Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5673/2021 14.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı qiymətləndirmənin nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus «Temsa Safari SD Avtobus» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, Şabran rayonu, Dəvəçi kəndi və Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 8 ədəd ümumi sahəsi 2,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Cavabdeh MMC tərəfindən qiymətləndirilməsi barədə 30.07.2021-ci il tarixli QXM-3101 saylı qiymətləndirmə hesabatlarının (qiymətləndirmənin nəticələri barədə hesabatın) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Nərimanov rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(005)- 1987/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdeh X2 qarşı «borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməklə, iddiaçıdan X1 xeyrinə 123 100 ABŞ dolları tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli 2(103)11129\2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(005)-1987/2019 saylı Qətnaməsi dəyişdirilmiş, iddiaçıdan 113 100 ABŞ dolları və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsümunun əvəzi olaraq 30 (otuz)manat məbləğində pul vəsaitinin tutularaq X2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(105)- 78/2021 saylı, 05.04.2021-ci il tarixli qərarı ilə qətnamənin icrasının təmin edilməsi məqsədi ilə iddiaçıya məxsus avtobus və 8 ədəd torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Məhkəmə qərarının icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 16.06.2021-ci il tarixli qərarı və 406/2021-ci il tarixli müraciətinə əsasən iddiaçıya məxsus «Temsa Safari SD Avtobus» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, habelə iddiaçıya məxsus olan Şabran rayonu, Dəvəçi kəndi və Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 8 ədəd ümumi sahəsi 2,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qiymətləndirilməsi cavabdehə həvalə edilmişdir. Cavabdeh tərəfindən hazırlanmış qiymətləndirmənin nəticələri barədə hesabatı (rəyi) ilə «Temsa Safari SD Avtobus» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 30.07.2021-ci il tarixə bazar qiyməti 40 000 manat, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 16 000 manat, 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 000 manat, 0,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1200 manat, 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2 400 manat, 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 7 800 manat, 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 7600 manat, 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 600 manat və Şabran rayonu, Dəvəçi kəndində 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3 000 manat miqdarında müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən nə «Temsa Safari SD Avtobus» markalı nəqliyyat vasitəsi nə də ki, qeyd olunan 8 ədəd torpaq sahəsi düzgün qiymətləndirilməmiş, qoyulmuş qiymət əsassız olmuş və real bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, qiymətləndirmə obyekti olan «Temsa Safari SD Avtobus» markalı nəqliyyat vasitəsinin texniki sənədlərindən göründüyü kimi, nəqliyyat vasitəsinin buraxılış(istehsal)ili 2010-cu il olmaqla, kifayət qədər yenidir. Həmçinin avtonəqliyyat vasitəsinin texniki vəziyyəti də tam saz vəziyyətdə olmaqla, istismara tam yararlı və görünüşcə yenidən demək olar ki, fərqlənmir. Hətta cavabdeh qiymətləndirici tərəfindən avtonəqliyyat vasitəsinin texniki qeydiyyat sənədlərinə belə istinad edilməmiş, onun istismar vəziyyəti qiymətləndirilməmişdir. İddiaçının müraciəti əsasında, ona məxsus yuxarıda bəhs olunan «Temsa Safari SD Avtobus» markalı nəqliyyat vasitəsinin qiymətləndirilməsini “X3” MMC tərəfindən də qiymətləndirmə həyata keçirilmiş və ona 80 000 manat müəyyən edilmişdir. Bundan əlavə, ölkəmizdə avtonəqliyyat vastələrinin satışı ilə bağlı hamının tanıdığı, populyar “Turbo.az” saytında olan məlumatlardan göründüyü kimi (https://turbo.az/autos/5285719-man-temsa ), “MAN” markalı, 2008-ci buraxılış ili olan “Temsa” modelli safari avtobusunun satış qiyməti (bazar qiyməti) 200 000 (iki yüz min) AZN müəyyən edilmişdir. Bundan başqa, CavabdehMMC tərəfindən iddiaçıya məxsus 8 ədəd torpaq sahəsinin də qiymətləndirilməsi ilə, “X3” MMC-nin qiymətləndirilməsi arasında ikiqat fərq vardır. Yuxarıda göstərilənlər təsdiq edir ki, CavabdehMMC tərəfindən verilmiş qiymətləndirmənin nəticələri haqqında hesabat tamamilə əsassız və qərəzli olmaqla, hüquqlarını təmsil etdiyi şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına yönəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh və cavabdehin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4 və Xaçmaz rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanununun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Beləliklə iddia ərizəsindən görünür ki, iddiaçı iddiasının əsaslarından biri kimi ona məxsus avtobusun kifayət qədər yeni olmasını, texniki vəziyətinə görə tam saz olmaqla, istismara tam yararlı olmasını və görünüşünə görə yeni avtobusdan demək olar ki, fərqlənməməsini göstərmişdir. Lakin həmin avtobusun qiymətləndirici tərəfindən çəkilmiş fotoşəkillərindən belə görünür ki, avtobus çox istismar olunması nəticəsində çox köhnə vəziyyətdədir. Belə ki, təkərləri köhnə, çöl dəmirləri karroziyaya ugramış, salonu çox köhnə vəziyyətdədir, qiymətləndirici tərəfindən aparılmış qeydiyyata əsasən də əsaslı təmirə ehtiyacı vardır. Bu hal da bir daha avtobusun fotoşəkilləri ilə təsdiq edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş rəy obyektiv olmuşdur və etibarsızlığı üçün əsaslar yoxdur, yenidən ekspert qiymətləndirilməsinə zərurət yoxdur. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki iddia Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinin icrasına maneçilik törədilməsi məqsədi ilə süni olaraq qaldırılmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. -ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5673/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5673/2021
14.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver