zaman avtomobili sərxoş vəzyyətdə idarə etdiyi üçün iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olub təmin edilməli, 3209 manat vurulmuş ziyan və ödənilmiş 52,49 manat dövlət rüsümu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 3209 (üç min iki yüz doqquz) manat məbləğində verilmiş sığorta ödənişinin və 52,49 (əlli iki manat 49 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar