Məhkəmə qərarları › İş №2(004)-6306/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6306/2023

07.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6306/2023 07.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə, X1 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə, X1 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, X2 küçəsi 12 D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvm olan, 1 otaqlı qeyri-yaşayış binasına "xxxx"MMC tərəfindən, iddiaçının mülkiyyət hüququnu pozan xx.xx.2022-ci tarixli Y-380/22 №-li protokol əsasında keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə müvafiq sübut əlavə edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Belə ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir; Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə etdiyi əlillik barədə arayışla bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, İddiaçı tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə müvafiq sübut əlavə edilməməsini nəzərə alıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə, X1 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar