Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6726/2021 30.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İlk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı1, onun nümayəndəsi və vəkili və İddiaçı2 vəkili Vəkil, İlk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “STUDY LAB" MMC-ə qarşı dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Xöşqədəm qızı Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi ilə əlaqədar dəymiş olan maddi ziyanın əvəzi olaraq 1291 AZN (min iki yüz doxsan bir manat), mənəvi ziyana görə 10000 AZN (on min manat), hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 150 AZN (üç yüz manat) və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat, cəmi 11.472 AZN (on bir min dörd yüz yetmiş iki manat) pul məbləğinin Cavabdeh MMC tərəfindən tutularaq onlara, yəni İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi ilə əlaqədar dəymiş olan maddi ziyanın əvəzi olaraq 1291 AZN (min iki yüz doxsan bir manat), mənəvi ziyana görə 10000 AZN (on min manat), hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 300 AZN (üç yüz manat) və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat, cəmi 11.622 AZN (on bir min altı yüz iyirmi iki manat) pul məbləğinin Cavabdeh MMC tərəfindən tutularaq onlara, yəni İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra 17 noyabr 2021-ci il tarixdə iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh MMC-ə müqavilə öhdəlikləri üzrə xidmət haqqı olaraq ödənilmiş 920 manatın, application fee-yə görə ödənilmiş 371 (üç yüz yetmiş bir) manat pulun, mənəvi ziyana görə 10000 AZN (on min manat), hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 300 AZN (üç yüz manat) və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat, cəmi 11.622 AZN (on bir min altı yüz iyirmi iki manat) pul məbləğinin Cavabdeh MMC tərəfindən tutularaq onlara, yəni İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 25 yanvar 2021-ci il tarixli, 158 saylı xaricdə təhsil xidmətlərinin göstərilməsi ilə bağlı xidmət müqaviləsi imzalanmışdır. 25 yanvar 2021-ci il tarixli, 158 saylı xidmət müqaviləsinə görə müqavilə üzrə Sifarişçi xaricdə təhsil xidmətlərinin göstərilməsini sifariş verib, İcraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi, İcraçı isə bu müqavilənin 3.2-ci (İcraçının vəzifələri) bəndində qeyd olunan vəzifələri yerinə yetirməyi öz öhdəsinə götürür. Bağlanılmış müqavilənin 4.3-cü bəndinə əsasən 25 yanvar 2021-ci il ildə depozit olaraq 2300 AZN (iki min üç yüz) olan müqavilə dəyərini 40%-i, yəni 920 AZN (doqquz yüz iyirmi manat)-ı Cavabdeh MMC-ə ödənilmişdir. Bundan başqa universitetlərə müraciətin qeydiyyat rüsumu (aplication fee) üçün də nəzərdə tutulan məbləğ ödənilərək, ümumilikdə tərəfimdən 1291 AZN(min iki yüz doxsan bir manat) ödəniş edilmişdir. O, Cavabdeh MMCə müraciət edərkən Kanada WEST və Kanada York universitetləri, “insan resurslarının idarə olunması” (HR-X5) ixtisasına qəbul üçün razılıq vermiş və müraciət etmişdir. 23 aprel 2021-ci il tarixdə isə ona Kanada West universitetindən MBA Hazırlıq kursları+ “biznesin idarə olunması” (MBA Foundation Courses+ Master of Business Administration) magistr proqramı üzrə şərtli qəbul təklif edilmişdir. Şərti qəbul təklifinə əsasən, 3 aylıq hazırlıq müddəti nəzərdə tutulmuşdur. Təklifdə əyani şəkildə universitetə qəbul üçün onun MBA hazırlıq kursunu tamamlamalı olduğu göstərilmişdir. Qeyd edir ki, bu proqram üçün tərəfindən heç bir halda “STUDY LAB" MMC-ə razılıq verilməmişdir. Eyni zamanda 25 yanvar 2021-ci il tarixli, 158 saylı müqavilədə də nəzərdə tutulmadığı aşkardır. Göründüyü kimi, işlədiyi ixtisas üzrə qəbul təklifi almadığı kimi, həm də hazırlıq kursu (foundation) barədə razılığı olmadığı halda həmin proqram üzrə təklif almış, yəni, “STUDY LAB" MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. 158 saylı, 25.01.2021-ci il tarixli Müqavilənin 3.2,-ci bəndinə əsasən, icraçı müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyət daşıyır. Həmin Müqavilənin 4.10-cu bəndinə əsasən, icraçı müqavilədə nəzərdə tutulan xidmətləri yerinə yetirə bilmədiyi halda və heç bir təhsil müəssisəsindən qəbul, daxili təqaüd gəlmədikdə alternativ variantlar təklif olunur, Sifarişçi buna razı olmadığı halda, ödənilən tam məbləğ Sifarişçiyə 30 iş günü müddətində geri qaytarılır. Lakin ona heç bir ödəniş olunmamış, mövcud vəziyyəti dəyişmək üçün hər hansı bir alternativ yollar təklif olunmamışdır. Beləliklə, cavabdeh tərəfindən öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində ona yalnız maddi ziyan dəyməmiş, həmçinin mənəvi olaraq da ziyan dəymiş, psixi iztirablar keçirməsinə səbəb olmuşdur. Hazırda o, istədiyi universitet və ixtisas üçün nəzərdə tutduğu şəkildə qəbul imkanından məhrum olmuşdur. Təhsili barəsində planları və arzuları təxirə salınmalı olmuşdur. Hesab edir ki, cavabdeh şirkətin əsas vəzifəsi düzgün konsultasiya vermək və tələbələrin arzularını yerinə yetirmək olmalı idi. Şirkətin öz öhdəliklərinin icrasına laqeydliyi onun kimi daha bir çox tələbənin xaricdə təhsil imkanına təhlükə yaradır. Bundan əlavə ən əsası qeyd olunan müqavilə onunla yox anası İddiaçı2 ilə imzalanmışdır. Bu isə bir daha şirkətin nə qədər öz işinə məsuliyyətsiz yanaşmasını göstərir. Yəni müqavilədəki imza anasına məxsusdur. Cavabdeh MMC qarşılıqlı iddia tələbini məhkəməyə təqdim edərək ilkin iddianın rədd olunması, ‘‘STUDY LAB” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı1 arasında bağlanılmış 158 saylı 25.01.2021-ei il tarixli müqavilə üzrə ödənilməmiş 1.380 manat, vəkillə müqavilənin bağlanması üçün ödənilmiş 1.040 manat, 46 manat ödənilmiş dövlət rüsumu, sənədlərin tərcüməsi və notarial təsdiqi üçün ödənilmiş 174 manat, cəmi 2.640 (iki min altı yüz qırx) manat məbləğində pulun cavabdeh İddiaçı1 alınaraq iddiaçı Cavabdehnə ödənilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı1 arasında 158 saylı 25.01.2021-ci il tarixli Xidmət Müqaviləsi bağlanılmışdır.Həmin Müqavilənin 1.7-ci maddəsinə uyğun olaraq cavabdeh İddiaçı1 tərəfindən Cavabdehnə 2.300 manat pul ödənilməli idi. Həmin məbləği ödəyəcəyini öhdəlik kimi üzərinə götürən cavabdeh İddiaçı1 pul məbləğini tam şəkildə ödəyəcəyini vəd etmişdir, lakin daha sonra pulu natamam şəkildə ödəmişdir. Cavabdeh tərəfindən bütün müqavilə öhdəlikləri tam şəkildə (və hətta gözləniləndən də artıq şəkildə, yəni 9.720 Kanada dolları qrantın alınması ilə) icra olunsa da cavabdeh öz öhdəliyini, yəni pulu ödəmək öhdəliyini tam şəkildə icra etməmişdir. Belə ki. Müqavilənin 4.3-cü maddəsinə görə xidmət haqqının (2.300 manat məbləğinin) 40% hissəsi (yəni, 920 manat) əvvəlcədən ödənilməlidir. Bu məbləği cavabdeh ödəmişdir. Məbləğin qalan hissəsi, yəni 60% olan 1.380 manat, qeyd edilmiş 4.3-cü maddənin tələbləri qaydasında hər hansı təhsil müəssisəsindən qəbul aldıqdan sonra 3-5 günü müddətində ödənilməli idi. Cavabdeh 23.04.2021-ci il tarixdə “X6” universitetindən qəbul məktubu almışdır. Bundan əlavə cavabdeh həmin universitet tərəfindən 9.720 Kanada dolları məbləğində qrantın da qalibi seçilmişdir. İlkin 40% olan 920 manat artıq ödəmiş olduğuna görə, qəbuldan sonra cavabdeh qalan pulu ödəməli idi. Lakin, işlərin uğurlu bitdiyini və artıq qəbul aldığını bilən cavabdeh qalıq pulu ödəməmişdir. Göründüyü kimi, cavabdeh qəbuldan sonra 3-5 gün müddətində ödəməli olduğu 1.380 manat pulu öhdəliyin icra müddətinin çatmasına baxmayaraq ödəməmişdir, öhdəliyin icrasından qərəzli şəkildə yayınmışdır. Halbuki, cavabdehin universitetə qəbul alması üçün həcmi böyük olan yazışma və xarici dildə olan sənədlərin hazırlanması işi aparılmış, qeyd olunan tənzimlənməsi üçün mütəxəssislər cəlb edilmiş, Şirkətin işçiləri saatlarla vaxtını sərf edib onun üçün işləmişlər. İş də uğurla nəticələnmişdir, cavabdeh qəbul almışdır. Şirkət tərəfinizdən müqavilə öhdəlikləri yerinə yetirildiyinə görə cavabdeh ödənişi tam məbləğdə ödəməli idi. Müqavilənin 4.5-ci maddəsinə görə əgər Müqavilənin imzalandığı tarixdən sonrakı 15 gün müddəti ərzində Sifarişçi (cavabdeh) Müqaviləni ləğv etmək istəməzsə, həmin 15 gün müddəti keçdikdən sonra Sifarişçinin (cavabdehin) Müqaviləni ləğv edib ödənişi geri almaq hüququ yoxdur. Hesab edirlər ki, müqaviləni bağlayarkən Müqavilə şərtləri tam şəkildə cavabdehin iradə ifadəsini əks etdirmişdir. Buna görə də cavabdeh 920 manat pulu ödəyib xidmətlərin başlanmasını istəmişdir. Müqavilədə konkret olaraq müəyyən bir yerə qəbulun alınacağı barədə şərt yoxdur (Müqavilənin mənasına görə qəbul hər hansı təhsil müəssisəsindən gələ bilər) və cavabdeh bu barədə məlumatlıdır. Çünki öncədən konkret olaraq hara qəbul olacağını demək mümkün deyil. Müqavilə də konkret yerə qəbul üçün deyil, sənədlərin xarici dildə lazımı qaydada hazırlanması, düzgün ünvanlanması üçün bağlanılmışdır. İcraçı Müqavilə öhdəliklərini tam şəkildə icra etmişdir. Müqavilə üzrə cavabdehin hazırda istədiyi hər hansı konkret proqrama qəbul olunacağına dair öhdəlik İcraçı tərəfindən üzərinə götürülməmişdir. Cavabdehin bunu tələb etməsi pulu ödəməmək üçün bəhanədir. Cavabdehin pulu ödəməmək üçün iddiada göstərdiyi, həqiqəti əks etdirməyən, qərəzli və əsassız dəlilləri isə “icraçı tərəfindən müqavilə öhdəliklərin pozulması və ya icra edilməməsi” kimi qiymətləndirilə bilməz. Cavabdehin qəbul edildiyi proqramı və sair təhsil tələblərini qadağan edən hər hansı şərt müqavilədə yoxdur, əksinə iddiada iddiaçı özü qeyd edib ki həmin universitetə razılıq verib. Cavabdeh qəbul olduğunu bilir, üstəlik 9.720 Kanada dolları məbləğində qrant da alıb və buna görə də 158 saylı 25.01,2021-ci il tarixli Xidmət Müqaviləsi üzrə üzərinə götürdüyü ödənişi icra etməkdən boyun qaçırmaq, yayınmaq istəyir, bununla da xidmət və işçi qüvvəsini “pulu tam ödəmədən” istifadə edib, onların hesabımıza əsassız varlanmaq istəyir. Qəbul ilə bağlı isə qeyd edilməlidir ki, proqramlar qəbulu “təhsil haqqının ödənilməsi və sair öhdəliklərin” icrasından aslı edir, (misal üçün, təhsil haqqı ödənilməyibsə yalnız sənədlərin təqdim olunması kifayət deyil, ən azından təhsil xərclərinin ödənilməsi və sair öhdəliklərin icrası zəruridir.). Müqavilədən də görünür ki, İcraçı təhsilin icrasını öhdəlik kimi götürən müəssisə deyil, əksinə, İcraçının xidmətləri təhsil almaq məqsədilə cavabdehin hərəkətlərinin istiqamətləndirilməsi üçün məsləhət və sənədlərin hazırlanması xidmətlərini ehtiva edir. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili və İddiaçı2 vəkili Vəkiln iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə etirazın məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin olunması, ilkin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 25.01.2021-ci il tarixli, 158 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 "xxxx" MMC-yə universitet müraciəti üçün 920 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" MMC (icraçı) ilə İddiaçı1 (sifarişçi) arasında bağlanmış 25.01.2021-ci il tarixli, 158 nömrəli Xidmət müqaviləsinin 1.2-ci maddəsindən görünür ki, bu Müqavilənin müddəalarına riayət etmək şərti ilə, İcraçı, xaricdə təhsilin təşkili üzrə 25.01.2021-ci il tarixli müraciətə əsasən Sifarişçini maraqlandıran xaricdə təhsil proqramı üzrə onun (Sifarişçi) tərəfindən seçilmiş paket üzrə Sifarişçiyə xidmətlər göstərir. Həmin müqavilənin 1.5-ci maddəsindən görünür ki, Seçilmiş təhsil proqramı, xidmətlər kompleksi və müqavilənin qiyməti bu Müqavilənin ayrılmaz hissəsi sayılan Əlavə 1-də əks olunub. Həmin müqavilənin 1.5-ci maddəsindən görünür ki, Sifarişçinin seçdiyi və bu Müqavilənin ayrılmaz hissəsi sayılan Əlavə 1-də sadalanan xidmətlərin dəyəri 2300 manat təşkil edir. Bu məbləğə konsulluq rüsumları və seçilmiş proqramın dəyəri daxil deyil. Müqavilənin 4.3-cü bəndindən görünür ki, Sifarişçi xidmət haqqına görə ümumi ödənişin 40 faizi xidmətlərin yerinə yetirillməsinə başlamazdan öncə, qalan hissəsini isə təhsil müəssisəsinin hər hansı birindən qəbul alındıqdan sonra 3-5 iş günü müddətində ödəməlidir. İş materiallarında olan İnternet vergi idarəsinin çıxarışından görünür ki, "xxxx" MMCnin hüquqi ünvanı ünvan 1 01.09.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı 25.01.2021-ci il tarixli, 158 saylı müqavilə üzrə ödənilmiş 1291 manatın "xxxx" MMC tərəfindən geri qaytarılmasının tələb etmişdir. İş materiallarında olan 05 mart tarixli tələbənin müraciət forması (təklif)dən görünür ki, "xxxx" MMC İddiaçı1 adından müraciət tamamlayaraq York universiteti, Qərbi Kanada Universitetinə ictimai sağlamlıq və X1 proqramları üçün müraciət etmişdir. İş materiallarında olan Kanada Qərb Universitetinin iddiaçıya ünvanladığı məktubun notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, Kanada Qərb Universiteti İddiaçı1 MBA (Biznesin idarə edilməsi üzrə magistr) hazırlıq kursları+Biznesin idarə edilməsi üzrə magistr oxuması barədə şərti təklif göndərmişdir. İş materiallarında olan 11.10.2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, "xxxx" MMC tərəfindən X2 Tərcümə Mərkəzinə tərcümə işi və təsdiq üçün 174 (yüz yetmiş dörd) manat ödəniş edilmişdir. İş materiallarında olan 12.10.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddianın verilməsi üçün 46 (qırx altı) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında 12.10.2021-ci il tarixli, 1015 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MMC” ilə Fides Vəkil bürosunun vəkili Nümayəndə hüquqi yardımın göstərilməsi barədə qarşılıqlı razılığa gəlmiş və hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1040 manat dəyərində müəyyən olunmuşdur. İş materiallarında olan Debit haqqında bildirişin surətindən görünür ki, "xxxx" MMC tərəfindən hesabına 1040 manat ödəniş edilmişdir. İş materiallarında olan 23.04.2021-ci il tarixli Kanada Qərb Universitetinin iddiaçıya ünvanladığı məktubun notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 9720 Kanada dolları məbləğində mükafat məbləği-qrant almaq imkanı əldə etmişdir. İş materiallarında olan 01.09.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC 25.01.2021-ci il tarixli, 158 saylı müqavilə üzrə ödənilməmiş məbləğin ödənilməsini İddiaçı1 tələb etmişdir. İş materiallarında olan 01.09.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC 25.01.2021-ci il tarixli, 158 saylı müqavilə üzrə ödənilməmiş məbləğin ödənilməsini İddiaçı1 tələb etmişdir. İş materiallarında olan 26.10.2021-ci il tarixli, 23594 nömrəli qəbzin surətindən görünür ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 149 manat ödəniş edilmişdir. İş materiallarında olan Bakı Dövlət Universitetinin 19.02.2021-ci il tarixli, t-10366 saylı arayışından görünür ki, İddiaçı1 Bakı Dövlət Universitetinin Sosial Elmlər və psixologiya fakültəsinin Sosiologiya ixtisası, əyani təhsilalma forması, ingilis bölməsi üzrə təhsil alan 4-cü kurs tələbəsidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı1 ilə Cavabdeh arasında 25.01.2021-ci il tarixdə Xidmət Müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, Cavabdeh MMC İddiaçı1 xaricdə təhsilin təşkili üzrə 25.01.2021-ci il tarixli müraciəti üzrə onu maraqlandıran xaricdə təhsil proqramı üzrə İddiaçı1 tərəfindən seçilmiş paket üzrə ona xidmətlər göstərməyi, İddiaçı1 isə 2.300 manat pul ödəməyi öhdəsinə götürmüşdür. 05 mart tarixli tələbənin müraciət forması-4 saylı Əlavədən müəyyən olundu ki, "xxxx" MMC İddiaçı1 adından forma dolduraraq onun istəyi üzrə York universiteti, Qərbi Kanada Universitetinə ictimai sağlamlıq və X1 proqramları üçün müraciət etmişdir. X8 Universiteti İddiaçı1 MBA (Biznesin idarə edilməsi üzrə magistr) hazırlıq kursları+Biznesin idarə edilməsi üzrə magistr oxuması barədə şərti təklif göndərmişdir. İlkin iddia üzrə iddiaçı Sosial Elmlər və psixologiya fakültəsinin Sosiologiya ixtisası üzrə təhsil aldığını, bu ixtisas üzrə işlədiyini, arzusunun ictimai sağlamlıq və X1 ixtisası üzrə magistr təhsili almaq olduğunu, ona gələn şərtli təklifin, yəni MBA (Biznesin idarə edilməsi üzrə magistr) hazırlıq kursları+Biznesin idarə edilməsi ixtisasının onun bakalavr təhsili ilə heç bir əlaqəsi olmadığını əsas gətirərək ona gələn qəbul təklifindən imtina etmişdir. İlkin iddiaçı Kanada Qərb Universiteti tərəfindən ona gələn şərti təklifi ilkin iddia üzrə Cavabdeh MMC-nin müqavilə öhdəliklərini laziminca icra etməməsinin nəticəsi hesab etsə də məhkəmə bu qənaətə gəlmir. Belə ki, tərəflər arasında bağlanan xidməti müqavilədə Cavabdeh MMC şifarişçiyə xaricdə təhsil proqramı üzrə İddiaçı1 tərəfindən seçilmiş paket üzrə ona xidmətlər göstərməyi öhdəsinə götürmüş, tələbə adından müraciət formasında da İddiaçı1 istəyinə uyğun olaraq York universiteti, Qərbi Kanada Universitetinə ictimai sağlamlıq və X1 proqramları üçün müraciət etmişdir. Bundan sonra Kanada Qərb Universitetinin İddiaçı1 onun istəyinə uyğun olmayan ixtisas üzrə, MBA (Biznesin idarə edilməsi üzrə magistr) hazırlıq kursları+Biznesin idarə edilməsi üzrə magistr oxuması barədə şərti təklif göndərməsi Cavabdeh MMC-nin qüsurlu xidmətinin göstəricisi deyildir və ya Cavabdeh MMC öz üzərinə York universiteti, X3 tərəfindən ictimai sağlamlıq və X1 proqramları üzrə təklif göndəriləcəyini öhdəlik kimi götürməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia tələbi müqavilə öhdəlikləri üzrə xidmət haqqı olaraq ödənilmiş 920 (doqquz yüz iyirmi) manat, application fee-yə görə ödənilmiş 371 (üç yüz yetmiş bir) manat pulun Cavabdeh MMC-dən tutularaq ilkin iddia üzrə iddiaçılara ödənilməsi hissəsində təmin edilə bilməz. İlkin iddia tələbi iddiaçılar İddiaçı1 və İddiaçı2 Xöşqədəm qızı Cavabdeh MMC-dən mənəvi ziyana görə 10.000 manat pulun tutularaq onlaraa ödənilməsini tələb etsə də mənəvi sağlamlıqlarına vurulan zərərin nədən ibarət olmasını və bu zərərin Cavabdeh MMC hansı təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsini, səbəbli əlaqə olmasını sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir. Odur ki, ilkin iddia tələbi mənəvi ziyanın tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ilin iddia tələbi müqavilə öhdəlikləri üzrə xidmət haqqı olaraq ödənilmiş 920 (doqquz yüz iyirmi) manat, application fee-yə görə ödənilmiş 371 (üç yüz yetmiş bir) manat pulun və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilmədiyindən “hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 300 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat pulun tutulması” hissəsində də təmin edilə bilməz. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi tam əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə Cavabdeh MMC üzərinə götürdüyü öhdəlikləri laziminca icra etmiş, cavabdeh İddiaçı1 isə müqavilə üzrə ödəməli olduğu 2300 manatdan cəmi 920 manat pulu ödəmiş, müqavilənin şərtlərinə əsasən öhdəliyin icra müddətinin çatmasına baxmayaraq qalan 1.380 manat pulu ödəməmişdir. Odur ki, Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanılmış 158 saylı 25.01.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1380 (bir min üç yüz səksən) manat pul İddiaçı1 tutularaq Cavabdeh MMC-ə ödənilməlidir. Bundan əlavə Debit haqqında bildirişin surətindən müəyyən olundu ki, "xxxx" MMC-nin məhkəmədə qaldırılan iddia tələbinin müdafiəsi üçün vəkil xidmətinin dəyəri 1040 manat təşkil edir. Həmçinin "xxxx" MMC tərəfindən tərcümə işi və təsdiq üçün 174 (yüz yetmiş dörd) manat və qarşılıqlı iddianın verilməsi üçün 46 (qırx altı) manat dövlət rüsumu ödənilmişdir. Odur ki, qarşılıqlı iddia tələbi hüquqi xidmətin dəyəri 1040 (bir min qırx) manat, 46 (qırx altı) manat ödənilmiş dövlət rüsumu, sənədlərin tərcüməsi və notarial təsdiqi üçün ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat məbləğində pul İddiaçı1 tutularaq Cavabdeh MMC-ə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə tam təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Xöşqədəm qızının cavabdeh “STUDY LAB" MMC-ə müqavilə öhdəlikləri üzrə xidmət haqqı olaraq ödənilmiş 920 (doqquz yüz iyirmi) manat, application fee-yə görə ödənilmiş 371 (üç yüz yetmiş bir) manatın pulun, mənəvi ziyana görə 10000 manat, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 300 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, cəmi 11622 (on bir min altı yüz iyirmi iki) manat pul məbləğinin Cavabdeh MMC tərəfindən tutularaq iddiaçılara ödənilməsinə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı1 arasında bağlanılmış 158 saylı 25.01.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1380 (bir min üç yüz səksən) manat, vəkillə müqavilənin bağlanması üçün ödənilmiş 1040 (bir min qırx) manat, 46 (qırx altı) manat ödənilmiş dövlət rüsumu, sənədlərin tərcüməsi və notarial təsdiqi üçün ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat, cəmi 2640 (iki min altı yüz qırx) manat məbləğində pul cavabdeh İddiaçı1 alınaraq iddiaçı Cavabdehnə ödənilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6726/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6726/2021
30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver