Məhkəmə qərarları › İş №2(004)-61/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-61/2021

10.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-61/2021 10.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat məbləğində maddi zərər və 60000 manat məbləğində mənəvi zərərin əvəzinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 oktyabr 2017-ci il tarixdə Cavabdeh fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən klinikada Mübariz Məmmədli adlı həkim tərəfindən İddiaçı abdominoplastika və məməböyütmə əməliyyatları həyata keçirilmişdir. Əməliyyatların keçirilməsi ilə bağlı İddiaçı üzərində “Cavabdeh ödənilib” ştampı vurulmuş, ciddi hesabat blankı olmayan ödəniş qəbzləri verilmişdir. Həmin qəbzlərdən və analiz sənədlərindən başqa iddiaçıya hər hansı bir başqa sənəd təqdim edilməmişdir. Ödəniş qəbzlərindəki ümumi məbləğ 3772 manat təşkil edir. Əməliyyatlar uğursuz alınmış və bu günə qədər həkimin verdiyi vədlərə baxmayaraq əməliyyatın nəticələri müsbətə doğru dəyişməmişdir. Belə ki, məməböyütmə əməliyyatı aparıldıqdan sonra iddiaçının bir sinəsi digərindən daha böyük qalmışdır. Sinənin qeyri mütənasibliyi bu gün də davam etməkdədir. Məməböyütmə əməliyyatı zamanı istifadə edilən xammal (silikon implant) isə vəd edilən Alman mənşəli “Mentor” markalı və keyfiyyətli xammal olmamış, ucuz və keyfiyyətsiz “Politech” xammaldan (silikon implant) istifadə edilmişdir. Bu implant isə vaxt keçdikcə öz formasını dəyişir və kiçilir. Hazırda da sinə nahiyyəsində gözlə görüləcək şəkildə qeyri-mütənasiblik vardır. Abdominoplastika əməliyyatından sonra isə müəyyən edilmişdir ki, əməliyyat zamanı dəri lazım olandan daha çox kəsilmiş, mədə üzərində gözlə görünəcək şəkildə deşik qalmış və həmin deşiyin üzərinə yalnız plastr yapışdırılmışdır. Həmin yara bitişmiş və qabarmış, yəni qabağa doğru gəlmişdir. Bu isə iddiaçının qarın nahiyyəsinin estetik görünüşünə xələl gətirməklə yanaşı, yemək yediyi zaman və fiziki hərəkətlər etdiyi zaman ağrılar verir. Göbək nahiyyəsinin yeri düzgün qoyulmamış və göbək həddindən artıq böyük qoyulmuşdur. Bu səbəbdən də hazırda heç bir digər həkim bu əməliyyatın fəsadlarını aradan qaldırmaq məsuliyyətini öz üzərinə götürmək istəmir. İddiaçı göbəyini hiss etmir və dözülməz ağrılar olduğu üçün hətta əli ilə də toxuna bilmir. Əməliyyatın üzərindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq əməliyyatın fəsadları aradan qalxmamış, qarın nahiyyəsində əməliyyatın izləri, o cümlədən kobud tikiş izləri və tikişdən qalma dərin çapıqlar açıq şəkildə görünməkdə davam edir. Dəri lazım olandan daha çox götürüldüyündən iddiaçı əllərini belə yuxarı qaldıra bilmir. Dəri lazımi şəkildə tarıma çəkilmədiyindən əllər yuxarı qaldırılarkən ağrılar baş verir. Bu hal hətta iddiaçının cinsiyyət orqanına belə təsir göstərir və həmin orqanın həssaslığı əməliyyatdan sonra əhəmiyyətli dərəcədə azalmışdır. Belə ki, qarın ətrafının dərisi həddindən artıq tarım dartıldığından cinsiyyət orqanı öz yerini daha yuxarıya doğru dəyişmişdir. Hətta həmin orqanın üzərində iki yerdən deşik şəklində çapıqlar və izlər qalmışdır. Bununla yanaşı iddiaçı ağır əşyalar qaldıra, o cümlədən azyaşlı övladlarını belə qucağına ala bilmir. Belə ki, bu hərəkətləri görmək istədiyi zaman kəskin ağrılar baş verir. İddiaçı ümumiyyətlə heç bir idman növü ilə məşğul ola bilmir və fiziki güc tətbiq etdiyi zaman dözülməz ağrıları olur. İddiaçının iki azyaşlı övladı vardır. Lakin, bu əməliyyatdan sonra iddiaçı artıq ana ola bilməyəcəkdir. Yuxarıda sadalanan hallar iddiaçının normal həyatına həddindən artıq mənfi təsirlər göstərmiş. İddiaçı fəal ictimai həyat tərzindən, şəxsi və cinsi həyatdan tamamilə məhrum olmuşdur. Tək olmadığı şəraitdə, əməliyyat olunan bədən nahiyyələrini göstərməkdən utanır, idmanla məşğul ola bilmir və hətta çimərliyə belə getmək imkanından məhrumdur. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 15.000 manat maddi zərər dəymişdir. Belə ki, yalnız əməliyyat zamanı iddiaçı cavabdehin xəzinəsinə 3772 manat vəsait ödəmişdir. Əməliyyatdan sonra iddiaçı 2 ay işləməmiş, evdə ona baxılması üçün tibb-bacısı tutmuş, dərmanlara və xidmətə 2000 manatdan artıq vəsait sərf etmişdir. Əməliyyatların fəsadlarını aradan qaldırmaq üçün isə yeni əməliyyatlar keçirilməlidir. Bu əməliyyatların dəyəri isə 10.000 manatdan artıq təşkil edir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, vətəndaş İddiaçı 03.10.2017 - 06.10.2017-ci il tarixlərində xəstəxanada "qarın diastazı, qarnın ön divarının sallanması, aparılmış dermolipektomiyadan sonraki vəziyyət" diaqnozuyla stasionar müalicədə olmuşdur. Əməliyyat ümumi narkoz altında keçirilmiş və həkim cərrah X3 tərəfindən icra edilmişdir. Xəstə 06.10.2017-ci il tarixində kafi vəziyyətdə evə yazılmışdır. Əsas: xəstəlik tarixi N2132813. Xəstə İddiaçı xəstəliklə əlaqədar klilnikaya deyil birbaşa həkim Mübariz Məmmədlinin özünə müraciət etmişdir. Xəstə tərəfindən ödənilən pul vəsaiti 3766 manat təşkil etmişdir və həmin məbləğin 3000 manatı həkim Mübariz Məmmədliyə, 766 manatı isə icarə müqaviləsi şərtlərinə əsasən klinikanın hesabına köçürülmüşdür. Xəstə İddiaçı xəstəxana tərəfindən göstərilən servis xidmətlərindən heç bir şikayəti olmamışdır. Aparılmış əməliyyata cavabdeh şəxsin müalicə həkimi olduğunu, xəstənin xəstəxana xidmətlərindən heç bir şikayəti olmadığını və müraciətin xəstə tərəfindən klinikaya deyil birbaşa həkimin özünə edilməsini nəzərə alaraq “Cavabdeh MMC"-yə qarşı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 03 oktyabr 2017-ci il tarixdə İddiaçı ilə cavabdeh "Cavabdeh" MMC arasında tibbi yardım və xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinin c) yarımbəndinə əsasən tibbi xidmətlərə cərrahiyyə əməliyyatlarının həyata keçirilməsi də daxildir. X1 03.10.2017-ci il tarixli anesteziya vərəqəsindən görünür ki, abdominoplastika və mamaplastika əməliyyatlarının keçirilməsi üçün ona ümumi anasteziya olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 500/keş saylı, 23.11.2020-ci il tarixli rəyinə əsasən: 1990-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 03.10.2017-ci il tarixdə “Cavabdeh’a müraciət etmiş və aparılmış obyektiv müayinələrdən sonra ona “Qarın diastazı. Qarının ön divarının sallanması” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq ona yalnız "Dermolipektomiya” cərrahiyyə əməliyyatı icra edilmiş, lakin süd vəzilərində implantasiya əməliyyatı aparıldığı halda, əməliyyatın gedişatı tibbi sənədlərdə qeyd edilməmişdir. Əməliyyatdan sonra müayinə və müalicələr davam etdirilmiş, 06.10.2017-ci il tarixdə İddiaçı kafi vəziyyətdə evə yazılmışdır. Tibbi müdaxilələrinin aparıldığı halda və tibbi sənədlərdə rəsmilləşdiriləməməsi Səhiyyə sistemində mövcud olan təlimat qaydasının pozulması kimi qiymətləndirilir. 2.8. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda hal-hazırda əməliyyat bölgəsində artıq piy toxuması, abdominal çapıq toxumalarında qulaqcıqlar, göbək nahiyəsində nahamarlıq və eyni zamanda süd vəzilərində assimetriya qeyd olunur. Bu dəyişikliklər təkrar korreksiya edici əməliyyatla aradan qaldırılıa bilər. 3.5.6. Əməliyyatdan sonra uzun müddətli ağırların və digər dəyişikliklərinin olması toxuma xüsusiyyətləri ilə əlaqədar ola bilər. 4. İddiaçı süd vəzilərində aparılmış müdaxilə ilə əlaqədar tibbi sənədlərdə hər hansı bir qeydiyyat aparılmadığı üçün süd vəzilərinə qoyulmuş implantların qeyri mütənasibliyinin səbəbi haqqında fikir söylənilməsi mümkün olmadı. 7. Əməliyyatdan öncə orqanizmin toxuma xüsusiyyətlərinin qiymətləndirilməsi mümkün deyildir. Lakin estetik əməliyyatlar pasiyentin istəyinə uyğun olaraq həyata keçirilir. Tibbi müdaxilələrlə bağlı hər hansı vəsaitin tələb olunması məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllnin 21.1 -ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1099.1. –ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2.-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Cavabdeh MMC həkim cərrah Məmmədli Mübarizin onun işçisi olmadığını, MMC-də icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyini bildirsə də bu halı təsdiq edə biləcək sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə bildirişlərində də həmin sənədlərin və digər sənədlərin məhkəməyə təqdim edilməsi cavabdehə dəfələrlə təklif edilmişdir. Beləliklə tədqiq olunmuş sübutlardan müəyyən edilmişdir ki, 2017-ci ildə iddiaçı özünün xarici görünüşünün yaxşılaşdırılması üçün estetik əməliyyatlar keçirilməsi qərarına gəlmiş və bu məqsədlə Cavabdeh MMC-yə müraciət etmiş, sonuncu ilə bu barədə müqavilə bağlamış və onda MMC-nin həkimi tərəfindən abdominoplastika və məməböyütmə əməliyyatları həyata keçirilmiş, lakin əməliyyatlar düzgün aparılmadığındann iddiaçının bədəni üzərində əməliyyatdan sonra da qeyri-estetik izlər əmələ gəlmiş, sağlamlığına zərər vurulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq Cavabdeh MMC-yə qarşı maddi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı məhkəmə maddi zərərin məbləği ilə razılaşmır. Belə ki, iddiaçının əməliyyatlar aparılması üçün MMC-yə 3772 manat məbləğində vəsait ödənilməsi iddiaçıya Cavabdeh MMC tərəfindən verilmiş ödəniş sənədləri ilə təsdiq olunur. Lakin iddiaçı əməliyyatdan sonra tibb-bacısı tutmasını, dərmanlara və xidmətə 2000 manatdan artıq vəsait sərf etməsini, əməliyyatların fəsadlarını aradan qaldırmaq üçün isə yeni əməliyyatların keçirilməsi üçün 10.000 manatdan artıq vəsaitin tələb olunduğunu bildirsə də bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, maddi zərər tələbi qismən 3772 manat məbləğində hissəsində təmin edilməli və həmin məbləğ Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mənəvi zərərlə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçının estetik görünüşünə və sağlamlığına cavabdeh "Cavabdeh" MMC-nin təqsirli hərəkətləri nəticəsində zərərin vurulması təsdiq edilmişdir və həmin hərəkətlər mənəvi sarsıntının keçirilməsinə səbəb olan hallardır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını, zərərvuran şəxsin təqsirini və əmlak vəziyyətini, zərərçəkən şəxsin fərdi xüsusiyyətlərini, yəni qadın olmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 1000 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. -ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlərin yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı hazırki iddia üzrə dövlət rüsumu ödəməkdən azad olundugunu və iddiasının qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilməli 30 manat dövlət rüsumunun 2 manat hissəsi cavabdeh "Cavabdeh" MMC-dən tutularaq dövlət nəfinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "Cavabdeh" MMC-dən İddiaçı xeyrinə 3772 (üç min yeddi yüz yetmiş iki) manat maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi ziyan, ümumilikdə 4772 (dörd min yeddi yüz yetmiş iki) manat məbləğində pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh "Cavabdeh" MMC-dən 2 (iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar