Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-62/2024 16.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh(lər) Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1503,00 (bir min beş yüz üç) manat məbləğində vəsaitin, 35,03 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan **-TV-*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin optimal sığortası” növü üzrə sığortalanmış **-RB-*** dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı **-RB-*** dövlət qeydiyyat nişanlı, “Audi Q7” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. **-RB-*** dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 6503,00 manat (altı min beş yüz üç manat, 00 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 6503,00 manat (altı min beş yüz üç manat, 00 qəpik) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 5000,00 (beş min) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində qalıq məbləğ olan 1503,00 (bir min beş yüz üç) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən ödənilmiş 1503,00 (bir min beş yüz üç) manat məbləğində vəsait cavabdeh(lər) Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, hadisə baş verdiyi zaman onlar dəfələrlə sığorta şirkətinə müraciət etmiş və şirkət işçilərinin bir neçəsinin nömrəsi onda var. Qeyd olunan məbləğ dəfələrlə artırılıb. Burada səsboğucu, yəni qluşitelin zədələndiyi qeyd olunub. Onda avtomaşının şəkilləri və videosu var. Arxadan zədələnmiş yerlər hesablanıb, 5000 manatı onların sığortası ödəyib. Hadisə yerinə özü gəlib baxmışdır. İddiaçı tərəf deyir ki, avtomaşının sahibi tərəfindən səsboğucu və yaxud detalları çıxarılmalıdır, təmir olunmalıdır və yenisi ilə əzəv olunmalıdır. O da, onlara bildirdi ki, dedikləri məbləği ödəyir, lakin çıxarılan ehtiyyat hissələrini ona təhvil versinlər, sonra ödənişi etsin. Şirkətin işçisi adını xatırlamadığı cavan oğlan ona bildirdi ki, o, düz deyir. Onlar ona kömək edəcək, o da, pulu ödəyəcək. Birincisi, həmin vaxt məhkəməyə müraciət olunmalı idi, hadisə baş verən aydan bir ay və ya iki ay sonra, onlarda sənədləri verərdilər, faktları isti-isti üzə çıxarardılar. Üstündən iki il keçdikdən sonra məhkəməyə müraciət olunub. Onlar nəyə görə gözləyiblər ki, iki il keçsin. İkinci məsələ nəyə görə onun tələb etdiyi ehtiyyat hissələri ona verilməyib. Burda belə görünür ki, sığorta şirkətinin işçiləri ilə Auidi şirkətinin işçiləri və həmin maşının yiyəsi aralarında danışılıb və artıq məbləğ yazıblar. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ekspert rəyi ilə əlaqədar etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iş üzrə verilmiş ekspert rəyi ilə tanış olmuşlar. Verilmiş rəy ilə razı deyillər. Belə ki, nəqliyyat vasitəsinin buraxlış ili 2019-cu il və hadisə olan tarix isə 2021-ci ilə təsadüf edir. Halbu ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında qanuna əsasən, üçüncü şəxsin əmlakına dəyən birbaşa zərərin əvəzi aşağıdakı məbləğlərdə ödənilir: 40.1.2 - əmlak qismən zədələndikdə - həmin əmlakın sığorta hadisəsindən dərhal əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan xərc məbləğində. 40.2 - Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta hadisəsi baş verdikdə, üçüncü şəxsin həyat və sağlamlığına dəyən zərərin əvəzi aşağıdakı məbləğlərdə ödənilir: 40.2.1- zərərçəkənin malik olduğu, yaxud hadisə baş verməsəydi malik olması real olaraq ehtimal edilən və itirdiyi qazanc (gəlir) məbləğində; Mülki Məcəllənin 925-ci maddəsinə əsasən - Zərərin qiymətləndirilməsi 925.1.Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Yəni, “köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə təlimat”a, həmçinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən hesablanmalı idi. Sonuncu qaydalara əsasən hesablanma qaydası aşağıdaki kimi olmalıdır. 35. Köhnəlmə əmsalı 35.1. Sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6-cı bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər. 35.2. Aşağıdakı hallarda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur: 35.2.1. avtomobilin tam məhvi; 35.2.2. avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi. 35.3. Köhnəlmə əmsalı aşağıdakı qaydada hesablanır: KƏ=K1M+K2L burada: – bu Qaydaların 35.4-cü bəndinə uyğun olaraq, avtomobilin keçdiyi məsafəyə görə köhnəlmə əmsalı (hər keçilmiş 1000 kilometrə görə faizlə); – istismara başlama tarixindən sığorta hadisəsinin baş verdiyi tarixədək faktiki keçilmiş məsafə (min kilometrlə); – bu Qaydaların 35.5-ci bəndinə uyğun olaraq, avtomobilin istismar müddətinə görə köhnəlmə əmsalı (hər istismar ilinə görə faizlə); L istismara başlama tarixindən sığorta hadisəsinin baş verdiyi tarixədək faktiki istismar müddəti (ili). 35.4. avtomobilin keçdiyi məsafəyə görə köhnəlmə əmsalı aşağıdakı göstəricilər əsasında müəyyən olunur: S/s Mühərrikin növü Mühərrikin isçi həcmi ( ) Hər keçilmış 1000 km məsafəyə görə, %-lə 1. Benzin 1500-dək 0,35 1600 0,20 1800 0,15 2000 0,17 2000-dən yuxarı 0,20 2. Dizel İstənilən həcmdə 0,20 3. Turbo - dizel İstənilən həcmdə 0,25 35.5. avtomobilin istismar müddətinə görə köhnəlmə əmsalı aşağıdakı göstəricilər əsasında müəyyən olunur: 1 il ərzində keçilmiş orta məsafə (min ) 2-dək 2 - 5 5 - 10 10 - 15 15 - 20 20 - 30 30 - 40 40 - 60 60- 100 100-dən çox Tam 1 il üçün, %-lə 1,60 1,45 1,25 1,05 0,85 0,80 0,75 0,65 0,60 0,55 35.6. Köhnəlmə əmsalı avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinin 50 %-dən çox olmamaqla tətbiq edilir. 35.7. Sığorta müqaviləsində köhnəlmə əmsalı nəzərdə tutulduqda, bu Bölmənin məqsədləri üçün zərər məbləği köhnəlmə əmsalının tətbiq edilməsindən sonra alınan məbləğ hesab edilir. Göründüyü kimi, mövcud qaydalar və qanunlar olduğu halda ekspertiza nədənsə hesablamanı nəzəri və adı qeyd olunmayan, bilinməyən metodik vasitələrdən istifadə etməklə vermişdir. Bundan başqa nəqliyyat vasitəsinin dəyişdirilmiş ehtiyyat hissələri qiymətləndirmə aktından da göründüyü kimi köhnə ehtiyyat hissələrinə əvəz olunmuşdur. Buna baxmayaraq ekspert köhnə detallara yenidən köhnəlmə tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iş üzrə məhkəmə iclasının onların iştirakı olmadan keçirib iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onların prosedur qaydası var. Düzdür qanunvericiliklə nəzərdə tutulmayıb ki, maşının hər hansı bir hissəsi təmin olunduqdan sonra zədələnmiş hissələr qaytarılsın. Sadəcə onların daxili qaydası odur ki, onlar vətəndaşa müraciət edirlər ki, əgər nəqliyyat vasitəsi təmir olunacaqsa, onları saxlamağa onların yeri yoxdur, əgər hansı bir detalı istəyirlərsə, təmirdən sonra gəlib götürsünlər. Bu məsələni qaldırmışlar ki, vətəndaşı narazı salmasınlar və həmçinin müştəri məmnuyyətini qorusunlar. Onlar vətəndaşa məktub göndərirlər ki, avtomobilin təmir olunacaq, gəlin iştirak edin və hər hansı bir detal lazımdırsa götürün. Çünki həmin detalları saxlamaq üçün onların yeri yoxdur. İş materiallarından göründüyü kimi nəqliyyat vasitəsi təmir olunmuş və nəqliyyat vasitəsinə dəymiş zərər üzrə məbləğ elektron vasitəsilə təmir mərkəzinə ödənilmişdir. Nəqliyyat vasitəsi təmir edildikdən sonra təhvil-təslim aktı ilə mülkiyyətçiyə təhvil verilmişdir. Qanunvericiliyə əsasən sığorta şirkəti ödədiyi məbləği tələb edə bilər, onlar da ödədikləri məbləği tələb edir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, Cavabdeh özünə məxsus **-TV-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi törədərək "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin optimal sığortası” növü üzrə sığortalanmış **- RB-*** dövlət qeydiyyat nişanlı, “Audi Q7” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-RB-*** dövlət qeydiyyat nişanlı, “Audi Q7” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 6503 manat müəyyən edilmiş, sığorta ödənişinin zərərçəkən şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Hazırda cavabdeh qalan sığorta məbləği olan və 1503,00 manat olduğunu iddia etdiyi məbləğində vəsaiti "xxxx" ASC-yə ödəməkdən yayınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/8476 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən “Audi Q7” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci təxminən 6060 manat müəyyən edilmişdir. İddiaçı və cavabdeh ekspertiza rəyinə etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 15.1-ci maddəsinə görə icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə görə zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Həmin Qanunun 16.4-cü maddəsinə görə sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Həmin Qanunun 56.1.2-ci maddəsinə görə isə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri 5000 manat məbləğində müəyyən edilir. İşin araşdırılması zamanə müəyyən edilmişdir ki, zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/8476 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən “Audi Q7” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci təxminən 6060 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, 5000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənildiyindən, ekspert rəyinə əsasən (6060-5000=1060) 1060 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriya tələb (reqress) hüququ vardır. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1060 (bir min altmış) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 35,03 (otuz beş manat 03 qəpik) manat məbləğində dövlət rüsumunun 24,70 (iyirmi dörd manat 70 qəpik) manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, qalan 10,33 (on manat 33 qəpik) manatı isə iddiaçı "xxxx" ASC-nin özünə aid edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı iddiaçı "xxxx" ASC-dən, 25 (iyirmi beş) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1060 (bir min altmış) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 35,03 (otuz beş manat 03 qəpik) manat məbləğində dövlət rüsumunun 24,70 (iyirmi dörd manat 70 qəpik) manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin, qalan 10,33 (on manat 33 qəpik) manatı isə iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı iddiaçı "xxxx" ASC-dən, 25 (iyirmi beş) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-62/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-62/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver