Məhkəmə qərarları › İş №2(004)-662/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-662/2021

16.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-662/2021 16.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “mənzilə qaz paylayıcısının hesabına sayğacın quraşdırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “mənzilə qaz paylayıcısının hesabına sayğacın quraşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsi, ev 73, 17b saylı mənzilə qaz paylayıcısının hesabına sayğacın quraşdırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsi, ev 73, 17b saylı mənzil onun mülkiyyətindədir. Bina 1905-ci ildə tikilmişdir. 2004-cü ilədək mənzil Amerikanın “X2” humanitar inkişaf təşkilatında kirayədə olmuş və onlar qazdan istifadədən ehtiyat etdikləri üçün Yasamal Qaz idarəsinə müraciət edərək mənzilin qaz xəttindən ayrılmasını xahiş etmişdirlər. Sayğaclaşdırma zamanı mənzilə sayğac quraşdırılmamışdır. xx.xx.2020-ci il tarixdə mənzilə qaz sayğacının quraşdırılması məqsədi ilə “ASAN kommunal” xidmətinə müraciət etmiş, lakin, xidmətin pullu olması bildirilmişdir. Ona görə də, xidmətdən imtina etmiş və qanun tələbinə görə sayğacın qaz paylayıcısının hesabına quraşdırılmalı olmasını bildirmişdir. “ASAN kommunal” xidməti tərəfindən haqlı olduğu etiraf edilsə də, ona “Cavabdeh” İstehsalat Birliyinə müraciət etməsi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyinə yazılı müraciət etmiş, müraciəti Bakı Regional Qazın Satışı Departamentinə göndərilmişdir. Departamentin xx.xx.2020-ci il tarixli cavab məktubu ilə sayğacın quraşdırılmasından imtina edilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsi, ev 73, 17b saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Yasamal rayon Qİİ-nin xx.xx.2004-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsi, ev 73, 17b saylı mənzil qaz xəttindən ayrılmış və yerinə dəmir tıxac vurulmuşdur. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması haqqında müraciətə aidiyyəti üzrə Cavabdeh Bakı Regional Qaz istismarı Departamentındə baxılmış, bildirilmişdir ki, dövlət proqramında qazlaşdırılması nəzərdə tutulmayan yaşayış məntəqələrinin, eləcə də qazlaşdırılmış yaşayış məntəqələrində sonradan inşa edilmiş yaşayış sahələrinin fərdi yaşayış evlərinin qazlaşdırılması işləri xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatı tərəfindən vətəndaşın şəxsi vəsaiti hesabına həyata keçirdiyi üçün iddiaçıya məxsus fərdi yaşayış evinin qazlaşması ilə əlaqədar texniki şərtin verilməsi üçün mülkiyyət sənədləri və şəxsiyyət vəsiqəsi ilə ASAN Kommunal Xidmətə müraciət olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, yaşayış sahəsinə qaz sayğacının quraşdırılmasının istehlakçının vəsaiti hesabına həyata keçirilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər yazılı sübut təqdim edilməmişdir. Odur ki, iddiaçının mənzilinə onun öz hesabına qaz sayğacının quraşdırılmasına dair cavabdehin hərəkətləri əsassız və qanunsuz olmuşdur. Çünki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan qaz sayğacının quraşdırılmasına görə haqq tələb edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməklə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsi, ev 73, 17b saylı mənzilə qaz paylayıcısının hesabına sayğacın quraşdırılması vəzifəsi cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə həvalə edilməlidir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 10 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsi, ev 73, 17b saylı mənzilə qaz paylayıcısının hesabına sayğacın quraşdırılması vəzifəsi cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə həvalə edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 10 (on) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar