Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6568/2022 16.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, ərizəçi İddiaçı maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı “uşağın adının dəyişdirilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı “uşağın adının dəyişdirilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü övladı X2 doğum tarixi xx.xx.2017-ci il, ata qrafasında İddiaçı, ana qrafasında X3, öz adı X1 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəməyə daxil olmuş ərizənin məzmunundan müəyyən edilir ki, xüsusi icraat qaydasında verilməklə mahiyyətində uşağın adının dəyişdirilməsi deyil, doğum haqqında şəhadətnamədə uşağın adında yol verilmiş texniki qüsurun aradan qaldırılması və bu barədə doğum haqqında şəhadətnamədə qeydiyyatın aparılmasından ibarətdir. Həmçinin ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ərizəçi tərəfindən uşağın adının dəyişdirilməsi ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilmiş, lakin xx.xx.2022-ci il tarixli məktubla ona cavab olaraq bildirmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü Bətül Cəlilzadənin adının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir. Eyni zamanda ərizəçinin maraqlı şəxs qismində cəlb edilmiş 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə müraciəti əsasında xx.xx.2022-ci il tarixli 0519- 40009/15 saylı məktubla ona bildirilmişdir ki, “Betül” adı ilə “Bətul” adı eyni mənaya malik olub həmin adın türk dilində olan formasıdır. Həmçinin məktubla ərizəçiyə uşağın adının dəyişdirilməsinin qanunla müəyyən edilmiş qaydası izah edilməklə Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının imtina məktubundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bundan başqa ərizəçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətinə əsasən xx.xx.2022-ci il tarixli cavab məktubunda ona bildirilmişdir ki, Azərbaycan dilinin böyük izahlı onomastik lüğətində adın dilimizə uyğun yazılış forması “Bətul”-dur. Qeyd edilmişdir ki, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsindən əldə edilmiş məlumatda uşağın doğumu qeydə alınarkən anası ilə əlaqə saxlanıldığı və hər iki valideynin uşağa “Bətul” adını vermək arzusunda olduğu bildirilmişdir. Eyni amanda ərizəçiyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.5-ci bəndinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququnun olması izah edilmişdir. Məhkəmə qeyd edir ki, qüvvədə olan və ailə münasibətlərini tənzimləyən qanunvericiliyin tələblərinə görə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Hazırki ərizənin məzmunundan isə müəyyən edilir ki, valideynlər arasında uşağın adının dəyişdirilməsi ilə bağlı mübahisə mövcud deyildir. Aidiyyəti icra orqanı isə uşağın adının dəyişdirilməsi ilə bağlı valideynin müraciətinə baxıb imtina etmişdir. Göründüyü kimi hazırki mülki iş üzrə mübahisə mövcud olmaqla, hər hansı hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı deyildir və səlahiyyətli orqanın uşağın adının dəyişdirilməsindən imtina etməsi ilə bağlıdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisə inzibati xarakterli olduğundan aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəyə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəyə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəyə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.2-ci və 2.2.5-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəllənin 2.1-ci maddələrinin şərh edilməsinə dair 4 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Konstitusiyanın bu normasında qeyd olunan “qanunla müəyyən edilmiş məhkəmə” müddəasının şərhi bu anlayışa işlərin aidiyyatı qaydalarının, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğunun, habelə digər şərtləri də daxil etməyə əsas verir. Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsi insan və vətəndaş hüququ və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir. Beləliklə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsi hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmə baxılmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 1-ci bəndinə görə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. Göründüyü kimi, hazırki ərizə inzibati məhkəmə icraatı qaydasında Bakı İnzibati məhkəməsində baxılmalıdır. Qeyd etmək lazımdır ki, pozulmuş hüquqların və azadlıqların müdafiəsinin məhkəmədənkənar qaydada digər yurisdiksiyalı orqanlar tərəfindən həyata keçirilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmuşdursa, bu halda ərizə məhkəmə qaydasında baxılmalı deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsinə qarşı “uşağın adının dəyişdirilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Odur ki, xüsusi icraat qaydasında verilmiş ərizə baxılmaq üçün məhkəmənin icraatına qəbul edilməkdən imtina edildiyinə görə ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı “uşağın adının dəyişdirilməsi” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırki iddia ərizəsi ilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-6568/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6568/2022
16.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver