Məhkəmə qərarları › İş №2(004)-637/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-637/2024

29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-637/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, X1, İddiaçı, Cavabdeh1 Firmasının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İİİB Firması nəzdində Beynəlxalq İxtiraçılıq və X6 Biliklər və Kosmetologiya kursuna ödəniş etdiyi 920 manat ödənişin tutularaq iddiaçıya qaytarılması, İİİB Firması nəzdində Beynəlxalq İxtiraçılıq və X6 Biliklər və Kosmetologiya kursunda iddiaçıya qarşı irqi ayrı seçkilik edildiyi üçün 2000 manat maddi ziyan, ümumilikdə 2920 manat maddi mənəvi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Tibbi biliklər və kosmetologiya kursuna 01 mart 2023-cü il tarixində kursa yazılmış və 82 saat dərsi 3 ay müddətinə keçirilməli olduğu halda, kursun müəlliməsi Cavabdeh2 82 saat dərsin əvəzinə 17 saat aparmışdır. Həmin 17 saat dərs dövründə iddiaçını pul xırdalamağa, sənəd surət çıxartmaq üçün göndərmişdir. Beləliklə 3 aylıq kurs dövründə 17 saat dərs olmuşdur. Diplomu isə 3 ay tamam olandan sonra vermişlər. Ödənişli əsaslarla 3 aylıq kurs dövründə iddiaçıya heç bir sənət öyrətməmişlər. İddiaçı narazı qaldığı üçün X3 Nümayəndə şikayət ərizəsi yazmışdır. Ödəniş etdiyi 920 manat kursda qeyri-kafi dərs aparıldığı üçün öyrənmək istədiyi peşə üzrə iddiaçıya heç nə öyrədilməmişdir. Tibbi biliklər və kosmetologiya kursuna 01 mart 2023-cü il tarixində etdiyi ümümumilikdə 920 manat ödənişi geri tələb etdikdə imtina edilmişdir. Cavabdeh1 Firması tərəfindən iddiaya etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Lebedeva E.V. tərəfindən Cavabdeh2 qarşı bütün ittihamlar tamamilə uydurmadır və onların heç bir əsası və sübutu yoxdur. Müəllim Cavabdeh2 bütün Lebedeva E.V. tərəfindən ödəniş olunmuş kursları tam şəkildə keçirmişdir. Bundan üstəlik, Cavabdeh2 bir sıra dərsləri, xüsusilə Lebedeva E.V üçün, proqramdan əlavə keçirmişdir. Vacib olan mövzuları ona daha yaxşı izah etmək üçün Cavabdeh2 Lebedevaya aid olan dərsləri yüksək keyfiyyətlə keçirmişdir. Cavabdeh2 yüksək dərəcəli mütəxəssisdir, onun 16 illik kosmetologiya fənnində pedaqoji təcrübəsi var. Dərsləri yüksək keyfiyyətlə və böyük fədakarlıqla aparır. Onun yüksək ixtisası insanların onu bir-birinə tövsiyə etməsi ilə təsdiqlənir. Qızlar artıq 16 ildir ki məmnuniyyətlə onun kurslarına yazılır və onun təlimini keçir. Həmçinin, onun yüksək ixtisası və işinə sadiqliyi təqdim olunan videolarda kifayət qədər aydın görünür. Lebedevaya E.V. qarşı hədə-qorxu tamamilə uydurmadır və onun heç bir əsası və sübutu yoxdur. Lebedevaya E.V. qarşı Cavabdeh2 tərəfindən irqi ayrı-seçkilik birmənalı böhtandır və onun heç bir əsası və sübutu yoxdur. Əksinə, azərbaycan dilini bilmədiyi üçün Lebedevaya E.V. müəllimədən xahiş etmişdir ki, onunla qrupdan kənar, fərdi (individual) dərs keçilsin. Cavabdeh2, baxmayaraq ki, onun dərsləri qrup şəklində olur, Lebedevanın xahişini nəzərə alaraq, əlavə ödəniş istəmədən, onunla fərdi (individual) dərs keçib. Həm də, artıq qeyd edildiyi kimi, Cavabdeh2, xüsusən Lebedeva E.V. üçün müəyyən mövzuları ona daha yaxşı izah etmək üçün onunla bir sıra dərsləri proqramdan əlavə keçirilmişdir. Üstəlik, bir neçə dərsdə Cavabdeh2 bir neçə tələbəsini, xüsusilə Lebedeva E.V. üçün, müəyyən prosedurları göstərmək məqsədi ilə, onları modellər kimi dəvət etdi. Bütün təqdim olunan dərs videolarında Lebedeva E.V. çox razı görünür və gülümsəyir. Ona görə də, iddia tələbinin rədd edilməsini xahiş edirlər. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İİİB Firması nəzdində Beynəlxalq İxtiraçılıq və X6 Biliklər və Kosmetologiya kursuna ödəniş etdiyi 920 manat ödənişin cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya qaytarılması, İİİB Firması nəzdində Beynəlxalq İxtiraçılıq və X6 Biliklər və Kosmetologiya kursunda iddiaçıya qarşı irqi-ayrı seçkilik edildiyi üçün 2000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 2920 manat mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh2 instagram vasitəsilə tanımış, ondan kosmetologiya üzrə dərs almaq istədiyini bildirmiş, sonradan bu barədə ərizə yazmışdır. 3 aylıq kursdan cəmi 17 dərs keçmiş, 16 saatlıq botoks kursu isə bir gün keçmiş, demək olar ki heç bir şey öyrətməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Firmasının nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, dərslərin keyfiyyətinə nəzarəti müəyyən vaxtlarda dərslərə baxış keçirərək, ilk növbədə isə müəllim seçimində, tələbələrin ondan razı olub-olmasından müəyyən edirlər. Cavabdeh2 kursun işçisi deyil, onunla aralarında tərəfdaşlıq müqaviləsi bağlamışlar, sertifikatların və diplomların verilməsini icra edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 16 ilə yaxındır ki, müəllimlik fəaliyyəti ilə məşğuldur. Hazırki formada mübahisə ilə birinci dəfədir ki, qarşılaşır. Belə ki, kursa müraciət edən digər hər kəs kimi iddiaçıyla da anlaşmaları belə olmuşdur ki, 3 aylıq dərslər keçilsin. Ancaq iddiaçı özü xahiş etmişdir ki, bu kursu 1 aylıq müddətdə keçsinlər. Buna görə də o, intensivləşdirilmiş qaydada dərslər keçmişdir. Ancaq təbii ki, bütün dərsləri bu dövr ərzində iddiaçıya keçmişdir. Nəticədə isə iddiaçıya 82 saatlıq dərsin keçilməsi barədə diplom təqdim edilmişdir. İddiaçıya birinci sırada “Tibbi biliklər və ümumi kosmetalogiya” kursunu keçmişdir. 50 akademik saat bu kursa ayrılmışdır. 32 akademik saat isə “Tibbi savadlılıq” kursuna ayrılmışdır. İddiçıya bir aylıq intensiv dərslər keçdikdən sonra bildirmişdir ki, ümumi kursun bitirilməsi barədə diplomu hazırda ona təqdim edə bilməz. Çünki ümumi kurs 3 aylıqdır. Həmçinin iddiaçıya demişdir ki, əgər iki ay ərzində hər hansı mövzu barədə sualı yaranarsa, istənilən zaman ona müraciət edə bilər və ona yenidən həmin dərsi izah edə bilər. Ancaq iki ay ərzində iddiaçı tərəfindən hər hansı sual, etiraz ünvanlanmamışdır. Nəticədə isə may ayının 30-da mesajla ünsiyyət quraraq razılaşmışdır ki, iddiaçı gəlib diplomunu götürsün. Diplomu götürmək üçün kursa gəldiyi zamanda da yenidən danışmış və razılaşmışlar ki, hazırda belə əgər ona qaranlıq qalan mövzu varsa, sualı yaranmışsa, izah edə bilər. Orada da bildirmişdir ki, narazılığı yoxdur və diplomu təqdim etmişdir. Narazılığı olmadığına görə iddiaçı növbəti ödənişi etmişdir. İddiaçı mayın 30-u 220 manat növbəti ödənişi etmiş və mayın 31-i yeni dərslər başlamışdır. Nəticədə ona iyunun 18-də botoks sertifikatı təqdim edilmişdir. Sonra isə iyul ayının 2-də iddiaçı ona mesaj yazaraq bildirmişdir ki, diplomu verərək pulu geri istəyir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, keçilmiş 82 saatlıq dərsə görə ödəniş 700 manatdır. Botoksla bağlı dərslər belədir ki, iki dərs nəzəriyyə keçirilir, sonra isə praktiki dərslər olur. Dərslərin hamısı barədə iddiaçıya ancaq mesajlar vasitəsilə məlumat verməmiş, həmçinin üz-üzə də ona növbəti dərslərin vaxtı barədə bildirmişdir. 920 manatı 98 akademik saat dərsə görə almışdır. Dərs saatlarının keçirilməsinin qeydiyyatı aparılmır. Ona 98 saat dərs keçilmişdir və sonda diplom və sertifikat verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi N.Nərimanov adına Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş AR-İ 065972 saylı diplomun surətindən görünür ki, Cavabdeh2 1993-cu ildə Universitetə daxil olmuş və həmin Universiteti 1999-cu ildə pediatriya ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan İİİB firmasının Beynalxalq İxtiraçılıq və Biznes İnstitutu tərəfindən verilmiş VN 13671 saylı diplomun surətindən görünür ki, Cavabdeh2 50 saatlıq 3 aylıq həcmində olan ümumi kosmetologiya kurslarını xx.xx.2018-ci ildə bitirmişdir. İş materiallarında olan İİİB firması ilə Cavabdeh2 arasında bağlanmış 05 yanvar 2020-ci il tarixli müqavilənin predmetinə əsasən Cavabdeh2 repititorluq kurslarını təşkil edir, kursların reklamını aparır, onlara oxucu qəbul edir və oxucuların təlimini təşkil edir, repititorluq kurslarında təlimin maliyyə və vergi işlərini öz üzərinə alır. Həmin müqavilənin 3-cü bəndinə əsasən, İİİB firması Cavabdeh2 tərəfindən təşkil etdiyi repetitorluq kurslarının dərs keyfiyyətinə nəzarət edir və onların təlim təşkilatında kömək göstərir. İş materiallarında olan İİİB firmasının Beynalxalq İxtiraçılıq və Biznes İnstitutu tərəfindən verilmiş V 15412 saylı diplomun surətindən görünür ki, İddiaçı 50 saatlıq 3 aylıq həcmində olan ümumi kosmetologiya kurslarını xx.xx.2023-cü ildə bitirmişdir. İş materiallarında olan İİİB firmasının Beynalxalq İxtiraçılıq və Biznes İnstitutu tərəfindən verilmiş V 15411 saylı diplomun surətindən görünür ki, İddiaçı 32 saatlıq 2 aylıq həcmində olan Tibbi savadlılıq (ilki tibbi yardım) kurslarını xx.xx.2023-cü ildə bitirmişdir. İş materiallarında olan İİİB firmasının Beynalxalq İxtiraçılıq və Biznes İnstitutu tərəfindən verilmiş V 15502 saylı sertifikatın surətindən görünür ki, İddiaçı 16 saatlıq 1 aylıq həcmində olan Botoks kursunu xx.xx.2023-cü ildə bitirmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli İMX 374451 nömrəli mədaxil qəbzinin kötüyünün surətindən görünür ki, İddiaçı tərəfindən 700 manat ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş 30 may 2023-cü il tarixli İMX 374459 nömrəli mədaxil qəbzinin kötüyünün surətindən görünür ki, İddiaçı tərəfindən 700 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh2 İddiaçı ilə şifahi xidmət müqaviləsi əsasında 3 aylıq müddətinə ümumi dəyəri 700 manat təşkil edən 32 saat və 50 saatdan ibarət ilkin tibbi xidmət və ümumi kosmetologiya kursu və daha sonra 16 saatlıq botoks kursunun keçirilməsi barədə razılıq əldə olunmuşdur. İddiaçı ona 82 saatlıq kursdan cəmi 17 saat kurs keçdiyini bildirmiş, digər 16 saatlıq kursdan isə 1 saatlıq dərs keçildiyini və keçirilən dərslərin də keyfiyyətsiz olduğunu və onun heç bir şey öyrənmədiyini bildirmişdir. Cavabdeh2 isə onun bütün dərs saatların keçirildiyini və sonda da diplom və sertifikatların verildiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş flaşkarta baxış zamanı bir neçə dəqiqəlik 3 videonun olduğunu və həmin videoların ilkin tibbi xidmət və ümumi kosmetologiya kursuna aid olduğu tərəflərin izahatları ilə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh İİİB firması tərəfindən təqdim edilmiş diplom və serifikatlarda 82 saat və 16 saat olmaqla, cəmi 96 saatlıq dərs keçildiyi göstərilsə də, cavabdehlər tərəfindən həmin sayda dərslərin keçirilməsinə dair mötəbər sübut təqdim edilməmişdir. Belə ki, həmin hissədə sübutetmə yükü cavabdehlərin üzərindədir. Məhkəmə bu hissədə iddiaçının 17 saat və 1 saat botoks dərs olmaqla, cəmi 18 saat dərs keçirilməsini etiraf kimi qəbul edərək, həmin saatların hesablanaraq, ümumi məbləğdən çıxılması, qalan hissədə iddianın təmin edilməsi qənaətinə gəlir. Belə ki, cavabdehlərin öz aralarında bağlanmış müqaviləyə əsasən, kursun dərs keyfiyyətinə nəzarətin İİİB tərəfindən aparılması nəzərdə tutulduğundan, eləcə də kursları bitirmiş şəxslərə diplom və serifikatlar İİİB tərəfindən verildiyindən iddia tələbinin hər iki cavabdehdən tutulmasına dair hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə bildirir ki, ilkin tibbi xidmət və ümumi kosmetologiya kursunun ümumi qiyməti 700 manat, botoks kursunun qiyməti 220 manat təşkil edir. Keçirilmiş 17 saat kursun dəyəri: 720 manat ÷ 82 saat=8,5 manat. 8,5 x 17=144,50 manat təşkil edir. Botoks kursu üzrə 220 manat ÷ 16 saat =13,70 manat. Keçirilmiş botoks kursu - 13.70 x 1= 13,70 manat olmaqla, cəmi 13.70+144.50=158.20 manat təşkil edir. Belə olan halda, ödənilmiş ümumi məbləğdən keçirilmiş akademik dərs saatlarının dəyəri çıxılmaqla qalıq məbləğ 920-158,20=761,80 manat təşkil edir ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Məhkəmə iddia tələbinin iddiaçıya qarşı irqi ayrı-seçkilik edildiyi üçün 2000 manat mənəvi zərərə dair hissədə əsassız hesab edərək qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə araşdırması zamanı iddiaçının cavabdehlər tərəfindən hər hansı irqi ayrıseçkiliyə məruz qalması müəyyən edilmədiyindən iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Firmasından və Cavabdeh2 müştərək qaydada 761,80 (yeddi yüz altmış bir manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, idia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Firmasından və Cavabdeh2 müştərək qaydada 761,80 (yeddi yüz altmış bir manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar