Məhkəmə qərarları › İş №2(004)-5946/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5946/2021

14.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5946/2021 14.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bərdə rayon Dövlət Arxivi cəlb olunmaqla cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi faktın müəyyən edilərək təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30.07.2021-ci il tarixli arayışının iddiaçıya məxsus olması faktının müəyyən edilərək təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu 13.12.2021-ci il tarixdə etiraz ərizəsi verərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, xx.xx.1955-ci il təvəllüdlüdür, ailəlidir. Dörd uşaq atasıdır. O, yaşa görə pensiyaya çıxmağı ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə müraciət etmiş, ancaq 1970-1974cü, 1981-1998-ci illər üzrə olan əmək stajının sosial sığorta stajına hesablanması mümkün olmadığından pensiyaya çıxa bilməmişdir. Belə ki, Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30.07.2021 -ci il tarixli arayışında 1970-1972 və 1974-cü illər üzrə onun əmək haqqı cədvəlində soyadı səhvən “Ələsgərov” kimi qeyd edilmişdir. Məhz Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30.07.2021-ci il tarixli arayışının ona, yəni İddiaçı məxsus olması faktının müəyyən edilib təsdiq edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Bərdə rayon məhkəməsi 2-(021)-2041/2021 saylı, 22.06.2021-ci il tarixli qərardad qəbul edərək ərizəni MPM-nin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlamışdır. Həmin qərarı qeyri-obyektiv hesab edərək apellyasiya şikayəti vermişdir. Belə ki, həmin şikayətdə məhkəmənin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının hüquqşünası Nuranə Məmmədovanın əsassız etirazını əsas götürməsini, həmin etirazın onun ərizəsinə heç bir aidiyyəti olmamasını, etirazın onun ərizəsində qeyd edilən tələblə bağlı heç bir mübahisə yaratmadığını bildirmişdir. Belə ki, həmin etirazda qeyd edilmişdir ki, “Hesab edirik ki, ərizəçi İddiaçı 1970, 1971, 1972, 1974-cü illərdə M.Əzizbəyov adına kolxozda işləmiş olduğunu təsdiq edən şahidləri olmadığına görə 2(021)-20414/2021 nömrəli iş üzrə ərizə təmin edilməməlidir.” Göründüyü kimi DSMF-nin məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının hüquqşünası Nuranə Məmmədova tələbin nədən ibarət olmasını anlamamışdır. Onun məhkəmədən tələbi 1970, 1971, 1972, 1974-cü illərdə M.Əzizbəyov adına kolxozda işləmiş olduğunu təsdiq edilməsi deyil, Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30.07.2021-ci il tarixli arayışının ona, yəni İddiaçı məxsus olması faktının müəyyən edilib təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı, yəni eyni dövrdə işləməli və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin işləmələri barədə sənədləri olmalıdır. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər öz əksini tapmalıdır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə rayon Dövlət Arxivi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Dövlət Arxivi tərəfindən tərtib edilmiş, Bərdə “ASAN Xidmət Mərkəzinə ünvanlanmış 30.07.2020-ci il tarixli, 157 saylı arayışa əsasən İddiaçı adı və 1970-1998-ci illərdə M.Əzizbəyov kolxozunda işlədiyi müddət ərzində qazandığı əmək haqqı qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayonu, M.Əzizbəyov kolxozunun əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitabının surətinə əsasən həmin kitabda şəxsin adı “Ələsgərov Sarı” kimi qeyd edilmişdir İş materiallarında olan Bərdə rayonu, Mollalı kənd İƏD-i üzrə icra nümayəndəliyinin 04.08.2020-ci il tarixli, 121 saylı arayışa əsasən X3 ilə İddiaçı eyni adamdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslıdır. Çünki, Bərdə rayon Dövlət Arxivinin 30.07.2020-ci il tarixli, 157 saylı arayışında 1970-1972 və 1974-cü illər üzrə əmək haqqı cədvəlində iddiaçının soyadı “Ələsgərov” kimi qeyd olunmuşdur. İddiaçı bu sənəddə göstərilən soyadı ilə şəxsiyyət vəsiqəsində göstərilən soyadı düz gəlmədiyi üçün həmin hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsini istəyir. İddiaçı bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Bu faktın təsdiqi iddiaçıya iş stajının hesablanması üçün lazımdlr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənnəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30.07.2021-ci il tarixli arayışının İddiaçı məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bərdə rayon Dövlət Arxivinin 157 saylı, 30.07.2021-ci il tarixli arayışının İddiaçı məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar