Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-630/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 üzərinə sosial şəbəkələrdə ondan üzr istəmək vəzifəsinin qoyulması, mənəvi ziyanın əvəzi olaraq 4000 manat və maddi ziyanın 1000 manat ümumilikdə 5000 manat pulun və ödənilmiş 80 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-də direktor vəzifəsində işləyir. Cavabdeh X3 ilə ortaq tanışları vasitəsilə 24 sentyabr 2022-ci il tarixdə işgüzar münasibət zəminində tanış olmuşlar. Həmin tarixdə cavabdeh ona idarə etdiyi avtomobili satmaq istədiyini bildirmiş və bunun üçün ona kömək etməyini xahiş etmişdir. O, avtomobili satmağı müqabilində ortaq tanışları Leyla Zeynalabdinə bildirmişdir ki Nurlana Ələkbərovadan 400 manat pul alacaq və sonra cavabdehlə və ortaq tanışları ilə şifahi şəkildə razılaşmışlar. Avtomobilin tez zamanda satılması məqsədilə avtomobildə olan texniki və kosmetik işləri bitirdikdən sonra avtomobil onun köməkliyi ilə Turbo az elan saytında-yerləşdirdikləri pullu elan vasitəsi ilə müştəri tapılmışdır və alqı-satqı yolu ilə avtomobili alınmışdır. Alqı-satqı zamanı razılaşdırılmış pul məbləği isə cavabdehə tam olaraq ödənilmişdir. Bundan sonra cavabdehlə aralarında olan şifahi sövdələşməyə əsasən ona ödənilməli olan 400 manat pul məbləğini cavabdehdən tələb etdikdə o, pulu bir neçə müddət sonra ödəyəcəyini bildirmişdir. Avtomobilin satılmasından uzun müddət keçdikdən sonra cavabdehdən pulu ödəməsi barədə xatırlatma etdikdə cavabdeh ona telefonda belə bir sövdələşmənin olmadığını bildirmiş və ona deyilən məbləğin cəmi 10%ni kartına yükləmişdir. Cavabdeh onu onun İnstagram səhifəsindəki şəxsi profili vasitəsilə təhqir etmiş və bloka atmışdır. Bundan sonra onu bir daha narahat etməməyini bildirməsinə baxmayaraq cavabdeh onu tanışlarının yanında təhqir etməyə, sosial şəbəkələrdə barəsində nalayiq ifadələr işlətməyə davam etmişdir. Öz etirazını sosial vasitə İnstagram vasitəsi ilə bildirdikdə həmin cavabdeh səhifəsində yenidən onu təhqir etmişdir. Bütün bunları etdikdən sonra isə onun barəsində şikayət etmək üçün AR DİN “102” qaynar xəttinə zəng etmiş və məsələ polis orqanı tərəfindən araşdırılmağa başlanmışdır. Araşdırma nəticəsində əməlində cinayət tərkibi olmadığı müəyyən edilmiş və şikayət əsassız olduğundan xitam olunmuşdur. Onun digər şəxslərin yanında onu təhqir etməsi, onu işgüzar nüfuzdan salmasını sübut edən vatsap yazışmaları vardır. Vatsap yazışmalarından da görünür ki, ona qarşı nalayiq ağır ifadələr işlətmişdir. Cavabdehə bu qanunsuz hərəkətləri, davranışı barədə şikayətlərini bildirdikdə o, heç kəsin ona heç nə edə bilməyəcəyini bildirmişdir. Göründüyü kimi cavabdeh qanunları kobudcasına pozmuşdur. Onun rəhbərlik etdiyi müəssisə dövlət layihələrinin hazırlanması, müxtəlif tədbirlərin vaxtında təhvil verilməsində yaxından iştirak edir. Bu səbəbdən müəssisədə dayanmadan, diqqətlə və dəqiqliklə işləyir. Lakin cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində həm mənəvi sarsıntı keçirmiş, həm vaxtı boş yerə getmiş, həm layihələrdə müəyyən gecikmələr əmələ gəlmiş, həm də onun bu əməlləri nəticəsində gəlir itirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Təhqir məsələsinə gəldikdə, cavabdeh iddiaçını təhqir etməyib. Təqdim olunmuş fotoşəkillərdəki yazıların Nurlana xanım tərəfindən yazıldığını qəbul edir. İddiaçı dəfələrlə Nurlana xanıma yazıb ki, ona pul verməlidir. Nurlana xanım da bildirib ki, ona nəyə görə pul verməlidir, aralarında nə razılaşma olub. Maşını Nurlana xanım özü satıb. Tərəflərin arasında razılaşma olmayıb. İddiaçı özü bildirdi ki, o başqa işlə məşğul olur. Yazılarda heç bir təhqir yoxdur. Rəy olaraq yazılan cümlədə dırnaq içində qeyd olunan ifadə daha çox uşaqlara deyilir. Yəni uşaqsan, hələ böyüməmisən, məndən pul istəyirsən. Cavabdeh həmin sözü bu mənada işlədib. Bu təhqir hesab oluna bilməz. Əslində xanımın işgüzar səhifəsində iddiaçı rəy olaraq yazıb ki, ona pul verməlidir. Bu sözə görə mənəvi ziyanın çəkilməsi gülüncdür. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh ona əvvəl sadəcə 50 manat pul göndərmişdi. O isə ona bildirmişdir ki, onun bu pula ehtiyacı yoxdur, pulunu tam şəkildə istəyir. Xanım sonra onu bloklamış və onu təhqir etmişdir. Daha sonra onun şəxsi səhifəsinə yazmış və bildirmişdir ki, onun tanışları olan yerə bir daha getməsin və həmin servisdə artıq ona endirim edilməyəcək. Xanım onu “sən” müraciət formasından istifadə etdiyinə görə polisə vermişdir. Polisdə xanıma bildirmişlər ki, onun şəxsi İnstagram hesabına Elşən Abdulla adlı şəxs tərəfindən təhqirlər edilmişdi, onun barəsində şikayət etmirdi, lakin onun barəsində şikayət etmişdi. Xanım bildirmişdir ki, istəyir ki, onu tutduralar. Belə bir səbəblə polisə şikayət etmək, kimisə tutmaq çox gülüncdür. Polis bölməsində onun izahatı da alınıb və bildirmişdir ki, xanımı təhqir etməmişdir, əksinə o onu təhqir edib. Bununla bağlı sübutu məhkəməyə də təqdim etmişdir. Xanım daha sonra bildirmişdir ki, polisin qərarı onu qane etmir, məhkəməyə müraciət edəcək. Polis də ona bildirmişdir ki, məhkəməyə müraciət edə bilər, onun əlində faktlar var, xanım onu təhqir edib, “sən” müraciət formasından istifadə etmək təhqir deyil. Həmçinin maşın satılan dövrdə də onların aralarında münasibət yarandığı üçün birbirlərinə qarşı “sən” müraciət formasından istifadə etmişlər. Xanım həmçinin ortaq tanışlarının yanında, sosial şəbəkələrdə onu təhqir edir, onun işgüzar nüfuzuna xələl gətirir. O da Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı və 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 149-cu və 150-ci maddələrini nəzərə alaraq xahiş edir ki, ona dəymiş ziyan və məhkəmə xərcləri tam olaraq ödənilsin. Onu təhqir etməsinə görə üzərinə sosial şəbəkələrdə üzr istəmək vəzifəsinin qoyulmasını istəyir. Təqdim etdiyi sübutlar lnstagram hesabından olan yazışmalardır. O digər bir proyektdən imtina etmişdir hansı ki, həmin proyektdən 1000 manat gəlir əldə edə bilərdi. Xanım ona bildirmişdi ki, onun anasına da maşın lazım olacaq və yenə 400 manat ödəyəcək. Xanım ona bildirmişdir ki, ona köməklik göstərilsin. Onun telefonu “lphone 8+” markalı, xanımın telefonu isə yeni “lphone” modellərindən olduğu üçün onun telefonu ilə şəkillər çəkmişlər. Elanın mətnini o yazmışdır, VİP üçün xanımın kartından 25 manat ödənişi xanım özü edib. Elana nömrə olaraq da xanımın nömrəsi yerləşdirilib. Maşın İnqilabda işlədiyi yerdədir, o isə “Kaspian Plaza”nın yanında işləyir. Maşını almaq istəyən adamın onunla əlaqə saxlamağı məntiqsizdir. O ən çox rəy olaraq yazılan cümlədə dırnaq içində qeyd olunan ifadədən və yazışmalarda olan ilk cümlədən təsirlənmiş və mənəvi sarsıntı keçirmişdir. İfadə İnstagram səhifəsində rəy bölməsində qeyd olunub. Xanım onu bloka atdığı üçün onunla heç cür əlaqə saxlaya bilməmiş və onun səhifəsində rəy bölməsinə yazmışdır, o da ona o formada cavab vermişdir. Xanımın səhifəsi açıq səhifədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/225 nömrəli Ekspert rəyindən görünür ki, Cavabdeh “İnstagram” sosial şəbəkəsində olan səhifəsində “comment” (şərh) bölməsində özü tərəfindən yazılmış “kişi qırığı” ifadəsi və “İnstagram” sosial şəbəkəsində olan “messenger” (daxili yazışma) bölməsində yazdığı “ayıb olsun sizə”, “görməmiş kimi” ifadələri İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mülki Məcəllənin 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəifndən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əassən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. İşin məhkəmə tərəfindən araşdırılmış həqiqi hallarından, proses iştirakçılarının izahatlarından, iş üzrə keçirilmiş məhkəmə linqvistik ekspertizasının rəyindən və işdə olan yazılı sübutlardan göründüyü kimi Cavabdeh “İnstagram” sosial şəbəkəsində olan səhifəsində “comment” (şərh) bölməsində özü tərəfindən yazılmış “kişi qırığı” ifadəsi və “İnstagram” sosial şəbəkəsində olan “messenger” (daxili yazışma) bölməsində yazdığı “ayıb olsun sizə”, “görməmiş kimi” ifadələri İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur. Cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən ifadələrin onun ünvanına işlədilməsi ilə iddiaçıya mənəvi sarsıntı və mənəvi ziyan vurulmuşdur. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “İnstagram” sosial şəbəkəsində olan səhifəsində “comment” (şərh) bölməsində özü tərəfindən yazılmış “kişi qırığı” ifadəsi və “İnstagram” sosial şəbəkəsində olan “messenger” (daxili yazışma) bölməsində yazdığı “ayıb olsun sizə”, “görməmiş kimi” ifadələri İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməlidir. Məhkəmə dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh 400 manat pulun tutularaq İddiaçı ödənilməsini qanuni və məqsədəuyğun hesab edir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia tələbi 1000 manat məbləğində maddi ziyanın cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi faktları sübut etməlidir. Lakin iddiaçı ona maddi ziyanın vurulmasını təsdiq edən mötəbər subutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia tələbi cavabdeh X2 üzərinə sosial şəbəkələrdə ondan üzr istəmək vəzifəsinin qoyulması hissəsində təmin edilməməlidir. Belə ki, işgüzar nüfuzun məhkəmə müdafiəsi üsulu kimi “üzr” istəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması qanunla nəzərdə tutulmamışdır, bu səbəbdən məhkəmə cavabdehin üzərinə iddiaçıdan üzr istənilməsi vəzifəsi qoya bilməz. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X6rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş məbləğ də tələbin təmin edilmiş hissəsinə metənasib olaraq 80 manat məbləğində deyil 30 manat məbləğində Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 120 manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh “İnstagram” sosial şəbəkəsində olan səhifəsində “comment” (şərh) bölməsində özü tərəfindən yazılmış “kişi qırığı” ifadəsi və “İnstagram” sosial şəbəkəsində olan “messenger” (daxili yazışma) bölməsində yazdığı “ayıb olsun sizə”, “görməmiş kimi” ifadələri İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilsin. Dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-linqvistik ekspertizasının xərci 120 (yüz iyirmi) manat pul Cavabdeh tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-630/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-630/2023
01.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver