Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-537/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi ziyana görə 103000 manatın, mənəvi ziyana görə 20000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə oğluna ev almaq məqsədilə makler vasitəsilə tanış olımış, onun xxxx MTK-nın İdarə Heyətinin sədri vəzifəsində işlədiyinə əmin olduqdan sonra göstərdiyi Qurban Xəlilov küçəsi 5 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 3) 4-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 57.30 kvm olan 9 nömrəli mənzili görüb bəyəndikdən sonra həmin evi xx.xx.2017-ci il tarixli 02 nömrəli protokol əsasında 103000 manat ödədikdən sonra almış, DNK vasitəsilə müqavilə yolu ilə öz adına keçirmişdir.Cavabdeh ona təklif etmişdir ki, oğluna toy edənə qədər evi 700 manata kirayə istəyən var, kirayə verə bilər. Oğlunun toyuna qədər onun təklifi ilə razılaşaraq evi cavabdehin vasitəçiliyi ilə kirayə vermişdir. 6 ay müddətində hər dəfə kirayə pulunu vaxtlı vaxtında cavabdehdən almışdır. 2017-ci ilin sonunda ona məlum olmuşdur ki, cavabdeh onu, həmçinin xeyli adamı aldadaraq külli miqdarda pulunu mənimsəmişdir..Cavabdeh barədə cinayət işi başlanmış, xxxx Ağır Cinayət məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 14 il müddətinə azadlıqdan mərhum edilmə cəzasına məhkum olunmuşdur və hazırda 10 saylı CÇM-də cəza cəkir. Cavabdehin təqsiri üzündən həm maddi, həm də mənəvi ziyan çəkmişdir. Belə ki, oğluna ev ala bilmədiyi üçün nişanı pozulmuşdur. Həmçinin mənəvi sarsıntılar və stresslər keçirdiyi üçün xəstəliyi artmış, tez-tez qıcolmalar başlanmışdır. Bu günə kimi cavabdeh onun pulunu könüllü olaraq qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halbuki məhkəmə prosesi zamanı cavabdeh və valideynləri ona vurduğu ziyanı mütləq ödəyəcəklərinə söz vermişdilər. Bu səbəbdən də, məhkəmə prosesi zamanı cavabdehə qarşı mülki iddia verməmişdir. Cavabdeh ona 103000 manat maddi ziyan vurmuşdur. Dəymiş mənəvi ziyanı 20000 manat həcmində qiymətləndirir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə bildirişi cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə Yasamal rayon MKTB-nə göndərilmiş, lakin cavabdehin yaşadığı mənzildə qapını açan olmadığı üçün məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xxxx Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-77/2019 saylı hökmündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən “xxxx" Mənzil Kooperativinin İdarə heyətinin sədri Cavabdeh xx.xx.2014-cü il tarixdən “xxxx” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri vəzifəsində işləyərkən, həmin Kooperativin təşkilati sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü səxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, o cümlədən, xxxx şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 6 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 3) 4-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 57,30 kv.m. olan 9 saylı mənzilin xxxx şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı idarəsinin xx.xx.1994-cü il tarixli 247 nömrəli sərəncamı və xx.xx.1994-cü il tarixli 024441 nömrəli orderi əsasında X2 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək həmin mənzilin qeyrisinə məxsus olduğunu qeyd etməklə Kooperativin iclasının xx.xx.2017-ci il tarixli 02 nömrəli protokolu əsasında 103000 manata İddiaçı Saleh qızına qanunsuz satıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncudan cinayət əlaqəsində olduğu qeyrisi ilə alıb, ümumi cinayətkar niyyətə uyğun olaraq təkrarən vəzifəli şəxs kimi mənzilin İddiaçı satılması barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - Kooperativin iclasının xx.xx.2017-ci il tarixli 02 nömrəli protokolunu, həmin tarixli protokoldan çıxarışını, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək qeyrisinin vasitəsi ilə İddiaçı verib, aldığı 103000 manat pulu qeyrisi ilə aralarında bölməklə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə eyni mənzilləri saxta sənədlərdən istifadə edərək müxtəlif şəxslərə satmaqla dələduzluq cinayəti törətmişdir. Həmin Əməllərinə görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan mərhum edilmə cəzasına məhkum olunmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, 2017-ci ildə ev elanları ilə maraqlanmışdır. Bir müddət sonra xxxx şəhəri, Yasamal rayonu, İ.Qurtqaşınlı küçəsində yerləşən 3 nömrəli binanın 4-cü mərtəbəsindəki 9 nömrəli mənzilin satıldığı bildirilmişdir, Almaz adlı “makler” onu Eynur adlı şəxslə tanış edərək mənzilin sahibi olduğunu qeyd etmiş, o da Eynurun həmin binanın komendantı olduğunu öyrənmişdir. Həmin vaxtı Eynur Xuduyev mənzilin ona məxsus olduğunu, təcili pul lazım olduğuna görə satmaq istədiyini bildirmişdir. O, Eynurla birlikdə binanın 4-cü mərtəbəsində yerləşən 9 saylı mənzilə baxmış, mənzili bəyəndiyinə görə Eynurla həmin mənzili 102.000 manata razılaşmışdır. Razılaşdıqdan sonra "xxxx” Mənzil Kooperativinin ofisinə getmiş və orada özünü MTK-nın sədri kimi təqdim edən Cavabdehla tanış olmuşdur. Ofisdə 102.000 manat pulu Cavabdeh, 1000 manatı isə ‘‘maklerə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xxxx şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 6 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 3) 4-cü mərtəbəsində yerləşən 9 saylı mənzilin X2 məxsus olduğunu bildiyi halda, bunu gizlədərək Kooperativin iclasının xx.xx.2017-ci il tarixli 02 nömrəli protokolu əsasında 102000 manata İddiaçı Saleh qızına qanunsuz satmaqla cinayət əməli törətməsi və cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə qeyd edir ki, iddia tələbi qismən edilərək vurulmuş maddi ziyana görə 102000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı ev alınması məqsədi ilə Cavabdeh 102000 manat pul vermişdir. Qalan 1000 manar məbləğini isə maklerə verdiyindən həmin məbləği cavabdehdən tələb etmək hüququ yoxdur. Bununla yanaşı, məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsinə dair tələb iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və iddiaçı tərəfindən tələbi təsdiq edən möhtəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarından görünür ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Tələb kifayət qədər əsaslandırılmadığına görə, həmçinin, cavabdehdən tələb olunan maddi ziyanın iddiaçının xeyrinə tutulmasının mənəvi zərərin ödənilməsi üçün yetərli olmasını nəzərə alıb, məhkəmə hesab edir ki, bu hissədə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 459.1-ci maddəsinə görə zərərin əvəzini ödəməyə borclu olan hal baş verməsəydi, mövcüd olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 102000 (bir yüz iki min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində xxxx Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə xxxx Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-537/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-537/2021
15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver