Məhkəmə qərarları › İş №2(004)-553/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-553/2021

06.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-553/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı, mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X9, X11 və “xxxx” MTK cəlb edilməklə “aktın etibarsız hesab edilməsi, icra sənədinin geriyə icrası və mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı, mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X9, X11 və “xxxx” MTK cəlb edilməklə “aktın etibarsız hesab edilməsi, icra sənədinin geriyə icrası və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə 29.09.2020 il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən 164,5 m2 qeyri-yaşayış sahələrinin X3 və X1 nümayəndəsi X7 təhvil verilməsində ifadə olunan hərəkətinin qanunsuz hesab edilməsi, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin üzərinə ünvan 1 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən sahəsi 164,5 m2 olan qeyriyaşayış sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi və Bakı Apelyasiya Məhkəməsinin 11.03.2014-cü il tarixli qətnaməsinin icrasına əsasən verilmiş icra sənədinin geriyə icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 02.10.2020-ci il tarixli, 2(004)-553/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı, mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X9, X11 və “xxxx” MTK cəlb edilməklə “aktın etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8478/2020 saylı, 19.11.2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5175/2020 saylı iş üzrə 02 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla, iddia ərizəsinin mümkünlüyü, o cümlədən iddianın ümumi yurisdiksiyalı məhkəməyə aid olub-olmadığı məsələsi ilə bağlı əsaslandırılmış qərardadın qəbulu üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahat verərək bildirir ki, 17.10.2006-ci il tarixli müqavilələr əsasında ünvan 2 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsidə yerləşən 140.5 kv.m və 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m sahədən ibarət qeyri yaşayış obyektləri fiziki şəxs X4 iddiaçı tərəfindən alınmışdır. Həmin müqavilə üzrə nəzərdə tutulmuş qeyri yaşayış sahələrinin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmiş və qeyri-yaşayış sahələri iddiaçıya təhvil verilmişdir. Həmin Müqavilələrin 2.1-ci bəndindən görünür ki, ümumi sahəsi 140.5 kv.m və 164.5 kv.m-dir, obyektlərin ümumi dəyəri tam ödənilmişdir. Müqaviləyə əsasən X12 tərəfindən qeyd olunan ünvanda yerləşən yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsidə yerləşən 140.5 kv.m və 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m sahədən ibarət qeyriyaşayış obyektləri iddiaçıya təhvil vermişdir. İddia ərizəsinə əlavə olunmuş müqavilələrdən və qeyri yaşayış obyektlərin dəyərinin tam ödənilməsinə dair ödəniş cədvəlindən görünür ki, həmin obyekt|ər iddiaçıya məxsusdur. Lakin bir müddət əvvəl, sonradan tanıdığı X11 ilə xxxx Hüseynov arasında mənzillərə dair mübahisə olduğunu eşitmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 11.03.2014-cü il tarixli qətnaməsinə görə iddiaçı X5 cavabdeh X8 qarşı Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 saylı ünvanında yerləşən 10 mərtəbəli binanın 2.5,7,6a, 16,19, 21,22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73 və 75 saylı mənzillərinin iddiaçıya təhvil verilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsi bir neçə dəfə icra olunmasa da sonradan Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən X5 qanunsuz təsir və təzyiqlərinə əməl edərək, iddiaçıya məxsus sözügedən qeyri yaşayış sahələri iddiaçı tərəfindən müvəqqəti olaraq istifadə edilmədiyi üçün vəziyyətdən sui istifadə etməklə icra sənədini icra etmək adı altında misli görünməmiş qanunsuzluğa yol verərək iddiaçıya məxsus qeyri-yaşayış sahəsini X3 və X1 nümayəndəsi X7 mənzil kimi təhvil verərək mülkiyyət iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. İcra məmuru iddiaçının qeyri-yaşayış sahəsindən başqa şəxsin də mənzilini X7 təhvil verməklə, qanunsuz icra hərəkətlərinə yol vermişdir. Qeyd oluanan qətnamənin icrasını təmin etmək məqsədi ilə Rüstəmova Veneraya təhvil verilməli olan vasayış sahələri əvəzinə iddiaçıya məxsus və iddiaçının mülkiyyəti hesab olunan 140.5 kv.m və 165.4 kv.m sahədən ibarət qeyri yaşayış obyektləri Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən Venera Rüstəmovaya təhvil verilmişdir. Hal-hazırda iddiaçıya məxsus əmlak qanunsuz istifadə olunur. İcra hərəkətlərindən xəbər tutan kimi dəfələrlə icra məmuruna və V. Rüstəmovadan obyektin iddiaçıya qaytarmasını tələb etsələr də nəticə olmamışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclsasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, nümayəndəsi və vəkilinin izahatını təsdiq edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Yasamal rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi Sahib Allahverdiyevin izahat verərək bildirmişdir ki, Bu icra işi ondan əvvəl də icrada olmuşdur. İddiaçıya hətta özü də bildirmişdir ki, onları məhkəməyə vermək hüququdur. Həmin icra işi dəfələrlə bir neçə dəfə icra olunmuşdur. Bir qətnamə üzrə 20 mənzilin verilməsi nəzərdə tutulmuşdur. 2014-cü ildə ilk dəfə icra olunmuşdur. Mənzillərin əksəriyyəti icra olunaraq təhvil verilmişdir. İlk icradan sonra dəfələrlə icra olunmuşdur, çünki icra məmuru gedib icra edəndən sonra, həmin sahələrdə dəyişikliklər edərək əlavə qapılar qoyurdular və digər dəyişikliklər edirdilər. Bu problemlərə görə o, özü təxmini on dəfə icra etmişdir. Onların orda mənzillərin sahəsini müəyyən etmək mexanizmi yoxdur, çünki həmin sahələrdə sənədlərdə yazılanla real vəziyyət arasında uyğunsuzluqlar çoxdur. Bir dəfə icra edəndən sonra yenidən icra olunmağı onlara yenidən müraciətin olunmağıdır və bu da qanunun tələbidir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X14 izahat verərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən üç bloklu, çoxmənzilli binanın 1-ci mərtəbəsinin, binanın həyətinə baxan hissəsində, hər blokda iki otaqdan ibarət, hər biri iki mənzil olmaqla ümümilikdə altı mənzil vardır. Binanın üçüncü blokunda tələbkara təhvil verilməli olan 2 nömrəli və ikinci blokunda 38 nömrəli mənzillər mövcuddur. Binanın arxa tərəfində avtomobil yol kənarına baxan hissəsində, 1-ci mərtəbədə ümumilikdə dörd qeyri-yaşayış sahələri vardır. Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən 11.03.2014-cü il tarixli qətnamənin icrası zamanı 2 və 38 nömrıli mənzillər və mənzillərlə birlikdə İddiaçı məxsus qeyri-yaşayış sahələrinin bir hissəsini tələbkara təhvil vermişdir. Məhkəmə qətnaməsinin icrası zamanı bizim iştirakı təmin olunmamışdır. Yuxarıdakılar binaya baxış zamanı təsdiqini tapmışdır. X12 ilə İddiaçı arasında bağlanmış 17 oktyabr 2006-cı il tarixli alğısatqı müqaviləsi əsasında ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, binasının 1-ci mərtəbəsində ümumi sahəsi 140.5 kv.m və 2-ci blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 164.5 kv metr olan qeyri-yaşayış obyektlərin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş, qeyri yaşayış sahələri İddiaçı təhvil verilmiş və onun istifadəsindədir. Cavabdeh Yasamal rayon İcra və Probasiya Şöbəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş, məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı X12 ilə payçı İddiaçı arasında bağlanmış 17.10.2006-cı il tarixli müqavilənin surətinə əsasən ünvan 4 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 140,5 m2 olan qeyriyaşayış obyekti izolə olunmuş pay kimi bir il altı ay müddətinə İddiaçı 140500 manat müqabilində verilmişdir. İş materiallarına əlavə edilmiş AR Ali Məhkəməsi mülki Kollegiyasının 04.04.2021ci il tarixli, 2(102)-2450/2021 saylı qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı tələb etdiyi ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin cavabdeh Venera Rüstəmova tərəfindən zəbt edilməsi, qanuni əsaslar olmasan tutması öz təsdiqini tapmır. Həmin sahələr ona Bakı Apellyasiya Məhkəməsinin 11.03.2014-cü il tarixli, 2(103)- 1868/2014 saylı qətnaməsinin icrası qaydasında təhvil verilmiş, icra məmurunun bu barədə olan hərəkətləri “İcra haqqında” AR Qanunun tələblərinə uyğun rəsmiləşdirilmişdir. İddiaçı ilk növbədə icra məmurunun həmin hərəkətlərinin və tərtib olunmuş sənədlərin məhkəmə qaydasında qanunsuz hesab edilməsinə nail olmalıdır. İş materiallarında olan ünvan 3 ünvanında yerləşən X10 məxsus çoxmərtəbli yaşayış evinin eskiz layihəsinin surətindən müəyyən olunur ki, həmin yaşayış binasının birinci mərtəbəsində yaşayış və qeyri yaşayış sahələrinin tikilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş 19.05.2015-ci il tarixli akta əsasən ünvan 3 ünvanında yerləşən 10 mərtəbəli binanın 2, 6a, 19, 26, 38, 53, 69, 25, 7 və 65 saylı mənzillər X7 təhvil verilmişdir. Akt Yasamal rayon İcra və Probasiya şöbəsinin rəis müavini Azər Paşayev, icra məmurları Pərviz Quliyev, İlyas Cəfərov, İsmayıl İsmayılov, iş üzrə tələbkarların nümayəndəsi X13 tərəfindən imza edilmişdir. Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 saylı ünvanında yerləşən binaya yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 saylı ünvanında yerləşən binanın köhnə qayda ilə 1-ci blok, yeni qayda ilə 3-cü blokunun 2 saylı mənzili girişdən dəhlizə açılır, solda 2 otaq yan-yana yerləşir və hər iki otaq eyni birləşik eyvana açılır. Dəhlizin sağ tərəfi isə bütöv divardır. Qapı isə yoxdur. Həmin binanın 2- ci blokun 38 saylı mənzili isə girişdən daxil olduqda koridordan, sol tərəfdə 1 otaq, baş tərəfdə isə 1 otaqdan ibarətdir. Hər iki otağın eyni eyvana çıxışı var. Dəhlizin sağ tərəfi isə bütöv divardır. Yol tərəfdən 1 və 2 saylı mənzillərin arxası bütöv böyük 1 otaqdan ibarətdir, və qeyri-yaşayış sahəsi görüntüsü yaradaraq şüşə divarlarla birbaşa yola açılır. 37 və 38 saylı mənzillərin arxası da eynilə qeyri-yaşayış sahəsi görüntüsü yaradaraq şüşə divarlarla birbaşa yola açılır və 1 uzunsov otaqdır, ortada arakəsmə var, ancaq qapı yoxdur. Ümumiyyətlə binanın yola baxan tərəfin 1-ci mərtəbəsində 4 qapı var, qeyri-yaşayış sahəsi görüntüsü yaradan şüşə divarlarla əhatə olunmuş 4 girişdən ibarətdir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ilə X12 arasında mənzilin alğı-satqısına dair müqavilə bağlamış, tərəflər müqavilə üzrə öhdəliyini yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmişdir. Daha sonra Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə X5 X8 qarşı mənzilin təhvil verilməsi barədə iddia tələbi təmin olunaraq ünvan 3 ünvanında yerləşən müəyyən mənzillərin-yaşayış sahələrinin X7 verilməsi qət edilmişdir. Lakin icra mərhələsində icra məmurunun səhvi nəticəsində X7 məhkəmə qətnaməsi ilə müəyyən edilmiş yaşayış sahələri ilə yanaşı İddiaçı məxsus qeyri-yaşayış sahəsi də təhvil verilmişdir. Hazırda iddiaçı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilərək onun tərəfindən X7 qanunsuz olaraq verilmiş və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsinin qətnamənin icrası zamanı icra məmuru tərəfindən səhvən tələbkarların nümayəndəsi olan X7 təhvil verilməsi yerində baxış zamanı və iş materialları ilə sübut olunduğundan iddia icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və əmlakın iddiaçıya təhvil verilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. AR Mülki Məcəlləsinin 15.12.2017-ci il tarixli dəyişikliyə qədər qüvvədə olan 178.8ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən 164,5 m2 qeyri-yaşayış sahələrinin X3 və X1 nümayəndəsi X7 təhvil verilməsində ifadə olunan hərəkət qanunsuz hesab edilməli, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin üzərinə ünvan 1 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən sahəsi 164,5 m2 olan qeyri-yaşayış sahələri boşaldılaraq İddiaçı təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən 164,5 m2 qeyri-yaşayış sahələrinin X3 və X1 nümayəndəsi X7 təhvil verilməsində ifadə olunan hərəkət qanunsuz hesab edilsin. Yasamal Rayon İcra və Probasiya Şöbəsinin üzərinə ünvan 1 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən sahəsi 164,5 m2 olan qeyri-yaşayış sahələri boşaldılaraq İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar