Məhkəmə qərarları › İş №2(004)-6225/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6225/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6225/2022 28.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı X1 Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ödənilmiş 695 (altı yüz doxsan beş) manat məbləğində sığorta ödənişinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqla, cəmi 725,40 (yeddi yüz iyirmi beş manat qırx qəpik) manat məbləğində pulun "xxxx" ASC və Cavabdeh tutularaq İddiaçı İKF-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2808/2022 saylı qərardadı ilə İddiaçı X1 cavabdehlər LPO "xxxx" ASC və Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair işdən İddiaçı X1 Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair icraat ayrılmışdır. Həmçinin müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2808/2022 saylı qərardadı ilə İddiaçı X1 cavabdeh LPO "xxxx" ASC-yə qarşı sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iş üzrə icraata cavabdehin müflis olması səbəbiylə xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2808/2022 saylı qərardadı ilə İddiaçı X1 Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iş isə məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırki mülki iş üzrə subyektiv tərkib baxımından Cavabdeh fiziki şəxsdir, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından isə tələb sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi ilə bağlıdır və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Odur ki, məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı mübahisə kommersiya mübahisəsi hesab olunmadığından və cavabdehin ünvanı Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşdiyindən, hazırki işə mülki məhkəmə icraatı qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Lakin məhkəmə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 2808/2022 saylı qərardadını və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib həmin məhkəmənin hüquqi mövqeyi ilə razılaşmayaraq hesab edir ki, hazırki mülki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, hazırki iş üzrə iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinin icraatına aidiyyət qaydalarına uyğun olaraq daxil olmuş və məhkəmənin eyni tarixli qərardadı ilə icraata götürülmüş, xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə baxışına təyin edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsinə görə bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə görə məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəyə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə görə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. 31.2-ci maddəyə görə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə görə isə aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 1-ci bəndinə görə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, MPM-ə edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci il yanvarın 1-dən məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərə, habelə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına apellyasiya instansiyası məhkəməsi deyil, birbaşa olaraq kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur. Qərarın 16-cı bəndinə görə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Qeyd olunan normaların təhlilindən müəyyən edilir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Hazırki işin hallarından isə göründüyü kimi Bakı Kommersiya Məhkəməsi iddia ərizəsini aidiyyət qaydalarına uyğun olaraq icraata götürmüş daha sonra cavabdehlərdən biri olan LPO "xxxx" ASC-yə münasibətdə icraat ayrıldığından aidiyyətin dəyişməsi səbəbiylə işin baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qənaətinə gəlmişdir. Məhkəmə qeyd olunan əsasla razılaşmayaraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsi aidiyyət qaydalarına uyğun olaraq öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli idi. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmələr arasında fikir ayrılığı olduğundan mülki işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün mülki iş materialları ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26.1, 30-32 və 263- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin materialları işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar