Məhkəmə qərarları › İş №2(004)-5376/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5376/2023

25.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5376/2023 25.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı Cavanşir (Məmmədov) Zaur Sabir oğlunun cavabdeh “X1” Cavabdeh MMC-yə qarşı “hərracın baş tutmamasına dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavanşir (Məmmədov) Zaur Sabir oğlu cavabdeh “X1” Cavabdeh MMC-yə qarşı “hərracın baş tutmamasına dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2758/2021 nömrəli icra vərəqəsi və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli 196829/2021-15 nömrəli sifarişi ilə borclu X5 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Seyid Şuşinski küçəsi 8 nömrəli evin 4 nömrəli mənzilinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş (hərracın iştirakçısı olmaması səbəbindən) hərracın baş tutmamasına dair “X1” Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 55/23 nömrəli yekun protokol etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2758/2021 nömrəli icra vərəqəsi və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli 196829/2021-15 nömrəli sifarişi ilə borclu X5 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Seyid Şuşinski küçəsi 8 nömrəli evin 4 nömrəli mənzilinin açıq hərracdan satılması üçün cavabdeh “X1” Cavabdeh MMC-yə göndərilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş protokoldan göründüyü kimi bir neçə dəfə hərrac təyin edilmiş, lakin hərracda iştirak edən olmadığı üçün hərrac baş tutmamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün 2020-ci ildən bu günədək Qarabağ bölgəsində hərbi xidmətdə olmuşdur. Cavabdeh tərəfindən təyin edilmiş hərraclar barədə ona hər hansı bir məlumat verilməmişdir. Onun pozulmuş hüquqlarının bərpa edilməsi üçün iddianın təmin edilməsini xahiş edir. İddiaçı və cavabdeh “X1” Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh “X1” Cavabdeh MMC xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müarciət edərək, iddia tələbinin rədd edilməsi və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri, icra işinin və hərrac materiallarını nəzərdən keçirib, cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2758/2021 nömrəli icra vərəqəsinə əsasən borclu X3 65.000 ABŞ dolları məbləğində (ödəniş icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) borc pul, ödənilmiş 30 manat dövlət rüsumu və 100 manat məhkəmə xərci tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə aktı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra təbdiri kimi göstərilmişdir. “İcra haqqında” Qanunun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. “İcra haqqında” Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya mülkiyyətində olan digər əmlaka yönəldilir. “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(008)-735/2021 nömrəli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2758/2021 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X4 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Seyid Şuşinski küçəsi 8 nömrəli evin 4 nömrəli mənzilinin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 8(103)-571/2021 saylı qərardadı ilə borclu X4 və X2 şikayəti rədd edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(008)-735/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli 196829/2021-15 nömrəli sifarişi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2758/2021 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X5 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Seyid Şuşinski küçəsi 8 nömrəli evin 4 nömrəli mənzilinin açıq hərracdan satılması üçün “X1” Cavabdeh MMC-yə sifariş göndərilmişdir. Hərracın keçirilməsinə dair sənədlərdən müəyyən edilir ki, hərracın keçirilməsinin yeri və vaxtı barədə olan bildirişlər tələbkar Cavanşir (Məmmədov) Zaur Sabir oğlunun rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvana göndərilmişdir. Lakin “köçüb” qeydi yazılmaqla bildirişlər geri qaytarılmışdır. Bildirişlər borclu X4 qeydiyyatda olduğu Sabunçu rayonu ünvan 2 ünvana da göndərilmiş, lakin “köçüb” qeydi yazılmaqla bildiriş geri qaytarılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi və “X1” Cavabdeh MMC özlərinin məlumat vermə imkanlarından istifadə edərək elektron informasiya sistemindən İddiaçı və X4 ünvanını dəqiqləşdirməmiş, onlara SMS bildirişi göndərməklə, hərracın keçirilməsinin vaxtı və yeri barədə əvvəlcədən məlumat verməmişlər. Hərracın keçirilməsi barədə tələbkara və borcluya rəsmi qaydada məlumat verilməsini təsdiq edən sənədlər mövcud deyildir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2758/2021 nömrəli icra vərəqəsi və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli 196829/2021-15 nömrəli sifarişi ilə borclu X5 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Seyid Şuşinski küçəsi 8 nömrəli evin 4 nömrəli mənzilinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş (hərracın iştirakçısı olmaması səbəbindən) hərracın baş tutmamasına dair “X1” Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 55/23 nömrəli yekun protokol tərtib edilmişdir. Bununla da, tələbkar İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün 2020-ci ildən bu günədək Qarabağ bölgəsində hərbi xidmətdə olmuşdur. “X1” Cavabdeh MMC tərəfindən təyin edilmiş hərracların yeri və vaxtı barədə tələbkara və borcluya hər hansı bir məlumat verilməmişdir. Tələbkar İddiaçı və borclu X4 hərracın keçirilməsində iştirakı təmin edilməmişdir. Nəticədə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)- 2758/2021 nömrəli icra vərəqəsi üzrə borcun ödənilməsi həyata keçirilməmişdir. “İcra haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Mülki Məcəllənin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2758/2021 nömrəli icra vərəqəsi və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli 196829/2021-15 nömrəli sifarişi ilə borclu X5 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Seyid Şuşinski küçəsi 8 nömrəli evin 4 nömrəli mənzilinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş (hərracın iştirakçısı olmaması səbəbindən) hərracın baş tutmamasına dair “X1” Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 55/23 nömrəli yekun protokol etibarsız hesab edilməlidir. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2758/2021 nömrəli icra vərəqəsi və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli 196829/2021-15 nömrəli sifarişi ilə borclu X5 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Seyid Şuşinski küçəsi 8 nömrəli evin 4 nömrəli mənzilinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş (hərracın iştirakçısı olmaması səbəbindən) hərracın baş tutmamasına dair “X1” Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 55/23 nömrəli yekun protokol etibarsız hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar