Məhkəmə qərarları › İş №2(004)-5873/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5873/2022

14.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5873/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər Təcili və X1 Stansiyasının 9 saylı bölməsi və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Təcili və X1 Stansiyasının 9 saylı bölməsi və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət edərək cavabdeh Bakı şəhəri Təcili və X1 Stansiyasının 9 saylı bölməsi və Cavabdeh2 İddiaçı saölamlığına vurulmuş zərərə 20000 (iyirmi min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, anası ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Anası onu ünvan 2 xəstəxanasına yerləşdirmişdir. Anası ilə aralarında daima mübahisələr olur. Anası103-a zəng edərək yaşadıqları evə psix-briqada çağırmışdır. Həmin psix-briqada TTYS-nin avtomobili ilə yaşadıqları evə gəlmişdir. Həkim briqadası yaşadığı evdə va evdən çıxarkan blokda ona qarşı fiziki zor tətbiq edərək TTYSnin avtomobilinə mindirmiş və 2 saylı kliniki-psixatriya xəstəxanasına aparmışlar. Həmin vaxt xəstəxanaya getmək istəməsə də həkim briqadası onun qolundan tutub ona xəsarət yetirmişdir. Cavabdeh və həkim briqadasının digər iştirakçıları bədəninə müxtəlif xəsarətlər yetirmişlər. Suala cavab olaraq bildirir ki, həmin vaxt ona ekpsertizaya getməyə imkan verməmişlər və o, ekpertizaya gedə bilməmişdir. Ekspertizaya bir aydan sonra getmişdir. O, xəstəxanaya gedənə qədər olan müddətdə sağlamlığına vurulmuş ziyanın əvəzini tələb edir. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, 1987-ci ildən təcili tibbi yardımda psixiatr həkim olaraq işləmişdir, 6 aydır pensiyadadır. Onların işi elə olmuşdur ki, onlar çağırış əsasında ünvana getmişlər. Əgər xəstə özünə və ətrafdakılara sosial təhlükə yaradırsa, “Psixiatriya haqqında” qanuna əsasən xəstə valideynlərinin və yaxud qəyyumunun ərizəsi əsasında təcili və təxirəsalınmaz hospitalizasiya olunur. Xəstə evdən götürülərkən xəstənin üst-başı yoxlanılır ki, üzərində kəsici-deşici alət və yaxud hansısa sənəd olmasın. Həmçinin, xəstəxananın qəbul şöbəsinə gələrkən xəstə müayinə olunur. Müayinə olunduqdan sonra xəstə qəbul edilərsə, xəstənin xəsarətlərinin olub-olmaması, üzərində nəyin olub-olmaması barədə akt tərtib edilir. Qəbul olunduqdan sonra psixiatrik həkim komissiyasından keçir. Əsl diqanozu da psixiatrik həkim komissiyası qoyur. Bildiyinə görə iddiaçı üzvü mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə qəbul edilmişdir. Bu tip xəstələrdə ərtafdakılardan şübhə etmək hissi olur. O, iddiaçıya xəsarət yetirməmişdir. Bu iddiaçının təfəkkürünün məhsuludur. İddianı rədd edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətinə əsasən İddiaçı 9 saylı TTTYS-nın əməkdaşlarının ona xəsarət yetirməsi ilə bağlı şikayəti üzrə araşdırma aparılmış və müəyyən edilmişdir ki, şikayət üzrə qeyd olunan faktlar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, material üzrə İddiaçı bədən səthində olan xəsarətlərin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli, 581 saylı ekspert rəyinə əsasən İddiaçı bədən səthində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. İşin halları odur ki, xx.xx.2018-ci il tarixdə iddiaçı ilə bağlı Təcili və X1 Stansiyasına məlumat verilmiş və TTTYS-ın əməkdaşları cavabdehin yaşadığı mənzilə gələrək onu xəstəxanaya aparmışlar. Hazırda iddiaçı cavabdehin əməkdaşları tərəfindən sağlamlığına xəsarət yetirildiyini bildirərək sağlamlığına dəymiş zərərin əvəzi olaraq 20000 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı cavabdehlər tərəfindən döyüldüyünü və nəticədə xəsarət alaraq sağlamlığına ziyan dəydiyini bildirsə də, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına ziyan dəyməsi öz təsdiqini tapmır. Eyni zamanda 2018-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının bədən səthində hər hansı xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Bakı şəhər Təcili və X1 Stansiyasının 9 saylı bölməsi və Cavabdeh2 İddiaçı sağlamlığına vurulmuş ziyana görə 20000 (iyirmi min) manat məbləğində pulun müştərək qaydada onun xeyrinə tutulması barədə iddia tələbi rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər Təcili və X1 Stansiyasının 9 saylı bölməsi və Cavabdeh2 İddiaçı sağlamlığına vurulmuş ziyana görə 20000 (iyirmi min) manat məbləğində pulun müştərək qaydada onun xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar