Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6520/2021 29.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X15 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlərdən ona vurduqları maddi zərər olaraq 1501 manatın eləcə də dövlət rüsumunua görə 30 manatın müştərək olaraq, həmçinin mənəvi və fiziki sağlamlığına vurduğu zərərə görə Cavabdeh1 50.000 manat pulun tutularaq ona ödənilməsi, həmçinin Cavabdeh1 onun əmlak kompleksinin yaxın ətrafındakı qanunsuz hərəkətlərinə son qoyulması, Cavabdeh1 tərəfindən qanunsuz olaraq doldurulmuş birinin uzunu 8.5 eni 4 metr o birinin uzunu 6. Eni 3.5 metr olan heyvanların çimizdirilməsi və camışların sərinləməsi üçün hovuz-kanalların bərpası barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Oğuz rayonu Böyük Söyüdlü kəndində mülkiyyətində əmlak kompleksi - ferması var. Onun həmin fermada inək və qoyunları var. Təsərrüfatla məşğuldur. Bu ilin 17 aprel tarixində səhər 12 radələrində Mahir adlı şəxs fermaya gələrək işıq xəttini, eləcə də işıq dirəyini tamamilə yerindən çıxararaq getmişdir. Xəbər tutaraq Mahiri tapmış, işığı nə üçün kəsdiyini soruşmuş, o isə kobudcasına ona “yuxarıdan tapşırıblar kəsmişəm” deyərək telefonu qapatmışdır. Yuxarının kim olduğunu öyrənmək üçün nə qədər yığsa da cavab verməmişdir. O, Oğuz rayon Elektrik Şəbəkəsinə zəng etmiş, onların xəbəri olmadığını və onların şəbəkəsində Mahir adlı şəxsin işləmədiyini, lakin ora nümayəndə göndərərək araşdırıb bərpa edəcəklərini bildirmişlər. O, Azərişığın “199” qaynar xəttinə müraciət etmiş, eləcə də “102” xidmətinə müraciət etmişdir ki Mahiri və onun dediyi yuxarının kim olduğunu öyrənsin. Polislər hadisə yerində olmuş və tezliklə işığın bərpa olacağını bildirsələr də həmin gün işıq bərpa olunmamışdır. Lakin məlum olmuşdur ki, Mahirə göstəriş verən Böyük Söyüdlü kəndində fəaliyyət göstərən Aqroparkın nümüyəndəsi Cavabdeh1 Nürəddin oğludur. Cavabdeh1 əvvəllər də onun əmlakına qarşı belə qanunazidd hərəkətlər etmişdir. Hətta 08.02.2019cu il tarixli X2 cavab məktubundan göründüyü kimi şirkətin nümayəndəliyinə yəni Cavabdeh1 bildirilmişdir ki bu kimi işlərin görülməsi üçün ASAN xidmətə müraciət etsinlər. Cavabdeh1 tərəfindən 08 aprel 2019-cu ildə tövlələr mal qara tövlədəykən arxadan dəmir bastırılaraq bağlanmışdır. 2020-ci ilin sentyabr ayının axırlarında 1968-ci ildən “Miçurin” kolxozunun vaxtından mövcud olan birinin uzunluğu 8.5 eni 4 metr digərinin uzunu 6 eni 3.4 metr olan heyvanların çimizdirilməsi üçün olan hovuzlar kənardan kamazla torpaq daşınaraq doldurulmuşdur. O, cavabdehin qanunsuz əməlindən prokurorluğa şikayət etsə də cavab almışdır ki, göstərilən xüsusatlar mülki xarakterlidir. Əlbəttə onun əməlinə hüquqi qiymət verilmədikcə cavabdeh onun mülkiyyətinə qarşı mütamadi qanunazidd maddi və fiziki ziyan vurmaqda davam edir ki onun əməli onu nəyəsə təhrik etməyə və sağlamlığına zərər vurmağa hesablandığı qənaətinə gəlinir. Çünki onun əməlləri davam edir. Gah örüşə çıxışı bağlayır, gah da fermaya girişi. Hər vasitə ilə təsərrüfata mane olur. Torpaq agentliyi və bələdiyyənin iştirakı ilə tərtib olunmuş aktdan da göründüyü kimi onun ictimai tikili ətrafı əraziləri də Aqropark tərəfindən taxıl əkilir. Hər il Torpaq agentliyinə tədbir görülməsi üçün yazsa da kənd bələdiyyəsinə göndərilmiş lakin tədbir görülməmiş və nəticəsiz qaldıqı üçün özbaşınalıqlar, qanunazid hərəkətlər davam etməkdədir. Cavabdeh2 və Cavabdeh1 işığı kəsdiyinə görə ona 1501 (min beş yüz bir) manat maddi ziyan dəymişdir. Belə ki axşam tövlə qaranlıq olduğundan malları bağlamaq mümkün olmamışdır. 2 ədəd quzu tövlədə inəklərin ayağı altında qalıb ölmüşdür ki, hər birinin qiyməti 140-150 manatdan 280-300 manat edir. 2 ədəd soyuducu işləmədiyindən heyvanlara istifadə üçün aldığı dərmanlar islanaraq yararsız vəziyyətə düşüb ki, zərər 200 manatdan çoxdur. 36 kiloqram nəhrə yağı əriyib axıb ki, bu da kilosu 20 manatdan 720 manat edir. Ev üçün kəsdirdiyi 14 kiloluq quzu xarab olub ki, bu da 196 manat edir. 50 litr süd 50 manat, 35 litr qatıq xarab olub ki, bu da 35 manat edir. Cavabdeh1 ona bilərəkdən 1501 (min beş yüz bir )manat maddi zərər vurmuşdur. İşə Azərenerjinin qaynar xəttindən müdaxilə edildikdən bir gün sonra işıq bəra edilmişdir. Aqroark həmin rayonda uzun müddətdirki fəaliyyət göstərir. Əvvəllər başqa adamlar rəhbərlik edirmiş. Cavabdeh1 gələn gündən mütəmadi olaraq ona maddi və fiziki zərər vurur. O, artıq dözə bilmir bir sıra xəstəliklərə düçar olub. Dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsə də hansısa maraqdan işi araşdırıb onun əməlinə hüquqi qiymət vermək əvəzinə bir neçə cümlə ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 qarşı qaldırılmış yuxarıda qeyd olunan iddia tələbini qəbul etmir, hesab edir iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, guya Cavabdeh1 göstərişi ilə Cavabdeh2 iddiaçının fermasına gedən işıq xəttini kəsərək, eləcə də işıq dirəyini yerindən çıxararaq getmişdir. İşığın kəsilməsi, işıq dirəyin çıxarılması ilə bağlı Cavabdeh1 göstəriş verilməsi üçün hər hansı bir səlahiyyəti yoxdur. Yolda olan işıq dirəyin çıxarılması, işığın kəsilməsi müvafiq dövlət orqanları tərəfindən aparılır. İddia ərizəsindən görünür ki, Oğuz rayonu Böyük Söyüdlü kəndində iddiaçının mülkiyyətində əmlak kompleksi-ferması mövcuddur. Əfsuslar olsun ki, iddia ərizəsinin qoşma hissəsində əmlak kompleksinin sənədləri qeyd olunsada, məhkəmənin elektron sistemində sənədlər bölməsində belə bir sənədin olması tərəflərindən müəyyən olunmamışdır. İddia ərizəsində əlavə olaraq qeyd olunub ki, Cavabdeh2 və Cavabdeh1 işığı kəsdiyinə görə iddiaçıya 1501 manat maddi ziyan dəymişdir. Belə ki, axşam tövlə qaranlıq olduğundan malları bağlamaq mümkün olmamış, 2 ədəd quzu tövlədə inəklərin ayağı altında qalıb ölmüş ziyan isə 280-300 manatdır. 2 ədəd soyuducu işləmədiyinə görə dərmanlar islanaraq yararsız vəziyyət düşmüş, 200 manatdan çoxdur, 36 kq nehrə yağı əriyib axıb- 1 kq 20 manat- 720 manat, kəsdirdiyi 14 kq quzu - 196 manat, 50 litr süd -50 manat, 35 litr qatıq -35 manat təşkil edir. İddiaçının iddia ərizəsində göstərdiyi maddi ziyan ilə bağlı açıqlama tam absurdur və bunu təsdiq edən hər hansı bir möhtəbər sübut təqdim olunmayıb. Belə ki, fermada iri buynuzlu heyvanlar digərlərindən ayrı yerdə saxlanılır və quzuların inəklərin ayağının altında qalması mümkün deyil. Həmçinin nehrə yağının əriyib axması, südün və qatığın xarab olması, kəsilmiş quzu əti xarab olması qeyri mümkün haldır. Belə ki, qeyd olunan ərazi dağlıq ətəyində yerləşdiyindən və 17 aprel 2021-ci il tarixdə havanın soyuq olması ilə bağlı belə bir halın baş verməsi qeyri mümkündür. Bundan əlavə olaraq iddia ərizəsinində qeyd olunub ki, guya Cavabdeh1 tərəfindən mütamadi olaraq iddiaçıya maddi və fiziki zərər vurulur. İddiaçı bir sıra xəstəliklərə düçar olmuşdur. İddiaçı fiziki sağlamlığına vurulmuş zərərə görə Cavabdeh1 50000 manat pulun tutulması xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş Yasamal rayon 16 saylı Şəhər Poliklinikası tərəfindən 20.04.2021ci il tarixdə verilmiş Ambulator kartının çıxarışından müəyyən etmək olar ki, İddiaçı qeyd olunan poliklinikada qeydiyyatdadır və mütamadi olaraq ambulator müalicələr alır. Lakin, sağlamlığına vurulan zərərin nədən ibarət olmasını və bunu təsdiq edən hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. Bu bir daha onu sübut edir ki, bu arayış formal olaraq verilmişdir və iddiaçının bu tələbi də tam əsassızdır. Cavabdeh1 tərəfindən İddiaçı qarşı hər hansı bir qanunsuz hərəkət edilməmiş və onun tərəfindən hər hansı bir qanuna zidd əməl törədilməmişdir. Belə olan halda, hesab edir ki, İddiaçı hazırki iddia tələbinin heç bir qanuni əsası yoxdur. Odur ki, məhkəmədən İddiaçı Cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi və qanunsuz hərəkətlərə son qoyulması barədə iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, eləcə də AZEMİS vasitəsilə cavabdehə məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və 02.11.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək pandemiya ilə və yolunun çox uzaq olması səbəbi ilə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iddia tələbini qəbul etmədiyini, iddianın tam əsassız, yalan və böhtandan ibarət olmasını və rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə X13 rayon X12nə və iddiaçıya ünvanladığı 10.09.2019-cu il tarixli məktubda qeyd olunur ki, görünür ki, İddiaçı 02 sentyabr 2019-cu il tarixli müraciəti əsasında komitənin Qəbələ ərazi şöbəsinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişi tərəfindən X12 sədrinin iştirakı ilə yerində araşdırılarkən sözügedən mal tövləsinin ətrafında yerləşən, eləcə də bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı digər örüş və kollu-örüş torpaq sahələrində şumlama işlərinin aparılması halları aşkar edilmişdir. İş materiallarında olan Azərişəq ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satış İdarəsinin iddiaçıya ünvanladığı 27.04.2021-ci il tarixli məktubda qeyd olunur ki, Oğuz rayonunda yerləşən Aqroparka məxsus torpaq sahəsində qazıntı işləri aparılan zaman iddiaçıya məxsus fermanı elektrik enerjisi ilə təchiz edən 0,4 kV-luq fiderin dayaq və naqilləri Aqroparkin işçi personalı tərəfindən sökülmüş, qazıntı işləri yekunlaşdıqdan sonra 0,4 kV-luq fıder bərpa edilərək elektrik enerjisinin verilişi təmin edilmişdir. İş materiallarında olan Azərişıq tərəfindən Vahidə Əziziovaya ünvanlanmış 18.04.2021-ci il tarixli sms çıxarışda qeyd olunur ki, iddiaçının 67711 nömrəli müraciəti ilə bağlı məsələ həll edilmişdir. İş materiallarında olan Azərişəq ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satış İdarəsi X11 iddiaçıya ünvanladığı 08.02.2019-cu il tarixli məktubda qeyd olunur ki, iddiaçının 28.01.2019-cu il tarixli Az1110/********** saylı telefonoqramına cavab olaraq bildirilir ki, ona məxsus elektrik xəttləri Oğuz rayon Böyük Söyüdlü kəndindəki AQRO Parkın ərazisindəki yolların genişlənməsi zamanı iş aparan şirkət tərəfindən kəsilmiş, bu hal əvvəllər də baş-vermişdir. Axırıncı dəfə xətlər və dayaqlar şəbəkənin daxili imkanları hesabına bərpa olunmuş və şirkətin nümayəndələrinə məlumat verilmişdir ki, bu kimi işlərin görülməsi üçün ASAN Xidmətə müraciət olunmalıdır. Azərbaycan Respublikası Bakı şəhəri 16 saylı şəhər Polinklinikası Ambulator kartadan çıxarışda qeyd olunur ki, İddiaçı Bakı şəhəri 16 saylı şəhər Polinklinikada qeydiyyatdadır, mütamadi olaraq ambulator müalicələr alır və hipertaniya xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan 08.04.2019-cu il tarixli Aktın məzmunundan görünür ki, ƏMDKnin Qəbələ Ərazi Şöbəsinin məsləhətçi müfəttişi X16, Ərazi Şöbəsinin məsləhətçisi X3, X4 sədri X5 və Böyük Söyüdlü kənd sakini Rahim Söyünovun iştirakı ilə iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı teleqramla əlaqədar İddiaçı ferma binasına və ətrafına baxış keçirlimişdir. Aktda qeyd olunur ki, İddiaçı ferma binasının ətrafında ümumilikdə 0,40-0,60 ha ərazisində torpaq sahəsi əkilməmişdir. Ferma binalarının ətrafına suni lent çəkilmiş, dəmir basdırılmışdır. Suni lent tərəflərindən açılmışdır. X12 tərəfindən həmin torpaq sahəsinin verilməsi haqda hər hansı bir qərar qəbul edilməmişdir. İş materiallarında olan Oğuz rayon Polis Şöbəsinin iddiaçıya ünvanladığı 31.05.2021ci il tarixli məktubundan görünür ki, İddiaçı dəymiş maddi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməsi bildirilir. İş materiallarında olan Oğuz rayon Prokurorluğunun iddiaçıya ünvanladığı 08.10.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətindəki göstərilən xüsusatların mübahisəli və məhkəmə səlahiyyətlərinə aid olması müəyyən edildiyindən mülki və xüsusi ittiham qaydasında məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Oğuz rayon Polis Şöbəsinin iddiaçıya ünvanladığı 02.09.2021ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətindəki göstərilən xüsusatların mülki xarakterli olması və məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olması bildirilir. İş materiallarında olan Oğuz rayon X4 iddiaçıya 27.10.2021-ci il tarixli, 326 saylı məktubunda qeyd olunur ki, onun mülkiyyətində olan fermanın ətrafındakı bələdiyyə mülkiyyətinə aid ərazinin onun istifadəsinə verilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilir ki, bələdiyyə qanunvericiliyə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar yerləşdiyi ərazidən asılı olmayaraq ancaq hərrac və ya müsabiqə yolu ilə icarəyə verilə bilər. Həmin ərazi bələdiyyə tərəfindən hərrac və ya müsabiqəyə çıxarıldıqda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Agentliyinin dövrü mətbuatında elanın getməyi ilə bərabər bələdiyyə tərəfindən ona əlavə məlumat da veriləcəkdir. İş materiallarında olan Oğuz rayon İcra Hakimiyyəti başçısının X18 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29.11.2021-ci il tarixli arayışından görünür ki, iddiaçıya məxsus Oğuz rayonu Böyük Söyüdlü kəndində əmlak kompleksi vardır. 29.11.2021-ci il tarixinə həmin əmlak kompleksində 18 iri buynuzlu mal-qara və 35 baş davar vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yaninda X1 Təşkili Üzrə Dövlət Agentliyinin bələdiyyəsinə və iddiaçıya ünvanladığı 04.10.2021-ci il tarixli məktubunda qeyd olunur ki, iddiaçının müraciətində qeyd edilən məsələ ilə bağlı Qəbələ ərazi şöbəsinin işçiləri tərəfindən X4 sədr müavininin iştirakı ilə yerində araşdırma aparılan zaman sözügedən mal-qara fermasının ətrafında yerləşən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 3,70 hektar örüş sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ferma ərazisinə gediş-gəliş yolu saxlanılmaqla şumlanması halı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Oğuz rayonu, Böyük Söyüdlü kəndi ərazisində 396 kv.m ümumi sahəsi olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında, 0,0538636 ha torpaq sahəsi isə istifadə hüququ əsasında İddiaçı verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 12.11.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 13.03.2018-ci il tarixindən "xxxx" MMC-də çalışır. Hal-hazırda Mexanizasiya şöbəsinin (02.03.2020-ci il taxinədək Torpaq hazırlığı şöbəsi adlanan) müdiri vəzifəsini icra edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində mülkiyyətində əmlak kompleksi - ferması var. Onun həmin fermada inək və qoyunları var. Azərişəq ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satış İdarəsi X11 iddiaçıya ünvanladığı 08.02.2019-cu il tarixli məktubu ilə müəyyən olunur ki, iddiaçı elektrik enerjisinin və xətlərinin kəsilməsi ilə müvafiq orqana şikayət etmiş və ona məxsus elektrik xəttləri Oğuz rayon Böyük Söyüdlü kəndindəki AQRO Parkın ərazisindəki yolların genişlənməsi zamanı iş aparan şirkət tərəfindən kəsildiyi bildirilmişdir. Göründüyü kimi Azərişəq ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satış İdarəsi Oğuz Elektrik Şəbəkəsi həmin xətlərin kəsilməsi ilə bağlı AQRO Parkın ərazisindəki yolların genişlənməsi zamanı iş aparan şirkət tərəfindən bunun edildiyi qeyd olunsa da həmin şəxslərin cavabdehlər Cavabdeh1 və X19 olması qeyd olunmur. Bundan əlavə iddiaçı ona cavabdehlərin təqsiri üzündən 2 ədəd quzusunun tövlədə inəklərin ayağı altında qalıb ölməsi və buna görə 280-300 manat ziyan dəydiyini, 2 ədəd soyuducu işləmədiyinə görə 200 manat dəyərində dərmanların islanaraq yararsız vəziyyət düşməsini, 36 kq nehrə yağının əriyib axıb 720 manat ziyan dəydiyini, ev üçün kəsdirdiyi 14 kq quzu ətinin xarab olması ilə 196 manat ziyan dəydiyini, 50 litr süd xarab olması ilə 50 manat ziyan dəydiyini, 35 litr qatığın xarab olması ilə 35 manat ziyan dəydiyini bildirsə də bunu sübut edəcək hər hansı sənədləri məhkəməyə təqdim etməmişdir. Eləcə də iddiaçı mənəvi və fiziki sağlamlığına vurduğu zərərə görə Cavabdeh1 50.000 manat pulun tutularaq ona ödənilməsini tələb etsə də mənəvi və fiziki sağlamlığına vurulan zərərin nədən ibarət olmasını və bu zərərin Cavabdeh1 hansı təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsini, səbəbli əlaqə olmasını sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilmədiyindən “həmçinin Cavabdeh1 onun əmlak kompleksinin yaxın ətrafındakı qanunsuz hərəkətlərinə son qoyulması, Cavabdeh1 tərəfindən qanunsuz olaraq doldurulmuş birinin uzunu 8.5 eni 4 metr o birinin uzunu 6. eni 3.5 metr olan heyvanların çimizdirilməsi və camışların sərinləməsi üçün hovuz-kanalların bərpası” hissəsində də təmin edilə bilməz. Belə ki, Cavabdeh1 tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun tərəfindən birinin uzunu 8.5 eni 4 metr o birinin uzunu 6. eni 3.5 metr olan heyvanların çimizdirilməsi və camışların sərinləməsi üçün olan hovuz-kanalların qanunsuz olaraq doldurulması iddiaçı tərəfindən sübuta yetirilə bilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 və X10 ona vurduqları maddi zərər olaraq 1501 manatın eləcə də mənəvi və fiziki sağlamlığına vurduğu zərərə görə Cavabdeh1 50.000 manat pulun tutularaq ona ödənilməsi, həmçinin Cavabdeh1 onun əmlak kompleksinin yaxın ətrafındakı qanunsuz hərəkətlərinə son qoyulması, Cavabdeh1 tərəfindən qanunsuz olaraq doldurulmuş birinin uzunu 8.5 eni 4 metr o birinin uzunu 6. Eni 3.5 metr olan heyvanların çimizdirilməsi və camışların sərinləməsi üçün hovuz-kanalların bərpası tələbi hər hansı mötəbər sübutlar təsdiq olunmadığı üçün əsassızdır və iddia təmin edilməməlidir və iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 və X10 ona vurduqları maddi zərər olaraq 1501 manatın eləcə də dövlət rüsumuna görə 30 manatın müştərək olaraq, həmçinin mənəvi və fiziki sağlamlığına vurduğu zərərə görə Cavabdeh1 50.000 manat pulun tutularaq ona ödənilməsi, həmçinin Cavabdeh1 onun əmlak kompleksinin yaxın ətrafındakı qanunsuz hərəkətlərinə son qoyulması, Cavabdeh1 tərəfindən qanunsuz olaraq doldurulmuş birinin uzunu 8.5 eni 4 metr o birinin uzunu 6. Eni 3.5 metr olan heyvanların çimizdirilməsi və camışların sərinləməsi üçün hovuzkanalların bərpası barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6520/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6520/2021
29.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver