Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-567/2021 30.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında dəyişdirilmiş ara divarların və su, qar, kanalizasiya borcularının cavabdeh tərəfindən əvvəlki vəziyyətinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1990-cı il tarixdən ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtədəsində 102 saylı mənzildə yaşayır. 2019-cu il matrt-aprel aylarından başlayaraq divar qonşusu, 1-ci blok, mənzil 89-da yaşayan Cavabdeh tərəfindən onun mülkiyyətində olan mənzildə ara divarları və kommunikasiyaların keçdiyi yerləri dağıdaraq mənzil daxili (rekonstruksiya) yerdəyişmə işləri aparılmışdır. Aparılan qeyri-qanuni rekonstruksiya işləri nəticəsində yaşadıqları mənzildə уaranmış səslərdən adi yaşayış ritmləri dəyişmişdir. Dözülməz vəziyyət yaranmışdır. Dəfələrlə cavabdehə iradını bildirmişdir ki, söküb dağıtdığı ara divarını, su, qaz xəttinin rekonstruksiyadan əvvəlki vəziyyətini bərpa etsin. Bu iradalarına cavab olaraq cavabdeh onu hədələyərək susmasını və bu qanunsuzluğa etiraz etməməsini və əks təqdir onun başını üzəcəyini bildirmişdir. Ona qarşı olan hədələr barədə Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin 25.08.2020-ci il tarixli cavab məktubunda yazdığı ərizənin araşdırıldığını və mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bundan sonra o, 17.09.2020-ci il tarixdə cavabdeh tərəfindən aparılmış qeyriqanuni rekonstruksiya işləri barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq müraciətinin baxılması üçün Yasamal Rayoa İcra Hakimiyyətinə göndərildiyi qeyd olunmuşdur. Həmçinin Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilin Aparatına etdiyi müraciət baxılması üçün Yasamal Rayon Prokurorluğuna göndəriimişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mülki işin gedişatı zamanı cavadbeh tərəfindən yaranmış səsin aradan qaldırılması istiqamətində müəyyən işlər görülsə də, hazırda cavadbehin mənzilində olan paltaryuyanın səsi onun mənzilinə kimi gəlir. Hesab edir ki, həmin səsi də, aradan qaldırılacağı təqdirdə iddiasından imtina edə bilər. Lakin hazırki halda bildirdiyi qüsurlar aradan qaldırılmadığı üçün iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 iddia tələbinə etiraz edərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, o, iddiaçı ilə 30 ildən qonşudur. Onlar öz aralarında bu məsələni həll edə bilərlər. Mülki iş məhkəmədə olan zaman o, evində iddiaçını narahat olmaması üçün müvafiq işlər görmüşdür. Hazırda iddiaçını paltaryuyan maşınının səsi narahat edirsə onu da çıxardıb başqa otağda yerləşdirə bilər. Lakin bildirir ki, onların binası köhnə tikilidir və arakəsmələr gipsalitdəndir. O, hətta iddiaçı özü də, evini təmir edərkən mövcud divardan əlavə hər iki tərəfdən kərpic divarla hörmüşlər. Əslində iddiaçının guya onun evinə səs getməsi inandırıcı deyil. Lakin hətta belə olsa bu onu günahı deyil. Digər qonşulardan ona da səs gəlir. Ancaq neynəmək olar ki binaları belə tikilmişdir. İddiaçı əslində onlarla başqa şeylərin prinsipini aparır. İddiaçının tələbi tamami ilə əsasızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 15 ünvanında yerləşən 102 saylı mənzil İddiaçı, həmin ünvanda yerləşən digər 89 saylı mənzil isə Cavabdeh xüsusi mülkiyyət hüququ üzrə məxsusdur. İddiaçı Cavabdeh qarşı mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında dəyişdirilmiş ara divarların və su, qar, kanalizasiya borcularının cavabdeh tərəfindən əvvəlki vəziyyətinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını, cavabdeh isə iddiaya etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin 10/5078 saylı, 29.10.2021-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 15 ünvanında yerləşən (Yeni qaydalarla: AZ 1100, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 41, M1, m3) 89 saylı mənzildə konstruktiv dəyişikliklər edilərək ilkin sənədlərdə yaşayış otağı kimi göstərilən otağın faktiki mətbəx kimi istifadə olunması, bununla əlaqədar olaraq, 89 saylı mənzilin su, qaz və kanalizasiya borularında dəyişiklik edildiyi müəyyən olunmuşdur. Mülki iş materiallarında olan sənədlərdə, mənzillər arasında olan ortaq divarların (istinad) ölçüləri qeyd edilmədiyindən, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 15 ünvanında yerləşən (Yeni qaydalarla: AZ 1100, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 41, M1, m3) 89 saylı mənzilin istinad divarlarının həcminin (qalınlığının) azaldılıb-azaldılmamasını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 15 ünvanında yerləşən 89 saylı mənzildə dəyişikliklər edilmişdir. Lakin həmin dəyişikliklərin (yaşayış otağının mətbəx kimi istifadə olunması) tikinti normalarına zidd olmadığı müəyyən edilmişdir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfindən onun hüquqlarını pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi cavabdehə məxsus mənzildə ara divarların, su, qaz və kanalizasiya borcularının yerinin dəyişdirilməsini bildirsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmiş, ümumiyyətlə iddiaçı, cavabdehə məxsus mənzildə aparılmış dəyişiklərin onun maraqlarına hansı forma toxunmasını əsaslandıra bilməmişdir. Bunun əksi olaraq ekspert rəyinə əsasən cavabdehə məxsus mənzildə aparılmış dəyişikliklərin tikinti normalarına zidd olmaması və həmin dəyişikliyin iddiaçının mənafeinə (maraqlarına) toxunmaması müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, hazırki rəy ilk iddianın əsaslı olmasının təsdiqi kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəm iddia tələbini təmin etməyərkən həm də, iddiaçının cavabdehə qarşı tələblərinin qonşuluq hüquq münasibətlərindən irəli gəlməsini də, nəzərə alır. Qeyd edilən münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Məhkəmənin qənaətinə görə, hazırki iddia tələbinin təmin edilməsi cavabdehin öz mülkiyyətindən maneəsiz istifadə etməsi kimi Konstitusion hüququnu məhdudlaşdırmış olardı. Məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-567/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-567/2021
30.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver