Məhkəmə qərarları › İş №2(004)-58/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-58/2025

07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-58/2025 07.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: pul) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 2635 manat maddi, 7300 manat mənəvi, ümumilikdə 9935 manat maddi və mənəvi ziyanın, əldən çıxmış faydanın tam ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus Ford Transit markalı **-MN-*** dövlət qeydiyyat nişanlı maşınının 2023-cü ilin iyun ayında qara tüstü verdiyi üçün yaranmış nasazlığın aradan qaldırılması üçün Ford servisə müraciət etdi və orada ona problemin yanacaq nasosu və forsunkalarla bağlı olduğunu bildirib nasos maşınından ayırıb aidiyyatı servisdə təmir edilmədiyi üçün ona verdilər. O, yanacaq nasosunu Xırdalan şəhəri ərazisində yerləşən (faktiki ünvanı: Abşeron rayonu, Xırdalan şəhəri Bakı Quba şossesi Xırdalan şəhər y.y. sahəsi kənd) olan özlərini X8 (dünyada məşhur olan Bosh şirkətinin loqotipi ilə reklam edərək özünü onların Azərbaycandakı nümayəndəsi kimi təqdim edən) Cavabdeh aid olan servisə gətirdi. Orada Cavabdeh işçisi Əli adlı şəxs özünü bu sahədə ixtisaslaşmış usta kimi ona təqdim edərək 185 manat məbləği qarşılığında yanacaq nasosunu tam təmir edərək ona verəcəklərini dedi və o, ödənişi etdi. Ertəsi gün ona nasosu təmir olunduğunu zəng edib dedilər. O həmin gün gəlib 185 manat kassaya ödəyərək nasosu götürdü. Sonra nasosu Ford servisə aparıb maşınına quraşdırtdı. Nasos maşınına quraşdırıldıqdan bir gün sonra maşını sürdüyü zaman yolun ortasında maşın qəfildən ağ tüstü verərək xarab oldu. O, maşını evakuator vasitəsi ilə Ford servisə apardı və orada məlum oldu ki, Bosch servisin təmir etdiyi nasosun düzgün işləməməsi səbəbindən nasos maşının mühərrikinə yanacağı ötürüb və mühərrikin xarab olmasına gətirib çıxarmışdır. O bu barədə Cavabdeh zəng edib məlumat verdi və iradını bildirdi. Onlar aydınlıq gətirilməsi üçün nassu sökdürüb onlara yenidən gətirməsini istədilər. O, nasosu təkrar sökdürüb Cavabdeh gətirdi. Əli usta ilk dəfədir belə halla rastlaşdığını yəqin ki nasosun korpusunda problem olub və diqqtsizlikdən görmədiklərini ona bildirdi Problemin aradan qaldırılması üçün yeni korpus lazım olduğunu bildirdi və buna görə əlavə olaraq 100 manat ödəməli olacağını ona dedi. Ona bildirdi ki, 185 manat alaraq təmir etdikləri nasosun yanacağı mühərrikə ötürməsinə görə mühərrikdə nasazlığa səbəb olub. Əli usta israrla ona dedi ki, bu dəfə nasosu düzəldək apar qoy üstünə problem aradan qalxacaq. Onun Bosch şirkətinin rəsmi servisin nümayəndəsi və işinin peşəkarı olduğuna inandığı üçün onunla razılaşdı. Ertəsi gün ona zəng edərək nasosu tam təmir etdiklərini və yaranmış nasazlığı aradan qaldırdıqlarını bildirdilər. O, Cavabdeh yaxınlaşıbyenidən 100 manat ödəyərək təkrar təmir etdikləri nasosu onlardan götürüb Ford servisə maşınına quraşdırılması üçün apardı. Nasosu yenidən maşınının üzərinə qoydurdu maşını işə saldıqda yenə də eyni problemin olduğunu ona bildirdilər. Servisin təkrar təmir etdiyi nasosun yenə də düzgün işləməməsi səbəbindən nasos maşının mühərrikinə yanacğı ötürdüyü məlum oldu. Və o, yenidən nasosu sökdürüb Bosch servisə 3-cü dəfə apardı bu dəfə də Əli usta ona nasosun içində yəqin ki valı əyri əyri olduğunu deyib valı da dəyişməli olacağını bildirdi. Bu dəfə də valı dəyişib ona verdilər. O, yanacaq nasosunu təkrar gətirib Ford servisdə maşını quraşdırtdı və bu dəfə nəhayət ki, nasosun yanacağı mühərrikə vermədiyini gördülər. Lakin Cavabdeh ustası Əli ilk dəfədən nasosu düzgün təmir etmədiyi üçün maşının mühərriki yararsız hala düşmüşdü. Qeyd olunduğu kimi usta maşını yalnız üçüncü dəfədən sonra düzgün təmir edib bu səbəbdən də ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuş oldular. Onun iş fəaliyyəti birbaşa maşınla bağlı olduğu üçün gündəlik və ümumi gəlir mənbəyindən məhrum olmuşdur. Ailəsinin və şəxsi maddi ehtiyaclrını qarşılaya bilmədiyi üçün mənəvi sarsıntı, iztirab keçirdir və bu da onun şüuruna təsir göstərdiyi üçün mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. X6 və işçisi Əli usta ümumilikdə ona 9935 manat maddi və mənəvi ziyan vurublar. 185 manat – nasosun yığılmasına, 100 manat təkrar korpus aldırıblar yığmağa, 40 manat evakuator, 210 3 dəfə yağ dəyişdirilib, 3 dəfə nasosu sökdürüb təkrar maşına qoydurmuşdur, 1400 manat yeni mühərrik almalıdır, 400 manat mühərriki maşına quraşdırılması üçün servisə ödəməlidir, 7300 manat mənəvi ziyan. O, Cavabdeh işçisi Əli ustaya ona dəymiş ziyanı, yəni nasosu düzgün təmir etmədiklərinə görə mühərrikin yararsız hala düşməsinə görə bərpasına köməklik göstərmələrini xahiş etdikdə dəymiş ziyanı ödəməyəcəklərini bildirdi və get əlindən nə gəlirsə, et dedi.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərfindən nasos onlara təqdim olunmamışdan əvvəl digər servisdə sökülmüş və dəyişmiş vəziyyətdə onlara təqdim olunmuşdur. İlk dəfə olaraq iddiaçı ilə 185 manat dəyərində nasosun tərəflərindən təmir olunması ilə bağlı razılıq əldə olunmuşdur. Təmir edildikdən sonra nasos dəzgaha qoyulur və yoxlanılır. Tərəflərindən hər dəfə nasos yoxlanılıb təmir edilmişdir. Birmənalı olaraq bildirmək istəyir ki, nasosda baş vermiş nöqsan onların təqsirlərinə görə olmamışdır. 2-ci dəfə iddiaçı müraciət etdikdə tərəflərindən müəyyən olunmuşdur ki, yanacağın matorun yağına qarışması onların təqsiri üzündən olmayıb. Nasosun bir dəfə korpusun, sonda isə valın dəyişmişlər.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etmədiyini bildirmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini bildirmişdir.

7. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirmişdir ki, iddiaçı onların servisinə avtomobili xarab olduğu üçün yaxınlaşmışdı. Onlar da avtomobili söküb baxmışlar. Avtomobilin nasosunda problem olduğunu müəyyən etmişlər. Onlar nasosla bağlı işlərə görə xidmət etmirlər. İddiaçıya başqa yerdə düzəltdirməsini demiş və nasosu ona təhvil vermişlər. İddiaçı avtomobilin nasosunu təmir etdikdən sonra onlara gətirmiş və ustalar həmin nasosu avtomobilə quraşdırmışlar. Bir neçə gündən sonra iddiaçı təkrarən onlara yaxınlaşmış və ikinci dəfə də avtomobilin nasosunda problem olduğunu müəyyən etmiş və nasosu yenidən iddiaçıya təmir etdirməsi üçün təqdim etmişlər. İkinci dəfə də nasosu avtomobilə quraşdırdıqdan sonra avtomobilin mühərrikində problem yaranmış və yanacaq yağla qarışmışdır. Onlar görülən işə görə iddiaçıdan 70 manat pul almışlar.

İİİ. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə icasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, o, maşını təmir edən ustadır. Nasos sökülü halda onlara gətirildiyi üçün nasosda yaranan problemin nə olduğunu əvvəlcədən bilmirlər. Tərəflərindən nasosun təmir takımı dəyişildi və nasos dəzgaha qoyularaq yoxlanıldı. Yoxlama nəticəsində nasosda heç bir nöqsan olmadığı müəyyənləşdirildi və nasos iddiaçıya qaytarıldı. 2-ci dəfə iddiaçı müraciət etdikdə, aşkarlandı ki, yanacaq matorda olan yağla qarışıb. Bu nasazllığı da aradan qaldırdılar. Yanacaq nasosunun yağa qarışmasının səbəbi çox olur. Onlar nasosun gövdəsindən şübhələndilər və onun gövdəsini dəyişdirdilər. 3-4 gündən sonra iddiaçı yenidən həmin problemi olduğunu bildirdi. Onlar da təmənnasız olaraq nasosda olan valı dəyişdilər və iddiaçıya düzəldilmiş vəziyyətdə təqdim etdilər. Dəzgahdan yoxlanıldıqdan sonra nasosun işləməməsinin səbəbi səhv quraşdırılma ola bilər. Onlar özlərindən nasosa hər hansı bir detal və yaxud əlavə quraşdırılma etməmişlər. Nasazlığı aradan qaldırdıqdan sonra dəzgahda yoxlamış, təmirli vəziyətdə iddiaçıya təqdim etmişlər. 2-ci dəfə nasosun gövdəsini dəyişmişlər. İddiaçı onlara ümumilikdə 282 manat ödəniş edib.

10. Məhkəmə icasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, ilk dəfə onların yanına gətiriləndə avtomobilin nasosunda problem olmuş, o, nasosu sökdükdən sonra iddiaçıya təqdim etmiş, iddiaçı özü nasosu düzəltdirib gətirmiş və o da nasosu avtomobilə quraşdırmışdır. Təxminən 5-10 gün sonra maşının nasosundan motoruna yanacaq axdığı üçün tüstü verməyə başlamış və iddiaçı həmin maşını yenidən onun yanına gətirmiş və o yenidən nasosu söküb yenidən yığılması üçün iddiaçıya vermişdir. Maşın ikinci dəfə gətirilərkən evakuatorla gətirilmişdir. İddiaçı nasosu düzəltdirib gətirdikdən sonra avtomobilə quraşdırmış və maşını işə saldıqda avtomobilin motorunda problem olduğunu görmüşdür. Hal-hazırda avtomobilin nasosunda yox, motorunda problem var. Nasos ilk dəfə təmir olunandan sonra iddiaçının sürməsindən və s. digər səbəblərdən sıradan çıxa bilməzdi. Nasosun öz içində problemi ola bilər. İlk dəfə avtomobil onun yanına gətiriləndə motorunda problem olmamışdır. Avtomobil onlarda olduğu müddətdə 2 dəfə yağını dəyişmişdir, lakin yağı iddiaçı özü alıb ona gətirmişdir. Nasosu dəyişməyə görə iddiaçıdan 70 manat pul almışdır. Maşının matorunu isə ümumiyyətlə sökməyib.

11. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

12. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

15. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

16. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

17. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

18. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

19. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

22. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

23. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.

24. İş üzrə bir neçə dəfə ekspertiza təyin olunsa da, ekspertizalaer üzrə rəy verilməsindən imtina olunmuş özəl qiymətləndirici isə qiymətləndirmə işinin dəyərinin ödənilməsindən tərəflər imtina etdiyindən keçirilməsi mümkün olmamışdır.

25. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

26. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

27. İddiaçı avtomobilində yaranmış nasazlığın cavabdehin hərəkəti ilə bağlı olduğunu bildirsə də, avtomobilə dəymiş zərərin məhz cavabdehin hərəkəti ilə bağlı olmasını sübut edə bilməmişdir.

28. Cavabdeh məhkəmə iclasında nasosun yığılması və təkrar korpusun alınıb yığılmasına görə 185 manat və 100 manat olmaqla, ümumilikdə 285 manat məbləğində pul aldığını bildirsə də, nasosun onlara təqdim edildiyi zaman sökülü vəziyyətdə olduğunu bildirərək nasosda qüsurun onlar tərəfindən yaranmadığını bildirmişdir.

29. Bundan başqa iddiaçı iddia ərizəsində 40 manat evakuator, 210 manat 3 dəfə yağ dəyişdirilməsinə, 300 manat 3 dəfə nasosun söküb təkrar maşına qoydurmasına, 1400 manat yeni mühərrik alınmasına, 400 manat isə mühərriki maşına quraşdırılması üçün servisə ödənilməsinə pul xərcləyəcəyini bildirsə də, lakin həmin halı təsdiq edən sübutları təqdim edə bilməmişdir.

30. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş “Xalqlar” Ford Servisə tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli qaimə fakturaya əsasən 2125 manat, Qoşqar tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli qaimə fakturaya əsasən 2218 manat xərc müəyyən edilmişdir.

31. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş həmin qaimə-fakturalarla bağlı bildirir ki, həmin qaimə fakturalardan “Xalqlar” Ford Servisə təqdim olunmuş qaimə-faktura ümumiyyətlə imzalanmamış, digər xx.xx.2024-cü il tarixli ******* nömrəli qaimənin isə kimə təqdim edilməsi bəlli deyil.

32. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin qaimə-fakturalar hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz.

33. İddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə avtomobilə baxış keçirmiş ustanı şahid qismində təqdim etmişdir.

34. Həmin şahid ifadəsi ilə bağlı məhkəmə hesab edir ki, heç bir yazılı sübutlar olmadığı halda iş üzrə dindirilmiş və həmin işin nəticəsində bilavasitə maraqlı olan şəxsin ifadəsi avtomobildə yaranmış qüsurun məhz cavabdehin hərəkətləri nəticəsində yaranmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

35. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

37. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.

38. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

39. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

40. Həmçinin iddiaçı mənəvi zərərin əvəzi olaraq 7300 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmadığı üçün təmin edilməməlidir.

41. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”

42. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.

44. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

45. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

V Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar