Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-586/2023 04.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı Balahəsən oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, cavabdehlərin vəkili Vəkil iştirakları ilə, İddiaçı Balahəsən oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Balahəsən oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun istifadəsində olan ünvan 1, 2 saylı evin 0,01715 ha ölçüdə olan həyətyanı torpaq sahəsinə qanunsuz müdaxilələrinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 saylı evin 0,01715 ha ölçüdə olan həyətyanı torpaq sahəsi qanuni əsaslarla, yəni Yasamal Rayon Məhkəməsinin 2(004)-2067/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən iddiaçının istifadəsində olduğu halda, həmin torpaq sahəsinə dair hüquqlarına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz müdaxilələr edilir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsinə dair hər hansı hüquqları yoxdur. Buna baxmayaraq onlar iddiaçının istifadəsində olan torpaq sahəsində qoyduğu gül dibçəklərini qırağa çəkib boş su qabları qoyur, hətta istfıadəsində olan torpaq sahəsində təmizlik işləri apararkən cavabdehlər bildirirlər ki, onların pəncərəsinə yaxın sahəni təmizləməsin, həyətdə olan gül, ağac və dibçəklərə su tökməsin. Bundan başqa cavabdehlər həyətyanı torpaq sahəsinə daimi olaraq daxil olurlar. O, cavabdelərdən qanunsuz müdaxilələrinə son qoyulmasını tələb etsə də, nəticəsi olmamışdır. Buna görə də şikayət ərizəsi ilə Yasamal rayon Polis İdarəsinə müraciət etmiş, lakin Yasamal rayon Polis İdarəsi tərəfindən ona bildirilmişdir ki, göstərilən xüsusatlar mülki xarakterlidir və bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı Balahəsən oğlu iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, 2007-ci ildən hazırda yaşadığı evə köçmüş və həmin vaxt 9-cu dalanda 6-7 mənzil mövcud olmuşdur. Əvvəllər torpaq sahəsinə hasar çəkilsə də sonradan sökülməmişdir. O, həmin həyətdə heç bir tikinti işləri aparmamışdır. Evin texniki pasportuna uyğun olaraq mübahisəli həyətyanı torpaq sahəsi onun mülkiyyətindədir. Ev isə qızı Səkinəxanım Həsənovanın adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. 2015-ci ildə ev "xxxx" İKB-nin adına qeydiyyatdan keçməklə bankın balansında olsa da, 1 aydan sonra ev yenidən qızının adına keçəcəkdir. Cavabdehlər onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinə qanunsuz daxil olaraq istifadə edirlər və həyətə düzdüyü gül dibçəklərini suvaranda ona mane olurlar. Belə ki, cavabdehlərə məxsus evin pəncərəsi onun mülkiyyətində olan torpaq sahəsinə tərəf açılmasına baxmayaraq onların öz həyətlərinə maneəsiz daxil olması üçün zəruri şəraiti vardır. Dolayısı ilə cavabdehlərin mübahisəli torpaq sahəsindən istifadə etmələrinə zərurət yoxdur. O, həmçinin qeyd etmişdir ki, uzun müddət ərzində həbs olunduğu üçün torpaq sahəsini özəlləşdirə bilməmiş, hazırda isə 1 il müddətdir həbsdən azad edilmişdir. Verilmiş suallara əsasən iddiaçı əlavə olaraq bildirmişdir ki, hazırda mübahisəli torpaq sahəsinin yerləşdiyi və onun yaşadığı fərdi yaşayış evi bankın adına keçirilmişdir. İddiaçı cavabdehlər tərəfindən onun hüquqlarına toxunan maneələrin mövcudluğunu onunla izah etmişdir ki, gül dibçəklərini həyətdə öz pəncərəsinin qarşısına qoyur, cavabdehlər isə dibçəkləri ondan icazə almadan kənara çəkirlər. Bundan başqa onun 03 noyabr 2014-cü il tarixli qərardad barəsində məlumatı yoxdur. Cavabdehlər tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin ümumi istifadədə olmasına dair iddiasına münasibətdə isə qeyd edir ki, buna dair sübut təqdim edilməmişdir. O, həmçinin hesab edir ki, AR Mülki Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin torpaq sahəsinin onun mülkiyyətində olmadığını qəbul edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi ümumi istifadədə olan sahədir. İddiaçının hazırki tələbi verməyə ümumiyyətlə subyektiv hüququ yoxdur. Çünki iddiaçının torpaq sahəsinin onun mülkiyyətində olmasına dair istinad etdiyi məhkəmənin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli qərardadı ilə ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Müvafiq hüquqi sənədlərdən isə müəyyən edilir ki, iddiaçının hazırda yaşadığı ünvan 1-da yerləşən 2 saylı ev hazırda "xxxx" İKB-nin mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən bu hallar təsdiq edilir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, mübahisə predmeti olan torpaq sahəsinə bitişik olan və qonşuluqda yerləşən evdə anadan olmuşdur. Onun nənəsi və babası da orada yaşamışdır. Uşaqları da orada anadan olmuşdur. Həmin vaxtdan mübahisəli torpaq sahəsi ümumi istifadədə olan həyət olmuşdur. Onun yaşadığı evin 2 (iki) pəncərəsi isə mübahisəli həyət tərəf açılır. Pəncərələrini və onun aşağı hissəsini təmizləmək üçün məcburən ümumi istifadədə olan torpaq sahəsinə keçməli olur. Bu səbəbdən ona torpaq sahəsində istifadəsinə qadağa qoyula bilməz. İddiaçı həmin ünvana köçəndən sonra onları incitməyə başlamışdır. Belə ki, iddiaçı onlardan dəfələrlə pəncərələrini bağlanmasını tələb etmiş, dibçəklərini suvararkən ona məxsus evin divarlarına zərər vurmuşdur. Eləcə də iddiaçı onları təhqir edir və barələrində şikayət edərək şər atır. Hətta torpaq sahəsi ilə bağlı onlar arasında əvvəllər də mübahisələr olmuş, iddiaçı torpaq sahəsinin girişinə hasar tikmişdir və dəmir qapı qoydurmuşdur. Bundan sonra onun və digər qonşuların müraciətlərinə əsasən səlahiyyətli dövlət orqanlarının əməkdaşları onun tikdiyi hasarı sökmüşlər. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirir ki, vəkilinin və digər cavabdehin verdiyi izahatı təsdiq edir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2067/08 saylı xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən ünvan 1, 2 saylı evin həyətyanı torpaq sahəsində istifadədə olan 0.01715 ha torpaq sahəsinin İddiaçı Balahəsən oğlunun mülkiyyətinə verilməsinə razılıq (rəy) verilməsinin Bakı şəhər icra Hakimyyətinə həvalə edilməsi; ünvan 1, 2 saylı evin həyətyanı torpaq sahəsində istifadədə olan 0.01715 ha torpaq sahəsinə İddiaçı Balahəsən oğlunun adına kadastr planının verilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəriçəkmə Komitəsinə həvalə edilməsi; ünvan 1, 2 saylı evin həyətyanı torpaq sahəsində istifadədə olan 0.01715 ha torpaq sahəsinin İddiaçı Balahəsən oğlunun adına qeydə alınması və İddiaçı Balahəsən oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə edilməsi; ünvan 1, 2 saylı evin həyətyanı torpaq sahəsində istifadədə olan 0.01715 ha torpaq sahəsinin İddiaçı Balahəsən oğlunun mülkiyyətində olan ünvan 1-da yerləşən 1 mərtəbəli, 2 otaqlı, 27,0 m2 yaşayış, 29,2 m2 köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi ilə birlikdə vahid əmlak kimi İddiaçı Balahəsən oğlunun adına qeydə alınması və İddiaçı Balahəsən oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2067/08 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. - İş materiallarında olan 61 saylı MKİS-nin arayışından müəyyən edilir ki, iddiaçı ünvan 1-da yerləşən 2 nömrəli fərdi yaşayış evində qeydiyyatdadır. - Yasamal RPİ-nin 27-ci PB-nin xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, tərəflərin qarşılıqlı olaraq ictimai ictimai və birgə yaşayış qaydalarının pozulmasına dair verdikləri şikayət ərizələrinə əsasən araşdırma aparılmış və cinayət isinin başlanılması rədd edilmişdir. Yasamal Rayon İcra Hakimiyyətinin rayon polis idarəsinə ünvanlanmış xx.xx.2006cı il tarixli məktubdan müəyyən edilir ki, Cavabdeh1 şikayətlə müraciət edərək ünvan 1-da yerləşən 3 nömrəli fərdi yaşayış evində hasar tikintisinin qarşısı alınmışdır. - 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********03 nömrəli məktubuna əsasən müəyyən edilir ki, ünvan 3, 2 saylı ev xx.xx.2007-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmiş, xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmiş, hərracın yekunları barədə xx.xx.2015-ci il tarixli protokola və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" İKB-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 3 ünvanında yerləşən və 56 m2 sahəsi olan 2 saylı fərdi yaşayış evi (torpaq sahəsinin ölçüsü 0,00818 ha) "xxxx" İKB-nin xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2015-ci il tarixdə qeydiyyat aparılmışdır. - Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən mübahisəli sahəyə əsas küçədən dar dəhliz vasitəsilə daxil olunur. Dar dəhliz bitdikdən sonra bir neçə evin ümumi istifadəsində olan həyət görüntüsü yaradan geniş sahəyə daxil olunur. Dəhliz vasitəsi ilə geniş sahəyə daxil olduqda sol tərəfdə yerləşən divarda cavabdehlərə məxsus 2 pəncərə yerləşir. Cavabdehlərin giriş qapısı isə həmin sahədə yerləşmir. Həmin geniş sahəyə iddiaçının evinin giriş qapısı və pəncərəsi, həmçinin digər 3 evin giriş qapısı və pəncərəsi açılır. Ümumilikdə, ətrafda olan 4 evin həmin geniş sahədən istifadə etməsi görüntüsü yaranır. Belə ki, hər hansı arakəsmə mövcud deyildir. Həmçinin, həmin geniş sahədən istifadə etmədən 4 evə giriş-çıxış mümkün deyildir. Cavabdehlərin isə öz evlərinə girib-çıxması üçün həmin sahəyə daxil olmasına ehtiyac yoxdur, belə ki, cavabdehlərin evlərinin giriş qapısı həmin sahədə yerləşmir. Yerli baxış zamanı cavabdehlərin 2 pəncərəsinin dəmir qəfəsliklə bağlı olduğu müəyyən edilmiş, həmçinin pəncərələrin aşağısında və ətrafında hər hansı əşyalara və maneələrə rast gəlinməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ünvan 1, 2 saylı evdə yaşayır, cavabdehlər isə onun qonşularıdır. Cavabdehlərin yaşadığı evin pəncərəsi mübahisə predmeti olan əraziyə - həyətə açılır, lakin cavabdehlərin yaşadığı evin girişi həmin həyətdən deyildir. İddiaçının yaşadığı və mübahisə predmeti olan ev xx.xx.2007-ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçsə də, xx.xx.2015-ci il tarixdə açıq hərracdan satılmış və hazırda "xxxx" İKB ASC-nin mülkiyyətindədir. Hazırda iddiaçı ünvan 1, 2 saylı evə aid olan həyətyanı sahəyə cavabdehlər tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulmasını xahiş edir. Cavabdehlər isə iddiaçının subyektiv hüququnun olmadığını bildirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı cavabdehlərin onun hüquqlarını pozduğunu, həyətyanı sahəsinə qanunsuz daxil oduğunu və əmlakından qanunsuz istifadə etdiyini bildirsə də, işin hallarından da görünür ki, iddiaçının iddianı müdafiə edərkən istinad etdiyi Yasamal rayon Məhkəməsinin 2008-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadına əsasən ləğv edilərək işin icraatına xitam verilmiş və mübahisə predmeti olan mənzil hazırda iddiaçının mülkiyyətində deyil, "xxxx" İKB ASC-nin mülkiyyətindədir. Bu halda məhkəmə qeyd edir ki, iddiaçının ünvan 1, 2 saylı ev və ona aid olan həyətyanı sahəyə dair mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehlərin konkret olaraq hansı qanunsuz hərəkətlərinin və ya müdaxilələrinin onun hüquqlarına toxunmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Balahəsən oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-586/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-586/2023
04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver