Məhkəmə qərarları › İş №2(004)-5927/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5927/2025

12.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5927/2025 12.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qəyyum qismində təyin edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qəyyum qismində təyin edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fəaliyyət qabiliyyətli olmayan atası xx.xx.1968-ci il təvəllüdlü X2 qəyyum təyin edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-431/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının atası xx.xx.1968-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmiş, iddiaçının atası X2 qəyyum təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2025-ci il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Odur ki, iddianın təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubuna əsasən müəyyən edilir ki, ərizəçi İddiaçı atası xx.xx.1968-ci il təvəllüdlü X2 qəyyum təyin edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)- 12877/2025 nömrəli qərardadına əsasən müəyyən edilir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qəyyum qismində təyin edilmə” tələbinə dair iddiası qeyri-mümkün sayılmışdır. Əsas qismində mübahisənin mülki icraat qaydasında mübahisələndirilməsinin hüquqiliyi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-431/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, xx.xx.1968-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən, qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Həmin Məcəllənin 35.4-cü maddəsinə əsasən, qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq sosial xidmət müəssisələrində olan və ya bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir. Mübahisənin mülki münasibətlərdən doğması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında deyil, məhz mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubuna əsasən, ərizəçi İddiaçı atası xx.xx.1968-ci il təvəllüdlü X2 qəyyum təyin edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-12877/2025 nömrəli qərardadına əsasən, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qəyyum qismində təyin edilmə” tələbinə dair iddiası qeyri-mümkün sayılmışdır. Əsas qismində mübahisənin mülki icraat qaydasında mübahisələndirilməsinin hüquqiliyi qeyd edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-431/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.1968-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. xx.xx.1968-ci il təvəllüdlü X3 hazırda müalicə müəssisəsində saxlanılır. xx.xx.1968-ci il təvəllüdlü X1 arvadı vəfat etmiş, 2 övladı vardır. Övladlarından biri iddiaçı, digəri isə X4r. İddiaçı xx.xx.1995-ci il təvəllüdlüdür, tam fəaliyyət qabiliyyətlidir. İddiaçının hazırki iddia ilə bağlı hüquqi maraqlarından biri də atası X2 məxsus olan əmlakın (mənzil) idarə edilməsi ilə bağlıdır. Belə ki, iddiaçının izahatına əsasən, iddiaçının əmisi ilə mübahisə predmeti olan mənzilə dair mübahisə vardır. Həmin mənzilə dair müvafiq hüquqi hərəkətlərin icra edilməsi, əmlakın müqəddəratının həll edilməsi üçün hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının övlad kimi qəyyum təyin edilmə ilə bağlı digərlərindən (digər qohumlardan) üstün hüququ vardır. Odur ki, qəyyum təyin edilərkən üstünlük şəxsin ailə üzvlərinə verilməlidir. Şəxsin müalicə müəssisəsində saxlanılması ona digər şəxsin (övladı) qəyyum qismində təyin edilməsinə maneə deyildir. MM-in 35.4-cü maddəsi isə məhz faktiki olaraq müəssisədə saxlanılan şəxsin hüquqlarının operativ qaydada qorunması üçün müəssisənin səlahiyyətli olmasını ehtiva edir. Qəyyumluq isə qəyyuma münasibətdə hüquqlar yaradan kimi, müvafiq öhdəliklər də yaradır. Qəyyum hüquqlarından və səlahiyyətlərindən qanunla müəyyən edilmiş qaydada, Mülki Məcəllənin qarşısına qoyduğu məqsədlərə uyğun, yalnız qəyyumluqda olan mənafelərini qorumaq məqsədilə istifadə etməlidir. Əks halda, müvafiq hüquqi aktlar etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Cavabdeh orqan müvafiq məhkəmə iclaslarında iştirak etməmiş, qəyyumluqdan imtina ilə bağlı müvafiq qərarı əsaslandırmamış, bu barədə əsaslı mülahizələr, izahatlar məhkəməyə bildirməmişdir. Nəticədə, müvafiq qərarı qəbul etmiş icra hakimiyyəti orqanı üzərinə düşən sübutetmə yükünü təşkil etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir, İddiaçı fəaliyyət qabiliyyətli olmayan atası xx.xx.1968-ci il təvəllüdlü X2 qəyyum təyin edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qəyyum qismində təyin edilmə” tələbinə dair iddiası təmin edilsin. İddiaçı fəaliyyət qabiliyyətli olmayan atası xx.xx.1968-ci il təvəllüdlü X2 qəyyum təyin edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar