Məhkəmə qərarları › İş №2(004)-5853/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5853/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5853/2021 02.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 03.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 05.03.2015-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X6 ölümünə görə 5000 (beş min) manat, X1 xəsarət almasına görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişi və 30,40 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, 05.03.2015-cı il tarixdə cavabdeh X7 tərəfindən idarə edilən QAZ- 2752-104 markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törədərək piyadaları vurmuşdur və nəticədə X12 vəfat etmiş, X8 isə az ağır dərəcəli xəsarət almışdır. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən baş vermiş yol nəqliyyat hadisəsində vəfat etmiş X9 ölümünə görə 5000 manat, X1 az ağır dərəcəli xəsarət almasına görə 1500 manat, cəmi 6500 manat sığorta ödənişi həyata keçirilmişdir. Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli, 1(012)-193/2015-ci il tarixli hökmü ilə cavabdeh X7 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı cavabdeh X7 hadisə yerindən yayındığı üçün iddiaçının İcbari sığorta Haqqında Qanuna əsasən cavabdehə qarşı ödənilmiş sığorta məbləği həcmində subroqasiya hüququ yaranmışdır. Həmçinin suala cavab olraq bildirir ki, zərərçəkmişlərə ödənişin məbləği İcbari Sığortalar haqqında qanunun 14-cü maddəsinə uyğun hesablanır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 izahat verərək əvvəlki məhkəmə iclasında iştirak etmiş nümayəndənin izahatını təsdiq etdiyini bildirir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddiaçı borcu barədə ona heç vaxt məlumat verməmişdir. Onun ittiham hökmümdə də borcu olduğu qeyd olunmamışdır. O, cəzasını çəkmişdir. Cəza çəkməzdən əvvəl işi və hər bir şəraiti var idi. Hazırda işləmir. O, hadisəni iş avtomobili ilə törətmişdir. Hazırki vəziyyətdə acınacaqlı durumda yaşayır. Ailəsi ondan imtina etmişdir. Evi yoxdur. 2-ci qrup ömürlük əlildir. Borcu tələb etmək sığorta şirkətinin hüququ olsa da, borc məbləğindən asılı olmayaraq o borcu ödəmək gücündə deyil. İddiaçı hazırki iddia tələbi ilə iddia aldırmaq üçün gecikmişdir. Cəzaçəkmə müəssisəsində bu tipli borcu olan cəzaçəkənlər məcburi əməyə cəlb olunaraq borclarının ödənilməsi təmin olunur. Əgər iddiaçı o, cəzaçəkmə müəssində olanda hazırki tələblə bağlı müraciət etsə idi, o, cəza çəkdiyi müddətdə borcunu ödəyib qurtarmışdı. Hazırda isə onun heç cürə imkanı yoxdur. O, iddiaçının ofisinə yaxınlaşmış, məsul əməkdaşlarla danışıq aparmış və əməkdaşlar ona kömək edəcəklərini bildirmişdir. Buna baxmyaraq iddiaçı ondan israrla pul tələb edir. Belə etməklə iddiaçı onu intihara sövq edir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarında olan Abşeron rayon Məhkəməsinin 13.10.2015-ci il tarixli, 1(012)-193/2015 saylı hökmünə əsasən Cavabdeh 05.03.2015-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı X6 ölümünə və X1 xəsarət almasına görə AR CM-in 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan 08.06.2015-ci il tarixli, 017461 №-li sığorta aktına əsasən 05.03.2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X6 ölümünə görə maddi ziyan üzrə sığorta ödənişi 5000 manat təşkil edir. İş materiallarında olan 04.06.2015-ci il tarixli, 017363 №-li sığorta aktına əsasən 05.03.2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 xəsarət almasına görə maddi ziyan üzrə sığorta ödənişi 1500 manat təşkil edir. İş materiallarında olan AB serilalı, 540726 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “QAZ-2752-104” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. İş materiallarında olan 26.11.2014-cü il tarixli etibarnamənin surətinə əsasən X11 tərəfindən “QAZ-2752-104” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması üçün 08.08.2019-cu il tarixədək Cavabdeh səlahiyyət verilmişdir. İş materiallarında olan BDYPİ-nin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən verilmiş 15 nömrəli arayışa əsasən əsasən “QAZ-2752-104” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətində olsa da 05.03.2015-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh tərəfindən etibarnamə ilə idarə edilmişdir. Yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. İş materiallarında olan sığorta müqavilələinin mövcudluğunun yoxlanılması barədə çıxarışa əsasən “QAZ-2752-104” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 30.10.2014-cü il tarixdən 29.10.2015-ci il tarixədək İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta müqaviləsi mövcud olmuşdır. İş materiallarında olan 16.06.2015-ci il tarixli ödəniş tapşırığına əsasən 5000 manat X4 ödənilmişdir. İş materiallarında olan 09.06.2015-ci il tarixli ödəniş tapşırığına əsasən 1500 manat X5 ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman “QAZ-2752-104” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətində olsa da Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində X6 ölümünə görə 5000 manat, X1 xəsarət almasına görə 1500 manat sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçəkmişə və vəfat edən şəxsin ailəsinə ödənilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması, şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi və şəxsin ölümü bu Qanunun məqsədləri üçün fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. Həmin qanunun 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi 100 faiz və əlillik və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması 30 faizi məbləğində ödənilir. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə cavabdehin ərizədə qeyd etdiyi iddia müddətinin ötürülməsi ilə bağlı qeyd edir ki, iddiaçı qanunvericinin tələbinə uyğun olaraq müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Belə ki, hazırki tələb üzrə 10 illik müddət keçməmişdir. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Mülki Məcəllənin 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Mülki Məcəllənin 888.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülkihüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh X6 ölümünə görə 5000 (beş min) manat, X1 xəsarət almasına görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X6 ölümünə görə 5000 (beş min) manat, X1 xəsarət almasına görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar