Məhkəmə qərarları › İş №2(004)-65/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-65/2024

20.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-65/2024 20.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “iddiaçıya məxsus daşınmaz əmlakın üzərində qanunsuz olaraq tikilmiş tikintinin nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “iddiaçıya məxsus daşınmaz əmlakın üzərində qanunsuz olaraq tikilmiş tikintinin nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 44 ünvanında yerləşən, 0,07006 ha torpaq sahəsi Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən açıq hərracda satılmışdır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən hazırda İddiaçı ASC-nin mülkiyyətindədir. Cavabdeh "xxxx" MMC tərəfindən qanunsuz olaraq həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış binası inşa edilmiş və bankın mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmişdir. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir . Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas dispozitiv şərt lazımdır:

1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.

2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.

3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hazırki halda mübahisənin subyektiv tərkibi (İddiaçı ASC və cavabdeh "xxxx" MMC) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən, mübahisə predmeti xüsusən cavabdeh tərəfin sahibkarlıq fəaliyyətinin obyekti olan torpaq sahəsindən ibarətdir. Belə ki, hüquq münasibətinin kökü olaraq həmin torpaq sahəsini iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirməsi nəticəsində əldə etmişdir. Cavabdeh isə həmin torpaq sahəsində yaşayış binası inşa etməklə öz sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh kommersiya hüquqi şəxsləridir və tərəflər arasında yaranmış münasibətlər üzrə mübahisə sözügedən subyektlərin sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi əsasında yaranmaqla mübahisənin predmetinin əsasını kommersiya hüquq münasibətləri təşkil edir. Nəticə etibarilə, mövcud məhkəmə təcrübəsi və qanunvericiliyinin tələbləri əsas götürülməklə iddia tələbinin kommersiya aidiyyatı baxımından yuxarıda qeyd olunan hər 3 (üç) dispozitiv şərt yerinə yetirilir. Buna görə də hazırki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq, Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci və 45-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə R A R A A L D İ:

İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “iddiaçıya məxsus daşınmaz əmlakın üzərində qanunsuz olaraq tikilmiş tikintinin nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar