Məhkəmə qərarları › İş №2(004)-5634/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5634/2021

27.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5634/2021 27.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdeh “Ana Vətən” Partiyasına qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “Ana Vətən” Partiyasına qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 25.08.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, onun “Ana Vətən” Partiyasından xaric edilməsi barədə “Ana Vətən” X2 Təftiş Komissiyasının 10.06.2021-ci il tarixli 1 saylı protokolunun etibarsız hesab edilməsi və günahkar şəxslərin məhkəmə qaydasında ondan üzr istəmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, “AZEMİS”-dən 25.08.2021-ci il tarixdə çıxarılmış vergi ödəyicilərinin məlumatından müəyyən edilir ki, cavabdeh “Ana Vətən” Partiyası (VÖEN **********) - hüquqi şəxs kimi - AZ1033, ünvan 1 ünvanda 24.05.2005-ci il tarixdə uçota alınmışdır. Göründüyü kimi, İddiaçı hazırkı iddia ərizəsini aidiyyət qaydalarını pozmaqla verdiyinə görə, iddia ərizəsi ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, aidiyyatı üzrə cavabdehin hüquqi ünvanı üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31, 35, 114.1.3, 152, 152.1.3, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “Ana Vətən” Partiyasına qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. "xxxx" ASC K0138012 nömrəli terminalı vasitəsilə 18.08.2021-ci il tarixli 25691 nömrəli mədaxil qəbzinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 20,00 (iyirmi) manat pul X1 tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar